Azəri   Русский   English   Bütün ölkələrin proletarları, birləşin! Bizimlə əlaqə: email:info@kommunist.az; tel:(+994 55) 730 09 13;  
Şəxsiyyətlər
Mehdi Hüseynzadə   
Babək Xurrəmi   
Fridrix Engels   
Karl Marks   
Nəriman Nərimanov   
Çingiz İldırım   
Xəbərlər
Tədbirlər   
Daxili   
Media
Kominform   
Qırmızı tribuna   
Çağırış
Haqqında
Məqalələr
Partiyamız
Proqramı   
Proqramın izahı   
Qırmızı arxiv   
Tarixi   
Mövqe   
Müraciət   
Aprel İnqilabı   
Kitabxana
Klassiklər
Aze
Rus
Müasirlər   
Bədii   
Kommunar nəşriyyatı   
Əlaqələr
Çe fan klubu   
AUSF   
YNAK Gənclər təşkilatı   
ÜDGİ   
Solidnet   
Sol mədəniyyət
Məlumat   
Videolar   
Audiolar   
Seçmələr
M.Ə.Sabir
Məqalələr   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Axtarış
 
 
 
 
 
 
 
Xəbərlərə abunə olun
 
 
 
 
 
YNKAP-yə üzvlük
 
 
 
 
 
 
 

Kitabxana -> Müasirlər
25/05/2009 (16:15)
Azərbaycanda Aprel sosialist inqilabı

   Giriş
    1919-cu il! İngilis kəşfiyyatı Britaniya hökumətinə Azərbaycanda alovlanmaqda olan qırmızı inqilab barədə həyacanlı xəbərlər ötürür. Kəşfiyyat məlumatlarında azərbaycanlı kommunistlərin böyük inqilabi potensiala malik olması açıq bir şəkildə etiraf edirdi. Məlumatda deyilirdi: «Azərbaycanda hələlik közərən, amma ciddi şəkildə alovlanacaq həcmdə bolşevik imkanları var».
    Bir tək bu faktın özü Aprel inqilabını böhtan, iftira atəşinə tutanların, Aprel inqilabının daxili inqilabi fəallığın yox, guya xarici amillərin, xüsusilədə XI Qızıl ordunun ekspansiya əməliyyatının nəticəsi olduğunu iddia edən qaraguruhun atəş nöqtəsini susdurmağa kifayətdir. Bu təkzibolunmaz fakt qarşısında M.Ə.Rəsulzadənin, Şövkət Sürəyya Aydəmirin və başqalarının iftira xarakterli fikirləri saxta sabun köpüyü kimi dağılıb yox olur.
    Hansıki M.Ə.Rəsulzadə iddia edirdi ki, Aprel inqilabının Azərbaycan daxilində kökləri mövcud deyildir və tamamilə xarici faktorların, XI ordunun fəaliyyətinin nəticəsində ortaya çıxmış «işğal» hadisəsidir. Türkiyəli yazar Ş.S.Aydəmir isə özünün «Suyu axtaran adam» kitabında aprel hadisələrinin inqilab olmasını inkar edərcəsinə yazırdı: «…Baş verənlərə bir ad vermək lazım gələrsə, buna inqilab demək olmaz. Əgər bu inqilab idisə, bəs inqilabçılar hardaydı».
    Lakin ingilis kəşfiyyatının sözügedən məlumatı fonunda bu və buna bənzər ittihamlar olduqca solğun təsir bağışlayır. Bəli, Rəsulzadələrin, Aydəmirlərin görməkdə çətinlik çəkdikləri inqilabı potensialı və inqilabçıları aprel hadisələrindən 9 ay əvvəl ingilis kəşfiyyatı görür və Azərbaycanda mövcud olan inqilabi potensialın çox ciddi şəkildə alovlanacaq həcmdə olduğunu etiraf edirdi.
    Haqqında danışdığımız kəşfiyyat məlumatı iki cəhətdən olduqca böyük önəm kəsb edir. Birincisi, məlumat dünya imperializminin ən etibarlı mənbəsinə, ingilis kəşfiyyatına aiddir və bu baxımdan həqiqiliyinə zərrə qədər də şübhə yoxdur. Məsələ burasındadır ki, bu fikirləri kommunistlər özləri söyləmiş olsaydılar, kimlərsə iddia edə bilərdi ki, bolşeviklər öz güclərini süni şəkildə şişirdiblər, amma kommunistlərin Aprel inqilabı ərəfəsində Azərbaycanda böyük gücə sahib olmasının əksinqilabi cəbhənin başında duran İngiltərənin kəşfiyyat qurumları tərəfindən etirəf olunması faktın önəmini və mötəbərliliyini qat-qat artırır.
    İkincisi isə kəşfiyyat məlumatının ötürüldüyü tarixdir, 1919-cu ilin iyulu. Bu elə bir tarixi dövr idi ki, nəinki Azərbaycanda, bütövlükdə Cənubi Qafqazda Qızıl ordu amili ümumiyyətlə mövcud deyildi, əksinə, qərb imperializmi inanırdı ki, Denikin Qızıl ordunu məğlub edəcək və vahid bölünməz monarxist Rusiya bərpa olunacaq. Belə bir şəraitdə ingilis kəşfiyyatının Azərbaycanda ciddi şəkildə alovlanacaq həcmdə inqilabi potensialın mövcud olmasını etiraf etməsi, bir daha inkarolunmaz surətdə belə bir tarixi həqiqəti təsdiqləyir ki, Aprel inqilabı sırf ölkədaxili proseslərin nəticəsiydi.
    Deməli Qızıl ordu amili olmadan belə, Azərbaycan çox ciddi şəkildə alovlanacaq həcmdə daxili inqilabi potensiala malik idi və bu reallıq ingilis kəşfiyatının Britaniya hökumətinə ötürdüyü məlumatlarda bir daha öz əksini tapırdı.
    İngilis kəşfiyyatının «hələlik közərən, amma ciddi şəkildə alovlanacaq» dediyi hadisə 9 ay sonra, 1920-ci il aprelin 26-dan 27- nə keçən gecə baş verdi. Nə represiya və ağ terror dalğası, nə minlərlə inqilabçının darağaclarından asılıb güllələnməsi, nə məhkəməsiz və istintaqsız edamlar, nə kommunistlərin kisələrə doldurulub diri-diri dənizə atılması, nə barkaslar arxasında inqilabçıların sürütlənərək məhv edilməsi, nə Müsavatın fəhlələri pulla ələ almaq cəhdləri, nə də ingilis topları xalq iradəsini sındarmağa kifayət etmədi. Aprel sosialist inqilabı alovlandı. Qızıl Komandan Çingiz İldırımın şəxsən iştirakı və rəhbərliyi altında bütün strateji obyektlər, silah və sursat anbarları, sahil və səhra topları ələ keçirildi, Xəzər dəniz donanması üsyan qaldırdı. Ordu və xalq dəstəyini itirmiş Müsavat müstəmləkə üsul-idarəsi heç bir güllə belə atmadan rüsvayçı bir şəkildə, həm də öz nümayəndələrinin səs çoxluğu ilə hakimiyyəti Nəriman Nərimanov başda olmaqla Azərbaycan İnqilab Komitəsinə təhvil vermək məcburiyyətində qaldı.
    Yalnız bundan sonra, yəni Aprel inqilabının qələbəsindən sonra Qızıl ordu Azərbaycan Sovet hökumətinin icazəsiylə Bakıya daxil oldu və Antanta imperialistlərinin təpədən dırnağacan silahlanmış və Batum limanında inqilab üzərinə yerimək əmri gözləyn ordusuna qarşı müdafiə işini təşkil etdi. Beləliklə də ABŞ, ingilislər, fransızlar, daşnak Ermənistanı, menşevik Gürcüstanı və İran kazak qoşunlarının Aprel inqilabını boğmaq cəhdləri boşa çıxdı.
    Aprel inqilabının qələbəsindən sonra Müsavatın timsalında mandat üsul-idarəsi ləğv olundu, Mudros müqaviləsinin Azərbaycanı yeraltı və yerüstü sərvətləriylə, dəmir yollarıyla birlikdə Britaniya imperiyasının müstəmləkəsi hesab edən bəndləri qüvvədən düşmüş elan edildi və Sosialist Respublikanın simasında çağdaş Azərbaycan dövləti yarandı.
    Məhz Aprel sosialist inqilabının 90 illiyi ərəfəsində oxuculara təqdim olunan bu kitabda biz inqilabı doğuran daxili səbəbləri ətraflı şəkildə təhlil etmiş, müsavatçıların öz dilindən və Müsavat dövrü arxivlərindən çıxış edərək 1920-ci il hadisələrinə obyektiv tarixi qiymət verməyə çalışmışıq.
    Düzdür, Sovet hakimiyyəti zamanı aprel hadisələriylə bağlı bir çox kitablar yazılıb, amma obyektivlik naminə etiraf etmək lazımdır ki, bu ədəbiyyatların heç birində Aprel inqilabı Şərqin ilk sosialist inqilabı kimi layiq oluğu qiyməti almayıb. Sovet tarixşünaslığının Aprel sosialist inqilabına olan ögey münasibəti görmək üçün Azərbaycan Sovet Ensiklopediyasına baxmaq kifayətdir. Əgər biz Azərbaycan Sovet Ensiklopediyasını açıb aprel sözünü axtarsaq, orada Leninin aprel tezislərini görəcək, 1917-ci il Rusiyada aprel böhranıyla tanış olacaq, nə bilim hətta 1876-cı il bolqar xalqının aprel üsyanından nələrsə oxuyacağıq, amma Azərbaycanda baş vermiş Aprel inqilabının heç adına da rast gəlməyəcəyik.
    Vaxtilə Sovet tarixşünaslığının yaratmış olduğu bu boşluqdan indi dönüklər məharətlə istifadə edirlər. Onlar Azərbaycan kommunist hərəkatını az qala erməni-rus hərəkatı kimi qələmə verməyə çalışırlar.
    Bu baxımdan təəssüflə qeyd etmək lazımdır ki, Aprel sosialist inqilabı ötən 90 il ərzində Şərqdə qalib gəlmiş ilk sosialist inqilabı kimi layiq olduğu qiyməti almamışdır və Aprel inqilabı Şərq xalqlarının azadlıq hərəkatı kimi, çağdaş Azərbaycan və Türkiyə dövlətlərinin formalaşma əsası kimi, Şərqdə sənayeləşmə, maariflənmə inqilabının bayraqdarı kimi, Azərbaycanda daşnak terrorunun ləğvi hadisəsi kimi heç vaxt tədqiqat obyekti olmayıb.
    Məhz oxuculara təqdim olunan bu kitabda Aprel inqilabı sözügedən istiqamətlər üzrə təhlil olunmuşdur və həsil olunan nəticələr günümüz üçün də olduqca aktualdır.
   
    Aprel sosialist inqilabının sosial-siyasi, iqtisadi səbəbləri
    Aprel sosialist inqilabının səbəblərindən danışarkən biz hökmən o dövrkü Azərbaycanın reallıqlarına nəzər salmalıyıq. O reallıqlar ki, inqilab üçün daxili zəmin hazırlayırdı. Bu ona görə olduqca vacibdir ki, bəzi tədqiqatçılar, siyasi dairələr dünən və bu gün yanlış olaraq ictimai rəydə belə bir çaşqınlıqyaradırdılar və hazırda da yaratmaqdadırlar ki, guya Aprel inqilabı üçün Azərbaycan daxilində heç bir inqilabi şərait, heç bir daxili zəmin olmayıb və aprel hadisələri guya sırf xarici işğal məsələsidir.
    Bunun belə olmadığını faktlarla sübut etmək və ciddi bir məntiqlə əsaslandırmaq üçün 1918-20-ci illər Azərbaycanının sosial, siyasi, iqtisadi vəziyyətinin təhlili, bizim əsas məqsədimiz olacaq.
    Beləliklə, 1918-20-ci illərdə Azərbaycan kəndində sosial-iqtisadi vəziyyət
    «26 aprel» silahlı üsyanının ən başlıca daxili səbəblərindən biri və bəlkə də başlıcası «kəndli məsələsi» idi. Beləki Müsavat-mülkədar diktaturası Azərbaycan kəndlisinin nəinki problemlərini həll etmədi, hələ üstəlik çar rejimiylə müqayisədə kəndliləri daha ağır məhrumiyyətlərə məhkum etdi, daha ağır, dözülməz zülmə məruz qoydu. Mübaliğəsiz demək olar ki, çar rejiminin zülmünü Müsavatçı bəylərin dəyənəyi, şallağı əvəz etdi.
    Müsavat bəy-xan rejimi dövründə kəndlilər üzərinə qoyulan vergi yükü çar Rusiyası dövrüylə müqayisədə qat-qat çox idi. Beləki çar rejimi dövründə kəndli bəy və xanlara pay torpaqlarına görə məhsulun 1/10-i qədər vergi verirdisə, Müsavat-mülkədar diktaturası zamanı anoloji vergi yükü az qala yarıbayarı artırılaraq məhsulun 1/6-nə qədər çatdırılmışdı. Yerli mülkədarlar, bəy və xanlar Müsavat üsul-idarəsinin himayəsiylə bu vergiləri əhalidən zorla toplayır, vermədikdə isə camaatın gözü qarşısında kötəkləyirdilər.
    Məsələn, 1919-cu ilin əvvəli Gəncə qəzası kəndlilərinin Müsavat parlamentinə göndərdikləri teleqramda deyilirdi: «Qubernator Vəkilov qohumları Şıxlinskilər və qulluğa götürdüyü digər quldurlarla əl-ələ verib camaatın var-yoxunu talan edir. Bəy-xan dairələri inzibati idarə işçilərinin yaxından köməyi ilə yoxsul kəndlilərə hamının gözü qabağında işgəncə verirlər». (Az. OİMDA, fond 19, siyahı 3, iş 37, vərəq 651). Bu fakt bir daha sübut edir ki, Müsavat diktaturası zamanı bəy və xanların kəndlilərlə əşya kimi rəftar etməsi adi hal idi.
    Ümumilikdə götürdükdə isə Müsavat bəy-xan rejimi dövründə torpaqdan istifadəyə görə kəndlilərdən toplanan vergilər çar rejimi dövrüylə müqayisədə dörd dəfə çox idi.
    1919-cu il sentyabrın 5-də Lənkəran qəzası kəndliləri Müsavat hökumətinin daxili işlər nazirinə yerli bəy-xanlardan şikayət edərək yazırdılar: «Onlar (Lənkəran xan və bəyləri-red.) Nikolay vaxtı edə bilmədiklərini indi etməyə çalışırlar. Bizi öz ata-baba torpaqlarımızdan baş götürüb getməyə, əks halda məhsulu onlarla yarı bölməyə vadvr edirlər».
    Müsavat hökuməti bu məktuba 2 aydan sonra, həm də sadəcə olaraq «Ərizəniz əsassızdır» deməklə kifayətləndi.
    Müsavat bəy-xan rejimi dövründə Azərbaycan əhalisinin 78%-ni kəndlilər təşkil etsə də ölkənin torpaq fondunun çox cüzi bir hissəsi onlara məxsus idi. Məsələn, 1919-cu ildə Azərbaycanda olan bütün əkin sahələrinin cəmi 1,8%-i kəndli təsərrüfatının payına düşürdü. Qalan əkin sahəsi isə (98,2%) bəy, xan və mülkədar təsərrüfatlarına aid idi. 195 nəfər mülkədarın əlində təqribən 1 milyon hektar torpaq təmərküzləşmişdi ki, bu da Sovet dövründə sovxoz və kolxozların balansında olan torpaq sahəsiylə müqayisə oluna biləcək qədər torpaq fondu demək idi. Bunun müqabilində isə kəndlilərin çox böyük əksəriyyəti heç bir qarış da pay torpağına sahib deyildi. Torpaqsız kəndlilər bəy və xanlardan çox ağır şərtlər çərçivəsində icarəyə torpaq götürür və bütün xərci, əziyyəti çəkdikdən sonra əldə olunan məhsulun 70%-nə qədərini torpaq sahibi ağalara vermək məcburiyyətində qalırdılar.
    Kəndlilər ümid edirdilər ki, Müsavat hökuməti onları pay torpaqları ilə təmin edəcək, amma bu ümidlər puça çıxdı. Beləki parlamentin 85%-ni mülkədarlar və iri sərmayədarlar, hökumət kabinetinin isə demək olar ki, hamısını bəy-xan nəslinin nümayəndələri təşkil etdiyindən Müsavat hökuməti heç vəchlə aqrar islahatlarda maraqlı deyildi və heç vaxt da buna cəhd göstərmədi.
    Müsavat diktaturası torpaqsız kəndliyə torpaq vermək əvəzinə hələ üstəlik az miqdarda torpağı olan kəndlilərin də pay torpaqlarını bəy və xanlar tərəfindən ələ keçirilməsinə himayədarlıq etdi.
    Məsələn, Qızılhacılıda kəndlilərin yüz illərdi istifadəsində olan 5000 desyatin əkin və otlaq sahəsi üzərində olan tikililərlə birlikdə yerli bəy və xanlar tərəfindən ələ keçirildi. Qızılhacılı kəndliləri 1919-cu il 21 aprel tarixində Müsavat parlamanına yazırdılar ki, onların savadsız olduqlarından istifadə edən bəy və xanlar hələ çar dövründə onların dədə-baba torpaqlarını mənimsəmişdilər, ancaq 1915-ci ildə baş verən kəndli üsyanından sonra çar məhkəməsi məcbur olub onların torpaq üzərində hüququnu bərpa etmiş və pay torpaqlarını onlara qaytardığı halda, «indi (Müsavat dövrü nəzərdə tutulur-red.)… hakimiyyət başında duran rəislər bəy və xanların tərəfini saxlayıb pay torpaqlarımızı əlimizdən alıb yenidən bəy, xanlara verirlər.
    Ən dəhşətlisi isə budur ki, bir tərəfdən rəislər torpağımızı alıb bəy-xanlara verir, digər tərəfdən isə həmən torpaqlara görə (mülkədarlar tərəfindən zəbt olunmuş-red.) bizdən müxtəlif vergi və töycülər alırlar, vergiləri bir az gecikdirən kimi qamçı və dəyənəyi işə salır, ev-eşiyimizi qarət edirlər». (Az. OİMDA, fond 894, siyahı 2 iş 71, vər.131-132).
    Bu isə o deməkdir ki, hətta mənfur çar rejimi belə azərbaycanlı kəndlilərin hüququnu Müsavat hökumətiylə müqayisədə daha yaxşı müdafiə edirdi.
    Müsavat diktaturası zamanı Azərbaycan kəndlisinin faciələri təkcə bununla yekunlaşmırdı, 1919-cu il 22 iyun tarixində hökumət üsyanlar zamanı kəndlilər tərəfindən tutulmuş torpaqların müsadirə ounaraq bəy və xanlara qaytarılmasını nəzərdə tutan qərar qəbul etdi. Minlərlə kəndli ailəsi yenidən torpaqsız və səfil durumuna düşdü. Hətta Osmanlı ordusu Azərbaycanda olanda kəndlilər nəinki torpağı geri qaytarmağa, hələ üstəlik bəyin, xanın xeyrinə kompensasiya ödəməyə də məcbur edilirdilər.
    1918-ci il iyunun 21-də Müsavat hökuməti öz xalqını cəzalandıracaq daha bir qərar qəbul etmişdi. Həmən qərara görə Azərbaycandakı Osmanlı ordusunun bütün xərcləri və təminatı yerli xalqın üzərinə qoyulurdu ki, bu da onsuzda vergi yükü altında əzilən kəndlini ümumiyyətlə diz çökdürmək idi. Bu variantdan əvvəllər çar rejimi üsyançı kəndləri cəzalandırmaq üçün istifadə edərdi. Beləki kazak dəstələri üsyançı kənddə yerləşdirilər və qoşunun təminatı bütövlükdə həmən kəndlərin sakinlərinin üzərinə qoyulardı ki, bu da kəndliləri tamamilə var-yoxdan çıxarardı. Məhz Müsavat hökumətinin anoloji qərarı da kəndlilər üçün bundan başqa ikinci bir mahiyyət kəsb etmirdi. Bu qərarı əldə rəhbər tutan osmanlılar yerli əhalidən bütün ərzaq məhsulunun 101-i miqdarında «zəkat» vergisi toplayırdılar. Verilmədikdə isə türk zopası işə düşürdü. Bu hadisələrin şahidləri etiraf edirdilər ki, zopanın insan bədənində açdığı yaralar uzun müddt sağalmırdı.
    Müsavat diktaturası zamanı iqtisadiyyatın bütün sferaları kimi kənd təsərrüffatı da tənəzzülə uğradı. 1919-cu ildə Azərbayzanda əkilən taxıl sahələri 1913-cü illə müqayisədə 35% azalmış, pambıq əkin sahəsi isə 93 min desyatindən 2 min desyatinə qədər enmişdi. Malqaranın sayı isə yarıbayarı azalmışdı.
    Müsavat diktaturası zamanı kənd təsərrüfatında istehsal kəskin surətdə azaldığı halda vergi yükü dörd dəfə artırılmışdı. İndi görün «Xalq» Cümhuriyyəti Azərbaycan kəndlisini zülm məngənəsində necə əzirdi. Bir tərəfdən Müsavatçı bəylər, digər tərəfdən isə xarici işğalçılar;–ingilislər, denikinçilər və osmanlılar Azərbaycan kəndlisini qarət edirdilər. İngilislər Lənkəran qəzasının kəndlərini çapıb talayaraq qarət etdikləri taxılı paraxodlarla Ənzəliyə–ingilis ordusunun bazasına daşıyıb aparırdısa, osmanlı Azərbaycan kəndlisindən müsadirə etdiyi milyonlarla pud taxılı ölkədən çıxarmağa çalışır, denikinçilər, quldur Ramazanovlar isə günün günorta vaxtı kəndləri qarət edib yandırırdılar. Nəticədə aclıq baş qaldırır, minlərlə, on minlərlə insan aclıqdan tələf olurdu.
    Bu və digər səbəblər ucbatından 1918-1920-ci illər Müsavat diktaturası zamanı Azərbaycanın əhalisi 400 min nəfər azalaraq 2,3 milyon nəfərdən 1,9 milyon nəfərə düşmüşdür.
    Müsavat diktaturası xarici dövlətlərin işğalıyla müşayət olunan 23 aylıq hakimiyyəti ərzində Azərbaycana və Azərbaycan kəndlisinə ancaq bunları verə bildi.
    Bəzən iddia edirlər ki, Müsavat hökumətinə torpaq islahatlarını həyata keçirməkdə vaxt amili mane oldu. Başqa sözlə, guya hökumət torpaq islahatlarına vaxt tapmadı. Əslində isə bunlar hamısı bəhanədir. Çünki necə olur ki, 23 aylıq Müsavat diktaturası Bakı Kommunasının milliləşdirdiyi mədənləri, zavodları kapitalistlərə geri qaytarmağa vaxt tapdı, amma Azərbaycan kəndlisinin əsrlərdən bəri gözlərində qalan arzusunu reallaşdırmağa vaxt tapmadı. Müsavatın rəsmi orqanı olan «Azərbaycan» qəzeti aqrar qanunu bolşevik demoqogiyası və kütlələr arasında inqilabi iş üçün nəzərdə tutulmuş təbliğat tör-töküntüsü kimi şərh edilirdi (20 oktyabr 1919, №210). Bu özü həmçinin Müsavat hökumətinin aqrar məsələyə olan biganə münasibətinin bir göstəricisi idi. Əslində isə Müsavat diktaturasının aqrar islahatlar keçirməsinə bircə amil mane olurdu, bu da hökumətin və parlamentin mülkədarlardan, iri sərmayədarlardan, bəy və xanlardan təşkil olunmasıydı.
    Müsavat rejiminin xalq cümhuriyyəti yox, bəy-xan diktaturası olmasının ən yaxşı təsvirini şair Əli Qəmküsar vermişdi. O, yazırdı:
    Bir hökumət təzə çıxıb, ismi Azərbaycan,
    Şəkli cumhuri, idarə üzvü yeksər bəy və xan.
    Heç görübsünüzmü ki, olsun kütləyə qurddan çoban,
    Bir nəfər xalis rəiyyət (kabinədə-red.) yoxdur inan.
    Get Qazaxdan, keç Tovuzdan, keç özünü ver Gəncəyə,
    Gör necə vermiş rəiyyət bəylə pəncə-pəncəyə.
    (Hürriyyət qəzeti, 1919, 4 sentyabr).
    Azərbaycan kəndlisi torpaq və azadlıq istəyirdi. Müsavat hökuməti bu istəyi qarşılamaqda aciz idi. Çünki o bəy-xanların, iri mülkədarların vuran qolu kimi yaranmışdı və mövcudluq müddətincə də bu missiyanı icra etdi.
    Şəhərdə vəziyyət
    Müsavat diktaturası zamanı şəhərlərdə də vəziyyət olduqca ağır idi. Əcnəbi imperiya ordularının hesabına Azərbaycanda öz oyuncaq hakimiyyətini bərqərar edər-etməz, Müsavat hökumətinin həyata keçirdiyi ilk iqtisadi tədbirlər birbaşa fəhlə sinfinin əleyhinə yönəldi. Bakı Sovetinin tətbiq etdiyi 8 saatlıq iş günü ləğv edildi, fəhlələrlə kapitalistlər arasında əldə edilmiş kollektiv müqavilə qüvvədən düşmüş elan edildi, iş günü uzadıldı, əmək haqqı aşağı salındı.
    1919-cu il mayın 17-də «Nabat» qəzeti yazırdı ki, dərzixanalarda, hansıki zirzəmilərdə yerləşən bu sexlərdə nə pəncərə, nə də süni işıq mənbəyi yox idi, işçilər hər gün 18 saat işləməyə məcbur edilirdilər.
    Müsavatçıların fəhlələrə qarşı yeritmiş olduğu siyasətdən ruhlanan kapitalistlər iş saatını artıraraq 12-14, Gədəbəy mis zavodunda isə gündəlik iş vaxtını 16 saata qaldırdılar. Müsavat dövründə, daha dəqiq desək, 1919-cu ildə iqtisadiyyatda yaşanan tənəzzül nəticəsində neft emalı 22 dəfə, mədənlərdəki qazma işlərinin sürəti 14 dəfə azaldığından bu işlər istər-istəməz işsizliyin fəlakətli həddə çıtmasına səbəb oldu. Beləki Müsavat müstəmləkə üsul-idarəsi dövründə təkcə Bakı şəhərində işsizlərin sayı 30 min nəfəri keçirdi ki, bu da həmən dövrdə Bakı şəhərində işləyən əhalinin az qala 31-nə bərabər hesab ediləcək dərəcədə böyük bir rəqəm idi. Sənaye tamamilə tənəzzülə uğramış vəziyyətdəydi. Azərbaycanın təbii sərvət və faydalı qazıntvları əcnəbi şirkətlər tərəfindən vəhşicəsinə talan olunurdu. Gədəbəydəki mis və qızıl yataqları alman «Simmens» qardaşlarının nəzarəti altındaydı. Onlar Müsavat hökumətini aldadırdılar ki, guya bu yataqlardan ancaq mis çıxarırlar, halbuki qızıl yataqları qarət olunub xaricə daşınırdı. Gədəbəy misi o zaman dünyada ən keyfiyyətli mislərdən hesab olunurdu ki, bundan da alman kapitalistləri ildə 2,5 milyon manat mənfəət götürürdülər. Amma onlar üçün bu sərvəti hasil edən azərbaycanlı fəhlələrsə yeməyə heç yavan çörək də tapmırdılar. 1919-cu ilin dekabrında «Məşəl» jurnalı bu barədə belə yazırdı: «Bu böyük neməti yaradan fəhlə isə çörəyin yerinə palıd qozası döyüb özlərinə təam edirdi».
    Müsavat diktaturası zamanı neft sənayesi fəhlələrinin də sosial vəziyyəti çox acınacaqlı idi. Beləki neft istehsalının kəskin azalması və neftayırma zavodlarının böyük əksəriyyətinin fəaliyyətini dayandırması həm işsizliyin artmasına təkan vermişdi, həm də fəhlələrin real əmək haqqının kəskin surətdə azalmasıyla nəticələnmişdi.
    1919-cu ildə Bakı neft sənayesi fəhlələrinin real əmək haqqı 1913-cü illə müqayisədə cəmi 18% təşkil edirdi. Bu isə o demək idi ki, Müsavat diktaturası zamanı neft fəhlərəinin real gəliri çar rejimi dövrüylə müqayisədə 6 dəfə azalmışdı.
    Bakı neftçiləri 1917-ci ildə 350 milyon pud neft hasil etdikləri halda Müsavat dövründə 1919-cu ildə bu göstərici yarıbayarı azalaraq cəmi 170 milyon puda düşmüşdü. çar rejimi dövründə Azərbaycanda fəaliyyət göstərən 50 neftayırma zavodundan isə Müsavat dövründə, yəni 1919-cu ildə cəmi 7-si işlək vəziyyətdəydi ki, onlar da əvvəlki emal gücündən qat-qat zəif işləyirdilər.
    Müsavat hakimiyyəti zamanı Azərbaycan ingilis imperializminin işğalı altında olduğundan, «Mudros» müqaviləsinə əsasən Bakı nefti əlahəzrət kraliçanın sərvəti hesab olunurdu. Yerli hökumətin çıxarılan nefti ixrac etməyə belə səlahiyyəti çatmırdı. Hasil olunan neft ancaq Ənzəliyə–ingilislərin bazasına daşınıb aparılırdı. Ölkə başdan-başa çapılıb-talanır, qarət olunurdu. Müsavat müstəmləkə-polis rejiminin xeyir-duasıyla ingilis işğalçıları Azərbaycandan 30 milyon pud taxıl, mis və xeyli miqdarda ərzaq məhsulları talayıb apardılar.
    İşğalçı ingilislər Bakıda atlarını şokalad və kişmişlə bəsləyirdilər. Ac azərbaycanlı uşaqları isə atların oxurundan kişmiş və şokalad oğurlayarkən tutulub kötəklənirdilər. Nə qədər acı olsa da bu 1918-1920-ci illər Müsavatçı Azərbaycanın reallığıydı.
    Qiymətlərin kəskin bahalaşması fonunda pul öz alıcılıq qabiliyyətini itirir, dəyərsiz kağız parçasına çevrilirdi. Beləki «Xalq» Cümhuriyyəti dövründə azərbaycanlı fəhlənin günlük qazancı orta hesabla 30-35 manat, aylıq qazancı isə təxminən orta hesabla 900 manat təşkil etdiyi halda, bir fəhlə ailəsinin ancaq yavan çörəklə təminatı üçün fəhlənin aylıq qazancından ən azı 2 dəfə çox pul tələb olunurdu ki, bu da 1500-2000 manat məbləğində vəsait demək idi.
    Fəhlə, müəllim ümumiyyətlə ağ çörək yeyə bilməzdi. Bu növ çörək ancaq varlıların, bəylərin yemi hesab olunurdu. Çünki ağ çörəyin 400 qramı 30 manat qiymətindəydi və əgər fəhlə öz ailəsini ağ çörəklə təmin etmək niyyətinə düşsəydi, onda ona ayda nə az, nə çox, heç olmayan yerdə 10 min manat pul lazım gələcəkdi ki, bu da fəhlənin aylıq qazancından 12 dəfə çox vəsait demək idi. Deməli Müsavat diktaturası sadə xalqa ağ çörək yeməyi defakto qadağan etmişdi. Fəhlə ancaq çovdar və ya kəpəkli çörək yeyə bilərdi, o da ancaq aclıqdan ölməsini önləyəcək miqdarda. Beləki kəpəkli çörək 18 manata, arpa çörəyi isə 8 manata satılırdı. Əgər əsgəri normayla götürsək, bir insana gündə 750 qr çörək lazımdır. Onda 6 nəfərlik fəhlə ailəsinin gündəlik çörək ehtiyacı 4,5 kq təşkil edir ki, bu tələbatı kəpəkli çörəklə ödəmək üçün gündə 100 manat, arpa çörəyiylə ödəmək üçün isə 50 manat pul tələb olunurdu, yəni ayda müvafiq olaraq 3000 manat və 1500 manat. Bu isə fəhlənin aylıq qazancından bir neçə dəfə böyük məbləğ edirdi. Ona görə də fəhlə öz ailəsini ancaq yavan çörəklə təmin etmək üçün yarıac dolanmağa məcbur və məhkum idi.
    Müsavat rejimi zamanı Azərbaycanda 1 kq yağın qiyməti 140 manat, 1 kq qəndin qiyməti isə 110 manat təşkil edirdi. Başqa sözlə, Müsavat hökuməti zamanı Azərbaycan fəhləsinin aylıq qazancına cəmi 6 kq yağ və yaxud da sadəcə 8 kq qənd almaq olardı.
    Kapitalist neft fəhləsinə günə 30 manat muzd verirdi; bununsa 5 manatını mirzə kəsirdi, 3 manatını podratçı çıxırdı. Fəhləyə cəmi 20-22 manat pul çatırdı ki, bu pula da fəhlə ancaq 250 qr pendir və yaxud da bir dənə çörək (qarışıq çörəyin qiyməti 23 manat idi) ala bilərdi.
    Belə bir sosial fəlakət mənzərəsinin qarşısında fikirlərimi ifadə edə biləcək söz tapmaqda çətinlik çəkirəm. Əgər bir cəmiyyətdə fəhlənin gündəlik qazancına sadəcə 3 ədəd yumurta almaq olurdusa, burada artıq əhalinin yoxsulluğundan yox, aclıq və səfalətindən danışmaq lazımdır. Müsavat diktaturası zamanı Azərbaycanda əhali yoxsul yaşamırdı, acından ölürdü. Məhz 1918-1920-ci illərdə ölkə əhalisinin 400 min nəfər azalmasını bu amillərdə axtarmaq lazımdır. Bəy-xan rejimi bir tərəfdən əhalini gülləylə, dar ağacıyla qırırdı, digər tərəfdən isə aclıq kəndiriylə boğurdu.
