|
10/04/2009 (11:48) Yeni Nəsil Azərbaycan Kommunist Partiyasının (YNAKP) PROQRAMI
Məlum olduğu kimi Qərblə Şərq arasında yarım əsrdən çox davam etmiş «soyuq müharibə» Amerika imperializmi başda olmaqla kapitalist qərbin çıxarlarına uyğun bir şəkildə başa çatdı. «Parçala və hökm et» prinsipinə əsaslanan qərbin «demokratikləşdirmə» siyasətinin bu birinci dalğası SSRİ başda olmaqla dünyanın 6/1-nə yayılmış sosialist təsərrüfat modelini tənəzzülə uğratdı və bu məqsədə çatmaq üçün «suveren milli» dövlətlərin yaradılması kartından məharətlə istifadə etdi. Sovet İttifaqı, Yuqoslaviya, Çexoslovakiya kiçik dövlətlərə parçalandı, qərb öz əsas rəqiblərini – tək hərbi-siyasi yox, həm də iqtisadi rəqiblərini sıradan çıxarıb Amerikanın simasında təkbaşına dünya hegemoniyasına nail oldu. Nəticədə qərb kapitalının çoxdan bəri arzuladığı yoxsulluğa, işsizliyə, mənəvi tənəzzülə, sosial təminatsızlığa məhkum edilmiş «aşağı irqlərin» qul bazarı yaradıldı.
Xalqların qazancı yoxsulluq, fahişəlik və qul əməyi, qərb kapitalının qazancı isə bütün dünya oldu. İndi onlar planetin əmək və təbii resurslarının böyük bir hissəsinə sahib olmağı özləri üçün təmin etmişdirlər. Keçmiş sosialist düşərgəsinin təkcə alim və müttəxəssislərinin istismarı hesabına ABŞ hər il on milyardlarla dollar xalis gəlir əldə edir. Qərbi Avropa dövlətləri keçmiş sosialist ölkələrindən gətirilmiş ucuz işçi qüvvəsinin hesabına qartımış Avropa kapitalizmini yenidən canlandırmağa çalışırlar. Nə vaxtsa 1 dollar belə sərmayə qoya bilmədikləri regionlara indi 100 milyardlarla dollar kapital qoyub, hədsiz sərvət qazanırlar. Bir sözlə, qərbin «demokratikləşdirmə» siyasətinin birinci dalğası beynəlxalq kapital üçün ucuz əmək bazarı yaratmağa xidmət edirdi və elə bununla da nəticələndi.
İndi artıq biz regionda qərbin «demokratikləşdirmə» siyasətinin ikinci dalğasını yaşamaqdayıq. Sosialist dövlətlərinin parçalanmasından yaranmış suveren-milli dövlətlər; «demokratik» rejimlərin bərqərar edilməsi adı altında aparılan kapital ekspansiyasının bu ikinci dalğasında gerçəkdə əsas hədəf qərb kapitalına loyal, oyuncaq siyasi hakimiyyətlərin bərqərar edilməsidir ki, bu məkrli niyyət kapital ekspansiyasının memarlarından olan Corc Sorosun çıxışlarında öz əksini belə tapır: «Dünyada qarşılıqlı əlaqələr – asılılıq gücləndikcə suverenlik prinsipinə əsaslanan dövlət nizamı bizim ümumbəşəri maraqlarmızı təmin etmək üçün az yararlı olur».
Burada yerində işlədilməmiş bir ifadə varsa, o da «ümumibəşəri maraqlar» ifadəsidir ki, burada əslində kapitalın maraqlarından danışıldığı heç şübhəsizdir. Necə deyərlər, əslində qərb kapitalının ticari maraqlarının təmin edilməsində dövlətlərin milli suverenlik prinsipi əsas maneədir. Qərb ideoloqlarının məntiqiylə desək, bu maneələri, yəni kapitalın boğazında balıq sümüyü kimi ilişib qalmış milli suverenitetləri, o cümlədən Azərbaycan Respublikasının dövlət müstəqilliyini həzm edilib udula biləcək formaya salmaq lazımdır. Məhz bu məqsədə çatmaq üçün Dünya Ticarət Təşkilatı, NATO, BVF, Dünya Bankı, Avropa Birliyi və bu kimi beynəlxalq qurumların xidmətindən məharətlə istifadə edirlər.
