|
10/04/2009 (12:41) Kommunist inqilabının azərbaycanlı pionerləri
Siz bir məhkəmə düşünün, sıradan adi bir məhkəmə yox, 138 il öncə, Avropa jandarmı Çar Rusiyasının bağrında qurulmuş bir məhkəmə, hansıki rusiya tarixinə açıq keçirilmiş ilk siyasi məhkəmə kimi düşmüşdür. Ən fəxarətlisi isə odur ki, bu məhkəmənin dəmir barmaqlıqları arxasında mühakimə olunan inqilabçılar arasında bizim həmvətənlərimiz, proletar dövrü Azərbaycanın ilk inqilabçıları – Cavad İşxanov, Həmid Hacıyev və İbrahim Rəhimov da olmuşdur.
Beləliklə, 1871-ci il iyulun 1-də Peterburqda Çar Rusiyası tarixində ilk dəfə olaraq açıq siyasi məhkəmə öz işinə başladı. Məhz bu spesifikası səbəbiylə həm Karl Marks, həm də Fridrix Engels bu məhkəmənin gedişini diqqət və maraqla izləyirdilər. Axı nə də olmasa Çar Rusiyası ilk dəfə olaraq inqilabçıları açıq məhkəmədə mühakimə edirdi.
Marks və Engelsin diqqətini cəlb etmiş bu inqilabçılar kim idi, hansı təşkilatda və hansı amallar uğrunda mübarizə edirdilər?
Bilinən odur ki, bu azərbaycanlı inqilabçıların hər üçü Tiflis gimnaziyasından məzun olmuş, Peterburqa təhsil almaq üçün gəlmişdirlər və bir otaqda qalırdılar. O vaxt ki, Peterburq mühiti onların inqilabi ideyalarla tanış olması üçün münbit şərait yaradırdı. Onlar «Rusiyanın Karl Marksı» hesab edilən Çernışevskinin inqilabi ideyalarını mənimsəmiş, Çernışevski əsərlərindən ilhamlanaraq 1869-cu ildə «Narodnaya rasprava» (xalq qisası) adlı gizli inqilabi təşkilat yaratmışdılar. Naçayev inqilabçı gəncləri inandırmışdır ki, onların yaratdıqları bu təşkilat Marks və Engelsin də rəhbərlərindən olduğu İnternasionalın Rusiya üzrə yerli təşkilati özəyidir. «Narodnaya rasprava»nın Qafqaz Komitəsinin sədri Cavad İşxanov seçildi. Təşkilat öz qarşısına məqsəd kimi Rusiyada Çar monarxiyasının inqilabi surətdə devrilərək demokratik cəmiyyətə keçidinin təmin olunması vəzifəsini qoymuşdur. Hansıki bu da öz növbəsində kapitalizmdən sosializmə keçid üçün katalizator rolunu oynamalıydı.
Amma qısa zaman keçməmiş Çar polisi gizli inqilabi təşkilatın izinə düşə bildi. Naçayev Rusiya xaricinə qaçmağı bacardı. Azərbaycanlı inqilabçılar isə Tiflisdə və Peterburqda həbs olunaraq zindana salındılar. Onlar il yarım zindanda olmazın işgəncələrə məruz qaldılar. İşgəncə və saxlanma şəraiti o qədər dözülməz idi ki, bu şəraitdə bəzi siyasi dustaqlar dəli olur, bəziləri isə intihar edirdi.
Nəhayət bu işgəncələrdən sonra hər üç azərbaycanlı inqilabçı məhkəmə qarşısına çıxarıldı. Çarizm dünya miqyasında özünə humanist dövlət imici qazandırmaq üçün Həmid Hacıyevə bəraət elan etdi, qalan iki inqilabçını isə 1-4 aylıq həbsdən sonra sürgünə, ömürlük polis nəzarətinə məhkum etdi. İstər Cavad İşxanov, istərsə də İbrahim Rəhimov sonralar Azərbaycana qayıtdılar, Həmid Hacıyevə isə doğma Azərbaycanı görmək bir daha qismət olmadı. Çünki o, 1872-ci ildə Peterburqda intihar edərək öz həyatına son verdi. Bu tənha inqilabçının çarizmə fərdi qiyamı idi.
Bu gün gözlərimiz önündə əhalisi artmış və ərazisi genişlənmiş, amma ifadə etdiyi mənəvi anlam etibarı ilə kiçilmiş, mübarizədən yoxsul, sönmüş bir Bakı var. XIX əsrin sonu XX əsrin əvvəllərində isə ərazicə kiçik, əhalisi az, amma Şərqin inqilab akademiyası sayılacaq mübarizə dolu, sözün həqiqi mənasında böyük Bakı vardı. Azərbaycan kommunist hərəkatı öz başlanğıcını bu böyük Bakıdan götürmüşdür.
