|
26/03/2009 (17:51) Mehdi Hüseynzadə
Mehdi Hüseynzadə (Mixaylo) – əqidəli kommunist, nümunəvi komsomolçu, cəsur zabit, II Cahan müharibəsinin ən məşhur partizanı, Sovet İttifaqı qəhrəmanı.
Mehdi Hənifə oğlu Hüseynzadə 22 dekabr 1918-ci ildə Bakı şəhərində anadan olmuş, uşaq yaşlarında atasını itirmiş, əvvəlcə anasının, sonra isə bibisinin himayəsində yaşamışdır.
O, 1925-ci ildə 77 №-li 7 illik məktəbə getmiş, burada onun ilk müəllimləri məşhur yazıçı Süleyman Sani Axundov və görkəmli bəstəkar Səid Rüstəmov olmuşdur. Mehdi 1932-ci ildə orta məktəbi bitirərək Rəssamlıq Texnikomuna daxil olur və hələ tələbəykən 1934-cü ildə Ümumittifaq Leninçi Kommunist Gənclər Təşkilatının – Komsomolun sıralarına qəbul olunur. Komsomolçu adına ömrünün sonuna kimi sadiq qalır. 1936-cı ildə Rəssamlıq Texnikomunu bitirərək Leninqrad Xarici Dillər İnstitutuna daxil olur və daha sonra Bakıya qayıdaraq Lenin adına Azərbaycan Pedoqoji İnstitutunda oxuyur.
Cəsur komsomolçu Mehdi Hüseynzadə 1941-ci ildə öz ərizəsiylə hərbi xidmətə aparılmış, əvvəlcə Bakıda qulluq etmiş, daha sonra isə Tiflisdəki Piyada hərbi məktəbini əla qiymətlərlə bitirib leytenant rütbəsi almışdır. Gənc zabitin ilk döyüş yolu 1942-ci ildə Stalinqrad vuruşmasından başlamış və elə həmən ili Mehdi Kalaç şəhəri yaxınlığındakı döyüşlərdə ağır yaralanaraq faşistlər tərəfindən əsir götürülmüşdür. Bir neçə dəfə konslagerdən qaçmağa müvəffəq olan Mehdi yaxalanaraq Ukrayna, Polşa, İtaliya, Yuqoslaviya hərbi əsir düşərgələrinə göndərilsə də gənc komsomolçu sınmamış və yenidən konslagerdən qaçaraq Yuqoslaviya ərazisində fəaliyyət göstərən partizan dəstələrinə qoşulmuşdur. Yuqoslaviya Xalq Azadlıq ordusunun 31-ci diviziyası yanında kəşfiyyat-təxribatçı qrup yaratmış və onun başçısı olmuş, bütün dünyada Mixaylo ləqəbiylə məşhurlaşmışdır.
Mixaylonun bəzi partizan əməliyyatlarından bir neçə epizod:
2 aprel 1944-cü il Mixaylo Opçina şəhərindəki kinoteatrı partlatmış və hamısı zabit olan 120 alman faşisti ölmüşdür. 23 aprel 1944-cü il Triyest şəhərində alman zabitlərinin nahar etdiyi restoranı partlatmış, nəticədə 150 alman faşisti ölmüşdür. Fikir verin, 21 gün ərzində cəmi 2 əməliyyat nəticəsində Mixaylo 300-ə qədər alman zabitini məhv etmiş, yüzlərcəsini yaralamışdır. Bu faktlar onun partizan fəaliyyətinin məhsuldarlığından xəbər verir.
Bundan başqa Mehdi faşist propaqandası üçün mühüm rol oynayan «İl Pikkolo» qəzetinin redaksiyasına mətbəə fəhləsi geyimində gəlmiş, mətbəəni minalayaraq bütün redaksiyanı havaya sovurmuşdur.
Partizanların aclıq çəkdiyini eşidən Mixaylo 1944-cü ilin yazında 4 nəfərlik partizan qrupuyla Triyest şəhərinə gəlmiş, bank işçilərini zərərsizləşdirərək, 5 milyon italyan lirəsi pulla qərargaha qayıtmış, hələ zarafatla komandanlıqdan qəbz də tələb etmişdir. Bu vəsaitə partizanlar üçün küllü miqarda ərzaq və dəva-dərman alınmışdır.
Müharibənin gedişində faşist Almaniyası partizan hərəkatını məhv etmək üçün casus təyyarələrdən istifadə etməyə başladı və bu məqsədlə xüsusi aeroport təşkil olundu. Cox keçmədi ki, partizan ovu üçün təşkil olunmuş təyyarə meydançası özü Mixaylonun ovuna çevrildi. Hərbi hava limanına daxil olan cəsur partizan təyyarələri, benzin anbarını minalayaraq ərazidən uzaqlaşdı. Çox keçməmiş təyyarə meydançası təyyarələr və benzin anbarıyla birlikdə havaya sovruldu.