    Müsavat rejimi zamanı qiymətlərin bahalaşması (hiperinflyasiya) elə böyük vüsət almışdı ki, maaşlar verilənə kimi pul artıq öz alıcılıq qabiliyyətini itirir, dəyərsiz kağız parçasına çevrilirdi, qiymətlər günbəgün, saatbasaat bahalaşırdı. Belə olan təqdirdə isə nəinki fəhlənin qazandığı qəpik-quruşla, heç nazir, baş nazir maaşıyla da dolanmaq mümkün deyildi. Görün vəziyyət necə dramatik hal almışdı ki, hətta Müsavat baş naziri Xan Xoyski varlı mülkədar olan atasına məktub yazaraq aldığı maaşla dolana bilmədiyi üçün ona əlavə pul göndərməsini xahiş edirdi. «Yüksək» maaş alan baş nazir özünü aldığı maaşla dolandıra bilmirdisə, onda siz hər gün 12-14 saat işlədilən, heyvan kimi kötəklənən, diri-diri neft quyularına atılıb öldürülən, min bir zillətlə qazandığı günəmuzduna ancaq bir neçə dənə çovdar çörəyindən başqa heç bir şey ala bilməyən, daim aclıqdan ölmə təhlükəsiylə boğuşan Azərbaycan fəhləsinin vəziyyətini təsəvvür edin. Axı onlar Xan Xoyski kimi varlı bəy oğlu deyildilər, axı onlar Müsavat nazirləri kimi çamadan-çamadan rüşvət almırdalar. Həmən nazirlər, deputatlar ki, hamısı varlı əsilzadələrin, bəy-xanların övladları idilər, onların əynindəki paltardan cibindəki pula qədər hamısı rüşvət, haqsız qazanc və kirli işlərin müqabilində aldıqları bəxşiş idi.
    Bakı şəhərinin 80%-ni əhatə edən kasıb məhəllələrində aclıq, səfalət hökm sürürdü. Küçələrdə, darvaza kandarlarında aclıqdan ölmüş insanların cəsədləri vardı. Bez baha olduğundan aclıqdan, xəstəlikdən tələf olan əhalini elə əyinlərindəki cır-cındır paltarlarıyla dəfn edirdilər, əslində isə xəndəyə atıb üstlərini torpaqlayırdılar.
    26 apreldə silahlı üsyan qaldıran Azərbaycan xalqı məhz belə bir səfalət və represiya maşınını devirməyə müvəffəq oldu. Bu gün Aprel silahlı üsyanına müxtəlif bəhanələrlə böhtan atanlar bu hadisənin səbəbini Azərbaycan sərhədlərindən kənarda axtarmaqdansa, yaxşı olar ki, o vaxtkı Azərbaycanın daxilindəki sosial qütbləşməyə nəzər salsınlar. Onda onlar görəcəklər ki, ifrat varlı və ifrat yoxsul cəbhələrinə parçalanmış Azərbaycanın kommunist inqilabından başqa xilas yolu yox idi.
    Bir tərəfdə acından qan qusan sadə xalq kütlələri, digər tərəfdə isə başgicəlləndirəcək sərvətə sahib neft milyonçuları, varlı tacirlər, sərmayədarlar sinfi.
    Neft milyonçularının xanımları, məşuqələri ləl-cəvahirat içərisində üzdüyü halda, bütün bu sərvətin gerçək yaradıcısı olan zəhmət adamları aclıq və səfalətin içində boğulurdular.
    Tağıyevin qızı Sara xanımın dediyinə görə onların mülkündə keçirilən ziyafət zamanı neft milyonçusu Səlimxanovun arvadı o qədər bahalı ləl-cəvahirat taxmışdı ki, bu mənzərədən təəccübünü gizlədə bilməyən amerikalı biznesmen Tomas (Rokfellerin Bakıdakı nümayəndəsi) «gözümlə görməsəydim, belə təm-təraqlı bəzəyi ağlıma gətirə bilməzdim» deyir.
    Bu məsələdə dəhşətli və faciəli olan odur ki, bütün bu sərvət, brilyant nümayişi elə bir ölkədə, elə bir şəhərdə baş verirdi ki, həmən məmləkətdə hər il minlərlə, on minlərlə insan gündə 12-14 saat işlədiyi halda belə çörək tapa bilməyib acından ölürdü.
    Neft milyonçuları öz məşuqələrini təpədən-dırnağa kimi brilyanta, daş-qaşa bürüdükləri halda, onlara bu sərvəti yaradan mədəndəki fəhlələri aclıq və xəstəlik içində qıvrıla-qıvrıla ölürdülər. Fəhlə öz hüququnu tələb edəndə isə ya qoçu gülləsinə tuş gəlirdi, ya da diri-diri neft quyusuna atılıb öldürülürdü. Vəziyyət o qədər ümidsiz hal almışdı ki, hər şeydən əli üzülən fəhlələr od vurub özlərini yandırırdılar. Hər gün bir neçə fəhlə ya kapitalistlər tərəfindən öldürülürdü, ya da ki özünü yandıraraq intihar edirdi.
    Bəli, milyonçuları brilyanta, qızıla, ləl-cəvahirata bürünən bir məmləkətdə acından ölənləri bükəcək kəfən tapılmırdı, xalq arasında inqilabi həyəcan güclənir, müsavatçı polis rejiminin təzyiq, terror və represiya siyasətinə baxmayaraq bütün hadisələr bir işıqlı sabaha, ümidsizlərə ümid olacaq 27 aprel səhərinə doğru cərəyan edirdi.
    Orduda vəziyyət
    Heç mübaliğəsiz demək olar ki, ordu 1918-1920-ci illər Azərbaycanın güzgüsüydü. Cəmiyyətdəki bütün eybəcərliklər, antoqonizmlər, problemlər orduda özünü daha qabarıq büruzə verirdi. Başqa sözlə, ordu Azərbaycan cəmiyyətindəki problemlərdən hali deyildi və cəmiyyətin, siyasi sistemin bir üzvü kimi onun bütün xəstəliklərini, nöqsanlarını, problemlərini ən kəskin bir şəkildə özündə əks etdirirdi.
    Müsavat tiraniyasının yeritdiyi sosial irqçilik siyasəti, hansıki bəy-xan, milyonçular zümrəsinin qeyri-məhdud hakimiyyətinə, yoxsul xalq üzərində ağalığına əsaslanırdı, eynən ən iyrənc formada ordu quruculuğunda da özünü göstərirdi.
    Ölkənin səfasını bəy və xanların, cəfasını və zillətini isə geniş xalq kütləsinin taleyinə çevirmiş polis rejimi nazir, parlaman kürslərini bəy-xan övladlarının, orduda acından ölməyi isə kasıb zümrənin nəisbi etmişdi.
    Müsavat ordusunda nə bir bəy, nə bir xan övladı, nə də varlı təbəqədən heç bir nəfər də olsun xidmət etmirdi, orduya ancaq yoxsul təbəqənin nümayəndələri çağrılırdı. Bəy-xan övladları ya rüşvətlə, ya da tapşırıqla orduda xidmətdən yayınır, onların əvəzinə isə hətta bir çətən külfətin yeganə çörək qazananını hərbi xidmətə cəlb edirdilər. Hərbi nazir Səməd bəy Mehmandarov parlamentdəki çıxışlarının birində bu halı böyük ürək ağrısıyla etiraf edirdi: «Qoşun yığmaq işləri yaxşı getmir. Rəislər və komandanlar öz vəzifələrindən sui-istifadə edirlər, bir çox külfətin yeganə çörək gətirənini əsgərə alırlar. Bu vaxtadək əsgər alınmalı olanların siyahısı tərtib edilmişdir. Hər yerdə kasıblar əsgər alınırlar, heç yerdə qoşun içində bir dövlətli ya bəy, ya xan oğlu görmədim». («Azərbaycan» qəzeti, №131, 7 mart 1919).
    1918-ci ildə Şubanı mədənində belə bir hadisə baş verir: Xudabaş adlı bir nəfər dövlətli onun mədənində çalışan fəhlələrdən birini diri-diri quyuya atıb öldürür. Təbiiki buna görə ona heç gözün üstə qaşın var deyən də olmur. Beş-on manata işi xətm edir. Əvəzində isə mərhumun yeganə oğlunu (hansıki külfət ancaq onun ümidinə qalmışdı) hökumət dövlətli uşaqlarının yerinə hərbi xidmətə göndərir. Belə faktlar isə bir yox, on yox bəlkədə yüzlərlə, minlərlə idi. Başqa sözlə, Müsavat bəy-xan rejimi üçün xarakterik hal idi.
    Bir tərəfdən ordu toplanışındakı sosial ədalətsizlik, digər tərəfdən isə əsgərlərin komandirlər tərəfindən vəhşicəsinə döyülməsi halları, ordudakı aclıq və səfalət, dözülməz şərait kütləvi surətdə fərarilik hallarıyla müşayət olunurdu. Mehmandarovun fərariliyə qarşı mübarizənin gücləndirilməsiylə bağlı dövrün daxili işlər nazirinə ünvanladığı məktub fərariliyin gerçək səbəblərini ortaya qoyurdu. Məktubun qısa məğzi ondan ibarətdir ki, orduya ancaq yoxsulların cəlb edilməsi, bəy-xan uşaqlarının əvəzinə kasıb zümrənin nümayəndələrinin orduya çağrılması, rəislərin əsgərləri kütləvi surətdə kötəkləyib təhqir etməsi, qidasızlıq və təminatsızlıq fərariliyin başlıca səbəbləridir.
    Korpus komandiri Səlimov hələ 1918-ci ilin payızında yazırdı ki, «ordu kağız üzərindədir. Adı var, özü yox. Atlar acınacaqlı haldadır… əsgərlər cır-cındır içində, hamısı ayaqyalın, nə corab, nə çarıq… Kəndə göz dikib qaçırlar».
    Səlimovun hökumətə ünvanladığı bu məxfi məlumatdan bir il sonra da heç nə dəyişmədi. Yenə aclıq, yenə təminatsızlıq, yenə kütləvi fərarilik halları və yenə də aclıq və xəstəlikdən kütləvi surətdə əsgərlərin tələfi.
    Bir il sonra 1919-cu ilin sonunda hərbi nazir Mehmandarov bir neçə hərbi hissəni gəzib təftiş etdikdən sonra yazırdı: «Hər yerdə bir-birindən pis, eyni acınacaqlı mənzərəyə rast gəlirdim. Adamların görkəmi miskin, qida olduqca pis; yoxlayanda qabdakı qaynar suda tək-tək kələm yapağı üzürdü… Binalar rütubətli, nə çarpayı, nə taxt və nə də yorğan-döşək vardı. Əsgərlər yaş yarpaq üstündə üstüaçıq yatırdılar; pəncərələrin çoxunda şüşə yox idi. Atlar bir dəri, bir sümük, atdan çox əcaib bir heyvana oxşayırdılar, yarıdan çoxunu qoturluq basmışdı.
    Təəccüblü bir şey yoxdur. Maadamki adamlar ac-yalavac, ayaqyalın-başıaçıq, özləri də nahaq yerə tez-tez kötəklənirdilər, ata kim baxacaq… belə vəziyyətdə hərbi xidmətdən nifrətdən başqa heç nə gözləmək olmaz».
    Bəlkədə bir çoxları bu faktları oxuyub düşünəcək ki, Azərbaycan hökuməti yeni-yeni təşəkkül tapırdı, büdcədə pul yox idi. Ancaq belələri unudurlar ki, əsgərləri aclıq və xəstəlikdən kütləvi surətdə tələf olan bu ordunun hökumət başçısı Nəsib bəy Bakıdan qaçarkən bir çamadan–90 milyon qızıl pulla vağzalda qızıl qvardiyaçılar tərəfindən yaxalanmışdı. Əsgəri acından ölən bu məmləkətin milyonçuları əcnəbi məşuqələrini kiloqramlarla ləl-cəvahiratla, qızıl-brilyantla bəzəyərək bir-biriylə sərvət və şöhrət yarışına girirdilər. Doğrudanmı bu qədər milyonçusu, bəy-xanı olan ölkədə əsgərin acından tələf olması təbii hal idi.
    Necə olurdu ki, Azərbaycanı talayıb qarət edən ingilis əsgəri öz atına Bakıda kişmiş-şokalad yedirirdi, amma Müsavat hökuməti öz ölkəsində öz əsgərini yavan çörəklə, çarıqla təmin edə bilmirdi.
    Axı nə üçün milyonçular xarici ölkələrdən özləri üçün gətirdikləri əcnəbi məşuqələrini ləl-cəvahirata tutur, yağ-bal içində bəsləyirdilər, amma öz xalqının ordusuna qayğı göstərmirdilər.
    Çünki onların nə övladları, nə də yaxınlarından heç bir nəfər də bu orduda xidmət etmirdi, əks halda ən azından övladlarının xatirinə orduya qayğı göstərərdilər.
    Günahkar kimdir, məsuliyyət kimindir? Təbiiki hökumətin. O hökumətin ki, zənginlərin sərvət və mülkiyyətinin keşikçisiydi.
    Bəylərin, xanların, mülkədarların ambarları taxılla dolub daşdığı halda, minlərlə, on minlərlə insan aclıqdan ölürdü.
    Orduda tez-tez kütləvi ölüm faktları qeydə alınırdı: səbəbi isə aclıq, təminatsızlıq, xəstəlik.
    Elə hallar olurdu ki, bir dəfəyə 40-50 əsgər əyinlərindəki cır-cındır paltarlarıyla birlikdə xəndəyə atılaraq üstləri torpaqlanırdı. Onları bükəcək kəfən belə tapılmırdı.
    «Azərbaycan füqərası» qəzeti bu barədə yazırdı: «…əsgərlər ac-yalavac, soyuqda və şaxtada güzəran keçirirlər.
    50 nəfər ölü əsgəri qəbristanda elə əsgər paltarında basdırmaq istəyirdilər. Bundan həyəcana gələn camaat qəbristana getdi və komandiri təlb etdilər… Səbəb məlumdur; şaxta, natəmizlik, xəstəlik, paltarsızlıq. Komandirlər əcnəbi, ərzaq pis və köhnə.
    …Əsgərlərə ağ çörək və yaxşı ərzaq vermək lazımdır. Bayıldada çoxlu əsgər ölür».
    Bəli, bu həmən Bayıldır ki, Müsavat parlamanının az qala lap qulağının dibindəydi. Parlamanda əyləşən milyonçular «vətən», «istiqlal», «demokratiya» haqqında laqqırtı vuranda, onların gözləriylə görə biləcəkləri uzaqlıqda, Bayıl hərbi hissələrində aclıq və xəstəlikdən əsgərlər kütləvi surətdə tələf olurdular. Hələ bu mərkəzi hərbi hissədə baş verənlər idi. İndi görün bölgələrdə hansı dəhşətli vəziyyət hökm sürürdü.
    Kürsülərdən «istiqlal təranələri» oxuyan qarnıtox bəylər görən heç bircə anlığa da olsa özlərinə sual verib düşünürdülərmi ki, onların Osmanlı və ingilis çəkmələri altında əzilib tanınmaz hala düşmüş psevdo (yalançı) istiqlal bəyannamələri aclıq və xəstəlikdən tələf olan xalq və onun əsgəri üçün konkret olaraq nə ifadə edir.
    Aclıq və xəstəlikdən hər gün ölüm faktları qeydə alınan Müsavat ordusu artıq orduluqdan çıxmış, ölüm düşərgəsinə çevrilmişdi. Ölkənin dörd bir yanından qovularaq yoxsul əhali orduya gətirilir, burada isə kötəklənir, təhqir olunur, aclıq və xəstəlikdən tələf olurdular. Müsavat diktaturası üçün ordu sanki unudulmuş, kimsəsiz, ögey uşağı xatırladırdı. Mollaların, nazirlərin maaşları kəskin surətdə artırıldığı halda ordu mənsublarının maaşı heç kimin yadına belə düşmürdü. Hökumət ordu dedikdə ancaq silah-sursat və texnika başa düşürdü. Canlı qüvvə barədə isə heç düşünmək də istəmirdi. Çünki yaxşı bilirdilər ki, yoxsul heç nəyi olmasada uşaq sarıdan boldur. Bu baxımdan hökumət bilirdi ki, ordu əzələ və qan baxımdan heç vaxt korluq çəkməyəcək.
    Azərbaycan əsgərləri öncə Osmanlı zabitlərinin zopa və təhqirlərinə tuş gəldilər; onlar ordunun təminatına və qayğısına heç qalmaq da istəmirdilər. Hərbi nazir Mehmandarov sonralar, türklər Azərbaycanı tərk edəndən sonra öz yazılarında bu faktları dəfələrlə vurğulamış, Osmanlı zabitlərinin ordu quruculuğundakı kobud səhvlərini cəsarətlə ifşa etmişdir. Amma orduda əcnəbilərin ağalığı türklər gedəndən sonra da hökm sürdü. Bu dəfə də qızıl ordunun zərbələrindən qaçıb pərən-pərən düşmüş denikinçi zabitlər hərbi hissələrə soxulmağa başladılar. Onlar orduda yüksək general vəzifələrinə qədər bir çox aparıcı vəzifələrdə özlərinə yer etməyi bacarmışdılar. Kiçik zabit heyətinin arasında da yetəri qədər denikinçi var idi. Onlar azərbaycanlı əsgərlərin dilini bilmir, yeri gəldi-gəlmədi əsgərləri vəhşicəsinə döyür, təhqir edirdilər. Denikinçi zabitlərin Azərbaycan ordusundakı «fəaliyyətləri» təbiiki əsgərləri kötəkləməklə yekunlaşmırdı, onlar casusluq edir, Azərbaycan ordusunun sirlərini həm ingilislərə, həm də denikinçi qərargaha çatdırırdılar.
    Bu barədə Əliağa Şıxlınski yazırdı: «1920-ci ildə denikinçilər Azərbaycandan qaçanda (qızıl ordunun gəlişi səbəbiylə-red.) gəmidən dənizə böyük bir qutu atırlar. Əsgərlər bu qutunu çıxarıb nazirliyə gətirirlər. Qutu ağzına qədər casusluq materialları ilə dolu idi. Orduya aid xırda təfərrüata qədər məlumat vardı. Əsgəri hissələrin yerini dəyişməsi, zabitlərin siyahısı, ünvanları, ordu və hissələr üzrə bütün əmrlərin surəti; siyahıda elə adamlar vardı ki, həm ingilis, həm Denikin casusu, həm də cinayət polisi idarəsində görkəmli vəzifə sahibi idi».
    Təbiiki Müsavat hökuməti orduda əcnəbi ağalığına qarşı heç bir təsirli tədbir görə bilmirdi, ona görə yox ki, hökumətin buna imkanı çatmırdı, sadəcə olaraq hökumətin buna təəccüblü də olsa səlahiyyəti çatmırdı. Beləki Azərbaycan ingilislərin işğalı altında olduğundan və Müsavat hökuməti də işğal güclərinin vassalı kimi fəaliyyət göstərdiyindən yerli hökumətin casus kimi həbs etdiyi denikinçiləri ingilis komandanlığı sorğusuz-sualsız açıb sərbəst buraxırdı. Başqa sözlə, Müsavat hökuməti öz ordusunu və əsgərini əcnəbi ağalardan qorumaqda aciz idi.
    Belə bir vəziyyətdə odu daxilində inqilabi əhval-ruhiyyə güclənməyə başladı. Tam mübaliğəsiz deyə bilərik ki, tamamı yoxsul əhalidən təşkil olunmuş ordu artıq ancaq zay məhsulla yox, həm də təzə, təptəzə kommunist ideologiyasıyla qidalanırdı.
    Aclıq, xəstəlik, dözülməz şəraitdən, kötəklənməkdən cana doymuş yoxsul balaları qurtuluşun yeganə yolunu bəy-xan rejiminə qarşı silahlı üsyanda görürdülər. Orduda çoxlu sayda kommunist əsgərlər arasında iş aparırdı. Artıq bir il sonra minlərlə əsgərin əsgər kiteli altında mətin inqilabçı qəlbi döyünürdü. Orduda kommunist əhval-ruhiyyəsinin güclənməsindən qorxuya düşən komandanlıq ən sərt tədbirlərə əl atsa da, hərbi hissələri polis xəfiyyələrinin nəzarətinə götürsə də heç bir şey dəyişmədi. Çünki dəyişməyən həm də yoxsulluq, təminatsızlıq, əsgərlərə qarşı heyvani münasibət idi, hansıki inqilabi ideyaların əsgərlər arasında yayılması üçün münbit şərait yaradırdı.
    Müsavat müstəmləkə-polis rejiminə qarşı vuruşmaq üçün əsgərlər kütləvi surətdə ordudan qaçıb komunistlərin yaratdıqları qırmızı partizan dəstələrinə qoşulurdular. Gəncə quberniyasındakı təkcə bir hərbi həssədən 150 nəfərdən çox əsgər qaçaraq Qatır Məmmədin qırmazı partizan dəstəsinə qatılmışdı.
    Lənkəran qəzasının Vərgədüz kənd sakini Səməd Quliyevin rəhbərlik etdiyi qırmızı partizan dəstəsi tamamilə Müsavat ordusundan qaçmış kəndlilərdən ibarət idi.
    Qazax qəzası, Gəncə quberniyası, Goran mahalı, Lənkəran qəzasının bir çox kəndləri Müsavat ordusuna əsgər verməkdən tamamilə imtina etmiş və bəy-xan rejiminə bir nəfər də olsun hərbi mükəlləfiyyətçi vermirdilər. Bu geniş xalq kütləsində və orduda mövcud mülkkədar-xan diktaturasına qarşı bəslənən nifrətin göstəricisi idi. Xalq Müsavat rejiminin yeritdiyi siyasətə qarşı kəskin reaksiyasını bu formada ortaya qoyurdu.
    Əsgərlər arasında güclənən inqilabi əhval-ruhiyyə ancaq Azərbaycan ordusuyla yekunlaşmırdı, Bakıda saxlanılan 11 min nəfərlik ingilis ordusunda da kommunist əhval-ruhiyyəsi getdikcə güclənirdi. Əsgərlər arasında kommunist ədəbiyyatı geniş yayılır, fasiləsiz surətdə inqilabi iş aparılırdı. İngilis ordusu artıq kommunistlərə qarşı vuruşmaqdan kütləvi şəkildə imtina edir, komandanlığa tabe olmurdular. Bakıdakı ingilis əsgərlərindən bir çoxu hətta komandanlığın çölə çıxmağı belə yasaq etdiyi bir vaxtda gizlicə şəhərə çıxır, kommunistlərin təşkil etdiyi mitinqlərə, o cümlədən 1 may nümayişinə də qatılırdılar. Bəzi əsgərlər ingilis komandanlığı tərəfindən sərt cəzalandırılıb güllələnsə belə işğal gücləri arasında kommunist təbliğatını önləmək mümkün olmadı. İngilis komandanlığı ordunun «bolşevizmə» yoluxduğunu görüb çarəni əsgərlərinin böyük bir hissəsini Azərbaycandan çıxarıb qaçırmaqda gördü. Müsavat hökumətinin xahişinə baxmayaraq ingilislər qoşunlarını inqilab şəhəri Bakıdan çıxartdılar.
    İndi fikir verin, əgər atı belə kişmiş-şokaladla bəslənən ingilis əsgərləri kommunistlərə rəğbət bəsləyirdilərsə, görün ki, aclıq və xəstəlikdən tələf olan, komandirlərin heyvani münasibətindən cana doymuş Azərbaycan ordusunda vəziyyət nə yerdəydi.
    Ordu silahlı üsyana hazırlaşırdı!
    «Aprel» silahlı üsyanının siyasi səbəbləri
    Bir az əvvəl faktlar əsasında 1918-1920-ci illər Azərbaycanın sosial iqtisadi həyatının təhlili bir daha göstərdi ki, Aprel silahlı üsyanı ərəfəsində cəmiyyət dərin sosial-iqtisadi böhran keçirirdi. Kənddə torpaqlar bir ovuc mülkədar tərəfindən qəsb olunmuş, kəndlilərin çox böyük əksəriyyəti tamamilə torpaq payından məhrum edilmiş və faktiki olaraq ömürlük muzdurluğa və aclığa məhkum edilmiş, şəhərdə aclıq, işsizlik səfalət, orduda təminatsızlıq, rüşvət, vəhşi işgəncə halları, kütləvi insan tələfatı faktları bir daha sübut edir ki, aprel üsyanı ərəfəsində ölkədə proseslər aşağıların dərin böhranıyla müşayət olunurdu. Fəhlə, kəndli, ziyalı, əsgər, kiçik zabit heyəti, qulluqçular artıq bu acınacaqlı şəraitdə yaşamaq istəmirdi. Bu, kəndli hərəkatının kütləviləşməsində, qırmızı partizan hərəkatının geniş vüsət almasında, əhalinin kütləvi şəkildə hökumətə əsgər və vergi germəkdən imtina etməsində, şəhərlərdə keçirilən 40-50 minlik izdihamlı tətillərlə özünü qabarıq şəkildə büruzə verirdi.
    Sosial-iqtisadi probllemlər aprel üsyanının başlıca səbəbi idi, amma yeganə səbəb deyildi. Üsyan ərəfəsində bir-birinin ardınca baş verən hökumət böhranları, bəy-xan rejiminin faktiki olaraq bölgələrdə hakimiyyəti itirməsi yuxarıların böhranından xəbər verirdi. Artıq yuxarılar aşağıları idarə edə bilmir, ölkədə cərəyan edən proseslərə nəzarəti itirirdilər. Bu silahlı üsyan üçün tələb olunan üç başlıca şərtdən birindən–yuxarıların siyasi böhranından xəbər verirdi. Müsavat tiraniyası sosial dayaqdan məhrum və ancaq xarici imperialistlərin, quldur dəstələrinin və silahın gücünə ayaqda duran qeyri-legitim hakimiyyət təsiri bağışlayırdı.
    Cəmi 23 ay mövcud olduğu iddia edilən Müsavat hökumətinin Lənkəran qəzasında ağalığı cəmi 8 ay, Bakıda 19 ay, Qazax-Gəncə qəzasında, Goran mahalında isə simvolik və formal xarakter daşımaqla cəmi bir neçə ay sürmüşdü. Başqa sözlə, 23 ay Müsavat diktaturasının ancaq kağız üzərindəki mövcudluq müddətidir. Real hakimiyyət isə qəzalara görə bir neçə aydan 10-15 aya qədər davam etmişdir. Hətta qəzalarda elə bölgələr var idi ki, onlar heç vaxt Müsavat ağalığını qəbul etməmişdilər. Bu da olduqca təbii idi, çünki hökumət kabinetinin hamısının bəy-xan övladlarından ibarət olması, parlamanın isə 85%-nin mülkədar və iri sərmayədarlardan 5%-nin isə mürtəce ruhanilərdən ibarət olması inandırıcı şəkildə sübut edirdi ki, Müsavat rejimi aclıqdan tələf olan, bəy-xan zülmü altında inləyən yoxsul, məzlum xalqın ruhuna yaddır və sadə xalq kütlələrinin iradəsinin təcəssümü deyildir.
    Biz unutmamalıyıq ki, 1917-1920-ci illər Azərbaycan tarixində vətəndaş müharibəsi dövrü olmuşdur. Bu tarixdə Azərbaycan cəmiyyəti yoxsul-varlı, kəndli-mülkədar, muzdur-bəy xan, fəhlə-kapitalist cəbhələrinə bölünmüş və bir-birinə qarşı silahlı mübarizə aparmışdılar. Kommunistlərin rəhbərliyi altında alovlanan kəndli üsyanları, fəhlə çıxışları mülkədar və kapitalistlərin zülmünə qarşı yönəldiyindən (hansıki bu mübarizə iri mülkədarların, bəy və xanların mülkiyyətinin üsyançı xalq tərəfindən ələ keçirilməsiylə müşayət olunurdu) öz mülklərini qorumaq təlaşına düşən dövlətlilər xalq hərəkatına divan tutacaq, onların sərvətinin keşiyində duracaq yeni cəbr alətinin, hakimiyyətinin axtarışına başladılar. Məlumdur ki, 1917-ci ilə kimi bu funksiyanı çar istibdadı həyata keçirirdi, amma Rusiyada ard-arda baş verən inqilablar, monarxiyanın devrilməsiylə nəticələndiyindən bəy-xan qaraguruhu xalq hərəkatını əzəcək «dəyənəkdən» məhrum oldu. Deməli yeni bir cəbr alətinə ehtiyac duyulurdu. Məhz Müsavat hökuməti çar istibdadını əvəz edəcək cəbr aləti kimi tarix meydanına qədəm qoydu.
    Azərbaycanın dörd bir yanında kəndli və mülkədarlar arasında qızğın silahlı mübarizə getdiyi bir dövrdə Müsavat diktaturası bəy-xan qaraguruhunun iqtisadi maraqlarının siyasi müdafiəçisi qismində meydana çıxdı və əzilən çoxluğun yox, bir ovuc iri mülkədarın, bəy-xan xuntasının vuran qolu oldu. Başqa sözlə, bir ovuc mülkiyyətçi sinfin tərəfini tutmaqla öz xalqına qarşı cəbhə açdı. Bu səbəbdən də Müsavat rejimi yaradıldığı gündən etibarən antixalq mahiyyəti kəsb etmiş və heç bir zaman legitim (xalqın dəstəyinə arxalanan) hakimiyyət olmamışdır.
    Menşeviklərin «Əgər müsəlman kəndlisi müsavatçıların dalınca getmirsə bəs necə olmuşdur ki, onlar beş yüz min səs almışdılar» sualına Məşədi Əzizbəyov 1918-ci il 29 mayda Bakı qəzası kəndli deputatlarının I qurultayında belə cavab vermişdir: «kəndlilər deyir ki, müsavatçılara səs verməmişdilər, bir kənddə varlılar yeşiyə 800 konvert salmışdılar».
    Bəli, kəndlərdə, qəzalarda bəy və xanlar bütün kəndlilərin əvəzinə səs verər, əhalinin adından qutulara yüzlərlə, minlərlə konvert salırdılar və bununla da belə bir yanlış rəy formalaşdırmağa çalışırdılar ki, Azərbaycan kəndlisi guya Müsavatı dəstəkləyir. Təbiiki bu uydurulmuş rəqəmlər reallıqla toqquşan andaca saxta sabun köpüyü kimi partlayıb yox oldular. Çünki reallıq tamam başqa mətləblərdən xəbər verirdi; beləki müsavatçı bəylər 1919-cu ildə ingilis generalı Tomsona məktublarında yazırdılar: «Gəncə və Qazax qəzalarında kəndli hərəkatı güclənmişdir… Kəndli hərəkatı başçıları hər iki qəzada hökmranlıq edirlər… Vəziyyət çox ciddidir, yerli hakimiyyət orqanları üsyançı kəndlilərə qarşı mübarizədə acizdirlər. Yubanmadan Müsavat ordusunu müttəfiq dövlətlərin qoşun hissələriylə əvəz etmək lazımdır». (Azərb. SSR, OİMDA, fond 19, c.4, iş13, vər.1-2).
    Bu fakt bir daha sübut edir ki, 1919-cu ildə qəzalarda Müsavat polis rejimi faktiki olaraq hakimiyyəti itirmişdi, bölgələr üsyançı qüvvələrin əlindəydi. Müsavatçı qubernator və pristavların bölgələrdəki hakimiyyəti oturduqları binaların kandarından uzağa getmirdi. Belə olan təqdirdə isə Müsavat hakimiyyətinin legitimliyindən danışmağa dəyməzdi. Rejimin bölgələrdə heç bir sosial dayağı, elektoratı yox idi, onlar yeganə dəstəyi yerlərdəki bəy və xanlardan, onların silahlı bandalarından alırdılar.
    Gəncə qəzasının ərazisində, xüsusilə də Goranboy Əhmədli, Qızılhacılı, Borsunlu, Kəpənəkçi, Qaraçinar, Molla Vələdli, Zeyvə və s. kimi yaşayış məntəqələrində əhali Müsavat məmurlarını qovur, kəndlərə buraxmır, hökumətə vergi və əsgər verməkdən qəti şəkildə imtina edirdilər. Bənzər mənzərə Qazax qəzasında da yaşanmaqdaydı. «Nabat» qəzeti 1919-cu il 13 iyun nömrəsində yazırdı: «Bütün Qazax qəzasında kəndlilər torpağı öz əllərinə almış və öz aralarında bölüşdürmüşlər… Qazax qəzası qaniçənlərə–xanlara, bəylərə xidmət üçün bir nəfər də olsun əsgər və heç bir vergi vermir. Buradakı kəndli komitələri kəndli sovetləri vəzifəsini daşıyır. Bəylər hökuməti yalnız sözdə qalmışdı».
    Bənzər vəziyyət digər qəzalarda, o cümlədən Lənkəran qəzasında da hökm sürürdü. Lənkəran qəzasında Sovet hakimiyyəti qurulmuş, torpaqlar kəndlilərə paylanmış, denikinçi diktatura (1918-ci ilin avqustundan 1919-cu ilin mayına qədər Lənkəran qəzasını işğal altında saxlamışdı) və Müsavat müstəmləkə polis rejimi qanundunkənar elan edilmişdi.
    Hətta Lənkəran qəzasında Sovet hakimiyyəti devrildikdən sonra Müsavat diktaturası bölgədə hakimiyyətini bərqərar edə bilmədi. Beləki 1920-ci il martın 1-də Talışxanovlar Müsavat hökumətinə ünvanladıqları məktubda yazırdılar: «…kəndlilər bizim torpağımızı alır, meşələrimizi qırırlar, yerli hakimiyyət orqanları isə onlara qarşı mübarizədə acizdirlər».
    Bəli, bu bir kəndin, bir neçə silahlı dəstənin yox, bütövlükdə bir xalqın, kəndlisiylə, fəhləsiylə hər kəsin müstəmləkə-polis rejiminə qarşı silahlı mübarizəsiydi, elə bir rejimə qarşı ki, onun layihəsi Tiflisdə Antanta agenturasının qərargahında, İstanbulun sultan sarayında cızılmış və xarici imperiyaların süngüsünün gücüylə yerli əhaliyə qəbul etdirilməyə çalışılırdı. Mayasını xalq sevgisindən yox, gizli saray sövdələşmələrindən alan bu layihə əlbətdəki xalq nifrətinə məhkum idi. Ay-ulduzlu pərdənin altında Azərbaycanda ingilis siyasətini həyata keçirən, mövcud oluğu 23 ay ərzində ingilis generalı Devinin «Torpaqlar öz keçmiş sahiblərinə qayıtmalıdır. Buna qarşı çıxanlar edam ediləcək. Müqavimət göstərən kəndlər və məhəllələr qanun xaricində elan ediləcək, atəşə tutulacaq və qılıncdan keçiriləcəklər» əmrini nöqtəsinə, vergülünə qədər icra etmiş bir rejimə sadə xalqın bəslədiyi kin, küdurət tamamilə təbii idi və belə bir rejim əlbətki heç vaxt xalq dəstəyinə sahib ola bilməzdi və olmadıda.