Sadaladığımız bu iki xüsusiyyət; 1) Bürokratik-avtoritar sosializmdən sonrakı (postsosialist) mərhələ, 2) yaranmış müstəqil dövlətlərin qərb kapitalı tərəfindən faktiki olaraq udulması; - məhz bu iki xüsusiyyət yaşadığımız tarixi dövrü hələ indiyə kimi analoqu olmayan bənzərsiz tarixi şərait kimi xarakterizə etməyə əsas verir.
Təbiiki bu yeni tarixi dövr Azərbaycan kommunistləri qarşısında yeni vəzifələr qoyur, bizlərdən yeni dövrün tələbinə uyğun proqram, taktika və strategiyalar işləyib hazırlamağı tələb edir. Məhz Yeni Nəsil Azərbaycan Kommunist Partiyası belə bir tarixi zərurətdən doğulmuşdur. Ümumi müddəalar.
1.Biz bu gün Azərbaycanda kapitalist bazar iqtisadiyyatı sisteminin formalaşma tarixinin iştirakçıları və canlı şahidləriyik. Bir çox dünya xalqlarından fərqli olaraq postsosialist düşərgəyə aid olmuş xalqlar, o cümlədən Azərbaycan xalqı kapitalizmi ümumi tarixi inkişafın, təbii tarixi inkişafın doğurduğu ictimai-iqtisadi formasiya kimi yox,1991-ci ildən üzübəri sadə xalq kütlələrinə imperialist dövlətlərin təyziqlər yoluyla süni surətdə sırıdıqları işğalçı-ekspansiv siyasətdən törəmə cinayətkarlıq nümunəsi kimi yaşamaqdayıq.
2.Hazırkı müasir dövrün Azərbaycan xalqı üçün ifadə etdiyi xarakterik xüsusiyyət ondan ibarətdir ki, biz feodalizimdən kapitalizmə yox, daha çox mütərəqqi inkişaf modelindən, inzibati amirlik sosializmindən vəhşi kapitalizm epoxasına keçmişik. Başqa sözlə, kapitalizm bizim üçün inkişaf yox, tənəzzül deməkdir. Məhz bu bizim tarixin spesifikliyi, bənzərsizliyi və faciəsidir.
3.1991-ci il 18 oktyabr «Dövlət müstəqilliyi haqqında konstitusiya aktı»nda Azərbaycan Respublikasının 1918-20-ci illərdə mövcud olmuş Demokratik Cümhuriyyətin varisi elan edilməsi, artıq heç bir xalq iradəsi ilə hesablaşmadan ictimai-iqtisadi quruluşun dəyişdirilməsi demək idi, bir qrup siyasi quldurun istiqlal pərdəsi adı altında xalqa qətiyyən suverenliklə heç bir əlaqəsi olmayan kapitalizm quruluşunu sırımaq cəhdləriydi.
4.Bu tarixi cinayətkarlıq faktı özünün hüquqi yekununu 1995-ci il 12 noyabrında qəbul edilmiş yeni konstitusiyada tapdı. Kapitalist bazar iqtisadiyyatı sisteminə keçid tam surətdə rəsmiləşdirildi.
5.Azərbaycanda kapitalizmin inkişafı üçün əsas şərt olan ilkin kapital yığımı, yəni əmlakın və küllü miqdarda maliyə vəsaitlərinin bir qrup möhtəkirin əlində cəmləşmə prosesi 2 mərhələdə, həmdə tarixdə misli görünməyən cinayətkarlıq fonunda getmişdir. 1-ci mərhələ 1991-1995-ci illərdə açıqdan-açığa heç bir rəsmiyyət tələb olunmadan, xalq əmlakının kriminal məmur qruplaşmaları tərəfindən qəsb və talan edilməsiylə həyata keçirildi. Ölkə iqtisadiyyatı çökdürüldü, 100 milyardlarla dollar iqtisadi zərər ortaya çıxdı və küllü miqdarda dövlət əmlakı məmur qruplaşmalar tərəfindən qeyri-qanuni mənimsənildi. 2-ci mərhələ 1995-ci ildən üzübəri olan dövrü əhatə edir və talan siyasətinin dövlət iradəsi hesabına aparılması proseslərini özündə ehtiva edir.