1944-cü ilin payızında Mixaylonun rəhbərliyiylə bir qrup partizan Italiyanın Udine şəhərindəki faşist həbsxanasına hücum edirlər. Əməliyyat nəticəsində 147 nəfəri Sovet əsgər və zabiti olmaq şərtiylə 700-ə qədər hərbi əsir faşist həbsxanasından azadlığa buraxılır.
Yuqoslaviya arxivlərindən əldə olunmuş məlumatlara görə Mehdi Hüseynzadənin partizan fəaliyyəti nəticəsində təxminən 1000 (min) nəfərə qədər faşist məhv edilmiş, külli miqdarda silah-sursat və hərbi texnika, kommunikasiya vasitələri sıradan çıxarılmışdır.
Mixaylonun etdikləri bir insan gücünün o qədər fövqündəydi ki, hətta ilkin vaxtlarda faşistlərə elə gəlirdi ki, Mixaylo real tarixi şəxs deyil, bu mifi partizanlar uydurublar.
Amma çox keçmədi ki, hələ sağlığındaykən əfsanələşmiş bu cəsur komsomolçunun mif, uydurma olmadığı üzə çıxdı və faşist komandanlığı onun başına 400 min lirə (italyan pul vahidi) pul qoydu.
1944-cü il noyabrın 2-si əfsanəvi partizan üçün son əməliyyat günü oldu. Mixaylo Qaritsa şəhəri yaxınlığındakı sursat anbarını partlatdı və geri dönərkən faşist patrullarıyla qarşılaşdı. Mehdi yolunu dəyişərək Vitovle kəndində gizləndi. Baş verən qeyri-bərabər döyüşdə onlarla faşisti öldürən Mixaylo əsir düşməmək üçün sonuncu gülləsini ürəyinə sıxdı.
Mehdi Hüseynzadə hələ 1942-ci ildə ailəsinə göndərdiyi məktubda yazırdı: «Söz verirəm ki, son nəfəsimədək vuruşacağam. Ölsəm də qəhrəman kimi öləcəyəm.»
Bəli, gənc kommunist Vətən qarşısında verdiyi bu sözü tutdu. Son nəfəsinə, son gülləsinədək vuruşub qəhrəman kimi öldü, həm də faşistlərə Mixaylonu edam etdirmək zövqünü dadızdırmadan. O öz gülləsiylə ölməyi faşist cəlladlarının əlində edamından üstün tutdu.
Mehdinin partizan yoldaşları bəşər övladı qarşısında son borclarını ləyaqətlə yerinə yetirdilər, partizanın cəsədi gizli əməliyyatla faşistlərin nəzarətində olan Vitovle kəndindən çıxarılaraq Çepovan kəndinə gətirildi. Beləliklə faşistlərə Mixaylonun cəsədini də ələ keçirmək nəsib olmadı.
Kənd sakinləri onun məzarı üzərinə bu sözləri yazmışdılar: «Azərbaycan xalqının qəhrəman oğlu, əziz dostumuz Mehdi, rahat yat. Sənin azadlıq uğrunda göstərdiyin ölməz qəhrəmanlıq dostlarının qəlbində daim yaşayacaq.»
1957-ci ildə Mehdi Hüseynzadə Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görüldü. Bu özlüyündə nə qədər böyük bir ad olsa da, əslində Mixaylo şəxsiyyətinin böyüklüyünü tam mənada özündə ehtiva etməkdə acizdir. Çünki Mehdi Hüseynzadə bir tək SSRİ-nin, bir tək Sovet xalqının yox, bütövlükdə tərəqqipərvər bəşəriyyətin, dünyanı faşizm taunundan xilas etmək üçün mübarizə aparan bütün azadlıqsevər xalqların qəhrəmanıydı.
NƏTİCƏ: Vətənpərvər şair, rəssam, hərbçi, poliqlot, partizan; - minədək məhv edilmiş faşist, minlərlə yaralanmış və şikəst edilmiş nasist cəlladı, faşist hərbi düşərgələrindən azad edilmiş müxtəlif millətlərə mənsub minlərlə hərbi əsir – bütün bu çoxçeşidli fəaliyyətin arxasında cəmi 26 il ömür sürmüş bir insan qəlbi döyünürdü; - kommunist, nümunəvi komsomolçu, cəsur partizan Mixaylonun qəlbi.
Sən bir ailənin sevinci kimi doğulub, bəşəriyyətin kədəri kimi dəfn olunmuş qəhrəman, sən bir millətin oğlu kimi doğulub, bütün tərəqqipərvər bəşəriyyətin övladı kimi ölmüş cəsur partizan, sən faşizmə qarşı nifrətin canlı abidəsinə çevrilmiş, ölümündən sonra azadlıqsevər xalqların xatirəsində abidələşib əbədiləşmiş insan, bu andan etibarən Azərbaycan Komsomolu, Yeni Nəsil Azərbaycan Kommunist Gənclər İttifaqı sənin adını daşıyacaq, sənin mübarizə ənənələrin, kommunist intellektin, komsomolçu sınmazlığın, partizan ruhun təşkilatımızın və bizlərin simasında yenidən zühur edəcək.
|