Bu isə tasadüfi yox, tarixi inkişafın, obyektiv zəruri qanunauyğunluğun nəticəsiydi. Beləki Bakı 1898-ci ildə dünya üzrə neft istehsalında ABŞ-ı da ötərək dünya birincisi, planetin əsas neft bazası oldu. Bu isə öz növbəsində kapitalist münasibətlərinin inkişafına, kapitalistlər sinfi ilə daim antaqonizm içərisində olan fəhlə sinfinin meydana çıxmasına gətirib çıxardı neft sənayesinin timsalında kapitalist münasibətlərinin sürətli inkişafı regionun dörd bir tərəfindən – Rusiyadan, İrandan, Qafqazın digər bölgələrindən insanları çəkib bu istehsal nəhənginin ağuşuna gətirirdi. Bakı təkcə neft istehsal etmirdi, o həm də qüdrətli fəhlə ordusu istehsal edən fabriki xatırladırdı. Əcnəbi və yerli kapitalistlərin zülmü öz ardınca zəncirvari reaksiya kimi fəhlə hərəkatını doğururdu. Belə bir tarixi şərait kommunist təşkilatlarının gücərməsi üçün olduqca münbit şərait yaradırdı.
Artıq 1898-ci ildə Bakıda kapitalistlərin zülm və istismar maşınına qarşı fəhlə sinfini təşkilatlandıracaq, onun siyasi mübarizəsinə bələdçilik edəcək ilk marksist dərnəklər formalaşmağa başladı. 1899-cu ildə Bakıda artıq 6 belə kommunist dərnək fəaliyyət göstərirdi, 1900-cü ildə isə onların sayı 15-ə çatmışdı.
1901-ci ildə isə Azərbaycan kommunist hərəkatının dərnəkçilik dövrü başa çatdı, ilk peşəkar təşkilatlanmanın əsası qoyuldu; bu, marksist dərnəklərin birləşməsi əsasında yaradılan RSDFP-nin Bakı komitəsi idi. Bunun ardınca Bakıda gizli Nina mətbəəsi fəaliyyətə başladı. Bu o Nina mətbəəsi idi ki, sonralar N.K.Krupskaya onun haqqında yazırdı: «Bakı mətbəəsi az qala bütün Rusiyanı «İskra» ilə təchiz edirdi».
Bu faktın özü bir daha Bakının o zamankı inqilabi Rusiya üçün necə böyük əhəmiyyət kəsb etdiyinin bariz sübutuydu. Deməli biz rusiyaya ancaq neft yox, həm də inqilabi ideyalar ixrac edirdik.
Bu gün Azərbaycan kommunist hərəkatının tarixinə kölgə salmaq istəyən bəzi bədxahlar iddia edirlər ki, kommunist ideologiyası Azərbaycanda guya ancaq qeyri-azərbaycanlıların təsiriylə yayılıb və elə ancaq onlarrın marağını ifadə etmişdir.
Bu ittiham kökündən yanlışdır. Əvvəla biz bilməliyik ki, XX əsrin əvvəllərində Bakı əhalisinin etnik tərkibi yekcins yox, beynəlmiləl xarakter daşıyırdı. Yəni burada azərbaycanlılarla birlikdə qeyri-müsəlman millətlər də yaşayırdı və onların da sayı kifayət qədər böyük rəqəmlərlə ifadə olunurdu. Sadəcə bir faktı xatırladaq ki, o zaman Bakı fəhlələrinin tərkibi 30-a qədər millətin nümayəndələrindən təşkil olunmuşdu. Təbiiki bu qədər etnik rəngarəngliyin yaşandığı beynəlmiləl bir şəhərdə fəhlə hərəkatı da heç vaxt etnik baxımdan monolit ola bilməzdi. Bunu isə o dövr üçün nöqsan yox, o dövrün tarixi reallığı kimi qəbul etmək lazımdır (məsələn, 50-ci illərə kimi Bakı əhalisinin 60%-ni qeyri-müsəlmanlar təşkil etmişdi). Yəni o vaxtın Bakısı sözün tam mənasıyla çoxmillətli beynəlmləl şəhər idi.
O ki qaldı Azərbaycanda ilk marksist dərnəyin pus fəhləsi Çepurnu tərəfindən yaradılmasına, bu təbii idi, çünki Azərbaycan bütün qabaqcıl Avropa dəyərləri kimi marksizmi də Rusiya vasitəsiylə əxz etmişdir. Marksist fəhlələr, ziyalılar Bakıya sürgün olunur, burada isə fəhlə sinfi ilə işləmək üçün byük şans var idi. Amma bu heç də Azərbaycan kommunist hərəkatına qeyri-milli xarakter qazandırmır. Qısa bir zaman ərzində ilk azərbaycanlı kommunistlər yetişməyə başladı. Məsələn, M.Əzizbəyov Peterburq Texnologiya Universitetində oxuyarkən inqilabi marksist ideyalarla tanış olmuş, Azərbaycana qayıdan kimi döyüş drujinaları təşkil edib inqilabi mübarizəyə başlamışdır. 1904-cü ildə Azərbaycanda ilk qeyri-leqal müstəqil kommunist təşkilatı olan «Hümmət» yaradıldı. Təşkilatın baniləri hamımızın yaxşı tanıdığı Məmməd Əmin Rəsulzadə, Mirhəsən Mövsümov, Məmməd Həsən Hacınski idi.