    Fikir verin, Azərbaycan qəzaları od tutub yanır; hər yerdə kəndlli qiyamları alovlandığı halda Müsavat rejimi kəndlilərə nədəsə güzəştə getmək, hansısa humanitar addımlar atmaq əvəzinə odun üzərinə sanki yağ tökür, əksinə, kəndliləri daha da hiddətləndirəcək qərarlar qəbul edirdilər. Məhz Müsavat rejiminin 1919-cu il 22 iyun qanunu bu tip düşünülməmiş addımlardan biriydi, hansıki Müsavat baş nazirinin üsyançı kəndlilər tərəfindən girov götürülməsiylə nəticələnmişdi. Bu qanuna görə üsyançı kəndlilərin ələ keçirdiyi bütün torpaqlar müsadirə olunaraq bəylərə qaytarılmalıydı. Halbuki bu torpaqların bir qismi kəndlilərin istifadəsində saxlana bilərdi. Axı necə olurdu ki, mülkədar Zülqədərovun 34 min 287 heketar torpağı ola bilərdi, amma Gəncə kəndlisinin öz ailəsini dolandırmaq üçün bir ovuc da torpağı olmamalıydı. Məgər mülkədar latufintislərin (iri torpaq sahiblərinin) torpağının bir hissəsini kəndlilər arasında bölüşdürmək olmazdımı? Olardı, amma Müsavat bütün məsələlərə ancaq bəylərin, xanların mənafeyi prizmasından yanaşdığından və bütün hökumət kabineti, parlaman bəylərdən təşkil olunduğundan bunların heç biri baş vermədi və nəticədə hökumət ölkənin 78% əhalisini təşkil edən kəndlidən dəstək yox, dəyənək gördü.
    Müsavat polis rejimi qəzalarda olduğu kimi mərkəzdə, Bakıda da xalqın etimadsızlığıyla üz-üzəydi. Burada ard-arda baş verən tətillər hökumətin sosial dayaqdan məhrum olmasının ən bariz göstəricisiydi. Beləki Bakıda 100 min fəhlə var idisə və əgər bunun da 50 mini tətil edirdisə, artıq bu o demək idi ki, ailələriylə birlikdə az qala bütün şəhər rejimə etimadsızlıq göstərirdi. Bunun fonunda isə ard-arda hökumət böhranları baş verir, şıdırğı kreslo davası gedirdi. Bəylər köynək dəyişərmiş kimi nazir, baş nazir, hökumət kabineti dəyişirdilər. Kürsü davası ittihadçılarla müsavatçılar arasında 1918-ci il mayın 26-dan–Milli Şuranın ilk iclasından başladı (ittihadçılar M.Ə.Rəsulzadənin sədrliyinə etiraz edirdilər) və bu Azərbaycanda Aprel silahlı üsyanı baş verənə qədər davam etdi.
    Nə qədər utancverici də olsa deməliyik ki, cəmi 23 ay mövcud olmuş Müsavat polis rejimi düz 5 dəfə hökumət böhranıyla üz-üzə qaldı və axırıncı hökumət böhranından sonra isə ümumiyyətlə yeni hökumət kabineti təşkil etmək mümkün olmadı. Yeni hökuməti təşkil etməklə vəzifələndirilən Hacınskinin etimadnaməni parlamana qaytararaq hökumət təşkil etməyin artıq mümkün olmadığını bəyan etməsi bəy-xan rejiminin siyasi cəhətdən iflasa uğraması demək idi və Müsavat hökuməti Aprel silahlı üsyanından bir neçə həftə əvvəl faktiki olaraq öz fəaliyyətini dayandırmışdı. Kommunistlər parlamandan hakimiyyəti tələb edəndə ölkədə artıq heç bir hökumət mövcud deyildi. O şəxslər, hansıki bu gün iddia edirlər ki, Müsavat hökumətini guya kommunistlər boğdu, onlar çox böyük səhv edirlər, əslində bəy-xan rejimi silahlı üsyandan əvvəl özü-özünü boğmuşdu. Kommunistlərə isə sadəcə olaraq bu «siyasi meyidi» dəfn etmək qaldı.
    Müsavat rejimi özü-özlüyündə elə dərin siyasi böhran keçirirdi ki, hətta hökumət üzvləri belə öz hakimiyyətlərinin gələcəyinə inanmırdılar. Nazirlərin özündə kommunistlərə rəğbət var idi. Məhz Müsavat hökumətində daxili işlər naziri postunu tutan Məhəmməd Hacınskinin Sovet əhval-ruhiyyəsini təbliğ etməkdə ittiham olunaraq sənaye və ticarət naziri vəzifəsinə dəyişdirilməsi bunun bariz sübutuydu.
    Müsavatçıların az qala qəhrəman səviyyəsinə qaldırdıqları Nuru və Ənvər paşa qardaşları belə qızıl orduya rəğbətlə yanaşır, XI ordunun Azərbaycana çağırılmasını tələb edirdilər.
    Ölkədəki siyasi böhranın dərinləşməsi elə həddə gəlib çatmışdı ki, hətta 1920-ci ilin əvvəllərində «Müsavat» və «İttihad» partiyaları sağ və sol qanadlara parçalanmışdılar. Sol Müsavatçılar və sol ittihadçılar kommunistlərə olan rəğbətini gizlətmir, Azərbaycanın sovetləşməsini təqdir edir, Sovet Rusiyasıyla diplomatik münasibətlərin qurulmasını tələb edirdilər və parlamanın son iclasında hakimiyyətin kommunistlərə verilməsini dəstəklədilər. Başqa sözlə, Azərbaycanda Sosialist Respublikanın qurulmasına Müsavatçılar özləri səs verdilər.
    İndi bəziləri iddia edirlər ki, Müsavat hakimiyyəti zamanı Azərbaycanda neçə aydansa bir baş vermiş hökumət böhranları guya demokratiyanın göstəricisiymiş. Əslində isə aksiomatik həqiqətdir ki, hökumət böhranları o ölkədə baş verir ki, orada hakimiyyətdə təmsil olunan qüvvələrdən heç biri xalqın geniş dəstəyinə malik olmur. Məhz Müsavat hakimiyyətinin legitim olmaması, xalq dəstəyinə arxalanmaması tez-tez hökumət böhranlarına səbəb olurdu. Başqa sözlə, hökumət böhranları Müsavat rejimiylə xalq arasında olan uçurumun göstəricisiydi. Bu böhranlar nə qədər tez-tez baş verirdisə, uçurum da bir o qədər böyüyürdü.
    Müsavat rejimi əgər doğrudanda demokratik hakimiyyət olsaydı belə bir vəziyyətdə edəcəyi yeganə şey seçkilərə getmək olmalı idi. Amma onlar bunu etmədilər. Çünki Müsavatçılar yaxşı bilirdilər ki, seçkilərə getdikləri təqdirdə üsyan etmiş Azərbaycan kəndlisindən və tez-tez kütləvi tətillərə gedən fəhlələrdən heç 1 səs də ala bilməyəcəklər. Ona görə də bu gün bizlərə «demokratik» respublika kimi sırınmağa çalışılan Müsavat rejimi mövcud olduğu 23 ay ərzində heç 1 dəfə də olsun seçki keçirmədi.
    Azərbaycan parlamanı da seçki əsasında yox, ingilis generalı Tomsonla sövdələşmə əsasında təşkil olunmuşdu. Bu səbəbdən də qubernatoru, pristavı belə xalq üsyanlarından başlarını götürüb Bakıya qaçan Müsavat xuntası parlamandakı əksəriyyət yerləri tutduğu halda, xalq üsyanlarına, bütün Bakını lərzəyə salacaq fəhlə tətillərinə rəhbərlik edən kommunistlər qanundan kənar elan edilərək parlamentə buraxılmamışdılar. Yalnız bir neçə müsəlman hümmətçi parlamanda təmsil olunmaq imkanı əldə etmişdi ki, onlarında təmsili simvolik xarakter daşıdığından qanunların qəbulunda heç bir təsirə malik deyildilər.
    Beləliklə Müsavat rejimi zamanı parlament seçilmədi, sadəcə təşkil olundu. Müsavatçılar Tomsonla razılaşdıraraq Milli Şuranın tərkibini genişləndirməklə onu «parlamentə» çevirdilər və təbiiki xalq tərəfindən seçilməyən bu «parlament» ölkədəki siyasi reallıqları heç vəchlə özündə əks etdirmirdi; bu səbəbdən də tez-tez hökumət böhranları yaşanmağa başlandı. Bu da təbii idi, çünki nə hökumət, nə də parlament xalq iradəsinə yox, ingilis və denikinçilərin verdikləri silaha, xan və bəylərin silahlı bandalarına arxalanırdı. Belə olan halda isə bir atalar sözü yada düşür: «Özgə atına minən tez düşər». Bəli, Müsavatçılar da mindikləri atdan çox tez düşdülər; cəmi 23 ay.
    Müsavat rejimi nəinki xalqın dəstəyindən məhrum idi, hələ üstəlik ən məşhur Müsavatçılar belə getdikcə rejimdən üz döndərir, kommunistlərə rəğbət bəsləyirdilər. «Müsavatın vicdanı» hesab olunan filosof-şair Məhəmməd Hadi belə Müsavat rejimindən üz döndərərək ona həsr etdiyi şerlərindən imtina etdi. Bu hadisə olduqca ibrətvericiydi. 1918-ci ilin əvvəlində Azərbaycana müsəlman alayının imamı kimi qayıtmış müsavatçı Məhəmməd Hadi var idi. Atın belində, çərkəzi paltarda, belində şəmşir, papağında nazik sarğısı olan «Müsavatın vicdanı» Hadi Əfəndi, cəmi bir il sonra 1919-cu ilin əvvəllərində isə artıq Müsavat rejimindən üz döndərmiş–cır-cındır içində, ayağında köhnə çəkməsiylə küçələrdə şerlərini satıb dolanan Məhəmməd Hadi vardı. Onun Müsavat rejiminə nifrəti o qədər böyük idi ki, hökumətdən maaş alıb yaşamaqdansa, küçədə şerlərini bir-iki şahıya satıb dolanmağı üstün tuturdu.
    1919-cu ilin əvvəli Müsavatçı baş nazir Xan Xoyski avtomobilini Hadinin yanında saxladaraq «Hadi Əfəndi, xahiş edirəm buyurun maşına, bərabər gedək. Siz bizə lazımsınız» dedikdə, Məhəmməd Hadi istezayla Xan Xoyskini süzərək «Gedin! Şairinki nazirlə tutmaz» deyib baş nazirin maşınına minməkdən imtina edir.
    Daha bir il keçəcək, Müsavat hökumətinin süqutunu həbsxanadan qurtuluşa bənzədən Məhəmməd Hadi Aprel inqilabını alqışlayaraq «inqilabi-kəbrdən sonra mən də hamı kimi xoşbəxt, azad dünyaya qədəm qoymuşam» deyəcəkdi.
    İndi siz bir rejim düşünün–kəndlilər silahını ona qarşı çevirib, bir rejim düşünün–fəhlələr tətillərlə ona etimadsızlıq göstərir, bir rejim düşünün–yeni hökumət təşkil etmək iqtidarında deyil, bir rejim düşünün ki, hətta ideoloqu, «vicdanı» belə ondan üz döndərib və bu rejim artıq milyonlarla insan üçün «siyasi meyid»dən başqa heç bir şey ifadə etmir.
    Müsavat rejiminin timsalında bu «yuxarıların» böhranı idi, Aprel inqilabına isə sadəcə günlər qalırdı.
    İşğalçıların zorakılıq və özbaşınalığı (1918-1920)
    Azərbaycanda Aprel silahlı üsyanının baş vermə səbəbləri arasında yadelli işğalçıların zülm və özbaşınalığına qarşı xalq narazılığının güclənməsi də böyük rol oynamışdır. Məsələ burasındadır ki, bu gün bizə istiqlal tarixi kimi təqdim və təlqin olunan dövr (1918-1920) əslində Azərbaycanın Osmanlı və ingilis imperiyaları tərəfindən, həmçinin denikiçi qaraguruh tərəfindən işğalı dövrü olmuşdur. 1918-1920-ci illərin Azərbaycan xalqı tarixində guya istiqlal dövrü olması 400 minə qədər məhv edilmiş–güllələnmiş, dar ağacından asılmış, aclıqdan tələf olmuş, itkin düşmüş, ölkəni tərk etmiş azərbaycanlının əzablarına gülməkdən başqa bir şey deyildir. 1918-20-ci illər son 110 illik Azərbaycan tarixində yeganə mərhələdir ki, nəinki əhalinin təbii artımı baş verməmişdir, hələ üstəlik ölkə əhalisinin cəmi iki ildə 400 min nəfərə qədər azalması kimi demoqrafik fəlakət qeydə alınmışdır. Xalqın genofonuna heç II dünya müharibəsi zamanı belə zərbə vurulmamışdı.
    Psevdo (yalançı) istiqlalçılıq və ya işğalın hegemoniyası
    Bu gün Azərbaycan ictimai fikrində belə bir elmi mövhumat, belə bir yanlış rəy hökm sürür ki, Azərbaycan tarixində istiqlal sanki müsavatçılıqla bağlıdır. Başqa sözlə, istiqlal deyəndə müsavatçılıq, müsavatçılıq deyəndə isə istiqlal başa düşülür. Əslində isə tarixi faktlar inkarolunmaz bir şəkildə sübut edir ki, müsavatçılar heç vaxt istiqlalçı olmayıblar. Onlar ən yaxşı halda Rusiya tərkibində milli-mədəni muxtariyyata ümüd edirdilər. Bunu Müsavat firqəsinin lideri Məhəmməd Əmin Rəsulzadənin 1917-ci il Rusiya fevral burjua inqilabı zamanı dediyi aşağıdakı sözlər də təsdiqləyir. O, deyirdi: «1917-ci il inqilabı məhkum siniflərə hürriyyət, məhkum millətlərə də muxtariyyat verəcəkdir».
    İstər 1917-ci ilin aprelində Bakıda keçirilən Qafqaz müsəlmanlarının qurultayında, istərsə də həmən ilin mayında Moskvada təşkil olunmuş Rusiya müsəlmanlarının qurultayında milli-mədəni muxtariyyat ideyasının irəli sürülməsi bir daha sübut edirdi ki, müsavatçılar istiqlalçı yox, muxtariyyatçıdırlar. Hətta 1917-ci ildə M.Ə.Rəsulzadə Azərbaycan qəzalarına gedərək yerlərdə Rusiya Müvəqqəti hökumətinin qurumlarını təşkil etmək işində şəxsən iştirak etmiş, böyük canfəşanlıqla Rusiya üçün işləmişdir.
    1917-ci ilin noyabrına qədər Rəsulzadə başda olmaqla nə müsavatçıların, nə də onlarla eyni siyasi kursun daşıyıcıları olan daşnakların və gürcü menşeviklərinin «istiqlalçılıq» heç yadlarına da düşmürdü. Onlar təmsil etdikləri xalqların səadətini Rusiyanın ağuşunda axtarmaqdaydılar.
    1917-ci il oktyabrın 25-dən (noyabrın 7-dən) sonra isə hər şey gözlənilmədən dəyişdi. Sanki görünməyən əl öz sehirli çubuğunu «Qafqaz triosu»nun (Müsavat, daşnaklar, gürcü menşevikləri) beyninə toxundurdu. Dünənə qədər Rusiya Müvəqqəti hökuməti üçün işləyənlər Oktyabr Sosialist inqilabından sonra «ya istiqlal, ya ölüm» qışqırmağa başladılar. Bu «Qafqaz triosu»nu idarə edən drijor çubuğunu görəsən hansı əl idarə edirdi? Oktyabr Sosialist inqilabına qədər Kerenski Rusiyasının ətəyindən iki əlli bərk-bərk yapışanlar görəsən nə üçün Rusiya Sovetləşəndən sonra ona arxa çevirib düşmənçilik etməyə başladılar? «İstiqlal» ideyası Qafqaz siyasi məkanına haradan, kimlər tərəfindən və hansı gizli məqsədlə ixrac olunurdu? «İstiqlalçılıq» hansı ştabın xəritə stolundan beyinlərə proyeksiya edilirdi?
    Heç şübhəsiz ki, «istiqlalçılıq» Qafqaz xalqlarının sosial sifarişi və tələbi deyildi. Çünki xalq kütlələri bir yana dursun, heç onların oxuyub-yazmış, öndə gedən siyasi cəhətdən aktiv ziyalı təbəqəsi belə bu barədə düşünmür, ən yaxşı halda Rusiya tərkibində milli-mədəni muxtariyyat tələb edirdilər. Deməli «istiqlaliyyət» ideyaları Qafqazın daxilindən yox, kənar güc mərkəzləri tərəfindən, imperialist dairələrin qərargahlarından, həm də Rusiyadakı kommunist inqilabını boğacaq bir vasitə kimi ortaya atılırdı.
    Bu baxımdan Qafqazda «istiqlaliyyət» ideyalarının atası qismində ingilis generalı Şarom, fransız polkovniki Şarden və ABŞ səfiri Smit çıxış edirdilər. Beləliklə sözügedən şəxslərin vasitəsiylə Antanta dövlətlərinin Qafqazdakı agentura şəbəkəsi «istiqlal ayələri»ni «Qafqaz triosu»nun qulağına pıçıldadılar. «İstiqlal» ideyası beyinlərdən doğmadı, sadəcə Antanta agentləri tərəfindən beyinlərə «üfürüldü».
    1917-ci il noyabrın 17-də ingilis generalı Şaromun, fransız polkovniki Şardenin və ABŞ-ın səfiri Smitin təşkilatçılığıyla Müsavatçılar, daşnaklar, gürcü menşevikləri Tiflisdə (həmən dövrdə Tiflis Antanta agentlərinin qərargahı funksiyasını icra edirdi) bir araya gələrək Zaqafqaziya Komissarlığının timsalında Qafqazın Sovet Rusiyasından ayrılmaqla «müstəqilliyini» elan etdilər. Bu addımı atmaqla Antanta imperialist bloku heç də Qafqaz xalqlarının azad, müstəqil inkişafına nail olmaq niyyətini güdmürdü, burada hədəflənən yeganə məqsəd Qafqazı Sovet Rusiyasından təcrid etməklə kommunist inqilabının Şərqə doğru genişlənməsini dayandırmaq, Sovet Rusiyasının blokadasını daraltmaq və inqilabı boğmaq idi. Bu məqsədə nail olunduğu təqdirdə Qafqaz yenidən monarxist Rusiyanın bayrağı altına qaytarılacaqdı. «Müstəqilliyin» müvəqqəti oyun olduğunu bilən antantaçılar bu səbəbdən də de-fakto qurumun müstəqilliyini tanımadılar və yalnız bu kartdan şirnikləndirici amil kimi istifadə etdilər. Antantanın kommunist inqilabına qarşı təşkil etdiyi bu oyuncaq qurum cəmi 7 ay yaşadı və 1918-ci il mayın 26-da buraxıldığını elan etdi. Hətta bundan sonra da Müsavat Azərbaycanın müstəqilliyini elan etməkdə tərəddüd etdi. Yalnız Gürcüstan və Ermənistan müstəqilliyini elan etdikdən sonra fakt qarşısında qalan Müsavat və ittihadçılar Azərbaycanın müstəqilliyini elan etdilər. Amma sadcə elan etdilər, lakin heç vaxt müstəqil siyasət yeritmədilər və onların formal hakimiyyəti zamanı Azərbaycan ard-arda əvvəlcə Osmanlı-alman, sonra isə ingilis və denikinçilərin işğalı altına düşdü.
    Osmanlı işğalı
    Osmanlı ordusunu Azərbaycana musavatçılar, həm də xalqdan gizli surətdə çağırmışdılar və «dəvət» Azərbaycan üçün milli xəyanət hesab ediləcək itkilərlə müşayət olundu. Beləki Osmanlı imperiyası Azərbaycanın guya istiqlalını tanımağın müqabilində Milli Şura qarşısında 2 şərt qoydu:
    1) Azərbaycan Milli Şurası əzəli Azərbaycan torpaqlarında yaradılan Erməni-Ararat respublikasının müstəqilliyini tanımalıdır;
    2) İrəvan şəhəri paytaxt olmaqla bütün İrəvan mahalı Ararat respublikasına verilməlidir.
    Milli Şura özünün 29 may iclasında hər iki şərti qəbul edərək paytaxtı İrəvan şəhəri olmaqla erməni dövlətinin yaradıldığını tanıdı. Bununla da 1500 il sonra Azərbaycan ərazisində, Azərbaycan torpaqları hesabına erməni dövləti yaradıldı, İrəvan mahalı da ermənilərə verildi və bu torpaqlarda yaşayan 635 min nəfər müsəlman deportasiya edilərək öz tarixi vətənlərindən qovuldular (Torpaqlar ermənilərə veriləndə bu ərazilərdə 675 min müsəlman əhali yaşayırdısa, artıq 2 il sonra orada cəmi 40 min müsəlman əhali qalmışdı).
    Bu, müsəlman-osmanlı birgə layihəsinin hələ ancaq 1-ci mərhələdəki qurbanlarıydı, proses isə davam edirdi. Osmanlı Azərbaycanın işğalını guya öz irqindən olan insanların qorunması məqsədiylə həyata keçirildiyini bəyan edir və hələ 1918-ci il mayın 26-da Zaqafqaziya seyminə göndərdiyi memorandumda riyakarcasına bəyan edirdi: «Bakı ətrafında yüz minlərlə türk və müsəlmanlar özlərinə inqilabçı deyən vicdansız haydukların qanlı pəncəsində inləyir… Saysız mütəşəkkil quldur dəstələrinin təcavüzünə məruz qalan Qafqazın başqa bölgələrindəki türk və müsəlman xalqının vəziyyəti heç cür ümüdverici deyildir… Qafqazı məhv edən bu anarxiya münasibəti ilə Dövləti-Aliyeyi-Osmaniyyənin vəziyyəti çox nazikdir. Çünki bu anarxiya Dövləti-Aliyeyi-Osmaniyyənin əhalisi ilə eyni irq və dinə mənsub bir əhalinin asayişinə dəxi əlaqəsi vardır».
    Əcəb «xilaskarlıq» missiyasıdır, elə deyilmi? Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq, tarixi Azərbaycan mahallarını ermənilərə bağışlamaq, yarım milyondan çox azərbaycanlının deportasiya olunmasına şərait yaratmaq və s. və i.
    Əslində isə işğalın bir məqsədi var idi;–kəndli üsyanlarını boğmaq, inqilabi qüvvələrə qanlı divan tutmaq və uğrunda əsrlərlə müharibə edib ələ keçirmək istədiyi Azərbaycan torpaqlarını, Bakı neftini ələ keçirmək. Memorandumda açıq-açığına bu missiya bəyan edilir. Təbiiki Sultanın gözündə Azərbaycandakı kəndli üsyançılar və inqilabçılar «hayduk» idilər. Hər zaman inqilabçılar, üsyançılar rejimlərin gözündə «hayduk», quldur görünüblər. Hətta Osmanlının nəzərlərində Atatürk də «hayduk» idi və bu səbəbdən osmanlı məhkəməsi onun barəsində edam hökmü də çıxarmışdı. Osmanlı monarxiyasının Atatürkün timsalında bütün inqilabçılara bu cür münasibəti başa düşüləndir, amma başa düşülməyən və təəssüf doğuran odur ki, bu gün bir çox tarixçilər, ziyalılar, yalançı «millətsevərlər» Osmanlının bu memorandumunu oxuyub onu elə yazıldığı kimi də başa düşməkdədirlər. Yəni guya Osmanlı doğrudanda Azərbaycan xalqını inqilabçı «hayduklardan» qorumağa gəlibmiş. Bir çox tarixçilər nə yazıqlar olsun ki, tarixi hadisələrə torpaqsızlıqdan, bəylərin şallaq və kötəyindən cana doyub üsyan qaldırmış 1,8 milyonluq Azərbaycan kəndlisinin, hər gün diri-diri quyulara atılaraq öldürülən, qoçu gülləsinə tuş gələn, əlacsızlıqdan özünə od vuraraq yandırmaqdan başqa çarəsi qalmayan Azərbaycan fəhləsinin gözüylə yox, Azərbaycanın timsalında ancaq yağlı tikə görən Osmanlı sultanlarının nəzəriylə baxırlar, hansıki bizə bu gün «xilaskar» kimi təqdim edilməyə çalışılan Osmanlı sultanları 1922-ci ildə vətən xaini kimi Türkiyədən qovulmuşdular.
    Osmanlının işğalçı missiyası 1918-ci il sentyabrın 15-də Bakını ələ keçirdikdən sonra bütün çılpaqlığıyla üzə çıxdı. Bu ana qədər özlərini Azərbaycanın istiqlalını tanıyırmış kımi göstərən Osmanlılar Bakını tutduqdan sonra bəyan etdilər ki, onlar cümhuriyyət-filan tanımırlar, qoşun guya əzəli Osmanlı torpaqlarını azad edib və Osmanlı imperiyasının pozulmuş sərhədlərinin bərpasına nail olub. Onlar bir neçə ay Azərbaycanda sözün əsl mənasında ağalıq etdilər; asdıqlarını asdılar, güllələdiklərini güllələdilər, gözlərinə «birtəhər» dəyənlərin hamısını zopadan keçirdilər, əllərinə keçəni qarət edib taladılar. 1918-ci il oktyabrın 30-da (Bakını aldıqdan cəmi 45 gün sonra) Azərbaycanı bütün yeraltı və yerüstü sərvətləriylə birlikdə (oyuncaq Müsavat hökuməti qarışıq) ingilis imperiyasına bağışladılar. «Mudros» müqaviləsinin 11-ci və 15-ci maddələrinə əsasən Azərbaycan İngiltərə kraliçasının müstəmləkəsi elan olunurdu.
    Bu faktın özü bir daha sübut edir ki, Osmanlı imperiyası Azərbaycana özünün müstəmləkəsi kimi baxırdı və onun taleyinə istədiyi kimi qərar verirdi.
    Osmanlı qoşunlarını Azərbaycana bəy və xanlar, iri mülkədarlar və onların siyasi havadarları olan Müsavatçılar dəvət etmişdilər. Çünki bəylər və xanlar öz mülkiyyətlərini, ucsuz-bucaqsız torpaq sahələrinin üsyançı kəndlilərdən qorumağın yeganə yolunu Osmanlı cəza dəstələrinin Azərbaycana gəlməsində görürdülər. Elə də oldu, Osmanlı qoşunu Azərbaycana daxil olan kimi üsyançı kəndlilərə divan tutmağa başladı. Osmanlının Azərbaycanda olduğu cəmi 5 ay ərzində minlərlə insan darağacından asıldı, güllələndi, on minlərlə insan isə kütləvi surətdə şallaqdan keçirildi, həbsxanalara salındı. Təkcə Gəncə qəzasında yüzlərlə üsyançı kəndli darağacından asıldı. Gəncədən Bakıya qədər hər yerdə darağacları qurulmuşdu ki, onların da hər birindən azərbaycanlı cəsədləri sallanırdı. Bakının Quba meydanında, Vağzal meydanında, Qaraşəhər körpüsü qarşısında, Parapet bağında, bulvarda, bir sözlə, bütün məhəllə və meydanlarda darağacları qurulmuşdu. Bu darağaclarında da hər gün insanlar edam olunurdu. Eyni dəhşətli mənzərəni Azərbaycanın hər yerində, xüsusilədə kəndli üsyanlarının daha mütəşəkkil olduğu Gəncə qəzasında görmək olardı. Gəncənin hər tərəfində, hər məhəlləsində darağacları qurulmuşdu. Kütləvi gülələmələr üçün xəndəklər qazılmışdı ki, güllələnən insanların cəsədləri oraya atılaraq üstləri torpaqlanırdı. Yerli bəy və xanların, müsavatçıların dəstəyiylə Osmanlı səhra məhkəmələri, cəza dəstələri inqilabçı qüvvələrə, üsyançı kəndlilərə qarşı amansız ağ terror dalğası və qanlı represiyalar həyata keçirirdilər. Üsyançılara qarşı vuruşmaq istəməyən, kəndli üsyanlarına yardım göstərən kəndlər uşaqdan böyüyə kütləvi surətdə cəzalandırılır, gülləbaran edilirdilər. Osmanlı qoşununa qoşulmaq istəməyən gənclər kütləvi halda güllələnirdilər.
    İşğalçılar Azərbaycan xalqı üzərində ən qəddar, insanın ağlına gətirə bilməyəcəyi ən vəhşi cəza üsullarını sınaqdan keçirirdilər. Belə cəza üsullarından ən yüngülü 40 zopa idi. Hadisə şahidlərinin dediyinə görə çox az adam tapılardı ki, 40 zopaya tab gətisin, adətən bir neçə zopa zərbəsindən sonra işgəncə verilən şəxs huşunu itirər, qanına qəltan olardı. Onları qanları axa-axa sürüyüb evlərinə aparardılar. Azərbaycanlı kişilərin küçənin ortasında soyundurulub şallaqlanması adi hal idi. Zopanın insan bədənində açdığı yaraların yeri illərlə sağalmırdı.
    Bir sözlə, cəzanın həddi, ölçüsü və qaydası yox idi. Osmanlıların kefi necə istəyirdisə əhaliyə o cəzanıda verirdilər. Məsələn, cəzalandırılan şəxs soyundurulur, əli-qolu bağlanır və daha sonra bədəninə bal sürtülərək ağaca sarınırdı. Bala darışan həşəratlar, arılar insanı ölümcül vəziyyətə düşənə qədər sancardılar. Osmanlı zabitlərinə isə işgəncə səhnəsini keflə izləmək qalardı və yaxudda azərbaycanlılar öküz arabasına qoşulur və arabanı çəkməyə məcbur edilirdilər. Çəkə bilməyəndə isə şallaq işə düşürdü. Belə anlarda azərbaycanlılar türk «qardaşlarının» nəzərində insan idilər, amma heyvan şəklində.
    Cəza və işgəncələr ancaq mülkü əhaliyə tətbiq olunmurdu, həmçinin azərbaycanlı əsgər və zabitlər də bu işgəncələrdən öz nəsiblərini alırdılar. General Mehmandarov öz yazılarında etiraf edirdi ki, Osmanlılar zamanı Azərbaycanın ordu quruculuğuna çox böyük zərbələr vurulmuşdu. O, bu zərbələr arasında ordunun təchizatının düzgün təşkil edilməməsini, azərbaycanlı əsgər və zabitlərin Osmanlı komandirləri tərəfindən döyülüb təhqir olunmasını, yersiz işgəncə faktlarını sadalayırdı.
    Osmanlı işğalı zamanı Azərbaycanda insanların darağacından asılması, qulaqlarından mismarlanması adi hal idi. Onlar təkcə üsyançı kəndliləri və inqilabçıları edam etmirdilər, bunlarla yanaşı heç ömründə bir dəfə də olsun əlinə silah götürməmiş şəxslər, dinc sakinlər də edam kürsüsündən canını qurtara bilmirdi. Məsələn, kimin evindən bir günlük ehtiyac miqdarından çox ərzaq tapılırdısa, onlar da dar ağacından asılırdılar. Təbiiki bu qanun anbarlarında milyonlarla pud taxılı gizlədib əhalini acından qıran mülkədarlara, bəylərə şamil edilmirdi. Terrorun qurbanları ancaq yoxsullar idi.
    Osmanlı cəza dəstələri üsyançı kəndlilərdən torpaqları zorla müsadirə edib bəylərə, xanlara qaytarır, hələ üstəlik bəylərin əmlakına vurduqları ziyana görə kəndliləri kompensasiya ödəməyə də məcbur edirdilər. Qarşı çıxanlar darağacından asılır, güllələnir, həbsxanaya salınırdılar.
    Əhalinin üzərinə ağır vergi yükü qoyulmuşdu. Müsavat mülkədar diktaturasının 1918-ci il 21 iyun fərmanına əsasən əhali Osmanlı qoşununun ehtiyacını və bütün xərclərini qarşılamalı idi. Bu qərarı bəhanə edən Osmanlı cəza dəstələri kəndlilərin atını, dəvəsini, qatırını zorla əllərindən alıb ordunun ixtiyarına verir, milyonlarla pud taxılı müsadirə edərək Türkiyəyə daşıyırdılar. Azərbaycan kəndli hərəkatının iştiraksılarından biri olmuş Salman Əlibəyov bu barədə 1918-ci ilin dekabrında belə yazırdı: «…Xalqın arzusu əleyhinə olaraq hakimiyyəti qəsb etmiş məlum bəy və xanların himayəsi altındakı yerli quldurlardan və türk qoşun hissələrindən ibarət banditlər əhaliyə divan tuturlar… Türkləri müsəlman xalqından xəbərsiz çağırıb gətirmişlər; türklər gələn kimi xalqı talan etdilər, xalqın milyon pudlarla taxılını zorla əlindən aldılar… Onlar adamları dustaq edir, sonra da minlərlə rüşvət alıb buraxırdılar. Yoxsullar səkkiz aylarla istintaqsız və mühakiməsiz həbsxanalarda çürüyürlər».
    Osmanlı işğal qüvvələrinin zülm və sərt diktaturası əhalidə narazılıq yaradırdı ki, bu da üsyançılarla işğalçılar arsında tez-tez silahlı toqquşmalara gətirib çıxarırdı. Xalq qəhrəmanı Qatır Məmmədin üsyançı kəndlilərdən ibarət dəstələri osmanlı cəza dəstələrinə qarşı daim partizan müharibəsi aparmış, dəfələrlə üz-üzə açıq döyüşlərə girmiş, Nuru paşanı geri çəkilməyə məcbur etmişdilər. Belə döyüşlərdən birinin şahidi olmuş xalq ozanı Aşıq İsa üsyançıların qələbəsindən duyduğu sevinci şerlə belə ifadə etmişdi:
    Qəhrəman Məmmədin igid dəstəsi
    Dava meydanında çox etdi bəhsi
    Ucaldı hər yandan bir nərə səsi
    İtirib özünü, çaşdı paşalar.