6.Nəticədə özəlləşdirmə siyasəti hesabına cəmiyyət ümumxalq mülkiyyətindən məhrum edilib işsizliyə, səfilliyə məhkum edildikləri halda, bu mülkiyyəti qəsb edib öz şəxsi sərvətinə çevirənlər milyardlar səltənətinə sahib olurlar, həm də sahibkar olurlar.
7.Beləliklə kapitalist istehsal üsulunun əsası olan muzdlu əmək sisteminin fəaliyyəti üçün tələb olunan iki əsas şərt ödənmiş oldu; İslahatlar adı altında xalqın çox böyük əksəriyyəti iş və sosial təminatını itirdi ki, bunun da hesabına dolanmaq üçün zehni və fiziki əməyini ayrı-ayrı sahibkarlara satmağa məcbur olan muzdlu içi sinfi və bu sinfin əməyinin istismarı yoluyla kapitalını daima artırıb, hədsiz sərvət sahibi olan kapitalist sahibkarlar sinfi meydana gəldi.
8.Qəsb və qeyri-qanuni mənimsəmələr nəticəsində dövlət sosialist iqtisadiyyatının tənəzzülü 1996-cı ildən etibarən xüsusi kapitalist mülkiyyətinin formalaşması hesabına dirçəlməyə başladı və qısa zaman ərzində Ümumi Daxili Məhsul (ÜDM) istehsalının təqribən 54-ü xüsusi kapitalist sektorunun payına düşdü. İndi əminliklə demək olar ki, hazırda ölkə iqtisadiyyatı tamamilə bir ovuc kapitalistin cibinə işləyir. Milli burjuaziya hər ötən il daha da güclənib fəaliyyət üçün daha geniş meydan tələb edir. Onların sərvəti milyonluq şkalalarla artdığı halda, cəmiyyətin çox böyük əksəriyyətini təşkil edən muzdlu işçi sinifi sosial hüquqsuzluğun, təminatsızlığın soyuq nəfəsini öz üzərində hiss etməkdədir.
9.İslahatlar adı altında hökumətin gördüyü işin mahiyyəti ondan ibarət oldu ki, 70 il xalqın alın təri, zəhməti hesabına yaradılmış və ictimai istehlak fondlarına işləyən sosialist təsərrüfat sistemi bir ovuc işbaz tərəfindən qəsb olunaraq ayrı-ayrı adamların şəxsi bank hesablarına işləyən istismarçı kapitalist bazar iqtisadiyyatı sistemiylə əvəz olundu.
10.Bu isə öz növbəsində cəmiyyətin sosial strukturunda ciddi dəyişikliklərə gətirib çıxardı. Əgər 1991-ci ilə kimi muzdlu əmək sistemindən danışmaq mümkün deyildisə, indi bu sektorda çalışanların sayı milyonlarladır. İndi ölkə əhalisinin 500000 nəfəri dövlət işində və dövlət sektorunda çalışırsa, yerdə qalan əmək qabiliyyətli əhalinin təqribən 90%-dən çoxu muzdlu əmək sistemində, yəni xüsusi kapitalist sektorunda çalışıb muzdlu işçi sinfini təşkil etməkdədir.
11.Deməli cəmiyyət kapitalist münasibətlər sisteminə daxil olmaqla kəskin sosial təbəqələşməyə də, məruz qalmışdır. Bir tərəfdə əhalinin cəmi 3-5%-ni təşkil edən və bütün istehsal, xidmət sahələrini öz əlində cəmləmiş sahibkar kapitalistlər sinfi, digər tərəfdə isə ömrünün yarısını bu sinfə müftə işləyən, istismara məruz qalmış muzdlu işçi sinif formalaşmışdır.