Bəli, sonralar Azərbaycan Xalq Cümhuriyyətinin rəhbəri olmuş M.Rəsulzadə Azərbaycanın ilk inqilabçı marksistlərindən olmuşdur və Nağı bəy Şeyxzamanlının yazdıqlarına inansaq, Rəsulzadə ömrünün sonuna kimi bu əqidəsinə sadiq qalmışdır. Məsələn, o yazırdı: «Əvət, Məmmədəmin bəy əfəndi, şu siyasi səhnəyə sosial-demokrat olaraq (o zaman marksistləri sosial-demokrat adlandırırdılar) qatılmışsınız. Və bu ideologiyanızı da ki, aşağı-yuxarı, iyirmi yeddi ildən bəri daşıyırsınız, nə milli hökumət dövründə, nə də on dörd ollik mühacirət dövründə heç bir zaman ayrılmamışsınız» (Nərimanovun Kremldə qətli kitabı, səh.64).
Düzdür, ola bilsinki Rəsulzadə sonralar Avropa sosial-demokratyasına meyl etmişdir, amma bu heç də onun kommunist keçmişini inkar etmir, əksinə, Rəsulzadə Nərimanova, Stalinə yaxın münasibətdə olmuş, Stalin tərəfindən həbsdən azad olunduqdan sonra bir il (1920-21) Moskvada Stalinlə bir yerdə çalışmışdı və bir faktı da unutmayaq ki, Rəsulzadə Bakını tərk edəndə onu yola salmaq üçün bir tək Nərimanov gəlmişdi.
Rəsulzadənin rəhbərliyiylə 1904-1905-ci illərdə ilk kommunist qəzeti olan qeyri-leqal «Hümmət» qəzeti çapdan çıxmış, bu təşkilat sonralar Nərimanov başda olmaqla Ə.Axundovun, S.M.Əfəndiyevin, M.N.İsrafilbəyovun, A.B.Yusifzadənin, B.M.Sərdarovun, H.H.Sultanovun rəhbərliyində özünün ikinci həyatını yaşamışdır. Bundan başqa 1916-cı ildə Cənubi Azərbaycandan gələn fəhlələr arasında iş aparmaq məqsədiylə «Ədalət» qrupu təşkil olunmuşdur ki, bu təşkilatda 1905-ci ildən fəaliyyətə başlamış «İctimaiyyun amiyyun» sosial-demokrat təşkilatının varisiydi. Ədalət qrupundan bu təşkilatda B.Ağayev, Ə.Qafarzadə, M.Ələkbərov, A.Yusifzadə, S.C.Pişəvəri (1945-46-cı ildə Cənubi Azərbaycan Milli hökumətin rəhbəri olub), H.B.Hacıyev kimi inqilabçı azərbaycanlılar təmsil olunurdular.
1920-ci ilin fevralında Hümmət, Ədalət, Bakı Komitəsi birləşərək vahid Azərbaycan Kommunist Partiyasını yaratdılar. Bununla da Azərbaycan kommunist hərəkatının partiya mərhələsi başlanmış oldu. Bəli, özündə cəmi 190-200 marksist birləşdirən dərnəklərdən sonra öz sıralarında yüz minlərlə kommunisti birləşdirən partiya belə doğuldu.
Məqalənin əvvəlində Bakını heç də təsadüfən inqilabın akademiyası adlandırmadıq. Bakı sözün həqiqi mənasında Şərq üçün belə bir mərkəz funksiyasını yerinə yetirirdi. Mustafa Sübhi başda olmaqla Türkiyə Kommunist Partiyası 1921-ci ildə Bakıda təsis olundu, baxmayaraq ki, onlar sonra 14 silahdaşıyla birlikdə Trabzonda vəhşicəsinə qətlə yetrilib dənizdə batırıldılar, tam əminliklə deyə bilərik ki, Sübhi və silahdaşları Bakı inqilab akademiyasının qabaqcıl məzunları idilər. İran Kommunist Partiyası 1920-ci ildə Ənzəlidə təşkil olunarkən onun qabaqcıl kadrlarının hamısı Bakı inqilab akademiyasının məzunlarından ibarət olmuşdur. Bu şəxslərin hamısı Ədalət təşkilatının tərkibində inqilabi Bakıda yetişib getmişdirlər.
Bəli, Bakı belə bir əzəmətli, öndər tarixə malikdir. Çox təəssüflər olsun ki, indi o bu statusundan məhrum olub. 15 illik Kommunist Partiya və təşkilatları ancaq və ancaq hakimiyyət əlində sifarişli alətə çevrilmiş, keçmişin şərəfli ənənəsinin davamçısı olmaq şanslarını itirmişdirlər.
|