    …
    Onlar müvəqqəti dövran sürdülər
    Fağırın, yoxsulun üstə hürdülər
    Ağır cinayətli işlər gördülər
    Axırda cəbhədən qaçdı paşalar.
    Xalq ozanının bu sözləri ancaq qalibiyyət sevincinin tərənnümü deyil, həm də bu gün bizlərə «istiqlal», «xilaskarlıq» kimi sözlərlə sırınmağa çalışılan Osmanlı işğalının gerçək mahiyyətinin poetik bir dillə ifadəsi, Osmanlı cinayətlərinin ifşasıdır.
    Osmanlı qoşunları Azərbaycanı tərk edərkən yolboyu kəndləri qarət edir, əldə etdikləri sərvəti, mal-qaranı, taxılı vaqonlara yükləyərək özləriylə aparmaq istəyirdilər. Lakin Qatır Məmmədin qırmızı partizan dəstələri dəmiryol xəttini partlatmış, osmanlılarla tez-tez caydırıcı döyüşlərə girmiş və bununlada işğalçılara soyğunçuluq yoluyla əldə etdikləri taxıl və mal-qaranı vaqonlara yükləməyə imkan verməmişdilər.
    Müqayisə üçün deyək ki, osmanlılar yerli əhalidən qarət etdikləri bu məhsulları elə bir dövrdə Azərbaycandan çıxarıb aparmaq istəyirdilər ki, həmən dövrdə Azərbaycanın özündə on minlərlə insan aclıqdan tələf olurdu. Bu faktın özü bir daha sübut edir ki, Osmanlı xilas yox, işğal missiyasını yerinə yetirirdi. Bu gün bir sıra tarixçilər Osmanlının bu hərəkətlərinə bəraət qazandırarcasına iddia edirlər ki, Osmanlı imperiyası I Dünya müharibəsində iştirak etdiyindən maliyə imkanları pis vəziyyətdəydi, bu səbəbdən də Azərbaycana yeridilmiş Osmanlı ordu kontingentinin Azərbaycan xalqının hesabına maliyələşdirilməsi guya təbii idi. Əslində isə əgər doğrudanda Osmanlı Azərbaycana işğalçı kimi yox, xilaskar kimi gəlsəydi, Azərbaycan xalqının mentaliteti elədir ki, əhali özü bütün varını-yoxunu könüllü surətdə qoşunun təchizatına yönəldərdi, öz boğazından kəsib orduya yedirərdi. Amma bu işin fərmanla, zorla, zopa gücünə həyata keçirilməsi bir daha sübut edir ki, ortada işğal faktı vardı. Yəni onlar bunu könüllü yox, zorla tələb edirdilər. Bununsa bir adı var–qarət. Adətən işğalçılar öz müstəmləkələriylə belə rəftar edirdilər. Məsələn, dünya tarixi təcrübəsi sübut edir ki, işğalçı imperiyaların daxil olduqları ölkədə həyyata keçirdikləri ilk iş yerli əhalidən «müharibə haqqı» tələb etmək olurdu. Yəni onlar hərbi əməliyyatlara və qoşunlarının təchizatına çəkilən xərcləri vergi şəklində yerli xalqlardan tələb edirdilər. Məhz Osmanlı da 1918-ci ildə Azərbaycana daxil olarkən belə etmişdi, yerli əhalinin üzərinə ağır vergi yükü, xərac qoümuşdu.
    Osmanlının 1918-ci ildə zorla, zopa gücünə vergi topladığı bu xalq bir neçə il sonra qurtuluş savaşına, Atatürk ordusuna öz boyunbağını, barmağındakı üzüyünü, qiymətli əşyalarını könüllü surətdə göndərirdi. Fikir verin, eyni xalqlar; eyni dövr. Amma fərqli münasibət. Nə üçün?
    Çünki 1-ci halda Osmanlı imperiyasının timsalında Azərbaycana işğalçı kimi gəlmişdilər. Bu səbəbdəndə əhalidən ancaq zopa gücünə nə isə almaq mümkün olurdu. 2-ci halda isə əksinə, türk xalqı özü məzlum bir ulus kimi qurtuluş savaşı aparırdı, bu səbəbdəndə azərbaycanlılar öz qan qardaşlarına könüllü şəkildə, heç bir məcburiyyət olmadan qızıl əşyalarını, üzük və bilərziklərini toplayıb göndərirdilər.
    Bu gün Osmanlı imperiyası ilə Cümhuriyyət Türkiyəsini bir-birindən fərqləndirə bilməyənlər, bəli, məhz ancaq onlar 1918-ci il Osmanlının Azərbaycanı işğal faktını «qurtuluş», «xilas» pərdəsiylə ört-basdır etmək isəyirlər. Onlar Osmanlı imperiyasının Azərbaycana girib əhalidən zopayla, şallaqla vergi toplamasını utanıb-qızarmadan «qardaşlıq yardımı» kimi qələmə verməyə çalışırlar. Belə çıxır ki, Osmanlı öz «qardaşlıq yardımını» «muzd» qarşılığında göstərirmiş. Yardım müqabilində «muzd» tələb etməyinsə nə qardaşlığa, nə də yardım anlayışına yaxından-uzaqdan heç bir aidiyyatı yoxdur.
    Bu cür düşmənlərə ən tutarlı cavabı Azərbaycan Sosialist Respublikasının banisi Nəriman Nərimanov, həm də öz praktiki fəaliyyətiylə vermişdir. Qardaşlıq yardımının nə kimi bir şey olduğunu bilmək istəyənlər qoy Nərimanovun qurtuluş savaşına göstərdiyi yardımlar barədə materiallarla tanış olsunlar.
    Nərimanov başda olmaqla Sovet Azərbaycanı Atatürk Türkiyəsinə qurtuluş savaşı zamanı əvəzində heç bir qarşılıq güdmədən 100 min tonlarla neft və neft məhsulları, hər dəfəsində 300-400 kiloqram olmaqla bir neçə dəfə qızıl yardımı göstərmiş, Türkiyədəki bütün uşaq evlərinin qışda isidilməsi üçün yanacaq təminatını təmənnasız olaraq öz üzərinə götürmüşdür. Atatürk Nərimanova məktub yazaraq 1 milyon qızıl pul borc istədikdə, Nərimanov deyilən məbləğlə birlikdə Atatürkə bir cavab məktubu da göndərir. Məktubda əsil qardaşlıq yardımının nə olduğunu bilməyənlərə ibrət olacaq aşağıdakı cümlələr yazılmışdı: «Paşam, qardaş qardaşa borc verməz, əlini tutar. Mən sizin əlinizi tutdum».
    Bax gerçək qardaşlıq yardımı belə olur. Yoxsa Osmanlı imperiyası kimi; Azərbaycan torpaqlarında erməni dövləti yarat, İrəvan mahalını paytaxt kimi ermənilərə ver, yarım milyondan çox azərbaycanlının bu torpaqlardan deportasiya edilməsinə səbəb ol, minlərlə azərini darağacından asdır, güllələt, ölkə üzərinə xərac qoyub əhalidən zorla vergi topla, əhalidən qarət olunmuş mal-qaranı, milyonlarla pud taxılı vaqonlara doldurub Anadoluya daşı; bütün bunların qarşılığında isə guya Azərbaycana qardaşlıq yardımı üçün gəldiyini iddia edərək əsaslandırmağa çalış ki, guya Osmanlının maddi vəziyyəti ağır olduğundan Azərbaycana göndərilmiş qoşunun saxlanma xərci yerli əhalinin üzərinə qoyulmuş və xərac toplanmışdı. Əgər beləydisə sual olunur, bəs necə olur ki, Azərbaycan Türkiyəyə yüzlərlə kiloqram qızıl, yüz min tonlarla neft, pul kimi yardımlar müqabilində heç bir manat da qarşılıq güdmürdü. Yoxsa belələri bu yardımların balaca Azərbaycana və onun yoxsul xalqına hansı məhrumiyyətlər hesabına başa gəldiyini bilmirdilər. Axı necə olur kiçik, yoxsul Azərbaycan əhalisi neft tapmadığı halda Türkiyəyə pulsuz neft göndərirdi, əhalisi çörək tapmadığı halda yüzlərlə kiloqramm qızılı Atatürkün sərəncamına göndərirdi, etdiyi maliyə yardımına görə heç bir qəpik də təmənna ummurdu, ancaq Osmanlı imperiyası Azərbaycana göndərdiyi hərbi kontingenti maliyəşdirməyə guya pul tapmırdı və bu səbəbdən də əhalidən zorla xərac toplayırdı. Qarət olunan sərvətin vaqonlarla daşınıb Azərbaycandan kənara aparılması, hətta Osmanlı qoşununun Azərbaycanı tərk edərkən yol üstündəki kəndləri qarət etməsi bir daha sübut edirdi ki, xərac ancaq və ancaq talan məqsədiylə toplanırdı.
    Alman və Osmanlı işğalçılarının 1918-ci ildə Azərbaycandakı «xilaskarlıq» missiyalarının nədən ibarət olmasını bilmək üçün bəzi faktlara nəzər salmaq kifayətdir:
    1918-ci il sentyabrın 16-da osmanlılarla müsavatçılar arasında bağlanmış alçaldıcı sazişə əsasən Azərbaycan hökuməti Osmanlıya ilkin olaraq 2 milyon lirə dəyərində ərzaq və digər məhsullar verməyi öhdəsinə götürürdü. Ən təəccüblüsü isə o idi ki, bu müqavilədə Osmanlı tərəfi adından Gəncə dəmiryol idarəsi çıxış edirdi, bu isə o demək idi ki, Azərbaycan dəmiryollarını osmanlılar öz əmlakları hesab edirdilər. Bu hal özünü Osmanlının müttəfiqi olan Almaniyayla Müsavat arasında bağlanan sazişdə də öz əksini tapırdı. Sazişə əsasən Almaniya Azərbaycan dəmiryollarından heç bir rüsum ödəmədən və icazə istəmədən istədiyi kimi istifadə edə bilər, Azərbaycandakı alman kaloniyalarından özü üçün ordu toplaya və bundan istədiyi kimi istifadə edə bilərdi. Bununlada Azərbaycan heç bir haqq olmadan alman hərb maşınının yüklərini daşımağa məcbur edilirdi.
    1918-ci ilin oktyabrında osmanlılar təkcə Nobel qardaşlarına aid şirkətdən qiyməti 57 min manat olmaqla 11 min pud nefti zorla müsadirə edərək Azərbaycandan çıxarmışdılar. Ümumilikdə isə osmanlılar Bakıdan hər gün 40 sisterndən çox nefti talan edib aparırdılar. Qarət olunan neftin yarısı Gürcüstandakı alman ordusuna, yarısı isə Anadoluya daşınırdı. Əgər nəzərə alsaq ki, osmanlıların Bakıdakı ağalığı təxminən 2 aya yaxın davam etmişdir, onda demək olar ki, onlar Azərbaycandan 600 sisterndən çox neft talan edib aparmışdılar ki, bu neftin də yarısı almanlara çatmışdır. Bu hələ Müsavat statistikasında göstərilən rəqəmlərdir, əslində isə talan və qarətin miqyası bundan qat-qat böyük idi.
    Osmanlılar təkcə neft məhsullarını talan etməklə kifayətlənmirdilər, onlar Bakıda yerləşən bütün bank və səhmdar cəmiyyətləri, şirkətləri də qarət edib ələ keçirdikləri pul və qiymətli əşyaları xaricə daşıyıb aparırdılar.
    1918-ci ilin dekabrında «Jizn nasionalnostey» qəzeti yazırdı: «Alman və türklər Qafqazdan hər şeyi daşıyıb aparırdılar… Bütün oktyabr və noyabr ayları ərzində türklər küllü miqdarda mal, fabrikat və texniki əmlakı daşıyıb aparırdılar».
    Beləki Osmanlı işğal qüvvələri 1918-ci ilin oktyabr-noyabr aylarında «Elektriçeskaya sila» səhmdar cəmiyyətinin 115 milyon manatlıq, «Şəhərlər ittifaqının» 23 milyon manatlıq əmlakını qarət edib Bakıdan çıxarıb apardılar. Talanlar zamanı «Volqa-Kama ticarət bankının», «Qafqaz və Merkurii», «Əmtəə anbarlarıŞərq cəmiyyətinin», «Qafqazski xlopok» səhmdar cəmiyyətinin milyonlarla manatlıq əmlakı qarət olunaraq xaricə daşınırdı.
    Alman-osmanlı işğal qüvvələri təkcə şirkətlərin, bankların seyflərini qarət etmirdilər, onlar hətta müəssisələrin dəzgahlarını da söküb özləriylə aparırdılar.
    İşğalçı qüvvələrin Gürcüstanda yerləşən cəza dəstələri vaxtaşırı Azərbaycanın sərhəd kəndlərinə soxulur, kəndlərin əmlakını qarət edir, evləri yandırırdılar. Məsələn, Yuxarı Saralı, aşağı Saralı, Govurarx kəndləri talan edilərək büs-bütün yandırılmışdılar.
    Beləliklə Müsavat müstəmləkə polis rejiminin 23 aylıq formal hakimiyyətinin ilk 6 aya qədəri Osmanlının yedəyində, paşalara qulluqla keçdi. Xalq darağacı, ölüm, qan və göz yaşından başqa heç bir şey görmədi. 1918-ci ilin noyabrında Osmanlı cəza dəstələri Azərbaycanı «Mudros» müqaviləsi səbəbiylə tərk etdi. Amma işğal başa çatmadı. Sadəcə olaraq bir işğalçı öz postunu digərinə təhvil verdi. Bakı vağzalından axırıncı Osmanlı əsgərləri yola düşərkən Bakının dəniz qapısından «Qafqaz-Merkuri» körpüsündən ingilis işğal qüvvələri şəhərə daxil oldular. Cəmi 45 gün öncə Nuru paşanın ayaqları altında qurban kəsən bəylər, xanlar heç 6 həftə keçməmiş eyni canfəşanlıqla bu dəfə də general Tomsonun ayaqları altda qurban kəsmək üçün biri-biriləriylə yarışırdılar. Bilmək olmurdu, Tomsonun gəlişinə bu qədər sevinirlər, yoxsa Nuru paşanın gedişinə. Necə deyərlər, «sevinc sevincə» qarışmışdı.
    Azərbaycanda ingilis və Denikin işğalı
    Alman-Osmanlı hərbi ittifaqı I dünua müharibəsində Antanta blokuna məğlub oldular. 1918-ci il oktyabrın 30-da ingilis imperiyasıyla Osmanlı arasında «Mudros» müqaviləsi imzalandı. Heç bir qanuni haqqı olmadan, sanki öz əyalətiymiş kimi Osmanlı Azərbaycanı ingilis imperialistlərinə təslim etdi. Bundan sonra Azərbaycan özünün yeraltı və yerüstü sərvətləriylə, neft yataqları və dəmiryol xətləriylə birlikdə tamamilə ingilis imperiyasının müstəmləkəsi elan edildi. Bununlada ingilislərin Azərbaycanda ikinci işğal dövrü başlanmış oldu və bu işğal de-fakto Azərbaycanda Aprel sosialist inqilabının qələbəsinə qədər davam etdi.
    1918-20-ci illəri əhatə etmiş bu işğal mərhələsində Azərbaycanda müstəqil dövlət idarəçiliyindən və suveren hakimiyyətdən danışmaq yersiz bir hərəkət olardı, baxmayaraqki bu gün bu işğal dövrünü bizə «istiqlal» tarixi kimi sırımağa çalışırlar.
    İngilis generalı Tomson Bakıya 1918-ci il noyabrın 17-də gəlsə də onun mövcudluğu Azərbaycanda «Mudros» müqaviləsindən dərhal sonra noyabrın ilk ongünlüyündə hiss olunmağa başladı. Beləki Müsavat hökuməti noyabrın 9-da qəbul etdiyi qərarla Azərbaycanın qırmızı rəngli, üzərində aypara və səkkiz guşəli ulduz təsviri olan bayrağını dəyişdirərək, bu gün də rəsmi dövlət bayrağı hesab olunan üçrəngli bayrağı qəbul etmək məcburiyyətində qaldı. Çünki əvvəlki qırmızı ay-ulduzlu bayraq Türkiyənin bayrağına bənzədiyindən Tomsonu qıcıqlandırırdı. Bu səbəbdəndə dövlət bayrağı dəyişdirildi.
    Burada diqqət yetiriləcək əsas məqam «müstəqil» olduğu iddia edilən bir hökumətin ingilis generalının «kaprizi» ucbatından öz dövlət bayrağını dəyişdirmək məcburiyyətində qalmasıdır. Başqa sözlə, Müsavatçılar general Tomsonu məmun etmək üçün hətta dövlət bayrağını da dəyişdirdilər. Heç bir «suverenlik» prnsipiylə uzlaşmayan bu addım əslində növbəti illərdə Azərbaycanda kimin iradəsinin hakim olacağının açıq bir şəkildə göstəricisiydi.
    General Tomsonun ayaq səsləri bayrağın dəyişməsinə kfayət etdi, özünün gəlişi isə qanlı işğal diktaturasının davamiyyətini təmin etdi. Tomsonu və onunla birlidə gələn ağqvardiyaçı cəlladları sözün əsl mənasında Azərbaycanın sahibi, ağası kimi qarşılandılar. Müsavat hökumətinin rəhbər işçiləri, nazirlər, neft milyonçuları, sənayeçilər və sərmayədarlar–hər kəs Tomsonu qarşılamaq üçün növbəyə durmşdular. İşğalçıları gətirən gəmi körpüyə yan alar-almaz Bakıdakı bütün fabrik və zavodlardan, tərsanələrdən, emalatxanalardan, paravozlardan, limandakı saysız-hesabsız gəmilərdən qulaqbatırıcı fit səsləri ətrafa yayılmağa başladı. Orkestrin sədaları altında Tomson gəmidən endi. Onun şəninə təriflər deyildi, qurbanlar kəsildi.
    Çox yox, cəmi bir neçə ay əvvəl 1918-ci ilin avqustunda Azərbaycanı talan edib əhalini qılıncdan keçirən ingilis cəlladları layiq olmadıqları təntənəylə qarşılandılar. Bu həmən ingilislər idi ki, 45 gün çəkmiş birinci işğal dönəmində (1918-ci il avqust-sentyabr) Şirvanşahlar sarayını, Bakıdakı bütün bankları talan edərək Ənzəliyə daşımış, hətta mədənlərin, zavodların avadanlıqlarınıda çıxarıb özləriylə aparmışdılar. Atları, qatırları, mal-qaranı isə aparmaq mümkün olmadıqda güllələyib məhv etmişdilər. Bütün bunların müqabilində isə Müsavat hökuməti ingilisləri təntənəylə qarşılamış, bundan əvvəl Osmanlı paşalarına necə sədaqətlə xidmət etmişdirlərsə, bundan sonrada yeni ağalarına, ingilislərə eyni canfəşanlıqla, sədaqətlə xidmət etməyə başlamışdırlar.
    Azərbaycana daxil olan kimi Tomson özünü general-qubernator elan etdi. Bu, Azərbaycanın istiqlal arzularının üzərindən xətt çəkilməsi demək idi. Beləliklə, Azərbaycan da daxil olmaqla bütün cənubi Qafqaz ingilis krallığının müstəmləkəsi, quberniyası elan olunur ki, onunda başında general-qubernator Tomson dayanırdı. Bu idarəetmə formasından ingilislər öz müstəmləkələrini idarə edərkən geniş istifadə edirdilər və Azərbaycanda da münasibət bundan fərqli olmadı. 1918-ci il noyabrın 17-dən etibarən Azərbaycan ingilis general-qubernatorunun sərəncamına keçdi. Bundan sonra Azərbaycanda «istiqlal», «müstəqillik» adına nə yaradıldısa, onların hamısı formal xarakter daşıdı və faktiki olaraq ingilis siyasətinə xidmət etməyə başladı.
    Məsələn, parlament yaradıldı; parlament əslində milli iradənin təzahürü olmalıydı, amma Tomsonun iradəsindən başqa bir şey olmadı. Əvvəla parlaman Tomsondan icazə aldıqdan sonra təsis olundu; bu icazə verilmədiyi müddətcə təxirə salındı. Sonra parlamentin milli, sinfi tərkibinin necə olacağı, hansı fraksiyaların təmsil ediləcəyinə, hətta parlamentdə daşnaklara 27 yerin ayrılmasına qədər hər şeyə ancaq Tomson qərar verirdi.
    Tomson parlamentdə təmsil olunacaq bütün fraksiyaların rəhbərlərini qəbul edib onlardan ingilis kapitalına «sədaqət» sözü aldıqdan və ingilis kapitalının maraqlarının qorunacağıyla bağlı təminat aldıqdan sonra psevdo-parlamanın açılışına icazə verdi.
    Beləliklə də müsavatçılar Azərbaycanın «istiqlalını» Nuru paşadan, Osmanlı sarayından icazə alandan sonra elan etmişdirlərsə, parlamanın yaradılması barədə icazəni də general Tomsondan almışdılar.
    Rüsvayçılıq bununlada yekunlaşmırdı, Tomson müsavatçıları ələ salmaqda davam edirdi. Məsələn, Azərbaycan bayrağının parlament üzərində gündə neçə saat dalğalanacağından parlament iclaslarının neçə saat davam edəcəyinə qədər hər şey Tomsonun tərtib etdiyi qrafikə əsasən tənzimlənirdi. Beləki əgər Tomson deyirdisə ki, parlament üzərində bayraq 2 saat dalğalana bilər, deməli qoyulan vaxt başa çatan kimi bayraq endirilməliydi. Beləliklə də M.Ə.Rəsulzadənin «Bir kərə yüksələn bayraq, bir daha enməz» kəlamına baxmayaraq ingilis generalı müsavatçılara bu bayrağı hər gün qaldırtdırıb endirtdirirdi. Əgər Tomson deyirdisə ki, parlamanın iclası 4 saatdan artıq davam edə bilməz, deməli qoyulan limit tükənən kimi dərhal parlamanın işinə yekun vurulmalıydı. Hətta parlamanın açılış iclasının keçirilməsinə general Tomson cəmi 2 saat 30 dəqiqə vaxt vermişdi. Vaxt tamam olan kimi iclas bağlı elan olundu.
    İndi özünüz düşünün, əgər bir ölkənin parlamentinin, hökumətinin fəaliyyəti ingilis generalının əmri və tərtib etdiyi qrafiklə tənzimlənirdisə, əgər bir ölkədə hökumət öz bayrağını qaldırmaq üçün ingilis generalından icazə alırdısa və bayrağın gündə neçə saat dalğalana biləcəyini ingilis generalı müəyyən edirdisə, onda bu ölkədə hansı istiqlaldan, hansı müstəqil dövlətçilikdən danışmaq olardı?
    Nəinki hökumətin və parlamentin fəaliyyəti, hətta Azərbaycan vətəndaşlarının gündəlik fəaliyyəti də ingilis komandanlığının əmr və direktivləriylə tənzimlənirdi. Tomsonun əmrinə əsasən ingilis komandanlığının yazılı icazəsi olmadan küçədə on nəfərdən artıq adamın bir yerə toplaşması, hətta hansı məqsədlə olursa-olsun, qəti qadağan olunurdu. Bu o demək idi ki, hətta toy və yas mərasimləri kimi kütləvilik tələb edən tədbirlərə görə də gərək general-qubernatorun razılığı alınaydı. Belə çıxır ki, bəy gərdəyə girmək üçün general Tomsondan yazılı icazə almalıydı. Bu utancverici faktların fonunda təəssüflə qeyd etməliyik ik, 1918-20-ci illər Müsavat «istiqlalçılığı» nə yazıqlar ki, bundan o tərəfə getmirdi və bu tarixdə Azərbaycanda ingilislərin sözün ən ciddi mənasında ağalığı hökm sürürdü. Məsələn, ingilis general-qubernatorluğu istənilən Azərbaycan vətəndaşını, hətta heç bir əsas olmadan həbs edə və ölkədən sürgün edə bilərdi və edirdidə. Bunun üçün yerli hökumətdən nə icazə alınırdı, nə də məlumat verilirdi. Orduda hansısa casusu hökumət ifşa edib həbsə alırdısa, ingilislər onu Müsavat hökumətindən icazə almadan açıb sərbəst buraxırdı. Hətta ingilislərin bu özbaşınalığı elə dözülməz hədə çatmışdı ki, hərbi nazir Mehmandarov etiraz əlaməti olaraq I dünya müharibəsi zamanı təltif olunduğu bütün ingilis medallarından imtina etmişdir.
    Rəsmi Müsavat statistikasına görə ingilis işğalçıları cəmi 4 ay ərzində 15 milyon pud, ümumilikdə ikinci işğal dövründə 30 milyon puddan çox neft talan edib aparmışdılar ki, bu da o vaxtın qiymətləriylə 114 milyon manatdan çox vəsait demək idi. Bakı-Batum neft kəmərini ələ keçirən ingilislər nəticədə Azərbaycan neftinə nəzarət imkanı qazanmışdılar.
    Müsavat müstəmləkə üsul-idarəsi öz qurumlarını yerləşdirməyə bina tapmadığı halda, Bakının ən möhtəşəm tikililəri, o cümlədən Metropol mehmanxanası ingilis hərbçilərinin əsgəri qışlasına çevrilmişdi.
    İngilis və denikinçi cəlladların Lənkəran qəzasındakı vəhşiliklərinin həddi-hüdudu yox idi. Denikinçilər ingilis ordusunun fəal yardımına əsaslanaraq burada ağqvardiyaçıların qanlı diktaturalarını bərqərar etmişdilər. Lənkəran qəzası Azərbaycanda Müsavat rejiminin mövcud olduğu ilk bir il ərzində tamamilə yadelli işğalçıların nəzarətində olmuş və vəhşiliyin ən son «nailiyyətlərini» yerli əhali üzərində sınaqdan çıxaran ingilis və denikinçilərin təcrübə poliqonuna çevrilmişdir. İngilis və denikinçilər burada azərbaycanlıları, xüsuslədə kommunistləri darağacından asır, kisələrə salıb diri-diri dənizə atır, güllələyir, qadınları zorlayır, günün-günorta çağı kəndləri yandırıb talan edirdilər. Azərbaycan kəndlilərindən zorla qarət olunan milyonlarla pud taxıl və digər ərzaq növləri ingilis paraxodlarıyla Ənzəliyə, ingilis ordusunun qərargahına daşınıb aparılırdı. Nəticədə isə minlərlə azərbaycanlı aclıqdan tələf olurdu. Dəfələrlə Müsavat hökumətinə və parlamentinə şikayət olunsada əhalinin şikayətinə məhəl qoyulmadı.
    Bütün bu vəhşiliklərin müqabilində Müsavat rejimi nəinki ingilis komandanlığına rəsmi etiraz ünvanlamadı, hələ üstəlik ingilis cəlladlarıyla əməkdaşlıq edərək öz xalqına qarşı cinayətlərdə iştirak etdi. Hələ bu azmış kimi müsavatçı bəylər Tomsona məktub yazaraq yerlərdə Müsavat ordusunun tamamilə Antanta qoşunlarıyla əvəz olunmasını xahiş edirdilər. Görünür ingilislərin bu xalqın başına açdığı oyunları, müsibətləri olduqca az hesab eləyənlər varmış. Bunun nəticəsiydi ki, 1919-cu ilin avqustunda ingilislər ordularının böyük bir hissəsini Azərbaycandan çıxarmaq istəyəndə Müsavat hökuməti ingilis general-qubernatorundan işğal qüvvələrinin ölkədə saxlanılmasını xahiş edirdi. Bu, müsavatçıların öz xalqına–hər gün edam olunan, təhqir edilən, qız-gəlini zorlanan, kəndləri yandırılıb talan olunan–Azərbaycan xalqına qarşı tarixi cinayətiydi. Onlar öz kürsülərini, titullarını, bəy-xan nəsillərinin misilsiz sərvətini, cəmiyyətdəki imtiyazlı vəziyyətlərini qoruyub saxlamaq naminə Azərbaycan xalqını bütünlüklə pozğun ingilis əsgərlərinin sərəncamına verməyə hazır idilər. Müsavatçıların formal hakimiyyəti dövründə Azərbaycanın bütün bölgələrində, o cümlədən paytaxt Bakıda ingilis əsgərləri yerli əhaliyə qarşı həqarətli hərəkətlərə yol verir, onlarla ikinci, üçüncü sort insanlar kimi rəftar edirdilər.
    Müsavat dövrü sənədlərdə ingilis işğalçılarının Azərbaycanda törətmiş olduqları özbaşınalıqlarla bağlı istənilən qədər material mövcuddur. Belə rəsmi sənədlərin birində deyilir: «…«Luna» restoranının müdiri bildirmişdi ki, ingilis zabitləri özbaşınalıq edir, qalmaqal salır və dava qoparırdılar, stol və stulları küçələrə tullamağa çalışırdılar. Xidmətçilər onlara maneçilik göstərmiş, lakin xidmətçilərdən bəzilərini döymüşlər… 1919-cu il fevralın 5-də bazara satmağa ərzaq aparan Nardaran kəndinin bir qrup kəndlisini ingilislər qarət ediblər, birindən 160 manat, digərindən isə 470 manat pul alıb buraxıblar» (Fond 894, siyahı 2, iş 39, vər.79).
    Müsavat müstəmləkə polis üsul-idarəsi dövründə ingilis əsgərlərinin Bakı əhalisi üzərində panlıq (ağalıq) etmələriylə bağlı arxiv sənədlərinin birində deyilir: «Daha susmağa bizdə hövsələ yoxdur, heç kim şikayətimizə qulaq asmır, polis isə ingilislərin törətdiyi işlərə əsla qarışmaq istəmir. İngilis əsgərləri özlərini o qədər pis aparırlar ki, küçədə ingilis əsgərləri olduqda qadınlar bayıra çıxa bilmir. Əsgərlər sərxoş olur, küçələrdə veyillənir, adamları səkidən keçməyə qoymurlar, qadınlara sataşırlar. Teatr, sirk və kinolarda ingilislər birinci cərgələrdə oturaraq camaatın gözü qabağında şüşələrdən şərab içərək fit çalır, çığırırlar». (Azərb. SSR Mərkəzi dövlət arxivi, fond 894, siyahı 4, iş 93, vər.3).
    1919-cu il aprelin 1-nə aid olan bu arxiv sənədindən bir daha aydın olur ki, 1918-20-ci illər Müsavat müstəmləkə polis üsul-mdarəsi dövründə ingilislərin Bakıda hegemonluğu, özbaşınalığı elə nəzarət olunmaz hal alıbmış ki, ingilis əsgərləri küçədə sərxoşluq edəndə yerli əhali küçəyə çıxmağa qorxurmuş və hətta Müsavat polisi belə ingilis əsgərlərinin pozğun hərəkətlərinə göz yummaq məcburiyyətində qalırmış. Çünki onların ingilis əsgərlərinə qarşı hər hans bir tədbir görmək səlahiyyətləri yox idi. Heç təsadüfi deyildir ki, iki il ərzində ingilis əsgərləri saysız hesabsız cinayətlər, qanun pozuntuları, özbaşınalıqlar etsələr də Müsavat qurumları tərəfindən onlara qarşı hər hansı cinayət işi qaldırılmasıyla bağlı bir dənə də olsun fakt mövcud deyildir. Halbuki 2004-2007-ci ilərdə Amerika əsgərləri İraqda Əbu-Qreybdə iraqlıların başına hansı oyunlar açmışdılarsa, ingilis əsgərləri də 1918-20-ci illərdə azərbaycanlıların başına ondan betər oyunlar açmışdılar, amma bu cinayətlərin müqabilində onlara qarşı nəinki cinayət işi açılmırdı, hələ üstəlik Müsavat rejimi bu cinayətlərdə onlarla əməkdaşlıq edirdi.
    Müsavat parlamanının beş addımlığında park və baxçalarda hər cür əxlaqsız hərəkətlərə yol verən, camaatın gözü önündə hər cür pis əməllərlə məşğul olan ingilis əsgər və zabitləri sanki toxunulmaz, ali irqin nümayəndələriydi. Onların özbaşınalıqlarına qarşı heç bir dövlət qurumu ölçü götürmürdü.
    İngilis işğalçılarının özbaşınalığı elə qarşısıalınmaz hal almışı ki, onlar Müsavat rejimini saya salmayaraq Azərbaycanın böyük bir ərazisini–Naxçıvan, Şərur, Dərələyəz və Sürməlidən ibarət Araz-Türk respublikasını ləğv edərək (aprel 1919) Ermənistan Respublikasına bağışladılar. İngilis generalı Korinin bu qərarından narazılığını bildirmək üçün general-qubernator Tomsonun qəbulunda olan baş nazir Xoyski (İrəvan mahalının ermənilərə verilməsinin əsas təşəbbüskarı olmuşdur) heç bir şeyə nail ola bilmədi və yalnız N.Nərimanovun və kommunistlərə xüsusi simpatiyası olan Kazım Qarabəkir paşanın fədakar səyləri nəticəsində Naxçıvan, Sovet Azərbaycanı zamanı geri qaytarıla bildi.
    1919-cu ilin avqustunda ingilis komandanlığı işğalçı ordunun böyük bir hissəsini, əsgərlər arasında bolşevik əhval-ruhiyyəsinin güclənməsi səbəbiylə Azərbaycandan çıxarmalı oldu. Bakını tərk edən ingilis əsgərləri bütün müstəmləkələrdə olduğu kimi Azərbaycanda da özlərindən sonra vaqonlarla bakirəliyini itirmiş qadın qoyub getdilər.
    Hadisə şahidlərinin dediyinə görə ingilislər Bakını tərk edərkən qatarın arxasına xüsusi vaqon qoşdurublarmış. Bu vaqonda onlar Bakıda tanış olduqları qadınları özləriylə aparmağı nəzərdə tuturdular. Amma qatar hərəkət edəndə vaqon tərpənməyib yerində qalır. Məlum olur ki, ingilis zabitləri vaqonu gizlicə qatarın qoşqularından açdırıblarmış. Beləliklə ingilis zabitlərinin mindiyi qatar vağzalı tərk edib uzaqlaşır, zabitlər əl-qol hərəkətləri edib gülür, onları ələ salırdılar; pərt olmuş qadınlar aldadıldıqlarını bilib, vaqonlardan düşüb hərəsi bir tərəfə qaçır.