12.1994-cü ildə başlanmış aqrar islahatlar nəticəsində ümumxalq mülkiyyətində olan kolxoz və sovxozlara aid torpaq fondu təqribən 750 min ailə arasında bölünmüş (minlərlə ailə pay torpağını almamış onu əbədi itirmişdir), nəticədə təqribən ölkə əhalisinin az qala yarısına bərabər olan kənd camaatı xırda mülkiyyətçiyə, payçıya çevrilmişdir. Amma kapitalist münasibətlər sisteminin yaratdığı rəqabət qanunu əhali arasında bölünmüş bu pay torpaqlarını getdikcə az bir qism varlı fermerlər sinfinin əlində cəmləşdirməkdədir. Bu isə o deməkdir ki, yaxın gələcəkdə xırda kəndli təsərrüfatlarının çox böyük əksəriyyəti müflisləşib var-yoxdan çıxacaq və rəqabətdə uduzaraq iri fermerlər tərəfindən udulacaqdır. Belə olan təqdirdə pay torpaqlarına sahib kəndlilərin gələcəkdə lümpen-proletar sifətiylə şəhərlərə üz tutacağı qaçılmaz bazar iqtisadiyyatı reallığıdır.
13.Neçəki milli burjuaziya xarici kapital qarşısında çox zəifdir, həmən müddətcə də milli burjuaziyayla beynəlxalq burjuaziyanın mənafeyi bir-birinə qismən ziddir. Amma eləki milli burjuaziya kifayət qədər güclənib öz ayaqları üzərində durmağa başlayır, onda onların mənafeyi də ümumiləşir. Bu ümumi mənafe daha sərbəst tənzimləmə və dövlətin kapitaldan asılı notariat kantoruna çevrilməsi, bir sözlə, dövlət hakimiyyətinin zəifləməsindən ibarətdir. Bu isə qlobal inteqrasiya məkanında milli suverenlik prisipinin kapitala, xüsusilə də xarici kapitala güzəştə gedilməsi deməkdir. Deməli nə vaxtsa kapitalizmi doğub həyata gətirmiş dövlət hakimiyyəti, sonradan özü bu «təpəgöz körpənin» qurbanına çevriləcəkdir. Azadlıq meydanında «istiqlal təranələriylə» həyata vəsiqə almış kapital şişib zəncir gəmirməyə başlayanda mamaçası olmuş dövlətin istiqlalına qənim kəsiləcəkdir.
14.Hazırda Azərbaycanda işçi sinifinin qarşısında iki tarixi vəzifə durmaqdadır. 1-ci vəzifə milli burjuaziyaya, onun dayağı olan rejimə qarşı mübarizə etmək, siyasi hakimiyyəti ələ alaraq işçi rejiminin mövcudluğunu, sosialist dövlət ən-ənəçiliyini bərpa etmək. 2-ci vəzifə isə Azərbaycanın milli suverenitetinin beynəlxalq kapitalın hegemonluğuna güzəştə gedilməsinə qarşı dirənib ölkə suverentetini (istiqlalı) müdafiə etmək. Bu gün ölkənin milli istiqlalının keşiyində dura biləcək yeganə qüvvə satqın-komprador burjuaziya yox, ictimai sərvətin tək və yeganə yaradıcısı olan işçi sinfidir.
15.Milli burjuaziya və işçi sinfinin mənafeyi təkcə iş yerində, iqtisadi münasibətlər sferasında yox, həmçinin milli məsələdə, o cümlədən milli suverenitetin qorunması məsələsində də antoqonist ziddiyət təşkil edir. Burjuaziyaya onun dəftərxana funksyasını yerinə yetirən, kapitalın xidmətçisi dövlət forması sərf edirsə, işçi sinifinə tam tərsinə, kapitalı cilovlayan, əhalinin təminatını öz üzərinə götürən sosialist dövlət forması daha məqsədə uyğundur.
16.Son məqsədə doğru – müstəqil, nümunəvi, sosialist Azərbaycan hədəfinə doğru mübarizədə Azərbaycan işçi sinifinin möhkəm, çevik təşkilatçılıq formasına, marksist ideologiyaya sahib partiyaya ehtiyacı vardır. Bu partiya zamanın tələbindən doğulmuş Yeni Nəsil Azərbaycan Kommunist Partiyasıdır.