    Bu, Müsavat rejimi dövründə ingilis işğalçılarının yerli əhaliyə münasibətinin tipik nümunəsiydi. Amma bu onların Bakıda son sərgüzəşti olmadı. Beləki Müsavatın xahişi ilə ingilis ordusunun bir hissəsi Xəzər dənizində lövbər salmış və yalnız 1920-ci ilin aprelində Sosialist inqilabının yaxınlaşdığını hiss edib Ənzəli limanına çəkilmişdilər, amma əli boş getməmişdilər. İngilislər Xəzər donanmasının böyük bir hissəsini ələ keçirərək özləriylə aparmışdılar. Bu ingilislərin müttəfiqləri Müsavatçılara son sürprizi idi.
    Xalq hərəkatına qarşı «ağ terror» və represiya (1919-1920)
    Aərbaycanda Aprel sosialist inqilabı birdən-birə qısa zaman ərzində alovlanmadı. Bu inqilab uzun illərdən bəri davam edən, kəndli üsyanlarının, fəhlə tətillərinin, bir sözlə, xalq hərəkatının qanunauyğun nəticəsiydi, iki illik vətəndaş müharibəsinin xalqın xeyrinə uğurla başa çatdırılmış yekunuydu. 1918-20-ci illərdə Azərbaycanda hökm sürən dəhşətli irticaya baxmayaraq xalq hərəkatı heç bir zaman sönmədi, dahada alovlanaraq bütün ölkəni bürüdü.
    Məlumdurki hər bir inqilabın baş verməsi üçün hökmən inqilabi şərait mövcud olmalıdır. İnqilabi şərait isə özü-özlüyündə üç başlıca komponentdən, bir-biri ilə vəhdət təşkil edən üç başlıca amildən ibarət olur. Bunlardan birincisi aşağıların böhranıdır; birinci bölmədə apardığımız araşdırmalar inkarolunmaz bir faktı ortaya çıxardı ki, Aprel sosialist inqilabı ərəfəsində Aərbaycanda aşağıların böhranı mövcud idi, hansıki bu özünü sosial fəlakət səviyyəsinə çatmış iqtisadi vəziyətin ağırlığında, əhalinin aclıq və xəstəlik ucbatından kütləvi surətdə tələf olmasında, ölkədəki kəskin sosial qütbləşmə fonunda daha qabarıq büruzə verirdi. Başqa sözlə, əhali yoxsulluqdan yox, artıq total aclıq səbəbiylə kütləvi tələfatla üz-üzəydi. Ölkədə sözün əsl mənasında demoqrafik fəlakət yaşanırdı. Artıq sadə xalq kütlələri bu şəraitdə yaşamaq istəmir, dəyişmə tələb edirdi. Bu aşağıların böhranı idi.
    Yuxarıların böhranı isə Müsavat müstəmləkə polis rejiminin heç bir xalq dayağına sahib olmamasında, qeyri-legitim xarakter kəsb etməsində, neçə aydan bir sosial böhranla, hökumət böhranıyla üzləşməsində, faktiki olaraq axırıncı siyasi böhrandan sonra isə yeni hökumət kabineti təşkil edə bilməməsində və siyasi bankrotla üz-üzə qalmasında özünü büruzə verirdi. Qəzalar bütünlüklə Müsavat hökumətini tanımaqdan imtina edir, bəy-xan rejiminə vergi və əsgər verməkdən elliklə imtina edirdilər. Bölgələrdə Müsavatın hakimiyyəti dövlət binalarının kandarından uzağa getmirdi. Orduda inqilabi əhval-ruhiyyə hökm sürürdü. Hətta yuxarıların böhranı o həddə gəlib çatmışdı ki, ayrı-ayrı nazirlər, «Müsavat» və «İttihad» partiyalarında formalaşan sol qanadlar kommunistlərə açıqdan-açığa rəğbət bəsləyir, sovet əhval-ruhiyyəsini təbliğ edirdilər. Müsavat rejimində yuxarıların böhranını sübut etmək üçün bircə faktı xatırlatmaq kifayətdir ki, bu rejimin mənən necə böhran keçirdiyini sübut etsin. Beləki 1919-cu ilin əvvəli rejim üsyançılara «aministiya» verir, elan edir ki, kim silahı yerə qoyub Müsavatın tərəfinə keçsə hökumət ona yüksək vəzifə və təhlükəsizliyinə təminat verəcək. Maraqlıdırki bir nəfər də olsun qırmızı partizan Müsavatın tərəfinə keçmədi. Amma Müsavat hökumətinin hərbi naziri general Səməd bəy Mehmandarov hökumət başçısı Nəsib bəy Yusifbəyovla söhbətində «biz bolşeviklərlə döyüşməyəcəyik» deyib kommunistlərin tərəfinə keçir. General Mehmandarov Müsavat hökumət nümayəndələriylə birgə Azərbaycanı tərk etməkdən imtina edir və Bakıda qalaraq kommunistlərlə birgə işləyir.
    Fikir verin, ən sıravi üsyançı belə hökumətin yağlı vədlərinə inanıb müsavatçılar tərəfə keçmədiyi halda, Müsavat ordusunun komandanı heç bir şərt irəli sürmədən kommunistlərin tərəfinə keçir və əməkdaşlığa razılıq verir.
    Başqa bir fakt, 1919-cu il sentyabrın 11-də Müsavat məhkəməsi 15 nəfər qırmızı partizana hökm oxuyaraq onları 30 il həbs cəzasına məhkum edir. Dostlarının adından son söz alaraq çıxış edən Qara Yusif Əli oğlu görün dəmir barmaqlıqlar arxasından qanlı diktaturaya necə meydan oxuyur: «Bizi div ürəkli Qatır Məmməd tərbiyələndirmişdi. Biz onun dəstəsinə qoşulanda düşmənə yalvarmamağa, aciz olmamağa and içmişik. Zalımlar, siz bizə 30 il həbs cəzası kəsdiniz, onu bilin ki, əgər siz 30 gün yaşaya bilsəniz, biz də 30 il zindanda qalacağıq».
    Bu sıravi bir kommunist partizanın, xalq döyüşçüsünün öz mübarizələrinə bəslədiyi dərin inamdır, elə bir inam ki, hətta ölüm Damokl qlıncı kimi başları üzərini kəsəndə belə onları qanlı diktaturanın 30 gün ərzində çökəcəyinə inandırmışdı. Həbsxana kameralarında işgəncələrlə tədrici ölümə məhkum edilmiş bu insanlar son sözlərində belə Müsavat diktaturasına lənət yağdırır, inanırdılar ki, xarici ağalara arxalanaraq öz xalqı üzərində hegemonluq edən komprador (satqın) burjua rejimi qısa zaman ərzində çökəcəkdir. Bu, zindanlarda ölümə məhkum edilmiş qarmızı partizanın Müsavat tiraniyası üzərində mənəvi qələbəsiydi. Amma Müsavat rejiminin ən aparıcı liderləri belə öz səltənətlərinin gələcəyinə inanmırdılar. Məhz bu inamsızlığın nəticəsiydi ki, Müsavatın ideoloqu Məhəmməd Hadi belə kommunistlərin tərəfinə keçdi. Çünki Hadi çox yaxşı bilirdi ki, ingilis cəlladlarıyla əlbir olub öz millətinin qanını axıdan bir rejimin gələcəyi yoxdur.
    Müsavat rejimində yuxarıların böhranı elə bir kəskin xarakter aldı ki, 27 apreldə Azərbaycanda Sosialit Respublikanın qurulmasına müsavatçılar özləri səs verdilər.
    İnqilabi şərait üçün tələb olunan üçüncü amil–xalq kütlələrinin yüksək siyasi fəallığı isə özünü Aərbaycanın hər tərəfini bürümüş kəndli üsyanlarında və izdihamlı fəhlə tətilləriylə göstərirdi. Bu amil olduqca vacib idi. Çünki bu gün Aprel sosialist inqilabına qara yaxmaq istəyən bədxahlar məqsədyönlü şəkildə bu amilin mövcudluğunu inkar etməyə çalışırlar. Onlar tarixi faktları saxtalaşdıraraq iddia edirlər ki, Aərbaycanda baş vermiş Aprel sosialist inqilabı guya Aərbaycan xalqının daxili siyasi fəallığından yox, Sovet Rusiyasının «ekspansiya» siyasətindən doğulmuşdu. Başqa sözlə, Aprel sosialist inqilabı guya ölkə daxili siyasi fəallığın yox, Sovet Rusiyasının inqilabı ixrac siyasətinin nəticəsiydi. Bu böhtan xarakterli iddianın nə qədər absurd, nə qədər trixi həqiqətdən uzaq bir sayıqlama olduğunu sübut etmək üçün bəzi faktlara müraciət etmək yerinə düşərdi. Həm də bunlar elə faktlardır ki, Aprel sosialist inqilabı ərəfəsində Aərbaycanda xalq hərəkatının necə böyük vüsət alması müsavatçıların öz diliylə etiraf olunur.
    Məsələn, müsavatçı bəylər 1919-cu ildə Qafqazın general-qubernatoru Tomsona yazırdılar: «Gəncə və Qazax qəzalarında kəndli hərəkatı güclənmişdir… Kəndli hərəkatı başçıları hər iki qəzada hökmranlıq edirlər… Vəziyyət çox ciddidir, yerli hakimiyyət orqanları üsyançı kəndlilərə qarşı mübarizədə acizdirlər. Yubanmadan Müsavat ordusunu Müttəfiq dövlətlərin qoşun hissəsi ilə əvəz etmək lazımdır». (Azərb. SSR, MDA, fond 19, siyahı 4, iş 13, vər.1-2).
    Bu fakt inkarolunmaz şəkildə sübut edir ki, Müsavat müstəmləkə polis üsul-idarəsi zamanı Aərbaycanda kəndli hərəkatı elə kütləvi və qarşısıalınmaz xarakter almışdı ki, varlı mülkədarlar, xanlar üsyançı kəndlilər qarşısında Müsavat rejiminin acizliyini görüb, Antanta (İngiltərə, Fransa) qoşunlarının Aərbaycana yeridilməsini xahiş edirlər.
    Başqa bir faktda, 1919-cu il 26 fevral tarixli teleqramda isə Gəncə general-qubernatoru Vəkilov hərbi nazirə yazırdı: «Qatır Məmmədin hər dəqiqə artan dəstəsinin fəaliyyəti gündən-günə qorxunc vəziyyət alır. O, əsilzadələri, varlıları tamamilə qırmaq əzmindədir». (Azərb. MDA, fond 894, siyahı 9, iş 6, vər.4-6).
    Xatırladaq ki, bu teleqramdan cəmi 22 gün sonra general-qubernator Vəkilov üsyançıların Gəncəyə girməsi səbəbiylə postunu atıb Bakıya qaçır. General-qubernatorun fərariliyindən cəmi 15 gün əvvəl isə Gəncə qəza rəisi qubernator Vəkilova yazırdı: «Qatır Məmməd özünü Goran nahiyəsinin hakimi elan etmişdir. O əhaliyə tapşırmışdır ki, hökumət adamlarına nə çörək, nə arpa, nə də ot verməsinlər… Əhali yalnız onu eşidir». (Azərb. MDA, fond 6, siyahı 1, iş 437, vər.4-5).
    Bu fakt üsyançıların əhali arasındakı nüfuzundan xəbər verir, elə bir nüfuz ki, Qatır Məmməd şəxsiyyəti Aərbaycan kəndlisi üçün hökumət demək idi. Onlar öz hökumətləri kimi kəndli üsyanının rəhbərlərini tanıyırdılar.
    Üsyançı kəndlilərin qələbələrinin miqyası bir daha Müsavat rejimi dövründə kəndli hərəkatının hansı gücə və kütləviliyə malik olmasını sübut edir. Məsələn, üsyançılar hərbi nazir Xan Xoyskinin şəxsən rəhbərlik etdiyi nizami qoşun bölüyünü darmadağın etmişdilər ki, bu dava zamanı Xoyski öz canını güclə qurtarıb Bakıya qaçmışdı.
    1919-cu ilin yayında isə Qatır Məmmədin qırmızı partizan dəstəsi Tovuz stansiyasında Müsavat baş naziri Nəsib bəy Yusifbəyovu Tiflisə səfərə gedərkən vaqonuyla birlikdə girov götürmüş və yalnız tələbləri yerinə yetirildikdən sonra onu azad etmişdirlər.
    Bundan başqa, Qatır Məmmədin rəhbərlik etdiyi üsyançı kəndlilərin 1918-ci ilin yayında Nuru paşanın rəhbərlik etdiyi Osmanlı qoşununu məğlub edərək geri çəkilməyə vadar etməsi faktı da tarixi həqiqətdir. Bu isə bir daha sübut edirdi ki, Aərbaycanda kəndli hərəkatı elə gücə sahib idi ki, üsyançıların silahlı dəstələri imperiyaların, hökumətlərin sayseçmə nizami ordularıyla başa-baş mübarizə aparmaq iqtidarındaydı.
    Həmçinin 1919-cu il aprelin 25-də Lənkəran qəzasında baş vermiş kommunist qiyamı ingilis-denikin diktaturasının süqutuyla nəticələnmişdi ki, bundan sonra bütün torpaqlar yoxsul kəndlilərə paylanmışdı. Kommunist qiyamı dörd dövlətin 30 minlik nizami ordusu tərəfindən qan içində boğuldu.
    Qazax qəzasında baş qaldıran kəndli hərəkatı burada torpaqların kəndlilər arasında bölüşdürülməsiylə nəticələndi. Qəzalarda faktiki hakimiyyət üsyançıların təşkil etdikləri kəndli sovetlərinə məxsus idi. Belə bir fakt da maraqlıdır ki, 1920-ci il fevralın 11-12-də Bakıda Aərbaycan Kommunist Partiyasının I qurultayı zamanı Qazax qəzasını təmsil edən kəndlidən Dadaş Bünyadzadə soruşur ki, «Əgər biz bu günlərdə silahlı üsyan etsək sizin silahlı qüvvəniz çoxmu olacaqdır»? Kəndli cavabında «üsyan başladıqda məni və mənimlə birlikdə 14 min döyüşçünü siyahınıza daxil edin» demişdir.
    Həm də nəzərə almaq lazımdır ki, bu ancaq bir qəzadakı silahlıların sayı idi, hansıki bunun özü belə Müsavat süvari ordusunda qulluq edən əsgərlərin sayından 4 min nəfər çox idi.
    Bu, Müsavat müstəmləkə polis rejimi dövründə Aərbaycanda kəndli hərəkatının necə böyük kütləvilik qazandığının bariz göstəricisidir. Məşədi Göyüşün, Məşədi Qədirin, Kərik Hüseynin, Müseyib Əliyevin, Salman Əlibəyovun, Qatır Məmmədin və adlarını çəkmədiyimiz neçə-neçə xalq qəhrəmanının rəhbərlik etdikləri kəndli üsyanları bütün qəzaları əhatə edirdi.
    Ən əsası isə kəndli hərəkatı ancaq yerli mülkədarlara qarşı yox, bütövlükdə yadelli işğalçılara və onların yerli əlaltısı qismində çıxış edən Müsavat diktaturasına qarşı yönəlmişdi. Qatır Məmməd Müsavat diktaturasını nəzərdə tutaraq deyirdi: «…Bu hökumət bizim hökumətimiz deyildir. Biz bu hökumətdən kömək görə bilmərik. Bu hökumət bəylərin, xanların, mülkədarların hökumətidir. Bizim hökumətimiz isə fəhlə və kəndlilər hökumətidir».
    Bu Aərbaycanda vüsət alan kəndli hərəkatının siyasi və ideoloji cəhətdən yetkinliyinin əyani sübutuydu. Kəndlilər ancaq torpaq tələbiylə kifayətlənmirdilər, onlar həm də Sosialist Respublika uğrunda mübarizə aparırdılar.
    Eyni coşqun siyasi fəallıq və hərəkat ruhu Bakı şəhərinin küçə və meydanlarınada hakim kəsilmşidi. Baxmayaraqki ölkədə istibdad hökm sürürdü, yadelli işğalçıların və onların yerli nökərlərinin terror və diktatura rejimi mövcud idi, bununla belə Aərbaycan Kommunist firqəsi bircə anlığa da olsun mübarizəni dayandırmadı. 1918-20-ci illərdə Aərbaycanda yadelli işğala qarşı mübarizə aparan yeganə siyasi qüvvə kommunist hərəkatıydı. Bu qürurverici fakt öz əksini o dövrün sənəd və materiallarında da tapırdı. Məsələn, 1918-ci ilin dekabrında Bakıda təsis olunmuş Mərkəzi Fəhlə Konfransındakı çıxışlarda deyilirdi: «Biz Bakı fəhlələri uzun illər boyu Nikolay üsul-idarəsi ilə yorulmadan mübarizə apardığımız kimi, indi də ingilis imperialist cəlladları ilə daha inadlı mübarizə aparacağıq».
    Bu mübarizə özünü Bakıda tez-tez alovlanan fəhlə tətillərində də göstərirdi. Ayrı-ayrı müəssisələrdə başlanan silsilə tətillər nəhayət 1918-ci il dekabrın 24-də ümumşəhər tətilinə çevrildi. Tətilin birinci günü Bakı şəhərinin 28 iri sənaye müəssisəsində çalışan 15180 fəhlədən 11801 nəfəri, yəni təxminən 75%-i tətilə qoşuldu. Dekabrın 27-də tətilin axırıncı günü isə tətil hərəkatı Bakının 36 iri sənaye müəssisəsini əhatə etmişdir ki, buraya dəniz və dəmiryol fəhlələrini də əlavə etsək tətil iştirakçılarının ümumi sayının 15 min nəfəri ötməsi demək idi.
    Ola bilsinki bəziləri düşünəcək ki, 1903-cü ildə 50 minlik tətil keçirmiş bir şəhər üçün 1918-ci ilin dekabrında keçirilmiş 15 minlik tətil elə də böyük nailiyyət deyil. Amma nəzərə alandakı 1918-ci il dekabr tətili ingilis cəlladlarının Bakının Parapet meydanında kommunistləri darağacından asdığı, tətil hərəkatının isə Tomsonun əmriylə tamamilə qadağan edildiyi bir şəraitdə baş tutmuşdur, onda belə bir terror və diktatura şəraitində şəhərin ən böyük sənaye müəssisələri işçilərinin 75-80%-ni tətilə çıxarmağın necə böyük bir hadisə olduğunu qeyd etməyə ehtiyac qalmır. Dekabr tətili ingilis işğalçılarının Bakıdakı ağalığına böyük zərbə idi. Cəmi 1,5-2 ay əvvəl Bakıda fəhlə tətillərini, yığıncaqlarını qadağan edən ingilis işğalçıları dekabr tətilindən sonra geri addım atmaq məcburiyyətində qaldılar və fəhlələrin xeyrinə bir sıra ciddi güzəştlərə getdilər. Beləki fəhlə tətilləri və fəhlələrin siyasi fəaliyyətinə qoyulmuş qadağalar yığışdırıldı, siyasi dustaqlar və tətil zamanı həbs olunanların böyük əksəriyyəti azad edildi. İngilis komandanlığı tətildə iştirak etmiş fəhlələrin cəzalandırılmayacağıyla bağlı öhdəlik götürdü.
    Hətta Z.Tağıyev tətildə iştirak etdiklərinə görə işdən qovduğu fəhlələri bir ay sonra kommunistlərin təzyiqiylə yenidən işə bərpa etmək məcburiyyətində qaldı.
    İndi bir sıra tarixçilər iddia edirlər ki, dekabr tətili ingilis işğalı əleyhinə yönəldiyindən bunu Müsavat rejimindən narazılıq kimi başa düşmək olmaz. Əslində isə tətilin ingilis işğalçılarına qarşı yönəlməsi heç də əhalinin guya Müsavat rejimindən narazı olmaması anlamına gəlmir. Tətilin başlıca olaraq ingilislər əleyhinə yönəlməsinin sadəcə bir səbəbi var idi ki, bu da həmən dövrdə Bakıda hakimiyyətin de-fakto və de-yure ingilis işğalçılarının əlində olmasıydı. Beləki ingilis işğalçıları şəhərə daxil olan günü Tomson özünü Bakının general-qubernatoru elan etmişdi. Tomsonun yaxın köməkçiləri mayor Braun dəniz nəqliyyatına, Kokkerel isə şəhər polisinə rəhbərlik etməyə başladılar. Bir sözlə, hakimiyyət ingilislərin əlindəydi. Belə olduqda isə narazlıq da onlara qarşı yönəldi, amma bu narazlıqdan Müsavat müstəmləkə polis üsul-idarəsi də öz nəsibini aldı. Çünki müsavatçılar ingilis işğalçılarıyla əlbir olduqlarından dekabr tətili həm də komprador burjua rejiminə zərbə idi.
    Müsavat rejiminin rəsmi orqanı olan «Azərbaycan» qəzeti isə milli xəyanət yolu tutaraq ingilis işğalına bəraət qazandırır, ingilisləri Azərbaycan xalının qoruyucusu kimi qələmə verirdi. Bu xəyanətin davamı kimi Müsavat rejimi ingilislərin diktəsiylə Xəzər hərbi donanmasının bir hissəsini diktator Denikinə bağışlamağa razılıq verir.
    Bu xəyanətkar sövdələşmədən xəbər tutar-tutmaz gəmilərin inqilabi əhval-ruhiyyəli ekipaj üzvləri «Qars», «Ərdəhan», «Leytenant Şmidt», «Göytəpə», «Astrabad» gəmilərini qaçıraraq dənizə açılırlar. Bu hadisə 1919-cu il martın 1-də baş verdi. Gəmilər Nargin adasının arxasına çəkilərək gizlədildilər. Tomson qiyamçı gəmilərə təslim olmaq, əks təqdirdə isə suya batırılacaqlarıyla bağlı ultimatum göndərir. Bunun ardınca isə ingilislər Bakıda fövqəladə vəziyyət elan edib şəhərin strateji nöqtələrində top və pulemyotlar quraşdırırlar. Liman işçiləri həbs olunurlar.
    İngilislərin hərbi güc nümayişi qarşısında borclu qalmayan kommunistlər də əzələ nümayişinə fəhlə tətilləriylə başladılar. İşğalçılar vəziyyətin gərginləşdiyini görüb güzəştə getmək məcburiyyətində qaldılar, həbs edilmiş dənizçilər azadlığa buraxıldı.
    Ümumiyyətlə 1918-ci il dekabr ümumşəhər tətilindən sonra heç elə ay olmurdu ki, Bakının sənaye müəssisələrində tətil qeydə alınmasın və bu tətillərdə bir qayda olaraq müəssisə işçilərinin 80%-ə qədəri iştirak edirdilər.
    İngilis-Müsavat rejimi dövründə ən böyük tətil dalğası 1919-cu ilin may ayına təsadüf etdi. Müəyyən fasilələrlə mayın 1-dən 12-dək keçirilən tətildə ümumilikdə 60 mindən çox fəhlə və qulluqçu iştirak etdi ki, bu da miqyasına görə məşhur 1903-cü il tətilini belə ötüb keçirdi. Müqayisə üçün deyək ki, 1903-cü ildə 50 min insanın qatıldığı Bakı tətilini Avqust Bebel həmən il üçün dünya fəhlə hərəkatında iki əlamətdar hadisədən biri kimi səciyyələndirmişdi.
    Məhz 1919-cu ilin mayında Bakıda kommunistlərin təşkil etdiyi 60 minlik ümumşəhər tətili onların xalq arasında necə böyük nüfuza malik olduqlarının praktiki sübutuydu. «Rədd olsun ingilis komandanlığı», «Yaşasın Sovet hökuməti», «Yaşasın Sovet Azərbaycanı», «Yaşasın Sosialist inqilabı» şüarlarıyla keçirilən may tətilləri Müsavat-ingilis rejiminə qarşı etiraz aksiyasına çevrildi. Bütün şəhərdə sanki həyat durmuşdu. Poçt, teleqraf, apteklər, mağazalar bağlanmış, konka və şəhər nəqliyyatı fəaliyyətini dayandırmış, su kəmərində və elektrik stansiyalarında çalışanlarında tətilçilərə qoşulması paytaxtın təsərrüfatını iflic vəziyyətinə salmışdı. Dəniz nəqliyyatı, dəmiryol işçiləri, mədən fəhlələri, zavod və fabriklər hamılıqla tətilçilərə qoşulmuşdular.
    587 nəfər elektrik işçisinin hamısı tətilə qoşulduğundan şəhərə elektrik verilməsi tamamilə dayandırılmışdı. Müsavat və ingilislərin elektrik işçilərini silah gücünə işə qaytarmaq cəhdləri də boşa çıxdı. Vəziyyətin nəzarətdən çıxdığını görən ingilislər şəhərə çoxlu sayda silahlı və zirehli texnika yeritmişdilər. Müsavat baş naziri Usubbəyov silahlıları tətilçilərə qarşı daha sərt tədbirlər görməyə çağırırdı. Parlament hökumətə «tətili ləğv etmək üçün həbsə almağa və sürgün etməyədək bütün səlahiyyətləri vermişdi».
    Müsavatçıların tətil hərəkatını parçalamaq üçün sifarişli şəkildə yaradıb dövriyyəyə buraxdıqları «Sarı həmkarlar» da bir işə yaramadı.
    Vəziyyətin qarşısıalınmaz olduğunu görən ingilis və müsavatçılar daha məkrli təxribat planı işləyib hazırladılar. May ayının 7-də ingilislər bulvara çoxlu miqdarda silah-sursat boşaldırlar və iddia edirlər ki, guya bu silahları Həştərxandan kommunistlərə göndəriblər ki, onlar burada «Azərbaycanın istiqlaliyyətini» məhv edib müsəlman hökumətini devirsinlər və bu bəhanəylə də tətilçilərin kütləvi həbsinə başladılar. Burada diqqət cəlb edən əsas məqamlardan biri odur ki, Azərbaycanın istiqlalını tanımayan, hətta istiqlal sözünü bəyanatlardan çıxartdıran, bu ifadəni işlətdiyinə görə «Azərbaycan» qəzetini təkzib verməyə məcbur edən ingilis işğalçıları nədənsə may tətilinin əzəmətini görən kimi Azərbaycan «istiqlalının» müdafiəsinə qalxdılar. Əslində isə mətləb başqaydı; fəhlə hərəkatına divan tutmaq, Azərbaycanda Sosialist inqilabının gerçəkləşməsinə imkan verməmək və vassal Müsavat hökumətinin əliylə Azərbaycanda ağalığını sürdürmək. Heç təsadüfi deyil ki, «Belaya» barkasına silahlar elə ingilislərin özü tərəfindən yüklərmişdi və sözügedən gəmi Bakı limanına may hadisələri zamanı yox, az qala bir il öncə, 1918-ci ilin avqustunda gəlmişdi.
    İngilis-Müsavat təxribatı ap-açıq ortadaydı. Bu təxribatdan sonra kommunistlərin həbsinə başlandı, bəzən hətta bütünlüklə ailələr həbsə alınırdılar. Tətil komitəsinin 64 fəal üzvü tutularaq mərkəzi həbsxanaya salındı. Mayın 12-də tətil dayandırıldı. Müsavat və ingilis əsgərləri fəhlələri silah gücünə işə qaytarır, başlarının üstünü kəsib silah zoruna işlədirlər.
    Bu gün bəzən belə ittihamlar eşidilir ki, guya may tətillərində, ümumiyyətlə Müsavat rejimi dövründə baş qaldıran fəhlə hərəkatında müsəlman fəhlələr çox az iştirak edirdilər və guyaki bu hadisələrin hamısı əslində rus və erməni fəhlələrinin fəaliyyətinin nəticəsiymiş. Başqa sözlə, kommunistlərin guya müsəlman fəhllər arasında nüfuzu yox imiş.
    Bu tip ittihamların tarixi həqiqətdən çox uzaq şər və böhtan olmasını sübut edəcək bir neçə fakta müraciət edək.
    Əvvəla bu danılmaz faktdır ki, 1919-cu il may tətilləri zamanı Tağıyevin fabrikində çalışanların yarıdan çoxu tətillərə qoşulmuşdu və bu zaman ən gec tətili dayandıran da məhz Tağıyev fabrikinin müsəlman fhlələri oldu. Beləki tətil mayın 12-də dayandırılsada, Tağıyev fabrikinin fəhlələri həbs olunan yoldaşları azadlığa buraxılmayacağı təqdirdə tətilin müddətsiz davam edəcəyini bəyan etdilər və mayın 16-da həbs olunan dostları azadlığa buraxılıb işə qayıtdıqdan sonra tətili sona çatdırdılar.
    Bundan başqa, Müsavat hökumətinin rəsmi orqanı olan «Azərbaycan» qəzeti özünün 1919-cu il 16 may tarixli 140-cı nömrəsində kommunistlərin müsəlman fəhlələr arasındakı nüfuzunu etiraf edərcəsinə yazırdı: «Tağıyevin fabriki «Deputatlar Sovetinin şöbəsidir», burada… onlar bolşevizmi müvəffəqiyyətlə aşılayırlar. Tağıyevin və fabrik müdriyyətinin bütün səyləri heç bir nəticə vermir, bolşeviklər öz rişələrini çox dərinlərə işlətmişlər».
    Bəli, fabrik müdriyyəti hətta fiziki işgəncə belə verirdi (deməli təkcə Deputatlar Sovetinin yox, həmçinin gestaponun şöbəsi), amma bütün bu fiziki cəzalara, hədə-qorxulara baxmayaraq müsəlman fəhlələri yenə də tətil hərəkatına qoşulurdular.
    Yenə Müsavatın rəsmi orqanı «Azərbaycan» qəzetindən başqa bir etiraf: «…son zamanlar yerli demokratiyanın bütün təbəqələrində bolşevizmə tərəf bir meyl hiss edilməkdədir… Məsələn, Fəhlə Konfranslarında olmaq kifayətdir. Hamı bolşeviklərin nitqini həvəslə dinləyir, kommunistlərin təklif etdiyi qətnamələr asanlıqla qəbul olunur» («Azərbaycan» qəzeti, 1919-cu il, 20 mart).
    Fakt budur. Müsavatçılar özləri kommunistlərin əhali arasında, həm də müsəlman əhali arasında nüfuzunun necə gücləndiyini öz dilləriylə belə etiraf edirdilər.
    Bu gün kommunist tarixində «erməni izi» axtaranlar nədənsə may tətilinə qarşı mübarizədə Müsavat-daşnak həmrəyliyindən danışmaq istəmirlər. Son dərəcə diqqət cəlb edən faktdır ki, 1919-cu il may tətilləri zamanı Azərbaycan parlamentindəki Müsavat və daşnak fraksiyaları vahid cəbhədə birləşmişdilər. İstər Müsavatçı, istərsə də daşnak deputatlar həmrəylik nümayiş etdirərək (1918-ci il mart qırğınları ərəfəsində olduğu kimi) parlament tribunasından fəhlə hərəkatına qanlı divan tutmağa çağırışlar edirdilər.
    1919-cu ilin 13 iyun və 14 avqust tarixlərində yenidən Bakını kommunistlərin təşkilatçılığıyla fəhlə mitinq və tətilləri bürüdü. Şəhərdəki bütün poçt, teleqraf idarələri, şəhər nəqliyyatı, dəmiryol və dəniz nəqliyyatı, zavodlar, fabriklər fəaliyyətlərini dayandıraraq tətilə qoşuldular. Müsavatçı baş nazir Usubbəyov tətilçiləri hədələyərək fəhlələrə qarşı silahdan istifadə olunacağıyla bağlı bəyanatlar verirdi.
    Ümumilikdə isə Müsavat rejimi dövründə fəhlə hərəkatı yüksələn xətlə inkişaf edirdi. Məsələn, əgər 1918-ci ilin son 3 ayında Bakıda 15 min tətilçi var idisə, 1919-cu ildə tətilçilərin sayı 100 mini keçdi ki, bu da Bakıda olan fəhlə və qulluqçuların ümumi sayına bərabər idi. Əgər biz buraya tətilçilərin ailə üzvlərini də əlavə etsək, onda əminliklə deyə bilərik ki, Bakı əhalisi tamamilə inqilabi qüvvələrin tərəfinə keçmişdir.
    Aprel sosialist inqilabı ərəfəsində Bakıda siyasi fəallıq o dərəcədə yüksək idi ki, hətta müsəlman şərq tarixində ilk dəfə çadralı qadınlar da kommunist «Hümmət» təşkilatının bayrağı altında siyasi tətillərə qoşularaq Müsavat polis rejiminə qarşı ayaqlanırdılar.
    Bu, Şərq tarixində o dövrə qədər görünməmiş hadisə idi. Müsavat rejimi sözdə qadınlara hüquqlar verdiyini iddia etsə də, faktiki olaraq qadın ev dustağıydı və yalnız 1919-cu ilin mayında kommunist «Hümmət» təşkilatının rəhbərliyi ilə qadınların Şərqdə ilk izdihamlı nümayişi oldu. Çadralı qadınların nümayişi axşamayaxın qoçuların və Müsavat polisinin iştirakıyla dağıdıldı.
    Bu hadisə kommunistlərin əhali arasında nüfuzunu dahada artırdı.
    Bir sözlə, aprel Sosialis inqilabı ərəfəsində Azərbaycanda inqilabi şəraiti şərtləndirəcək üç ən vacib elementdən biri olan əhalinin, kütlələrin yüksək siyasi fəallığı amili də möğcud idi. Əgər 1918-ci ilin əvvəlində Azərbaycan qəzalarının ancaq yarıya qədərində kəndli üsyanları cərəyan edirdisə, 1919-cu ildə ölkədə kəndli üsyanları bütün qəzaları bürümüşdü. Bakı sənaye rayonunda isə demək olar ki, hər ay fəhlə tətili qeydə alınırdı.
    Gədəbəydə mis emal zavodunda fəhlələrin tətili 2 ay davam etdi ki, bu da Müsavat rejimi dövründə ən uzunmüddətli tətil kimi tarixə düşdü.
    Əgər bir ölkədə kəndli üsyanları bütün qəzaları bürümüşdürsə, əgər bütün ölkə miqyasında mövcud müstəmləkə polis üsul-idarəsinə qarşı kütləvi surətdə vətəndaş itaətsizliyi hökm sürürdüsə, qəzalar elliklə vergidən, əsgər mükəlləfiyyətindən imtina edib hökumət nümayəndələrini silahla qarşılayırdılarsa, faktiki olaraq ölkədə vətəndaş müharibəsi gedirdisə və bu vətəndaş müharibəsində baş verən silahlı toqquşmalar baş nazirin girov götürülməsiylə, hərbi nazirin döyüş meydanından qaçmasıya, qubernator və pristavların öz xidməti postlarını atıb Bakıya qaçmasıyla müşayət olunurdusa, bu ölkənin paytaxtında dövrün ən izdihamlı fəhlə tətilləri keçirilirdisə və rejim baş verən silsilə hökumət böhranlarından sonra yeni hökumət kabineti təşkil edə bilmirdisə, onda necə iddia etmək olar ki, Aprel inqilabı üçün guya Azərbaycan daxilində heç bir siyasi fəallıq, heç bir inqilabi şərait yox idi.
    Yüz illərdən bəri Şərqdə susqunluğun, ətalətin, hüquqsuzluğun simvoluna çevrilmiş qadınlar belə kommunist bayrağı altında meydanlara, siyasi mitinqlərə can atırdısa, bundan sonra görəsən bəzi «kor tarixçi»lərə daha hansı fakt lazımdır ki, onlar Aprel inqilabı ərəfəsində Azərbaycandakı inqilabi şəraiti görə bilsinlər.
    Məgər axırıncı hökumət böhranından sonra yeni hökuməti qurmaqda səlahiyyətləndirilmiş Hacınskinin koalisyon hökumət üçün kommunistlərə müraciət etməsi, artıq kommunistlərsiz hakimiyyətin mümkün olmadığının açıqca etirafı və ifadəsi deyildimi? Məgər bu fakt deyilmiki kommunistlər xəyanət koalisiyasına daxil olmaqdan imtina etdikdən sonra yeni kabinetin təşkili mümkünsüz oldu və Müsavat rejimi fiaskoya uğradı.
    Əhalinin kommunistlərə bəslədiyi rəğbət bir yana dursun, hətta işğalçı ordunun əsgərləri arasında kommunistlərə simpatiya o qədər güclüydü ki, ingilis komandanlığı Müsavat rejiminin bütün yalvarışlarına, xahişlərinə baxmayaraq ordusunun böyük bir hissəsini Azərbaycandan çıxarmaq məcburiyyətində qaldı. Bakı kommunistlərinin təşkilatçılığıyla imperializm və işğalçılar əleyhinə keçirilən silsilə fəhlə tətilləri öz işini gördü; ingilis işğalçıları az bir qism hərbi kontingenti saxlamaqla qalan qoşunlarını ölkəmizdən çıxarmalı oldular. Bu kommunistlərin qələbəsiydi.
    Müsavatın rəsmi orqanı olan «Azərbaycan» qəzeti etiraf edirdi ki, 1919-cu il 1 may mitinqində ingilis əsgərləri kommunistlərin nitqini alqışlarla qarşılayırdılar və elə həmən ayda işğalçı ordunun komandanlığı kommunistlərə qarşı vuruşmaqdan imtina edən bir neçə ingilis əsgərini güllələtmiş, daha 200 ingilis əsgərininsə ayaqlarına qandal vurub Ənzəlidəki ingilis hərbi bazasına sürgün etmişdi.
    1918-20-ci illərdə Azərbaycanda əhali arasında siyasi fəallığın yüksək dərəcədə olmasını sübut edən bir digər xüsusiyyət diktatura şəraitində inqilabi mətbu nəşrlərin çoxçeşidliliyi idi. Beləki müstəmləkə polis rejiminin bütün təqiblərinə, represiyalarına baxmayaraq kommunistlər qırmızı mətbuatın nəşrini və yayımını olduqca müvəffəqiyyətlə təşkil edə bilmişdirlər. Müsavat diktaturası şəraitində Azərbaycanda aşağıdakı kommunist qəzetləri nəşr olunmuşdur: Mərkəzi fəhlə konfranslarının xəbərləri, Kommunist al bayraq, Füqəra, Füqəra sədası, Azərbaycan füqərası, Məşəl, Oktyabr inqilabı, Nabat, Molot, Trud, Qolos truda, Molodoy proletari, Molodoy raboçi, Raboçaya molodyoj, Novı mir, Bednota, Raboçi put, Proletari və s.
    Bundan başqa çoxlu adda kommunist təşviqat materialları, kitablar və kitabçalar da, hansıki gizli şəkildə Bakıda çap olunurdular, inqilabi ideyaların əhali arasında təbliği üçün əvəzolunmaz rol oynayırdılar.
    Ağ terrorun və xarici işğalın hökm sürdüyü kiçik bir ölkədə gizli fəaliyyətə baxmayaraq bu qədər adda qəzet və digər nəşr nümunələrinin çapı bir daha Aprel sosialist inqilabı ərəfəsində əhalinin geniş siyasi fəallığının əyani sübutuydu.
    Əgər kimlərinsə beynində Aprel sosialist inqilabı ərəfəsində Azərbaycanda inqilabi şəraitin, güclü xalq hərəkatının hökm sürmüş olduğunu şübhə altına alacaq ən kiçik bir tərəddüd varsa, qoy onda belələri Müsavat rejiminin, Osmanlı-alman koalisiyasının, ingilis imperiyasının, denikinçi Rusiyanın, İrin şah rejiminin və onların himayədarlıq etdiyi saysız-hesabsız quldur dəstələrinin 1918-20-ci illərdə Azərbaycan xalqına qarşı həyata keçirdikləri və yüz minlərlə insanın ölümünə, deportasiya olunmasına, aclıqdan tələfinə səbəb olan ağ terror və represiya vəhşiliyinin miqyasıyla, şiddəti və amansızlığıyla tanış olsunlar. Onda onlar görəcəklər və anlayacaqlar ki, nə üçün və niyə altı dövlətin (İngiltərə, İran, Denikinçi Resiya, Osmanlı-alman ittifaqı, Müsavat rejimi) təpədən dırnağacan silahlanmış ordusu 23 ay ərzində kiçik bir məmləkəti qılıncdan keçirmiş, güllələmiş, darağacından asmış və aclıq kəndiriylə boğmuşdurlar.
    İngilis cəlladı Devinin Azərbaycandakı qırmızı kəndli hərəkatına divan tutmaqla bağlı 1 №-li əmrində deyilirdi: «Torpaqlar öz keçmiş sahiblərinə qaytarılmalıdır. Buna qarşı çıxanlar edam ediləcəklər. Müqavimət göstərən kəndlər və məhəllələr qanun xaricində elan edilərək atəşə tutulacaq və qılıncdan keçiriləcəklər».
    Hər cümləsi, hər sözü qanla yazılmış bu əmr əslində bütöv bir xalq barəsində imperializmin çıxardığı ölüm hökmüydü. Müsavatdan tutmuş denikinçilərə, İran kazaklarına, Osmanlıya, ingilislərə qədər bütün əksinqilab cəbhəsi 1918-20-ci illərdəki 23 ay ərzində Azərbaycanda ancaq və ancaq bu edam hökmünün icrasıyla məşğul oldular. Nəticədə ölkə əhalisi 400 min nəfərə qədər azaldı. Bu altı dövlətin birləşərək kiçik bir ölkədə həyata keçirdikləri ağ terror və qanlı represiyanın 23 aylıq dəhşətli mənzərəsiydi. Onlar kefləri necə istəyirdisə elə də öldürürdülər; tətbiq olunan edam növləri: 1) darağacından asmaq, 2) güllələmək, 3) başını kəsmək, 4) kisəyə salıb dənizdə batırmaq, 5) ayaqlarından asaraq öldürmək, 6) döyə-döyə, fiziki işgəncələrlə öldürmək, 7) ac və susuzluqla öldürmək, 8) tikə-tikə doğramaq və s.
    Kütləvi məhv etmə üsulları: diri-diri ot tayasına doldurub yandırmaq, top və pulemyot atəşləriylə yeddidən yetmiş yeddiyə bütöv kəndləri əhalisiylə birlikdə məhv edib qılıncdan keçirmək və s.
    Bir sözlə, 6 dövləti təmsil edən cəza dəstələri 1918-20-ci illərdə Azərbaycan xalqı üzərində ölüm və vəhşiliyin bütün növlərini sınaqdan çıxardılar.
    Məsələn, Osmanlı-alman cəza dəstələri tərəfindən həbs olunmuş kommunist M.Məmmədyarov «ölüm düşərgələri» haqqındı belə danışırdı: «Yoldaşlarımızdan çoxu bu işgəncələrə tab gətirə bilməyib dəyənək zərbəsindən öldülər… Sultan Əliyev həlak oldu. O, sözün tam mənasında qan aparmaqdan öldü. Nizami Səttar oğlu, Hacı Əli Məmməd oğlu, Fərəməz Həmzə oğlu, Ağaverdi (hamısıda kommunistlərdir-red.) və başqaları da aclıqdan və kötəkdən öldülər…».
    1918-ci il 14 oktyabr tarixli sənəddə isə vurğulanırdı ki, «türk polis agentləri hər gün fəhlələr arasında kütləvi axtarışlar və həbslər aparırlar, hər yerdə inqilabçıları axtarır, tapır, güllələyirlər…». (Milli işlər üzrə Xalq Komissarlığı məlumat şöbəsinin Bakıdakı vəziyyətlə bağlı 1918-ci il 14 oktyabr tarixli icmalından).
    Nəticədə 5-6 aylıq Osmanlı-alman işğalı dönəmində minlərlə fəhlə və kəndli kommunist hərəkatıyla bağlılıqda ittiham edilərək darağacından asıldı, güllələndi, həbsxanalara salındı.
    Müsavat müstəmləkə polis üsul-idarəsi dövründə Azərbaycanda kommunistləri öldürməyə görə heç bir cinayət məsuliyyəti nəzərdə tutulmurdu, əksinə, məşhur inqilabçılardan kimisə tutub polisə təhvil verərdisə, ən qatı cinayətkarın belə bütün cinayətləri bağışlanırdı. Məsələn, 15 dinc vətəndaşın qatili qoçu Əjdər axtarışda olan Əli Bayramovu tutub Müsavat jandarmeriyasına təhvil verdiyi üçün əvvəl etdiyi bütün cinayətlər bağışlandı. Başqa bir müsavatçı teleqraf idarəsinin rəisis məşhur kommunist inqilabçı Haşım Əliyevi və Mirfəttah Müsəvini qətlə yetirmiş və 50 min manat girov pulu ödədikdən sonra həbsxanadan buraxılaraq İrana keçməsi təşkil edilmişdi. Müsavat polisi heç bir məhkəmə, istintaq işi aparmadan Əli Bayramovun başını kəsərək qətlə yetirmişdi.
    Müsavatçı bəylər Haqverdi ağa Adıgözəlbəyov və Hacı Quşbazoğlu 1919-cu ildə Goranboy Əhmədlidə məşhur inqilabçı Qatır Məmmədin ailə üzvləri də daxil olmaqla (anası, qardaşı, əmisi və s.) 40 nəfərdən çox kəndlini vəhşicəsinə qətlə yetirmiş və buna görə onların heç birinə cinayət işi belə açılmamışdır.
    Qazax bəyləri inqilabçı Salman Əlibəyovu gecə evinə gələrkən pusquya salaraq qətlə yetirmiş və buna görə onların heç biri məsuliyyətə cəlb olunmamışdır.
    Nəinki ayrı-ayrı şəxslər məhkəməsiz, istintaqsız güllələnirdi, hətta bütövlükdə kəndlər «qiyamçı» elan olunur, top-pulemyot atəşləriylə yer üzündən silinirdilər.
    Gəncə qəza rəisi qubernatora yazırdı: «…qoşuna üsyançı kəndlilərin və hökumətə tabe olmayan digər şəxslərin evlərini top atəşinə tutmağa, habelə onların əmlakını dövlətin xeyrinə müsadirə etməyə… ixtiyar verilməsini acizanə xahiş edirəm». (MDA, fond 19, siyahı 3, iş 437, vər.574; iş 46, vər.163).
    Gəncə qubernatoru Vəkilov isə daxili işlər nazirinə yazırdı: «Mən çox istərdim ki, lap bu gün hərbi nazirlik Yuxarı Salahlı və Aşağı Əskipara kəndləri üzərinə top və pulemyotlarla qoşun hissəsi yeritsin…». (MDA, fond 894, siyaşı 2, iş 39, vər.96).
    Nəzərə alsaq ki, Müsavat müstəmləkə polis üsul-idarəsi zamanı (1918-20) bu tip cəza dəstələri kəndli üsyanlarına divan tutmaq məqsədiylə Azərbaycanın bütün qəzalarına və bu qəzalara aid əksər kəndlərə yeridilib, onda Müsavat hakimiyyətinin əvvəlində 1,8 milyon nəfər kəndlinin olduğu bir ölkədə iki il sonra kəndlilərin sayının nə üçün 250 min nəfər azalaraq 1,5 milyon nəfərə düşməsinin səbəbi aydın olar.
    Məsələn, Müsavat irticası 1919-cu ilin ortalarında təkcə Sadıllı kəndində 65 evi dağıtmış, 29 nəfəri isə ot tayasına dolduraraq diri-diri yandırmışdılar. Yenə həmən tarixdə Müsavatın jandarm rəisi Sarı Ələkbər və quldur Bəhmənli Qəmbərə aid ölüm manqası bir neçə gün ərzində Gəncə qəzasında 9 kəndi dağıtmış, qarət etmiş, əhalinin bir hissəsini isə güllələmişdilər.
    «Molot» qəzeti özünün 1919-cu il 23 iyul nömrəsində yazırdı ki, «…Çoxlu kənd top atəşinə tutulub tamamilə alovlar içində yandırılıb dağıdıldı. Əhalinin malı talan edilib Gəncədə satılır».
    Denikinçilər və ingilislər Azərbaycanın şimalında və cənubunda ağ terror rejimlərini bərqərar etdikdən sonra minlərlə insanı məhv etdilər. Onlar kommunistləri kisələrə doldurub dənizə atır, darağacından asır, güllələyirdilər. Hətta ölüm əzabı daha uzun sürsün deyə inqilabçıları ayaqlarından asırdılar və saatlarla davam edən əzab nəticəsində Azərbaycanın ən vətənpərvər, ən cəsur oğulları dar ağacında xırıldaya-xırıldaya can verirdilər.
    İşğalçılar günün günorta çağı kəndləri dağıdır, əmlakı qarət edir, uşaqları və kişiləri işgəncələrlə öldürür, qadınları isə kütləvi şəkildə zorlayırdılar. Müsavat rejimi isə bu talan və qətliyamlara görə işğalçılara nəinki etiraz etmirdi, hələ üstəlik ingilislərin diktəsiylə Dağıstandakı denikinçi diktaturaya yardım göstərir, onları neft, ərzaq, top gülləsi və s. ilə təmin edirdi.
    Sovet Rusiyasının Xalq Xarici işlər komissarlığının 1919-20-ci illər hesabatında Müsavat rejiminin denikinçi cəlladlara yardımı haqqında deyilirdi: «…Azərbaycan burjua Müsavat hökumətinin Denikinə göstərdiyi yardımlar daha real idi; bu hökumət Denikin üçün əsgərlər toplanmasına yol verdi… Əmttə mübadiləsi haqqında Denikinin nümayəndələri ilə danışıqlar apardı. Bu hökumət öz limanlarından Denikin gəmilərini sərbəst surətdə buraxaraq Azərbaycanın Samur çayına qədər olan şimal hissəsinin könüllü ordu tərəfindən işğal edilməsinə sakitcəsinə yanaşdı…».
    Müsavatın bu yardımlarının müqabilində isə denikinçilər Azərbaycanın şimal və cənub hissəsində azərbaycanlıları qarət edir, güllələyir, darağacından asırdılar.
    1919-cu il aprelin 25-də Lənkəran qəzasında ingilis-denikin işğalına qarşı baş qaldırmış kommunist qiyamını qan içində boğmaq üçün dörd dövlətin–İngiltərə, İran, Denikinçi Rusiya, Müsavat diktaturasına və saysız-hesabsız quldur dəstələrinə məxsus təpədən-dırnağacan silahlanmış 30 mindən çox nizami ordu birləşmələri 3 ay müddətində qəzada terror müharibəsi aparmış, nəticədə minlərlə insan tələf olmuşdu. İngilislər dənizdən üsyançıları top atəşinə tutmuş, qurudan hücuma keçən Müsavat, Denikin hərbi birləşmələrinə isə İran şah rejimi dəstək vermişdir. Yaxşı silahlanmış 2 paraxod İran kazakı üsyançılara divan tutma kompaniyasında yaxından iştirak etmişdilər.
    Aşur adaya sığınmış və artıq müqavimət göstərmək iqtidarında olmayan üsyançıların üzərinə qəssablar görün neçə dövlətin cəza dəstələrini göndərdilər.
    İngilis donanması hər tərəfdən mühasirəyə alınmış adaya fasiləsiz surətdə top mərmiləri yağdırırdı. İran, Denikin, Müsavat cəza dəstələri isə adaya daxil olaraq inqilabçılara qanlı divan tutdular. Bir qism güllələndi, qalanları isə Denikinin «ölüm katorqası» hesab edilən Petrovskiyə aparılaraq orada edam edildilər.
    1918-20-ci illər ağ terror və represiya dalğasının əsas xüsusiyyətlərindən biri odur ki, istər imperialist dairələr, istərsədə Müsavat polis rejimi xalq hərəkatını qan içində boğmaq üçün quldur dəstələrinin xidmətindən geniş istifadə edirdilər. Quldur Hüseyn Tatoğlu, Bəhmənli Qəmbər, quldur Hüseyn Ramazanov belələrindən sadəcə bir neçəsiydi.
    Məsələn, quldur Ramazanov kəndləri qarət edir, yandırır, uşaqları və qocaları tikə-tikə doğratdırır, qadınları zorlayırdı. O Astarada özünəməxsus terror rejimi bərqərar etmişdi. 1919-cu ilin yayında Müsavat hökuməti quldur Ramazanovun köməyinə 1000 nəfərlik nizami qoşun bölməsi göndərmişdi. Məqsəd Astarada kommunistlərə divan tutmaq idi.
    Bəylər, xanlar, varlı mülkədarlar silahlı quldur dəstələri təşkil edir, üsyançı kəndlilərə divan tutur, qətliyamlar törədir, bütün bu etdiklərinin müqabilində isə heç bir cinayət məsuliyyəti daşımır, əksinə, Müsavat müstəmləkə polis rejimi tərəfindən tam himayə edilirdilər.
    Gəncə Şeyxülislamı Pişnamazəddin 1919-cu ildə Qızılhacılarda kəndli üsyanının qan içində boğulması işinə şəxsən rəhbərlik etmiş, çoxlu sayda yoxsul kəndlinin qətliyamına səbəb olmuşdu. Halbuki o dini rəhbər idi və üsyanı yatırmaq səlahiyyəti yox idi. Amma o cübbəyə bürünmüş cəllad kimi dinc insanların ölümünə hökm verirdi.
    Müsavat polisi inqilabçıların tutulub məhv edilməsində qoçuların xidmətindən geniş istifadə edirdi.
    Müsavat rejimi dövründə xalq hərəkatına qarşı represiya elə amansız şəkil almışdı ki, hətta kommunist sözünü işlətmək və ya Müsavat pristavına salam verməmək üstündə belə adamları həbsxanalara salır, işgəncə verirdilər. Lənkəran qəza rəisi R.Kərimbəyov, pristav Tahirov kəndliləri heyvan kimi döyür, qadınları və qızları zorlayır, pristava salam verməyəni, bolşevik-kommunist sözü işlədəni həbsxanaya salırdılar.
    Lənkəran qəzasında kommunist qiyamı yatırıldıqdan sonra şəhərə daxil olan denikinçi cəlladlar düz iki həftə, 1919-cu il iyulun 24-dən avqustun 8-nə kimi Lənkəranı qarət etmiş, çoxlu sayda əhalini qətlə yetirmişdilər.
    Lənkəran Müsavat rejiminin nəzarətinə keçdikdən sonra isə burada terror və represiyanın başında xüsusi xəfiyyə polisi dayanmış, qətl və qarətlər, həbslər davam etmişdir.
    1918-20-ci illərdə diktatura və terrorun hökmranlığı şəraitində təkcə insanlar yox, həmçinin səhiyyə obyektləri, kitabxanalar, yeməkxanalar, bir sözlə, insanların toplaşdığı bütün iaşə obyektləri də represiyadan öz nəsibini aldı. Müsavatçılar kitabxanaları, aptekləri, səhiyyə obyektlərini, yeməkxanaları da «qiyamçı» elan edirdilər.
    Məsələn, Müsavat hökumətinin səhiyyə nazirliyinə aid 1919-cu il 4 sentyabr tarixli əmrində Lənkərandakı bütün səhiyyə obyektlərinin ləğvi tələb olunurdu. (Kommunist propaqandası hesab edildiyindən).
    Daxili işlər naziri isə Zaqatala dairəsi general-qubernatoruna ünvanladığı 1920-ci il 10 mart tarixli teleqramında «Qaxda, Zaqatalada və Balakəndə bolşevizm təşviqatı yerlərinə çevrilmiş qiraətxanaların, yeməkxanaların təcili olaraq» bağlanmasını tələb edirdi.
    Həbsxanalar siyasi dustaqlarla dolub daşırdı. Müsavat rejimi dövründə Bakıdakı bir tək mərkəzi həbsxanada 10 mindən çox dustaq saxlanırdı ki, onlarında böyük əksəriyyəti siyasi motivlərlə həbs olunanlar idi. Həbsxanalar özü-özlüyündə «ölüm düşərgəsini» xatırladırdı. İnsanlar buraya islah olunmağa yox, tədriclə və əzabla ölməyə göndərilirdilər. Siyasi məhbuslar işgəncələr nəticəsində tanınmaz hala salınır, döyülə-döyülə öldürülür, sui-qəsd yoluyla aradan götürülürdülər.
    Məsələn, qırmızı kəndli hərəkatının rəhbərlərindən və Qatır Məmmədin silahdaşlarından olan məşhur partizan Məşədi Qədir 1919-cu il sentyabrın 29-da həbsxanada müsavatçılar tərəfindən zəhərlənərək öldürüldü. Bu sözün tam mənasında siyasi terror aktı idi, hansıki bu metoddan əvvəllər çar zindanlarında siyasi məhbuslara qarşı geniş istifadə olunurdu. Beləki xalq qəhrəmanı Qatır Məmmədin bir neçə ailə üzvü məhz çar zindanında bu metodla məhv edilmişdilər.
    Fəhlə-kəndli hərəkatının görkəmli nümayəndəsi Müqtədir Aydınbəyov isə müsavatçılar tərəfindən zindanda döyülə-döyülə öldürüldü (1918-ci il).
    Kommunist partiyasının üzvü Sultan Əliyev isə 1918-ci ilin oktyabrında Bakıda həbs olunaraq Gəncə zindanına göndərilmiş və orada müsavatçılar və türk işğalçıları tərəfindən əzablarla öldürülmüşdü.
    Onuda qeyd edək ki, bu şəxslərin hamısı istintaqsız, məhkəməsiz qətlə yetirilirdilər.
    1919-cu il avqustun 25-də Lənkəranda kommunistlərə qarşı yeni bir represiya və terror maşını–«Xəfiyyə şöbəsi» yaradıldı. İşi inqilabçıları tapıb məhv etmək olan bu dövlət terror maşını çoxlu sayda kommunisti məhv etdi. Məhv olmaqdan canını qurtaranlar isə Müsavat zindanlarında dəhşətli işgəncələrə məruz qaldılar. Ağayev, Xasıyev, Axundov, Osipov və s. bir çox məşhur inqilabçılar həbsxanada günlərlə ac, susuz saxlanır, döyülür, çılpaq soyundurularaq təhqir olunurdular.
    Qazax qəzası kəndli hərəkatı rəhbərlərindən Salman Əlibəyov Müsavat zindanlarında ona verilən işgəncələr haqqında belə yazırdı: «Məlum şərəfsiz bəylər və xanlar… onların buyruq qulu olan türklərin köməyi ilə yeddi aydan artıqdır ki, mənə divan tuturlar. Mənə dəhşətli əzab və işgəncə verirdilər, isti yay günlərində içməyə su vermirdilər, susuzluqdan huşumu itirirdim; gecələr, hamı yatandan sonra məni açarla döyürdülər, saçlarımı yolurdular. Etibarlı mənbələrdən xəbər tutmuşam ki, tezliklə həbsxananın özündəcə mənim həyatıma qəsd edəcəklər».
    Müsavat hökuməti 1918-20-ci illərdə Azərbaycanda məktəb, xəstəxana, kitabxana tikintisinə, səhiyyə və təhsilə xərclənən pullardan qat-qat çox vəsaiti həbsxanalara, polisin və cəza dəstələrinin saxlanmasına, xalqa qarşı müharibəyə xərcləyirdi. Onlar heç bir zavod, heç bir təsərrüfat yaratmadılar, əvəzində isə yüz minlərlə insanın arzu və ideallarını onların özüylə birlikdə dəfn etdilər. Bu faktın özü bir daha Müsavat rejiminin terrorçu və repressiv mahiyyətini açıb göstərir.
    İmperialistlər və müsavatçılar xalq hərəkatına ancaq həbsxanalarla, darağaclarıyla, top və pulemyotlarla divan tutmurdular, onlar on minlərlə insanı ərzaq və qiymət terroruyla məhv edirdilər. Bu o deməkdir ki, işğalçı dövlətlərin və onların əlaltısı olan Müsavat polis rejimi inqilabi ideyalarla ayağa qalxan xalq kütlələrini diz çökdürmək üçün məqsədyönlü şəkildə ölkədə aclıq törədirdilər. Çünki aclıq kəndiri xalqları boğmaq üçün tarixən sınaqdan çıxmış əsas vasitələrdən biriydi. Əvvəlcə Osmanlı-alman işğal qüvvələri Azərbaycan xalqını qarət edib taxılını və ərzaq məhsullarını daşıyb apardılar. Evində bir günlük istifadədən çox ərzaq saxlayanları darağacından asmaqla əslində onlar bütün əlavə ərzağı müsadirə etmiş olurdular ki, bu da nəticədə ölkədə aclığa səbə oldu.
    Məsələn, o dövrün arxiv materiallarında bu barədə deyilir: «Türk zabitləri Ağdamdan taxıl, paltar və başqa şeylər ehtiyatını çəkib aparırdılar (MDF, fond 277, siyahı 1, iş 1, vər.28) və bu qaydada talanlar bütün ölkədə aparılırdı. Ərzaq ehtiyatları qarət olunub xaricə daşınan Azərbaycanı isə aclıq məhv edirdi. Eyni ərzaq terrorunu ingilislər və denikinçilər də davam etdirirdilər. Onlar zorla qarət etdikləri taxıl və digər ərzaq mallarını ölkədən xaricə çəkib aparırdılar. Nəticədə on minlərlə insan aclıqdan və aclığın səbəb olduğu xəstəliklərdən tələf oldu.
    Müsavat rejiminin də öz xalqına qarşı apardığı ərzaq və qiymət terroru heç bir cəhətdən işğalçıların anoloji tədbirlərindən geri qalmırdı. Beləki Müsavatçılar üsyançı kəndliləri diz çökdürmək, onları aclığa məhkum edərək təslim olmağa məcbur etmək məqsədiylə kəndlilərin taxıl zəmilərini və otlaqlarını yandırıb məhv edirdilər. Məsələn, 1919-cu ilin ortalarında Müsavat cəza dəstələri üsyan etmiş Qazax kəndlilərinə və Çaylı icmasına divan tutmaq məqsədiylə bir neçə kəndi dağıdıb 100 ha taxıl zəmisini və otlağı yandırdılar. Süni aclığın törədilməsinə xidmət edən bu tip tədbirlər demək olar ki, bütün qəzalarda həyata keçirilirdi. Nəticədə 1918-20-ci illərdə Müsavat tiraniyası zamanı 200 min hektar suvarılan torpaq yararsız hala düşdü. Əkin sahələri 1919-cu ildə 1914-cü illə müqayisədə 23% azaldı.
    Fikir verin, Müsavat bəy-xan rejimi yüz minlərlə hektar suvarılan əkin sahəsinin boz çöllərə çevrilməsinə razıydı, amma acından ölən Azərbaycan kəndlisinin bu torpaqları əkməsinə yox. Müsavatçılar və onların xarici ağaları 23 ay Azərbaycan kəndlisini ona görə qanına qəltan etdilər ki, kəndlilər bu torpaqları əkib-becərmək istəyirdilər.
    Bu faktın özü bir daha sübut edir ki, 1918-20-ci illərdə Azərbaycanda baş verən aclıq məqsədyönlü şəkildə, süni surətdə Müsavat müstəmləkə polis rejimi tərəfindən törədilmiş və xalq hərəkatını aclıq kəndiriylə boğmaq məqsədi daşımışdır.
    Qiymət terroruda eyni güclər tərəfindən eyni məqsədlərlə yönləndirilən müharibə formasıydı. Düzdü, sözügedən dövrdə qiyəmtlərin bahalaşmasının bir sıra obyektiv səbəbləri var idi, amma bu faktordan fəhlə hərəkatını parçalamaq üçün istifadə etmək, əhalidə fəhlə tətillərinə qarşı mənfi rəy formalaşdırmağa çalışmaq, alovun üzərinə benzin tökərcəsinə spekulyasiyalarla qiymət bumunu daha da şiddətləndirmək qaranlıq mətləblərdən xəbər verirdi ki, bu da bizə deməyə əsas verir ki, qiymət terroru xalq hərəkatına qarşı düşünülmüş mübarizə formasıydı. Müsavat rejiminin nəzarətində olan qəzetlər mütəmadi şəkildə şaiyələr yayır və qymətlərin bahalaşmasına süni təkan verirdilər. Nəticədə 1919-cu ilin ikinci yarısında Azərbaycanda, xüsusilə də Bakıda qiymətlər kəskin bahalaşdı. Məsələn, çörək 100%, yağ 200%, süd 200%, balıq 150% bahalaşdı.
    Müsavat rejimi bir tərəfdən qiymətlərin bahalaşmasına süni surətdə təkan verir, digər tərəfdən isə propaqanda vasitələrindən istifadə edərək əhali arasında belə bir rəy formalaşdırmağa çalışırdı ki, guya qiymətlərin kəskin surətdə bahallaşmasının səbəbi fəhlə tətilləridir. Bununla da fəhlə hərəkatında parçalanma yaratmaq, əhalini fəhlə tətillərinə qarşı qaldırmaq və vətəndaşların əli ilə fəhlə hərəkatını boğmaq kimi məkrli niyyətin həyata keçirilməsi hədəflənirdi.
    1918-ci ilin noyabrında Tomson Azərbaycanda fəhlə tətilini, fəhlə hərəkatını qadağan edən əmr vermişdi. Bu əmrdə deyilirdi: «Bütün tətilçilər, bolşeviklər və fəhlələri tətilə təhrik edənlər, çaxnaşma salanlar cəzaya məhkum ediləcək. Mənim yazılı icazəm olmadan hansı məqsədlə olursa-olsun, on nəfərdən artıq adamın bir yerə yığışması qadağan olunur».
    Amma nə bu sərt əmrlər, nə də darağacları fəhlə hərəkatını buxovlaya bilmədi, nəticədə ingilislər və müsavatçılar həmişə olduğu kimi təxribata əl ataraq süni qiymət bahalaşmalarından (qiymət terroru) və aclıq faktorundan (ərzaq terroru) xalq hərəkatını parçalamaqda, fəhlə hərəkatında daxili parçalanma yaratmaqda istifadə etdilər. Bu amillər kommunistlərin rəhbərlik etdiyi xalq hərəkatına qarşı siyasi texnologiyalardan istifadə olunması demək idi.
    ABŞ və ingilis imperialistlərinin Qafqazda, xüsusilədə Azərbaycanda inqilabi hərəkata qarşı istifadə etdikləri bir digər xüsusi texnologiya nümunəsi süni milli münaqişələr törətmək və inqilabi mübarizəni milli münaqişələrlə əvəzləmək planıydı. Bu plan öz qısa ifadəsini ingilis generalı Denstervilin əsərində belə tapır: «onlar (Zaqafqaziya xalqları-red.) taqətdən düşənə qədər bir-birini qırmaqda davam etməlidir, bəlkə bundan sonra biz orada qayda yarada bilərik». (Denstervil: «Britanskiy imperializm v Baku i Persii 1917-18», səh.107).
    Bu ABŞ və İngiltərə başda olmaqla Antantanın Qafqazda siyasətiydi. Bu planın baş aktyorları isə daşnaklar, müsavatçılar, gürcü millətçiləri və s. digər millətçi təmayüllər idi. Başqa sözlə, daşnaklar və müsavatçılar, həmçinin gürcü millətçiləri Antanta planının baş aktyorları idilər və yekunda ingilis siyasətinə xidmət edirdilər.
    İngilislər bu millətlər arasında ərazi mübahisələrini bilərəkdən məqsədli surətdə elə «həll» edirdilər ki, nəticədə milli münaqişələr baş qaldırırdı. Bu zaman ingilislər eyni vaxtda həm azərbaycanlılara, həm də ermənilərə silah verib bir-birinə qırdırırdılar. Məqsəd Qafqazda inqilabi mübarizəni milli münaqişələrlə əvəzləmək və Şərqdə kommunist inqilabının baş verməsini əngəlləmək idi.
    Bu baxımdan 1917-20-ci illər arasında Qafqazda baş qaldıran milli münaqişələr və bu zaman ölən, didərgin düşən yüz minlərlə insan etnik münaqişələrin, soyqırımların yox, əslində ağ terrorun qurbanlarıydı, çünki milli pərdəyə bükülmüş bu oyunların arxasında əslində kommunizmə qarşı mübarizə planı yatırdı. O zaman heç kəsə sirr deyildi ki, süni milli münaqişələr ingilislərin əliylə yaradılır və ingilislərin əliylə də dayandırılır. 1919-cu il martın 5-də Fəhlə Konfransında Qafqazda milli münaqişələrin səbəbi barədə deyilirdi: «Daşnak-müsavt münaqişələri və toqquşmaları ingilis generallarının diktəsiylə həyata keçir və onların əmri ilə dayanır… Qardaş qırğınını dayandırmaq üçün ingilislərin bir ifadəsi kifayətdir».