17.Bu baxımdan Azərbaycan işçi sinifində sinfi mənlik şüurunu inkişaf etdirmək, onları əllərindən alınmış sosial hüquqların bərpası uğrunda təşkilatlandırmaq və müstəqil, nümunəvi, sosialist Azərbaycan ideallarının gerçəkləşməsində onlara yardımçı olmağı YNAKP özünün başlıca və əsas vəzifəsi elan edir.
18.Azərbaycan işçi sinifinin hərəkatı öz xarakteri və məqsədi etibarı ilə bütün ölkələrin beynəlxalq kommunist hərəkatının bir hissəsidir və həmin hərəkata daxildir. Hərəkatımız məzmunca sinfi, mahiyyətcə ümumbəşəri, formaca millidir. Bu baxışları rəhbər tutaraq YNAKP hər şeydən öncə TƏLƏB EDİR !
1.Xalqın iradəsi nəzərə alınmadan ölkənin iqtisadi kursunu dəyişmiş akt, qərar və sərəncamlar qeyri-qanuni elan edilsin.
2.Mülküyyət növlərinin bərabərliyi və çox növçülüyü prinsipləri əməli olaraq həyata keçirilsin və buna müvafiq olaraq dövlətin inhisarında olmayan, mənfəətinin ictimai istehlak fondlarına toplandığı İCTİMAİ sektorun formalaşdırılması təmin edilsin.
3.Mənfəət şəklində qanunsuz olaraq xalqın əlindən alınıb bir ovuc varlı təbəqəyə həmişəlik olaraq güzəştə gedilmiş ictimai istehlak fondları bərpa edilsin.
4.Xalqın məhrum edildiyi pulsuz səhiyyə hüququ bərpa edilsin.
5.Mənzil fondları və pulsuz mənzil hüququ xalqa qaytarılsın. Bütün yeni qurulan ailələr ictimai-istehlak fondları hesabına pulsuz mənzillə təmin edilsin və bunun üçün minimum hədd müəyyən edilsin; bu hər ailə üçün 80 kvadrat metrdən az olmasın. Bu hüquq əvvəlcə ancaq sosialist (ictimai) sektorda çalışan işçilərə, daha sonra isə ictimai-istehlak fondlarının imkanları artdıqca tədricən bütün ölkə əhalisinə (sahibkarlıqla məşğul olan ailələr xaric) şamil olunsun.
6.Pulsuz təhsil hüququ çərçivəsində 16 illik fasiləsiz ictimai tərbiyə, təhsil mexanizmi yaradılıb həyata keçirilsin. Hər bir uşaq üçün 2 yaşından 18 yaşınadək pulsuz icbari təhsil müəyyən edilsin, şagirdlərin təhsilinə çəkilən bütün xərclər;-məktəbli geyimləri, dərs ləvazimatları, gündə azı 2 dəfə qidalanması, müayinə və müalicə xərcləri yaradılacaq ictimai-istehlak fondları hesabına ödənilsin.
7.Təminatlı əmək hüququ elan edilsin və hər kəsin əməyə olan tələbatı ödənilsin. Əmək bütün cəmiyyət üzvüləri üçün icbari xarakter daşısın. İşçilərin iş vaxtından artıq işlədilməsi tamamilə qadağan edilsin və iş gününə 6 saatlıq hədd qoyulsun. Gecə əməyinin hökmən zəruri olduğu xalq təsərrüfatı sahələrində gecə iş növbəsi maksimum 4 saat müəyyən edilsin və bu sahələr istisna olmaqla qalan bütün sahələrdə gecə əməyi qadağan edilsin. Sahibkarlara məktəbyaşlı uşaqların əməyindən istifadə etmək qadağan edilsin, gənclərin (18-20 yaş) iş vaxtı üçün 4 saatlıq hədd qoyulsun və bu yaş kateqoriyası üçün gecə əməyi qadağan edilsin. Qadınlar üçün doğumdan əvvəlki 3 aydan etibarən övladı məktəb yaşına çatana qədər iş yeri və tam vəzifə maaşı saxlanmaqla analıq məzuniyyəti hüququ təsbit edilsin və aylıq vəzifə maaşının 50%-i məbləğində əlavə aylıq uşaq pulu ödənsin. Sahibkarlar qarşısında işlətdikləri işçilərin gündə bir dəfə yemək və nəqliyyat xərclərini qarşılamaqla bağlı öhdəlik qoyulsun. Gənc işçinin ailə üzvlərinin sayı artdıqca hər uşağa görə aylıq əmək haqqının 25%-i məbləğində artım tətbiq edilsin.