    Sonralar 1923-cü ildə SSRİ Xalq Xarici İşlər Komissarı Çiçerin öz nitqlərinin birində daşnak cəlladı Androniki Antantanın agenti kimi xarakterizə edirdi və bu amil bir daha göstərir ki, Qafqazdakı milli münaqişələrin baş aktyorları, əslində, millətlərin qanını kimlərin geo-siyasai maraqları naminə axıdırmış.
    Ümumiyyətlə süni milli münaqişələr hər zaman inqilabi hərəkatı zəiflətmək üçün istibdad qüvvələrinin əlində bir vasitə olmuşdur; 1905-07-ci illər erməni-müsəlman qırğınlarından çar istibdadı, 1917-20-ci illər qırğınlarından isə ABŞ-İngiltərə imperialistləri inqilabi hərəkatları boğmaq üçün istifadə etmişdirlər.
    İstər Müsavat, istər daşnak, istərsədə gürcü millətçiləri hər zaman bu böyük oyunun kiçik «peşkaları» qismində çıxış etmişdirlər. 1919-cu il avqustun 26-da ingilislər Bakıdan və Qafqazdan öz ordularını çıxararkən «Qafqaz triosu»nun (Müsavat, daşnak, gürcü menşevikləri) avqustun 28-də Müttəfiqlərin Baş Şurasına müraciət edərək bəyanat vermələri ki, «ingilislər Qafqazı tərk etməsinlər» və onların bu xahişinə əsasən də bir qism ingilis qoşun hissələri Bakıda və Qafqazda saxlandı, bir daha sübut edirdi ki, istər müsavatçılar, istər daşnaklar, istərsə də gürcü menşevikləri bölgədə Antantanın sadiq nökərləridirlər və onlar yekdilliklə Qafqazda ingilis fitnəsinin davamını istəyirlər. Deməli onlar həmdə ingilislərin alovlandırdığı süni milli münaqişələrin davam etməsini istəyirdilər və bu münaqişələrdə maraqlıydılar. İstər daşnaklar, istər müsavatçılar bir-birinin timsalında xarici düşmən obrazı yaradır və əhalini bu xarici düşmənə qarşı səfərbər etmək və beləliklədə ölkədaxili inqilabi hərəkatdan yayındırmaq istəyirdilər.
    ABŞ və İngiltərənin Qafqazda, xüsusilədə Azərbaycanda inqilabi mübarizəni milli münaqişələrlə əvəz etmək ssenarisi yüz minlərlə insanın deportasiyasına və çoxlu sayda insanların məhvinə səbəb oldu, hansıki istər daşnaklar, istərsədə müsavatçılar süni surətdə törədilən bu münaqişələrdə imperializmin əlaltısı qismində çıxış etmiş və bütün bu qırğınlara görə məsuliyyət daşımışdırlar.
    Bir sözlə, dünya imperializmi və onların yerli əlaltıları kommunist inqilabının genişlənməsini dayandırmaq üçün bütün iyrənc vasitələrə; müharibələrə, terror və represiyalara, süni milli münaqişələrə, məqsədli şəkldə törədilmiş aclıq və qiymət teroruna qədər, bütün cəza və mubarizə üsullarına qədər hər bir üsula əl atırdılar.
    «Səkkiz çarxlı ölüm maşını» (alman-osmanlı ittifaqı, ABŞ-İngiltərə impenializmi, denikinçi Rusiya, İran şah rejimi, Müsavat müstəmləkə polis üsul-idarəsi, Daşnak-Ararat terror maşını və bu qüvvələr tərəfindən maliyələşdirilən, silahlandırılan, himayə olunan quldur dəstələri) 1918-20-ci illərdə kiçik bir məmləkətin kommunizmə olan inam və istəyini qan içində boğmuş, yarım milyona qədər insanı məhv və deportasiya etmiş, Azərbaycanın bağrında daşnak terror dövlətini qurmaqla bölgəni qan dəryaçasına çevirmişdilər. Biz Vyetnamda, Koreyada kommunist hərəkatını qan içində boğmaq istəyən dünya imperializminin milyonlarla insanı necə məhv etdiyini eşitmiş və oxumuşuq, amma heç vaxt bilməmişdik ki, ən böyük «xalakostu», ən böyük «Vyetnam cəhənnəmi»ni imperializm 8 dövlətin ordularıyla Azərbaycanda 1918-20-ci illərdə, həmdə bütün qəddarlığıyla yaratmış və həyata keçirmişdir.
    «Səkkiz çarxlı ölüm maşını»nın Azərbaycanda kommunistlərin rəhbərlik etdiyi xalq hərəkatına divan tutmaq üçün aparmış olduğu «ağ terror» müharibəsi ölkəmizə 402 min nəfər insan itkisinə başa gəldi. Şəhər əhalisi 155 min nəfər azalaraq 560 min nəfərdən 405 min nəfərə, kənd əhalisi isə 247 min nəfər azalaraq 1 milyon 793 min nəfərdən 1 milyon 546 min nəfərə düşdü. Bundan başqa Qərbi Azərbaycan torpaqlarında Osmanlının və Müsavatın iştirakıyla yaradılmış Ararat Respublikasında hakimiyyətdə olan «ağ terror» rejimi 1918-20-ci illər ərzində daha 600 min azərbaycanlını deportasiya etmiş, qətlə yetirmişdir.
    Bu tükürpədici rəqəmlər imperializmin əliylə Qafqazda və Azərbaycanda kommunist inqilabına divan tutmaq məqsədiylə bərqərar edilmiş «ağ terror» rejimlərinin iki illik «faydalı iş» əmsalıydı.
    1918-20-ci illərdə səkkiz dövlətin birbaşa iştirakıyla Azərbaycanda Qırmızı Xalq hərəkatına qarşı aparılan ağ terror və represiya müharibəsi 636 kəndi yer üzündən sildi, 30 mindən çox kəndli evi dağıdılıb məhv edildi, yüz minlərlə insan öldürüldü, deportasiyaya məruz qaldı. Ağ qvardiyaçı cəlladlar minlərlə kommunisti darağacından asdı, güllələdi, tikə-tikə doğradı, diri-diri ot tayasına basıb yandırdılar, kisələrə doldurub dənizə atdılar, boğazlarından barkasların, paraxodlaran arxasınca sürüyərək məhv etdilər. Çoxlu sayda kommunist ingilis və Denikin işğalçıları tərəfindən vəhşicəsinə istintaqsız və məhkəməsiz bir şəkildə, işgəncələrlə öldürülüb cəsədləri Xəzər sularında batırıldı.
    Ağ terrorun «səkkiz çarxlı ölüm maşını» Bünyad Sərdarov, Əli Bayramov, Məşədi Əzizbəyov, Səməd Cəfəroğlu, Haşım Əliyev, Mirfəttah Musəvi, Sultan Əliyev, Hacı Əli Məmmədoğlu, Fərəməz Həmzəoğlu, Nizami Səfəroğlu, Müqtədir Aydınbəyov, Ağaverdi, Qatır Məmməd, Məşədi Qədir, Dəli Mahmud, Kərbəlayi Əsgər, Məşədi Göyüş, Salman Əlibəyov kimi minlərlə kommunisti xüsusi amansızlıqla məhv etdi.
    Bütün bu cəhənnəm ssenariləri, kütləvi infaz səhnələri, fasiləsiz işləyən ağ terrorun ölüm maşını minləri, on minləri, yüz minləri ölümə məhkum etsədə Azərbaycan xalqının al bayraqlı sabaha olan inamını öldürə bilmədi, xalqın mübarizə əzmini sındırammadı. 23 ay öz xalqına qarşı elan olunmamış müharibə aparan, bütün sosial problemləri darağacının, şallağın hesabına həll etmək istəyən, on minlərlə insanı ölümə məhkum edən Müsavat müstəmləkə polis rejimi əslində bu cinayətləriylə özü-özünə ölüm hökmü çıxarmış olurdu.
    Ağ terror xalq hərəkatının sıralarını seyrəltmədi, dahada sıxlaşdırdı; zəiflətmədi, dahada möhkəmləndirdi; parçalaya bilmədi, dahada birləşdirdi. 1920-ci il fevralın 11-12-də Müsəlman Şərq dünyasında dönüş anı oldu. Şərqdə ilk dəfə Azərbaycanda kommunist təşkilat və qruplaşmalar vahid təşkilatda–Azərbaycan Kommunist Partiyasında (AKP) birləşdilər və qürurlu haldır ki, Şərqin ilk Kommunist Partiyası Azərbaycanda, Bakıda yarandı və bu bir daha göstərdi ki, ABŞ-İngiltərə başda olmaqla dünya imperializminin Azərbaycanda apardığı dəhşətli terror və represiya heç də səbəbsiz və təsadüfi xarakter daşımır. Onlar çox yaxşı görürdülər ki, Azərbaycan məzlum Şərqdə kommunizmin bayraqdarı və etibarlı qalasıdır. Məhz bu qalanı dağıtmaq üçün onlar 1918-20-ci illərdə 100 minlərlə insanı məhv edib 600 mindən çox azərbaycanlını departasiyaya məruz qoymuş, Qafqazda oyuncaq terror rejimləri bərqərar etmişdilər.
    AKP ölkəmizdə sosializmin həyata keçirəcək başlıca mərkəz funksiyasını icra edirdi. O üsyançı kəndlilərlə fəhlələrin inqilabi mübarizəsini koordinasiya edir, birləşdirirdi.
    AKP Azərbaycanda sosialist inqilabını həyata keçirəcək mərkəz idi. Bu mərkəzin tabeçiliyində Hərbi İnqilabi Komitə yaradıldı. İnqilabi Komitənin rəhbərliyinə qiyabi olaraq Nəriman Nərimanov seçilsədə, silahlı üsyana rəhbərlik Çingiz İldırıma həvalə olundu. Ancaq bu o demək deyildi ki, kommunistlər yalnız bu tarixdən sonra, yəni 1920-ci ilin fevralından başlayaraq inqilab barədə fikirləşməyə başladılar. Əslində silahlı üsyana hazırlıq illərlə davam etmişdi. Əgər biz 1918-20-ci illər tarixini təhlil etsək görərik ki, Azərbaycanda üsyansız və tətilsiz keçmiş bir gün belə olmamışdır. Məsələn, Müsavat hökumətinin hərbi naziri Mehmandarov baş nazirə məktubunda etiraf edərcəsinə yazırdı: «Heç elə bir ay olmur ki, üsyan etmiş kəndlərin kəndlilərini sakitləşdirmək üçün mülkü hökumət orqanlarına yardım etməkdən ötrü bir-iki-üç dəfə qoşun çağırılmasın» (MDA. fond 81, s.894p. s.2, iş 71, vər.32).
    Bu kəndli üsyanlarının hamısı qırmızı partizan hərəkatının nümayəndələri tərəfindən idarə olunur və kommunist hərəkatıyla üzvü surətdə əlaqədə inkişaf edirdi. Bu isə bizə deməyə əsas verir ki, istər Qatır Məməd hərəkatı olsun, istərsədə bigər qəzalardakı kəndli hərəkatları olsun, bunların hamısı «26 aprel» silahlı üsyanı üçün baş məşq, məktəb idi. Başqa sözlə, Aprel inqilabı 1918-ci illər Azərbaycanda baş qaldırmış güclü xalq hərəkatının məntiqi yekunuydu.
    Aprel inqilabının həyata keçirilməsi üçün maddi texniki baza yaratmaq işi illərlə davam etdi. Silah-sursat, maliyə dəstəyi iki mənbə əsasında formalaşırdı: 1) daxili; 2) xarici.
    Müsavat ordusundan qaçaraq qırmızı partizan hərəkatına qoşulan əsgərlər çox vaxt öz silah-sursatlarıyla gəlirdilər. Məsələn, Gəncə qəza rəisi qubernatora 1919-cu il 2 aprel tarixli raportunda yazırdı: «…8-ci polis dairəsinin uryadniki Seyid Məmməd Seyid Hacı oğlu, strajniklərdən Nəsib Hüseyn oğlu, Qara Qəmbər oğlu, Kərim Məmmədoğlu və Möhsün Cəfər oğlu aprelin 1-də gecə öz silah və atını və dostlarının silah və atını götürüb Qatırın (Qatır Məmmədin-red.) dəstəsinə qoşulub.» (MDA, fond 19, siyahı 4, iş 13, vər.1-2).
    Belə faktlar isə yüzlərləydi. Təkcə bir faktı xatırlatmaq kifayətdir ki, 1918-20-ci illərdə Müsavat ordusundan minlərlə əsgər silahlarıyla birlikdə qaçaraq qırmızı partizan hərəkatına qoşulmuşdurlar.
    İnqilabçılar silah-sursatın və canlı qüvvənin bir hissəsini özləri üçün bu yolla təmin edirdilər. Amma bu yeganə yol deyildi. İnqilabçıların silah-sursatla təminatında hərbi qənimətlərin də rolu kifayət qədər böyük idi. Məsələn, Qatır Məmmədin qırmızı partizan dəstələri 1919-cu ilin yayında hərbi nazir Xan Xoyskinin şəxsən başçılıq etdiyi sayseçmə nizami qoşun hissəsini məğlub etmiş və çoxlu sayda silah-sursatı, o cümlədən pulemyot və topları qənimət kimi ələ keçirmişdi. Yenə həmən tarixdə, 1919-cu ilin iyununda qırmızı partizanlar polkovnik Mahmud bəy Paşayevin və Mikayıl bəy İsrafilbəyovun rəhbərlik etdiyi 3-cü və 8-ci süvari alaylarını darmabağın etmiş, xeyli sayda silah-sursat, top və pulemyotlar qənimət götürülmüşdür.
    Hətta Qatır Məmməd Müsavat ordusundan hərbi qənimət kimi götürdüyü toplardan topçu dəstəsi belə təşkil etmişdir.
    Bir çox hallarda isə kommunist propaqandası o qədər güclü olurdu ki, hərbi hissələr silah-sursatı və canlı qüvvəsiylə birlikdə inqilabçıların nəzarətinə keçirdi. Məsələn, 5-ci Bakı piyada polku bütünlüklə kommunistlərin nüfuz dairəsinə keçmişdi. Bundan başqa Xəzər hərbi donanması bütün hərbi gəmiləriylə, toplarıyla, matroslarıyla bütövlükdə kommunistlərin nəzarətinə keçmişdi və bu işin gizli surətdə aparılmasına bir ildən çox vaxt sərf edilmişdi. Bunun üçün öncə Çingiz İldırım Bakı liman rəisinin köməkçisi və hərbi donanmanın rəis müavini vəzifəsinə keçirilmişdi. Təbiiki müsavatçılar Çingiz İldırımın kommunist olmasından bixəbər idilər. İldırım isə tutduğu mövqedən istifadə edərək hərbi donanmanın ekipaj üzvlərini tamamilə kommunistlərdən təşkil etmiş və hərbi donanmanı içəridən ələ keçirmişdi. Müsavat ordusunun bel sütunu hesab olunan səhra və sahil toplarının kommunistlər tərəfindən ələ keçirilməsi də bu qəbildən olan faktların sadəcə bir neçəsiydi.
    Bu faktlar bir daha sübut edir ki, Aprel inqilabını həyata keçirmək üçün Azərbaycanın öz daxilində kifayət qədər maddi-texniki potensial mövcud idi. Bu nə deməkdir? Bu hər şeydən əvvəl o deməkdir ki, Aprel inqilabı heç də xarici hərbi qüvvələrin müdaxiləsi hesabına yox, sırf daxili inqilabi potensialın hesabına baş tutmuşdu.
    Düzdür, 1918-20-ci illərdə yerli kommunistlər Sovet Rusiyasından tez-tez silah və pul yardımı alırdılar, amma bunlar ancaq yardım olaraq qalırdı. Məsələn, Azərbaycan kommunistləri qayıqlarla gizli surətdə Xəzərdəki ingilis və denikinçi cəlladlardan yayınaraq imperialistlərin mühasirəsində çırpınan Sovet Həştərxanına qırıcı təyyarələr üçün yanacaq çatdırır, əvəzində isə silah-sursat, pul, siyasi ədəbiyyat və s. gətirirdilər.
    1919-cu ildə Türkmənisandan Bakıya silah gətirərkən qayıq su buraxmağa başlayır və inqilabçılar silah-sursatı adaya boşaldaraq Çingiz İldırımdan kömək istəyirlər. Çingiz İldırım riskə gedərək «Çayka» motorlu qayığının guya dövlət işiylə əlaqədar Ənzəliyə gedəcəyi barədə saxta sənəd tərtib edir və bu sənədi müsavatçı general-qubernatora imzaladır. Amma qayıq sahildən uzaqlaşan kimi istiqaməti dəyişərək Ənzəliyə yox, Türkmənistana tərəf üzür və silah-sursatı yükləyərək Bakıya qayıdır. Motorlu qayığın yükü 1200 tüfəng, çoxlu sayda patron və pulemyotlardan ibarət idi. İldırımın göstərişiylə bu silah-sursatlar gecə ikən Qaraşəhərdəki silah anbarına daşınır, hansıki bu silahlardan Aprel inqilabı zamanı Bakı fəhlələrinin silahlandırılmasında istifadə olundu.
    Orta Asiyadan Bakıya silah-sursat daşınmasında türk kommunisti Süleyman Nurinin çox böyük xidmətləri olmuşdu, hansıki 1920-ci iln yayında Şuşaya soxulan Nuru paşa onu digər azərbaycanlı kommunistlərlə birlikdə həbs edərək edama məhkum etmiş, amma qırmızı qvardiyanın köməyi nəticəsində Süleyman Nuri və digər silahdaşlarını xilas etmək mümkün olmuşdur.
    Bu və bu qəbildən olan faktlar heç də Aprel inqilabına kölgə salmır və inqilabın xarici amillərin təsiriylə baş verməsinə dəlalət etmir. Əksinə, bu olduqca təbii bir hal idi. Çünki Müsavat müstəmləkə polis rejimi Azərbaycanda qırmızı xalq hərəkatına divan tutmaq üçün ingilislərdən, denikinçilərdən, gürcü menşeviklərindən küllü miqdarda silah-sursat aldığı, səkkiz dövlətin iştirakıyla kommunist hərəkatına qanlı divan tutduğu bir şəraitdə yerli kommunistlərin mübarizə üçün Sovet Rusiyasından silah-sursat alması təbii bir hal idi.
    Fikir verin, müsavatçılar denikinçilərdən 15 min tüfəng, 10 milyon patron, 20 top, 10 pulemyot, 9 təyyarə, zirehli avtomobillər aldığı halda, bəzi «kor tarixçilər» bu faktı normal hal hesab edirlər, amma azərbaycanlı kommunistlər Sovet Rusiyasından bununla müqayisədə cüzi hesab ediləcək yardım aldıqda bu faktı az qala «xəyanət» kimi qələmə verirlər. Halbuki fərq yalnız onda idi ki, müsavatçılar kommunistlərlə müqayisədə daha çox hərbi yardım alırdılar və ən əsası isə Müsavatın aldığı hərbi yardımla xalq hərəkatını qan içində boğmağa, yüzlərlə kəndi yer üzündən silməyə, minlərlə insanı güllələməyə sərf olunurdusa, kommunistlərin aldığı yardım isə əksinə, sadə xalq kütlələrinin istibdad üzərində qələbəsini təmin etmək üçün sərf olunurdu.
    Ola bilsin bəziləri iddia edəcək ki, Müsavat hökumət idi və onun silah-sursat alıb Azərbaycan dövlətini gücləndirməsi təbii idi, amma kommunistlər inqilabçıydı və dövlətə qarşı vuruşurdular. Bu baxımdan kommunistlərin xaricdən silah-sursat alması dövlətçiliyə qarşı yönəlmişdi və cinayət idi.
    Bu deyilənlər ancaq o halda özünü doğrulda bilərdi ki, Müsavat hökuməti suveren, azad və legitim hakimiyyət olaydı. Amma əvvəl də gətirdiyimiz faktlar sübut etdi ki, 1918-20-ci illərdə Azərbaycanda Müsavatın timsalında suveren, azad, legitim hakimiyyət olmayıb. Müsavat hökuməti xarici imperialistlərin orduları hesabına öz xalqına qarşı elan olunmamış müharibə aparan müstəmləkə polis üsul-idarəsi idi və onun «suverenliyi», «istiqlalı» ingilis generallarının iradəsi fonunda buxarlanıb yox olmuşdu. Belə bir rejimin hərbi cəhətdən güclənməsi isə xalqa heç bir yaxşı şey vəd etmirdi. Öz xalqıyla qamçı və kötək diliylə danışan belə bir rejimin məhvi labüd idi. Bu heç də Azərbaycan dövlətçiliyinin məhvi demək deyildi, əksinə, Azərbaycanın ingilis müstəmləkəçilərindən xilasıydı.
    Dünya imperializminin çöküşü 26 aprellə başladı. Nə ingilis qızılı, nə ingilis silahı, nə də ki, ingilislərin müsavatçılara verdiyi səhra və uzaqvuran sahil topları imperializmin Şərqdə çöküşünü önləyə bilmədi.
    Azərbaycanda Aprel sosialist inqilabının hərəkətverici qüvvələri: işğal yoxsa inqilab?
    Aprel sosialist inqilabı xalis Azərbaycan hadisəsiydi. Mən bununla heç də Oktyabr inqilabının Azərbaycana təsirini inkar etmirəm, sadəcə aprel inqilabını Azərbaycan gerçəkliyindən üzvü surətdə törəmiş tarixi hadisə kimi qiymətləndirirəm. Aprel sosialist inqilabının hərəkətverici qüvvəsi qismində Azərbaycan fəhləsi, Azərbaycan kəndlisi və hər iki sinifdən təşkil olunmuş silahlı Qızıl qvardiya birlikləri çıxış etmişdir.
    Təəssüflər olsun ki, bu gün Azərbaycan xalqının tarixi nailiyyətini inkar edərcəsinə, onun şərəfli tarixini saxtalaşdırarcasına Aprel sosialist inqilabını «işğal», XI ordunun və Rusiyanın hərbi müdaxiləsi kimi qələmə verməyə çalışanlar var. Guya Aprel inqilabı Azərbaycana yabançıydı, guya bu hadisənin Azərbaycanda heç bir obyektiv əsası olmayıb və ən nəhayət aprel hadisələri guya Sovet Rusiyasının işğal yolu ilə, hərbi müdaxiləylə öz modelini Azərbaycana qəbul etdirməsi hadisəsiydi. Başqa sözlə, Aprel inqilabı Azərbaycan xalqının burjua-mülkədar xuntasına qarşı silahlı üsyanı yox, guya XI ordunun ekspansiya yürüşü olmuşdur.
    26 Aprel sosialist inqilabıdır, yoxsa işğal? Bu suala gəlin tarixi faktların işığında cavab axtaraq. Amma ilk öncə bir nüansa toxunmaq lazımdır ki, olduqca acınacaqlı haldır ki, hətta Sovet dövründə belə Aprel sosialist inqilabı öz layiqli qiymətini almamış, bilərəkdən onu XI ordu amili içərisində əridib yox etmişdilər. Təbiiki Aprel inqilabına bu cür qərəzli münasibət əslində tipik velikorusçuluq nümunəsiydi. Hər şeydə və hər yerdə məqsədyönlü şəkildə «rus» və «rusiya» amilini, «böyük qardaş» faktorunu qabartmaq, şişirtmək, açıq etiraf etmək lazımdır ki, keçmişimizin zərərli vərdişlərindən olmuşdur. Partiya, dövlət xadimlərindən tutmuş alimlərə, yazıçılara qədər hər kəs «böyük qardaş», «rus» və «rusiya» amilini daha qabarıq nəzərə çarpdırmaq üçün sanki biri-biriləriylə yarışırdılar və bununla da mərkəzi məmun etməyə çalışırdılar. Nəticədə Sovet dövrü ədəbiyyatlarda Aprel sosialist inqilabı barəsində bir neçə ümumi, şablon cümlələr işlənir, bundan sonra isə XI ordu amili sanki böyük hərflərlə gözümüzə soxulurdu.
    Bu gün bədxahlar sözügedən bu qərəzli münasibəti bizim əleyhimizə fakt kimi istifadə etməyə çalışırlar və vurğulayırlar ki, budur baxın, Sovet dövrü ədəbiyyatlarında da bu inqilabın XI ordu vasitəsiylə edildiyi etiraf olunur. Və bu zaman onlar Aprel inqilabının rəhbərlərindən olmuş Həmid Sultanovun AKP-nin II qurultayındakı çıxışı zamanı işlətdiyi sözləri tez-tez bizə xatırladırlar. Həmid Sultanov deyirdi: «…hakimiyyətin devrilməsi üçün MK heç bir fəhlə, heç bir kəndliyə göstəriş verməmişdi. Biz bildirdik ki indi də olmasa sabah ya birisi gün qırmızı süngü burada olacaqdır. Belə də oldu, biz Sovet hakimiyyətini hazır formada aldıq, onu bizə boşqabda gətirdilər» (1920-ci ilin oktyabrı AK(b)P-nin II qurultayındakı çıxışından).
    Həmid Sultanovun bu çıxışını necə başa düşmək olar? Bunun üçün ilk öncə bəyanatın verildiyi tarixi şəraitə nəzər salmaq lazımdır. Tarix 1920-ci ilin oktyabrını göstərir. Bu o dövr idi ki, Azərbaycan Sosialist Respublikası üzərinə Antanta ordularının hücumu gözlənirdi. ABŞ, İngiltərə, Fransa qoşunları Batumdan Azərbaycan üzərinə yerimək və Aprel sosialist inqilabına divan tutmaq üçün əmr gözləyirdilər. Gənc Sovet Respublikasını Bavariya Sovet Respublikasının faciəli aqibəti gözləyirdi. İmperializmin təpədən dırnağacan ən müasir silahlarla silahlanmış, tam mexanikləşdirilmiş, hərbi qoşun birləşmələri qarşısında ancaq və ancaq böyük döyüş təcrübəsi və peşəkarlığı olan bir ordu dura bilərdi ki, mövcud şəraitdə bu ancaq XI Qızıl ordu ola bilərdi. XI ordunun nəyə qadir olduğunu əyani təsəvvür etmək üçün sadəcə bir faktı xatırlatmaq kifayətdir ki, Denikin diktaturası ilə müharibədə qızıl ordu 100 min denikinçi əsgəri, 12 min zabiti əsr götürmüş, 200 min tüfəngi, 500 pulemyotu, 330 topu hərbi qənimət kimi ələ keçirmişdi.
    Məhz H.Sultanovun məlum bəyanatı belə bir tarixi şəraitin, gözlənilən Antanta hərbi müdaxiləsi təhlükəsinin ağırlığı altında verilirdi və XI ordu faktoru qabardılırdı. Çünki sözügedən dövrdə XI Qızıl ordu Sovet Respublikasının mövcudluğunun hərbi qarantı qismində çıxış edirdi və bu reallıq Sultanovun nitqində məlum formada öz əksini tapmışdır.
    Başqa sözlə, H.Sultanovun məlum nitqi Antanta hərbi müdaxiləsi təhlükəsi ərəfəsində mərkəzə göndərilən mesaj idi; -«biz dünən də sizə arxalanırdıq, bu gün də!».
    Heç təsadüfü deyil ki, bu çıxışdan təxminən bir həftə sonra Lenin Stalinə yazırdı: «Şübhəsiz, hesab edirəm ki, Gürcüstan Batumu, yəqin ki, gizlicə Antantaya verəcək və Antanta Bakının üzərinə gələcəkdir. Qurudan və dənizdən Bakının ətrafını möhkəmlətmək, ağır toplar gətirmək və sairə üçün təcili surətdə tədbirlər düşünüb hazırlayın…» («Azərbaycan kəndi sosialist inqilabının hazırlanması və qələbəsi uğrundu mübarizə dövründə», səh.113).
    Bundan əlavə H.Sultanovun sözügedən bəyanatında subyektiv amillərində rolunu istisna etmək omaz. Yəni mərkəzi məmun etmək, mərkəzin gözündə özünü sədaqətli kadr kimi göstərmək cəhdləri və s.
    Burada mövzudan kənara çıxaraq xatırlatmaq yerinə düşərdi ki, Ruhula Axundov, Əliheydər Qarayev kimi gənc kadrları Nəriman Nərimanov tənqid edərək onları Stalinin, Orconikidzenin yanında mövqe tutmaq, karyera qazanmaq naminə mərkəzə yaltaqlanmaqda, Azərbaycanın milli mənafelərini öz şəxsi karyeralarına qurban verməkdə ittiham edirdi. Düzdür, onun bu siyahısında Həmid Sultanovun adı çəkilmir və Nərimanov ancaq bir-iki yerdə, o da ötəri olaraq onun adına toxunur, amma istisna edilməyəcək bir haldır ki, həmən dövrdə cəmi 31 yaşı olan gənc Sultanov da «mərkəzin etimadını» qazanmaq üçün XI ordu amilini həddindən artıq şişirdirdi.
    Əks təqdirdə görəsən niyə və nə üçün 1919-cu ilin sentyabrında Azərbaycan kəndlisinin inqilabi əhval-ruhiyyəsindən vəcdlə yazan H.Sultanov bu yazıdan cəmi 7 ay sonra qalib gəlmiş Aprel sosialist inqilabında Azərbaycan xalqının oynadığı aparıcı rolu az qala sıfıra endirərcəsinə XI ordunun missiyasını göylərə qaldırır və çox uğursuz bir ifadəylə Sovet hakimiyyətini «qırmızı süngünün» bizlərə guya «boşqabda gətirdiyini» söyləyir və bununlada Sovet hakimiyyətinin Azərbaycana guya kənardan gətirildiyi kimi son dərəcə yanlış rəy formalaşdırırdı, hansıki bununlada H.Sultanov həmən vaxtlarda xarici ölkə ədəbiyyatlarında «Azərbaycanda Sovet hakimiyyəti üçün zəmin yoxdur», «Azərbaycanda sosialist inqilabının daxili kökləri yoxdur» deyə hay-küy qoparanların əlini qüvvətləndirmiş olurdu.
    Halbuki 1919-cu il sentyabrın 25-də N.Nərimanova yazdığı məktubunda H.Sultanov Azərbaycan kəndindəki inqilabi əhval-ruhiyyənin necə yüksək olmasını Qazax qəzası kəndlilərinin diliylə belə ifadə edirdi: «onlar… deyirlər ki, siz nə vaxt istəsəniz biz çıxış etməyə və on mindən artıq yüksək ruhlu mübariz yoldaşlarımızı silah altına verməyə hazırıq. Mən sizə deməliyəm ki, orada (Qazax qəzasında-red.) kəndlilər gözəl rus tüfəngləriylə yaxşıca silahlanmışlar».
    Fikir verin, bir tək Qazax qəzasında on mindən artıq silahlı kəndli Müsavat müstəmləkə rejiminin üzərinə getmək üçün kommunistlərdən işarə gözləyirdi və heç şübhəsiz ki, H.Sultanov yoldaş onu da yaxı bilirdi ki, həmən ərəfələrdə kommunistlərin təkcə Bakıdakı silahlı qüvvələrinin sayı 30 min nəfərə çatırdı.
    Beləki Bakı bürosunun Sovet Həştərxanıyla məxfi yazışmasında deyilirdi: «…Təkcə Bakı şəhərində qüvvələrimiz 20-30 min silahlı nəfərə çatır. Muğan düzündə 8-10 min silahlı qüvvə vardır» (Arxiv, fond 276, siyahı 3, iş 77, vər.4-5).
    Müqayisə üçün deyək ki, təkcə Bakıda və Muğan düzündə kommunistlərin döyüşçü dəstələrinin toplam sayı 40 min nəfərə yaxın idi ki, bu da Müsavat ordusunun ümumi sayına bərabər silahlı qüvvə demək idi. Əgər biz buraya Qazax qəzasındakı 10-14 minlik silahlı kəndli dəstələrini və digər qəzalardakı silahlı üsyançıları da əlavə etsək, tam əminliklə deyə bilərik ki, Aprel inqilabı ərəfəsində Azərbaycanda kommunistlərin nəzarətində olan silahlı inqilabçıların sayı Müsavat ordusunu az qala iki dəfəyə qədə üstələyirdi.
    Görün qəzalarda əhalinin elliklə Müsavat hökumətinə itaətsizliyi necə kütləvi hal almışdı ki, Zaqatala qubernatoru vətəndaş itaətsizliyini artıq bölgəsəl xüsusiyyət, həmən bölgə insanının yerli xarakteri hesab edirdi: «Zaqatala mahalının əhalisi ümumiyyətlə itaət etməmək adətləriylə fərqlənir. Quldurluq, qarətçilik etmək, tabe olmamaq, hakimiyyətə müqavimət göstərmək… bu əhalinin xarakterinin fərqlənən xüsusiyyətlərini təşkil edir».
    Təbiiki Müsavat mülkədar rejiminə tabe olmayan qəzalar, Bakı fəhlələriylə birlikdə Aprel sosialist inqilabının əsas hərəkətverici qüvvələri idi və Azərbaycanda sosialist inqilabını bu qüvvələr etdi, Rusiyanın XI ordusu yox.
    Fikir verin, aprel silahlı üsuanı ərəfəsində Müsavatın Bakıda cəmi 2 min nəfərlik əsgəri qüvvəsi var idi, hansıki onunda böyük əksəriyyəti inqilabçıların tərəfinə keçmişdi, amma Bakıda həmin ərəfələrdə kommunistlərin döyüş dəstələrinin ümumi sayı bundan 10-15 dəfə çox idi.
    İndi özünüz nəticə çıxarın, belə bir üstün qüvvə qarşısında Müsavat rejiminin müqavimət şansı var idimi? Əlbətki yox. Elə də oldu. Milyonçulardan, tacirlərdən ibarət Parlamanın sonuncu iclasında, 1920-ci il aprelin 27-si tarixində bəzi fraksiyaların «ölərik, istiqlalı əldən vermərik», «müqavimət göstərmək lazımdır» kimi çağırışlarına cavab olaraq hərbi nazir Mehmandarov kürsüyə çıxır və ordunun kommunistlərə müqavimət göstərmək imkanının olmadığını, ordunun bolşeviklərlə döyüşmək istəmədiyini vurğulayaraq kommunistlərin tərəfinə keçir. Bununlada Ağamalıoğlunun təbirincə desək, Müsavatın «bazarı bağlandı».