8.Milli Məclis tərəfindən 2006-cı ilin fevralında ləğv edilmiş dövlət pensiya hüququ bərpa edilsin, pensiya yaşı qadınlar üçün 53, kişilər üçün 58 yaş müəyyən olunsun. İşçilər və muzdlu işçilər sosial sığorta vergisi ödəməkdən azad edilsin.
9.Sosial pensiya sistemi yenidən tətbiq edilsin; əmək, əlilliyə və ailə başçısını itirdiyinə görə pensiya almaq istəyənlərdən ən azı 5 illik sığorta stajı tələbi ləğv olunsun və sosial pensiya institutu təkmilləşdirilmiş formada yeni əsaslarla bərpa edilsin.
10.Məktəbəqədər hər bir uşağın təminatı üçün nəzərdə tutulmuş və bir uşağın aylıq minimum istehlak zənbilinə bərabər məbləğdə uşaq müavinətləri bərpa edilsin.
11.Aylıq gəliri ölkədəki orta aylıq maaşın 2 mislindən az olan bütün işçilər gəlir vergisindən azad edilsinlər.
12.Sahibkar və imkanlı təbəqəni çıxmaq şərtilə yerdə qalan bütün əhali adambaşına müəyyən edilmiş fərdi istifadə norması həddində enerji daşıyıcıları və digər kommunal xərclərdən tamamilə azad edilsin. YNAKP hakimiyyətə gələcəyi təqdirdə TƏMİNAT VERİR !
1.Ölkə suverenitetinin bərpasına və müdafiəsinə, ölkə suverenliyinin heç bir ittifaqa, qlobal təşkilata güzəştə gedilməyəcəyinə;
2.Zorən kollektivləşmənin olmayacağına və hər bir vətəndaşın leqal yollarla əldə etmiş olduğu şəxsi mülkiyyətin toxunulmazlığına;
3.Aqrar islahatlar nəticəsində 750 min ailəyə ayrılmış pay torpaqlarının toxunulmazlığına;
4.Din və vicdan azadlığının, çoxpartiyalı sistemin mövcudluğuna;
5.Ölkə iqtisadiyyatına xarici investisiyaların qoyuluşuna və ölkə qanunlarına əməl etdikləri müddətcə sərbəst fəaliyyətlərinə;
6.Özəl sektorun yeni yaradılacaq ictimai-sosialist təsərrüfat sektoruyla bərabər qarşılıqlı rəqabəti şəraitində mövcudluğuna.
Partiyanın dəyişməz təməl prinsipləri.
1.İSTİQLALÇILIQ – öncəlikli hədəfimiz müstəqil, nümunəvi, sosialist Azərbaycandır. Müstəqillik – milli suverenitetin heç bir qlobal təşkilata, ittifaqa, NATO və Avropa Birliyi kimi imperialist ittifaqlara qoşulmamaqla bitərəf, bütün dünya dövlətləriylə bərabər hüquqlu, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan dövlət siyasətinin formalaşdırılması; Nümunəvilik – bizdən əvvəlki sələflərmizin 70 il ərzində yol verdikləri səhvləri, nöqsanları təkrar etməmək, müsbət tarixi təcrübəni isə daha da inkişaf etdirərək müasir Azərbaycan reallığına uyğun şəkildə tətbiq etmək, mövcud yerli və yeni şəraitlə hesablaşmaq; Sosialistləşmək – SSRİ dövründən fərqli olaraq dövlətin, məmur bürokratiyasının yox, ictimaiyyətin nəzarəti və idarəsində olacaq, nə qədər məhsul istehsal edəcəyini və kimə satacağını özü müəyyən edəcək, xalis gəlirin maksimum ictimailəşərək ictimai istehlak fondlarına yönələcəyi sosialist təsərüfatçılığını, ictimai sektoru yaradıb inkişaf etdirmək.
2.XALQÇILIQ – özündə elə bir prinsip ehtiva edir ki, hakimiyyət xalqın adından yox, xalqın özündən qaynaqlanmış olur. Xalq hakimiyyətinin yeganə həyata keçirilə biləcək forması qanunların bir ovuc zəngin təbəqənin yox, cəmiyyətin böyük əksəriyyətinin, əməkçi işçi sinfinin iradəsini özündə əks etdirmiş olmasıdır. Bu isə öz real ifadəsini milli gəlirin «hər kəs əməyinə görə, hər kəsə tələbatına görə» prinsipinə əsasən bölgüsündə tapır ki, bu xalqın pulsuz mənzil, pulsuz səhiyyə, pulsuz təhsil, təminatlı əmək, dövlət pensiya və ictimai istehlak fondlarınasahib olmasını özündə ehtiva edir. Başqa sözlə, xalqçılıq hakimiyyətin elə formasıdır ki, bu zaman sosialist mülkiyyət münasibətləri qanunların ruhunu təşkil edir.
3.İCTİMAİYYƏTÇİLİK – hədəfimiz bütün istehsal vasitələrinin, torpağın ümumxalq mülkiyyəti şəklində təşkilinə nail olmaq, istehsal vasitələrini və istehsalın nəticəsini maksimum ictimaləşdirməkdir. Bu uzun müddətli, fasiləsiz prosesdə təyin olunmuş hədəfə çatmaq üçün zorakı kollektivləşmədən başqa bütün üsul və vasitələr məqbuldur.
4.YENİLİKÇİLİK – keçmiş «Sovet» irsinə kor-koranə pərəstiş heç vaxt bizim nəzəri və əməli proqramımız olmayacaq. Biz Sovet bürokratik sosializminin səhv və nöqsanlarını özümüz üçün nəzəri doqmaya çevirməyəcəyik. Müasir dünya və Azərpbaycan reallığına ən optimal şəkildə cavab verə bilən sosialistləşmə, ictimailəşmə modelini hazırlayıb həyata keçirəcəyik. Hədəfimiz ictimai idarə və ictimai nəzarətə əsaslanacaq «ictimaiyyətçi sosializm» modelidir.
5.SİNFİLİK – bu prinsip müasir cəmiyyətin mənafe və maraqları bir-birinə zidd olan iki antaqonist cəbhəyə; - əmək (muzdlu işçi sinfi) və kapital (oliqarxlar, kapitalist sahibkarlar sinfi) cəbhəsinə bölünməsini özündə ehtiva edir. YNAKP işçi sinfin sinfi mənlik şüurunun inkişaf etdirilməsində, onları əllərindən alınmış sosial hüquqların bərpası uğrunda təşkilatlandırmaq və müstəqil, nümunəvi sosialist Azərbaycan ideallarının gerçəkləşməsində onlara yardımçı olmaq işini özünün başlıca və əsas vəzifəsi elan etdiyndən, hərəkatımız əmək cəbhəsinin yeganə həqiqi siyasi, ideoloji, təşkilati ifadəçisidir. YNAKP-nin rəmzləri.
YNAKP-nin rəmzi – üzərində beşguşəli ulduz, məşəl və çarpaz formada oraq-çəkic simvolunun təsvir edildiyi qırmızı bayraqdır.
Məşəl – işığın, zəkanın zülmət və cəhalət üzərində qələbəsinin təntənəli ifadəsidir və özündə Məzdəkin, Babəkin sosial bərabərlik ideyalarının elmi kommunizm nəzəriyyəsiylə qovuşmasını simvolizə edir.
Oraq-çəkic – sadə xalqın, işçi sinfin, əmək cəbhəsinin həmrəyliyinin rəmzidir.
Qrmızı beşguşəli ulduz – YNAKP-nin 5 təməl prinsipinə (istiqlalçılıq, ictimaiyyətçilik, sinfilik, xalqçılıq, yenilikçilik) işarədir.
Qızıl bayraq – öz başlanğıcını sosial bərabərlik və yadelli işğala qarşı mübarizədən, Babək hərəkatından götürür və bütün dünyada məzlum siniflərin istismarçılara və istibdada qarşı azadlıq mübarizəsinin ifadəsidir.
|