    Belə olan təqdirdə necə iddia etmək olar ki, Azərbaycana Sovet hakimiyyətini qırmızı süngü «boşqabda» gətirib. O ki qaldı H.Sultanovun «…hakimiyyətin devrilməsi üçün MK (AK(b)P MK-red.) heç bir fəhlə, heç bir kəndliyə göstəriş verməmişdi» sözlərinə, onu deyə bilərik ki, burada təəccüblü heç bir şey yox idi, bu Azərbaycanda Aprel sosialist inqilabının ən gözəl və özünəməxsus xüsusiyyətidir. Çünki İnqilabi Komitə silahlı üsyanı müdaxilə yox, mühasirə taktikasıyla həyata keçirdi. Yəni Petroqrada əgər silahlı qırmızı qvardiya «Qış sarayını» hücumla ələ keçirib irticaçı nazirləri həbs etmişdirsə, Aprel inqilabında fərqli taktika işləndi. Beləki Çingiz İldırım başda olmaqla inqilabi dəstələr bütün mühüm hərbi obyektləri, siyasi dustaqların saxlandığı Bayıl həbsxanasını ələ keçirərək Müsavat rejiminin əl-qolunu bağladılar. Daha sonra isə hərbi donanma topları parlaman binasına tuşlayaraq 2 saat ərzində hakimiyyətin Azərbaycan İnqilab Komitəsinə verilməsiylə bağlı hökumətə ultimatum göndərdi. Müqavimət şansının olmadığını görən parlaman heç bir güllə də atmadan dinc şəraitdə hakimiyyəti inqilabçılara təhvil verdi.
    Bu Azərbaycanda Aprel inqilabının spesifikası, özünəməxsusluğu və gözəlliyi idi.
    Əgər parlaman binası yandırılmayıbsa, dağıdılmayıbsa, hökumət üzvləri həbs olunmayıbsa, parlaman silahlı hücumla tutulmayıbsa, məgər bu o deməkdir ki, Azərbaycanda inqilab olmayıb?
    Əsla, bu cür düşünmək nəzəri cəhətdən yanlış, əməli cəhətdən zərərli yanaşmadır.
    H.Sultanovun deməsi ki, «Mən hökumətə tələbləri verməyə gedəndə qətiyyən MK-ya arxalanmırdım», bu fikrin düzəlişə ehtiyacı var. Məsələ burasındadır ki, 1920-ci il aprelin 27-də Müsavat hökumətinə bir yox, iki ultimatum verilmişdir.
    H.Sultanov bu ultimatumlardan sadəcə birincisinin müəllifidir, ikinci və mən deyərdim ki, ən əsas ultimatum Qırmızı Xəzər Hərbi Donanmasının komandanı Çingiz İldırıma məxsusdur.
    Sual oluna bilər, niyə 2 ultimatum, məgər biri kifayət deyildi? Məhz ona görə ki, 1-cidən, H.Sultanovun gətirdiyi ultimatumdan fərqli olaraq, 2-ci Ç.İldırımın adından göndərilən ultimatum real hərbi gücə arxalanır və hərbi donanmanın iradəsini ifadə edirdi; hakimiyyətin dinc şəkildə təhvil verilməyəcəyi təqdirdə 2 saat sonra parlamanın və hökumət binasının dənizdən top atəşinə tutulacağı bildirilirdi. Yalnız bundan, Ç.İldırımın xəbərdarlığından sonra parlaman sədri müzakirələrin başlanmasına razılıq verdi. Buna qədər isə onlar H.Sultanovu dilə tutmaqla məşğul idilər. Amma Çingizin ultimatumu istibdad hökumətinin başında ildırım kimi çaxdı və başqa seçim yolu qoymadı. Çünki rədd cavabı 2 saat sonra parlaman və hökumət binası üzərinə hücum demək idi ki, Müsavat hakimiyyəti bu hücumun qarşısını alacaq gücə qadir deyildi.
    Təkcə bir faktı xatırlatmaq kifayyətdir ki, inqilab günü Ramanı, Balaxanı, Sabunçu, Binəqədi, Ağşəhər, Qaraşəhər və digər yerlərdəki mədən və zavodlarda, tərsanələrdə, körpülərdə olan bütün fəhlələr silahlandırılmışdı ki, bu da Müsavat hökumətinin Bakı şəhərindəki mövcud əsgəri qüvvəsindən dəfələrlə böyük silahlı qüvvə demək idi və buraya inqilabın tərəfinə keçmiş 5-ci piyada alayını və Xəzər hərbi donanmasını da əlavə etsək məncə «MK-ya arxalanmamaq» üçün elə bir ciddi səbəb qalmırdı.
    Aprel inqilabı Azərbaycan xalqının qələbəsiydi, bu qələbəyə isə şərik qoşmaq lazım deyildi.
    Belə olan halda çox haqlı olaraq sual oluna bilər. Əgər Aprel inqilabı Azərbaycan xalqının şah əsəriydisə, onda XI ordu Azərbaycana nə üçün çağırılmışdı?
    Bu sualın ancaq və ancaq bir cavabı var: Antanta ölkələrinin (ABŞ, Fransa, İngiltərə), menşevik Gürcüstanının, İran şah rejiminin Sovet Azərbaycanına hərbi müdaxiləsini önləmək üçün. Beləki hələ 1919-cu ilin 16 iyununda Müsavat hökumətiylə menşevik Gürcüstanı arasında hərbi yardım haqqında pakt imzalanmışdı və bu hərbi paktdan irəli gələrək Gürcüstanın inqilaba divan tutmaq üçün Müsavat hökumətinə yardım göstərəcəyi gözlənilirdi. Bundan başqa Batum limanında Antanta dövlətlərinin–ABŞ, Fransa və İngiltərənin hərbi donanması və qoşunları Aprel inqilabını boğmaq üçün hərbi müdaxiləyə hazır vəziyyətdə gözləyirdilər. Azərbaycanın cənub sərhədində isə İran və İngiltərə dövlətləri qoşun toplayır, cənub bölgəsindəki Müsavat qoşun hissələrini pul və silahla təmin və təchiz edərək inqilaba divan tutma kompaniyasına hazırlaşırdılar.
    İngiltərənin diktəsiylə daşnak Ermənistanı Azərbaycanın qərb sərhədləri boyu hücuma keçdi. Beləliklə elə inqilabın ilk günündəcə gənc Sovet Azərbaycanı 6 dövlətin (ABŞ, Fransa, İngiltərə, İran, Gürcüstan, daşnak Ermənistanı) hərbi müdaxilə təhlükəsiylə üz-üzə qaldı. Dünya jandarmları və onların regional əlaltıları Aprel inqilabını qan içində boğmaq üçün hərbi planlarına son düzəlişləri edirdilər.
    Xarici müdaxilə amili əvvəlcədən, hələ Aprel inqilabı olmamışdan əvvəl çox ciddi ehtimal kimi nəzərdə tutulduğundan XI ordu inqilabi Bakının köməyinə gələcəyi məlum bir məsələydi.
    Bütün inqilablarda olduğu kimi Aprel sosialist inqilabından dərhal sonra da xarici irticanın hərbi müdaxiləsi amili çox ciddi bir şəkildə ortaya çıxdı. Necəki 1919-cu ildə Bavariya Sovet Respublikası, 1923-cü ildə Macarıstan Sovet Respublikası imperialist dövlətləri hərbi müdaxiləsi nəticəsində qan içində boğuldu, eyni faciəli aqibət Azərbaycan Sovet Respublikasını da gözləyirdi.
    Həm də bu sadəcə ehtimal deyildi, 1919-cu ilin avqustunda Muğanda yaşananların yenidən təkrarıydı. Çox yox, Aprel inqilabından cəmi 9 ay əvvəl Muğanda Sovet hakimiyyəti 4 dövlətin;–İngiltərə, İran şah rejimi, denikinçi Rusiya və Müsavat hökumətinin birgə hərbi müdaxiləsi nəticəsində qan içində boğulmuş, minlərlə insan qətlə yetirilmişdi. İmperialist cəlladların Muğan qətliyamından 9 ay sonra Sovet Azərbaycanının üzərini yenidən imperialist canilərin təcrübə poliqonuna çevrilmək təhlükəsi bürümüşdü. ABŞ, Fransa, və İngiltərənin başında durduğu əksinqilabi imperialist cəbhə Bavariyada, Macarıstanda, Muğanda, Gilanda icra etdiyi qətliyam ssenarisini Azərbaycan üzərində də səhnələşdirmək istəyirdi.
    Xarici müdaxilə təhlükəsiylə keçən hər gün Aprel inqilabının dayağı qismində Azərbaycan fəhlə və kəndlilərindən təşkil olunmuş Milli Qızıl Ordu hissələri və XI Qızıl Ordu hissələri çxış etmişdir.
    1920-ci il oktyabrın 29-da Lenin Stalinə yazırdı: «Şübhəsz hesab edirəm ki, Gürcüstan Batumu… gizlicə Antantaya verəcək və Antanta Bakının üzərinə gələcəkdir. Qurudan və dənizdən Bakının ətrafını möhkəmlətmək, ağır toplar gətirmək və sairə üçün təcili surətdə tədbirlər düşünüb hazırlayın…»
    Bu faktın özü bir daha təstiqləyir ki, 1920-21-ci illərdə xarici hərbi müdaxilə təhlükəsi ərəfəsində XI ordu Azərbaycan Sosialist Respublikasının mövcudluğunun hərbi qarantı rolunda çıxış edirdi, hansıki bu hərbi qarant olmadan Azərbaycanda Sovet Respublikası heç bir ay da yaşaya bilməzdi və 6 dövlətin hərbi müdaxiləsi nəticəsində inqilaba qanlı divan tutulardı.
    Ola bilsinki XI ordu bir qism bəy və xanı güllələdi, amma bunun müqabilində Azərbaycan xalqını Antanta qoşunlarının çəkmələri altında məhv olmaqdan xilas etdi.
    Beləliklə, XI ordu Azərbaycanda inqilab etmədi, amma inqilabın nəticələrini qorudu. Bundan o tərəfini iddia etmək artıq Azərbaycan xalqına, onun tarixinə və inqilabi nailiyyətlərinə hörmətsizlik olardı.
    Əgər 1920-ci il aprelin 28-də XI Qızıl ordunun «III İnternasional» zirehli qatarı Bakıya müqavimətsiz bir şəkildə daxil olub əhali tərəfindən gül-çiçəklə qarşılandısa, XI ordu komandanları buna görə ancaq və ancaq aprelin 27-də Bakıda qalib gəlmiş Aprel inqilabına borcluydular. Əks təqdirdə onları güllər deyil güllələr və ağır toplar qarşılayacaqdı. Fikir verin, içərisində azərbaycanlı kommunistlər Həbib Cəbiyevin, Qəzənfər Musabəyovun olduğu «III İnternasional» zirehli qatarı əsas Qızıl Ordu hissələrindən təcrid olunmuş şəkildə 200 km-dən çox Azərbaycanın sərhədlərinin içərisinə doğru irəliləmiş və rahat bir şəkildə Bakıya daxil olmuşdu. Halbuki Qızıl Ordunun əsas hissələri yalnız bundan 2 gün sonra Bakıya daxil olmuşdurlar.
    Belə bir reyd hərbi baxımdan ancaq və ancaq dəlilik ola bilərdi. Hərbi ekspertlər də təsdiqləyirlər ki, zirehli qatarın belə təcrid olunmuş vəziyyətdə «Müsavat cəbhəsinin» içərilərinə doğru 200 km irəliləməsi nəticə etibarı ilə mühasirəyə düşərək məhv olmaq demək idi. Amma bu baş vermədi, çünki 27 apreldə Sosialist inqilabının qələbəsi «III İnternasional» qatarına təhlükəsiz şəraitdə irəliləmək imkanı yaratmışdı.
    Bu faktın özü də bir daha sübut edir ki, Azərbaycanda Aprel sosialist inqilabı heç də XI Qızıl ordunun fəaliyyətinin nəticəsi olmamış, tamamən ölkədaxili faktorların təsiriylə başlanıb, qalib gəlmişdir. Amma inqilabın nəticələrinin qorunmasında, Antanta hərbi müdaxiləsinin qarşısının alınmasında XI ordunun rolu təbiiki danılmazdır.
    Əgər bu gün kimlərsə azərbaycanlı kommunistlərin XI Qızıl ordunu Azərbaycana dəvət etməsi faktını «vətənə xəyanət», «rus işğalı» kimi dəyərləndirirsə, qoy onda belələri 1918-20-ci illərdə Azərbaycanın Osmanlı, İngiltərə və denikinçi Rusiya tərəfindən işğalını nə üçün «istiqlal» hadisəsi kimi tanıdıqlarını izah etsinlər. Qoy izah etsinlər görək Müsavat rejimi öz xalqını bilərəkdən, məqsədyönlü şəkildə aclıqla məhv ediyi bir zamanda, Bakıda nə üçün ingilis işğal qüvvələrinin atını, eşşəyini şokalad və kişmişlə bəsləyirdi? İşğalçıların atını-eşşəyini öz xalqından üstün tutanlar qoy izah etsinlər görək ingilislər, denikinçilər Azərbaycan kəndlərini dağıdıb sərvətini Ənzəliyə daşıyanda, Azərbaycan qadınlarını zorlayıb kişilərini vəhşicəsinə məhv edəndə, nə üçün Müsavat istibdadı Antanta komandanlığından ingilis ordusunun Azərbaycanda saxlanılmasını xahiş edirdi? Nə üçün müsavatçı bəylərin Antanta qoşunlarını Azərbaycana yeritmək barədə general Tomsona ünvanladıqları məktublar bu gün guya «istiqlalın» müdafiəsi kimi qələmə verilir? Nə üçün Britaniya imperiyasının Azərbaycanın yeraltı, yerüstü sərvətlərini ələ keçirməsi, heç bir sent də ödəmədən ölkəmizin sərvətini zorakılıqla talan edib xaricə daşıması «istiqlal» hesab olunur, amma azərbaycanlı kommunistlərin inqilab etmiş Azərbaycan xalqının 6 dövlətin ordularının çəkmələri altında məhv olmasını önləmək üçün Sovet Rusiyasından hərbi yardım istəməsi «xəyanət» kimi qiymətləndiriliri? Necə olur, Azərbaycanı ABŞ, ingilis, Denikin, İran, Osmanlı, daşnak ordularının tapdağına çevirənlər və bütün bu işğala, müsibətlərə itaət edənlər «istiqlal»çıdır, amma bu işğal faktına son qoyub bədnam «Mudros» müqaviləsini Bakıdan qaçan ingilis ordusuna «yedirənlər»–kommunistlər isə «xain», «satqın»? Necə olur Azərbaycan torpaqlarında 1600 il sonra erməni dövləti yaradanlar, bu bic dövləti tanıyanlar, İrəvan mahalını mal-mülküylə birlikdə daşnak terror rejiminə paytaxt kimi hədiyyə edənlər və bununla da yüz minlərlə azərbaycanlının ölümünə, yüz minlərlə insanın deportasiyasına şərait yaradanlar bu gün qəhrəmandır, amma xəyanətə son qoyanlar «cəllad»? Necə olur bir ovuc bəy-xanın mülkiyyətini qorumaq üçün 8 dövlətin ordularıyla 23 ay öz xalqına qarşı elan olunmamış müharibə aparanlar, beşikdəki körpələrə ölüm hökmü çıxaranlar, 400 min insanı məhv etmiş müstəmləkə polis üsul-idarəsi «istiqlal» nümunəsi hesab edildiyi halda, bu işğala, bu vəhşətə son qoyanlar istilaçı hesab olunur?
    Əslində isə tarixi reallıq ondan ibarətdir ki, bu gün Azərbaycan kommunistlərini Sovet Rusiyasından hərbi yardım almağa görə «xəyanətdə» ittiham edənlərin sələfləri 1918-20-ci illərdə Böyük Britaniya, ABŞ, Fransa, İran, denikinçi Rusiya, Almaniya, Osmanlı, Gürcüstan, Vrangel hökumətləri başda olmaq şərtiylə dünya imperializmindən və bu ölkələrin maliyələşdirib silahlandırdığı quldur dəstələrindən hərbi, siyasi yardım almış, Antanta hərbi blokunun qoşunlarını Azərbaycana dəvət etmişdirlər. Kommunistlər bir dövlətdən yardım aldığı halda, Müsavatçılar on dövlətdən yardım alırdılar. Fərq ancaq dövlətlərin sayında deyil, həm də bu yardımı istədikdə güdülən siyasi məqsədlərin müxtəlifliyindəydi. Beləki kommunistlər Sovet Rusiyasından hərbi yardım istədikdə, bunu Azərbaycan xalqını və Sovet Azərbaycanını Antanta cəlladlarının çəkmələri altında məhv olmaqdan xilas etmək məqsədiylə edirdilər, müsavatçılar isə əksinə, imperializmin əliylə Azərbaycanda xalq hərəkatına qanlı divan tutmaq məqsədi güdürdülər.
    Müsavat müstəmləkə polis rejimi yüz-ikiyüz iri mülkədarın, bir neçə yüz varlı sərmayədarın, barmaqla sayılacaq qədər az milyonçunun kommersiya maraqları naminə cümlə Azərbaycanı Antantanın ölüm maşınının təcrübə poliqonuna çevirmək siyasəti yeritmiş və son anadək bu xəyanət missiyasını icra etmişdir.
    Aprel inqilabının hərəkətverici qüvvəsi
    Məlum məsələdir ki, bütün tarixi dövrlərdə və bütün inqilablarda hərəkətverici qüvvə qismində narazı xalq kütlələri çıxış etmişdirlər. Əlbətdəki bu baxımdan Aprel sosialist inqilabı da istisna deyil. Beləki Aprel inqilabının lokomktivi qismində çoxminli Bakı proletariatı və Azərbaycan kəndliləri çıxış etmişdilər.
    Aprel inqilabı uzun onilliklər ərzində formalaşmış inqilabi ənənənin qanunauyğun nəticəsi olmuşdur. Beləki Bakı şəhərinin dünyanın neft sənayesi mərkəzinə çevrilməsi region dövlətlərindən çoxlu sayda fəhlələrin buraya axışıb gəlməsinə, bu isə öz növbəsində fəhlə hərəkatının yüksəlişinə səbəb olmuşdur. Bakı şəhəri nəinki Qafqazda, bütövlükdə çar Rusiyası sərhədləri daxilində fəhlə tətillərinin və fəhlə hərəkatının mərkəzi və əsas qalası kimi ad çıxarmışdı. Bu isə heç də mübaliğə deyil, dövrün fəhlə tətilləri statistikasından çıxarılan real tarixi nəticədir. Məsələn, 1908-ci ildə Bakı fəhlə tətillərinin və bu tətillərdə iştirak edən fəhlələrin sayına görə Rusiya imperiyası quberniyaları arasında birinci yeri tuturdu. Bundan başqa Bakı gizli mətbəəsi (Nina) bütün Rusiyanı inqilabın ruporu olan «İskra» qəzetiylə təmin edirdi. Bu isə o demək idi ki, Bakı Rusiyaya inqilabi ideyaları ixrac edən əsas mərkəz idi.
    XX əsrin əvvəllərində Bakı proletariatı dünya fəhlə hərəkatının ən döyüşkən və avanqard hissəsi hesab olunurdu. Beləki dövrün fəhlə hərəkatı rəhbərlərindən olmuş Almaniya Sosial Demokrat Fəhlə Partiyasının sədri Avqust Bebel 1903-cü il dünya fəhlə hərəkatı tarixində baş vermiş iki əlamətdar hadisədən biri kimi Bakı tətilini qeyd etmişdir. Bir daha xatırladaq ki, 1903-cü ildə Bakıda baş vermiş və kommunistlərin rəhbərlik etdiyi 50 minlik tətil öz dövrünün dünya miqyasında ən böyük fəhlə hərəkatı hesab olunurdu.
    Birinci rus inqilabından (1905-07) sonra baş qaldırmış qanlı irtica şəraitində bütün Rusiya quberniyalarında fəhlə hərəkatı söndüyü bir halda, 1908-ci ildə Bakı fəhlələri keçirdikləri 228 tətillə bütün dünyaya ayaqda və ayıq olduqları mesajını verdilər.
    1914-cü ildə Bakını bürümüş tətil və mitinq dalğası öz miqyasına və gücünə görə heç də 1903-cü il hadisələrindən geridə qalmırdı. Bu fəhlə hərəkatı dalğası çarizmi o dərəcədə qorxuya saldı ki, onlar qısa bir zaman ərzində 1600 fəhləni həbs, 3500 fəhləni isə sürgün etdilər. Tətillərdə iştirak etmiş 2 min fəhlə işdən qovuldu.
    Bakıda fəhlə hərəkatının bir digər ən böyük dalğası 1918-20-ci illərdə Azərbaycanın ingilislər tərəfindən işğalı dövründə yüksəlməyə başladı. Nə ingilislərin qurduğu darağacları, nə ağ terrorun tətbiqi, nə də ingilis-müsavat gizli təxribat planları Bakı fəhlələrinin mübarizə əzmini qıra bilmədi. İşğalçı qüvvələrin komandanı Tomsonun Bakıda on nəfərdən artıq adamın bir yerə toplaşmasını qadağan edən əmrinə Bakı fəhlələri izdihamlı fəhlə tətilləriylə cavab verdilər. İngilislərin və müsavatçıların silah gücünə fəhlələri işlətmək cəhdləri heç bir nəticə vermədi.
    Beləki fəhlə hərəkatına qarşı tətbiq olunan bütün vasitələri: kütləvi həbslər, siyasi qətillər, pulla ələ almağa cəhd, təxribatçı Sarı həmkarların yaradılıb meydana atılması və s. bir sözlə, ingilis-müsavat birgə fəaliyyətini heç bir vasitəsi təkcə 1919-cu ildə Bakıda 100 min nəfər fəhlənin tətillərdə iştirak etməsini əngəlləyə bilmədi, bu isə o dövrdə Bakı şəhərində olan fəhlələrin demək olar ki, ümumi sayına bərabər rəqəmdir.
    Bakının güclü fəhlə hərəkatı mərkəzi olması faktını hətta Müsavat lideri M.Ə.Rəsulzadə də etiraf edirdi. O, özünün «Stalinlə ixtilal (inqilab-red.) xatirələri»ndə belə bir epizodu xatırladır ki, 1920-ci ilin payızında qatarla Moskvaya gedərkən yolüstü Stalinlə bəzi məsələlərlə bağlı aralarında dialoq baş tutardı. Söhbətlərin birində Stalin vurğulayır ki, İranda sosialist inqilabı üçün hələ şərait yoxdur, orada sənaye inkişaf etməyib, proletariat zəifdir. Rəsulzadə yazır ki, o an mən istədim Stalinə bildirəm ki, guya Azərbaycanda sosialist inqilabı üçün şərait var idi, amma deyir mən bunu Stalinə demədim, çünki bilirdim ki, Stalin Bakının dünya neft sənayesinin mərkəzlərindən biri olduğunu və Bakıdakı fəhlə hərəkatı haqqında danışacaq, ona görə də mən sözü Mərkəzi Asiyanın üzərinə gətirdim.
    Bu kiçik epizoddan hasil olunan çox böyük nəticə ondan ibarətdir ki, hətta Müsavat rəhbəri Rəsulzadə də Bakının proletar simasını inkar edə bilmirdi və bu mövzuyla bağlı müzakirəyə girməyə lüzum görməmişdi. Beləki Rəsulzadə Mərkəzi Asiyanın sosialist inqilabı üçün yetişməməsiylə bağlı Stalinlə həvəslə müzakirələrə girişdiyi halda, Azərbaycanla bağlı bu səpkidə müzakirələrə girişmir və bunu Bakı amili ilə izah edirdi.
    Belə olan təqdirdə konturrevolyusionerlərin Aprel inqilabı əleyhinə ittihamları başqa səmtə yönəlir. İndi isə onlar iddia edirlər ki, guya fəhlə tətillərinə, mitinqlərə ancaq rus, erməni və s. digər qeyri-müsəlman fəhlələr çıxırmışlar. Sən demə guya müsəlman fəhlələri inqilabi hərəkata dəstək vermirlərmiş və bununla da Aprel inqilabına erməni-rus donu geyindirməyə çalışırlar. Bununlada azərbaycanlılara belə bir zərərli fikri təlqin etməyə çalışırlar ki, guya Aprel inqilabının azərbaycanlılarla heç bir əlaqəsi yoxdur.
    Bu isə ağ yalan və böhtandan başqa bir şey deyil. Birincisi ona görə ki, müsavatın rəsmi orqanı olan «Azərbaycan» qəzeti özü 1919-cu il may tətilindən sonra yazırdı ki, bütün cəhdlərə baxmayaraq Tağıyevin toxuculuq fabriki bolşeviklərin qərargahına çevrilib və bolşeviklər burada rişələrini çox dərinlərə işlədiblər. Bəli, bu haman Tağıyev fabrikidir ki, onun işçilərinin demək olar ki, hamısı müsəlmanlar idi və bu fabrikin fəhlələri 1919-cu ilin may tətilinə hamıdın qabaq başlayıb hamıdan gec tətili başa çatdırmışdılar. Müsəlmanlar arasında kommunistlərin nüfuzu o qədər güclənmişdi ki, hətta Müsavat ideoloqu Məhəmməd Hadi belə öz firqəsindən üz döndərib Aprel inqilabını alqışlamışdı. Hacınski başda olmaqla Müsavatın adlı-sanlı rəhbərləri inqilabçıların tərəfinə keçmişdilər. İslamçı İttihad partiyası 1920-ci ilin yanvarında kommunistlərin proqramını qəbul etmiş və islam dünyasının dirçəlişini Sovetlərin hakimiyyətində görmüşdülər. Onu da qeyd edək ki, islamçılar parlamanda 2-ci ən böyük fraksiya idilər.
    Doğrudanmı bütün bu faktlardan sonra hələ də kimlərsə sadəlövhcəsinə inanırlar ki, guya Aprel inqilabı zamanı kommunistlərin yerli müsəlman əhali arasında nüfuzu yox idi?
    Bundan başqa, 1918-20-ci illərdə bütün Azərbaycanı Qırmızı kəndli hərəkatı bürümüşdü, hansıki bu hərəkata Kərik Hüseyn, Qatır Məmməd, Məşədi Qədir, Məşədi Göyüş, Kərbəlayi Əsgər, Salman Əlibəyov, Müseyib Əliyev kimi qəhrəman Azərbaycan oğulları başçılıq edirdilər. Məgər onlardamı erməni idilər? Azərbaycanın elə bir qəzası yox idi ki, orada qırmızı kəndli, qırmızı partizan hərəkatı olmasın, məgər bu qəzalar hamısı ermənilər idimi? Kommunist hərəkatında erməni izi axtara-axtara az qala bütün Azərbaycanı erməniləşdirənlər görəsən bununla kimin dəyirmanına su tökürlər və kimlərə xidmət edirlər?
    İnqilabdan sonra öz xoşuna xaricə gedib qrant pulları qazanmaq üçün Aprel inqilabı əleyhinə böhtanlar, iftiralar yağdıran bəzi müsavatçıları haradasa başa düşmək olar. Çünki belələrinin qrant pulu almaq üçün Sovetlər ölkəsinə böhtan kompaniyasının kiçik piyadaları olmaqdan başqa çarələri yox idi. İkincisi isə özlərinin rüsvayçı, biyabırçı məğlubiyyətlərini ört-basdır etmək üçün belə böhtanlara əl atmaları haradasa anlaşılandı. Amma indiki bəzi üzdəniraq tədqiqatçıların bu cızmaqaraları «mötəbər» mənbə kimi xalqa sırımaq cəhdləri heç cürə başa düşülən deyil.
    Görəsən Azərbaycan torpaqlarında daşnak dövlətini yaradan, İrəvanı daşnaklara paytaxt kimi bağışlayan, mart qırğınlarında daşnaklarla gizlicə sövdələşib əliyalın müsəlmanları süngü qabağına göndərən, mart hadisələrində 30 minə qədər müsəlmanı vəhşicəsinə qətlə yetirmiş 20 nəfər daşnak cəlladını 1920-ci ilin yanvarında azadlığa buraxan (1920-ci ilin yanvarında Müsavat hökuməti mart qırğınlarında azərbaycanlılara qarşı xüsusi qəddarlıq nümayiş etdirmiş 20 nəfər daşnak cəlladını həbsdən azad etmişdir), 23 aylıq mandataltı hakimiyyətləri zamanı Azərbaycan xalqına qarşı misilsiz cinayətlər işləmiş Müsavata haqq qazandırmaq üçün Aprel inqilabı kimi şərəfli tariximizə bu qədər böhtan yağdıranlar bununla kimlərin qulluğunda dururlar?
    Bəzi tədqiqatçılar iddia edirlər ki, Aprel hadisələri ərəfəsində Azərbaycan əhalisinin 78%-ni kəndlilər təşkil etdiyindən guya fəhlə sinfi, proletariat sosialist inqilabı etmək üçün çox zəif idi.
    Amma bu iddiada olanlar unudurlar ki, Bakı sənaye rayonu nəinki Rusiya miqyasında, hətta Avqust Bebelin də xarakterizə etdiyi kimi dünya fəhlə hərəkatı miqyasında ən aktiv inqilabi mərkəzlərdən biri, hətta birincisiydi. Belə bir dünya miqyaslı fəhlə hərəkatı mərkəzinin Azərbaycan kimi kiçik bir Respublikada olması, burada sosialist inqilabı üçün əlverişli zəmin hazırlayırdı. O ki qaldı kimlərinsə 78% əhalini əhatə edən Azərbaycan kəndlisini sosialist inqilabının baş verməsi üçün maneə hesab etməsinə, biz deyərdik ki, əksinə, Azərbaycan kəndi sosialist inqilabının ən böyük təkanverici və hərəkətverici qüvvəsi idi.
    Engels kəndin və kəndlilərin sosialist inqilabı üçün necə böyük əhəmiyyət kəsb etdiyini ölümündən cəmi 10 ay əvvəl sanki kommunistlərə vəsiyyət edərcəsinə belə dilə gətirirdi: «Siyasi hakimiyyəti kommunist partiyasının ələ alması yaxın gələcəyin işi olmuşdur. Lakin siyasi hakimiyyəti ələ almaq üçün bu partiya əvvəlcə şəhərdən kəndə getməli, kənddə bir qüvvə olmalıdır» (K.Marks, F.Engels, Seçilmiş əsərləri, cild 2, səh.425).
    Azərbaycan kommunistləri eynən belə də etdilər. Onlar fəhlə sinfi ilə kəndlilərin ittifaqına anil oldular. Hər kənddə, hər qəzada inqilabi təşkilatlar yaradıldı və bu təşkilatlar vasitəsiylə kortəbii kəndli çıxışları geniş miqyaslı qırmızı kəndli hərəkatına çevrildi. Əgər əvvəllər kəndlilər ancaq kənd miqyasında üsyan qaldırıb, ancaq öz bəylərinə qarşı vuruşurdularsa, hansıki belə çıxışlar çox asanlıqla yatırılırdı, 1918-ci ildən etibarən kəndli hərəkatı kütləviləşməyə və bütün qəzaları əhatə etməyə başladı və ən əsası isə alovlanan qırmızı kəndli hərəkatı siyasi cəhətdən olduqca yetkinləşmiş və «Sosialist Respublika» şüarı əsas tələb olmuşdur.
    1918-20-ci illərdə Azərbaycan kəndində inqilabi əhval-ruhiyyə hökm sürürdü, Azərbaycan kəndlisi özünün əsrlərdən bəri yığılıb qalmış torpaq və azadlıq problemlərinin həllinin yeganə yolu kimi üsyan və inqilabı görürdü. Bu baxımdan Səməd Ağa Ağamalıoğlunun xatirələrindən maraqlı bir məqamı xatırlamaq çox yerinə düşərdi. Beləliklə, 1919-cu il Müsavat parlamanı; Ağamalıoğlu yazır: «Mülkədar Sultanovlar hələ çarizm vaxtında tez-tez təcrübədən keçirtdikləri fırıldaq və hiylə yolu ilə məhkəmə vasitəsiylə Bəydovul kəndi (Göyçay qəzası) camaatının 1000 desyatin torpağını zəbt etmişdilər. Kəndlilər hesab edirdilər ki, indi artıq onların parlamenti var, deməli, həmən məsələni müzakirəyə vermək olar… Təkidimiz sayəsində məsələ parlamentin müzakirəsinə qoyuldu. Müzakirə zamanı həmən kəndin, habelə digər bir neçə kəndin kəndliləri də iştirak edirdilər… Səsvermə zamanı, məlum səbəbə görə, məsələ keçmədi (mülkədarlar parlamanın 85%-nə sahib idilər-red.)… Tənəffüs zamanı kəndlilər qəmgin halda mənə yaxınlaşaraq soruşdular: «Bəs bunun sonrası necə olacaq?» «Sonrası sizdən asılıdır, başa düşürsünüzmü?»– deyə həyəcanlı halda cavab verdim. Bu an həmin işlə maraqlı olan bəylərdən biri çəkinmədən və sırtıqcasına gülə-gülə mənə yaxınlaşıb dedi: «bilirsən, Səməd Ağa, bir yox, hətta yüz parlament yığılsa belə mənim torpağımı ala bilməz». Bu həyasızcasına olan hərəkətdən müvazinətimi itirmiş bir vəziyyətdə: «Bəs bilirsənmi, bir vaxt gələcək, özü də çox tez gələcək, onda sən indi əzilən kəndlilərin qisascı qəzəbindən qurtarmaq üçün nəinki torpağını verəcəksən, hətta arvadını, uşaqlarını da atacaqsan»–deyə cavab verdim. Sonra ətrafımda toplanmış parlament üzvləri qarşısında kəndlilərə aşağıdakı sözlərimlə cavab verdim. Sonra ətrafımda toplanmış parlament üzvləri qarşısında kəndlilərə aşağıdakı sözlərimlə müraciət etdim:
    «Gedin və adamlarınıza çatdırın və hər yerdə söyləyin ki, kəndlilər torpaq məsələləri ilə bir də parlamentə gəlməsinlər, özlərinin baltalarını, xəncərlərini itiləsinlər və tüfənglərini çiyinlərinə atsınlar… Başa düşdünüzmü?»
    «Başa düşdük»–deyə kəndlilər fikirli və ciddi cavab verdilər.
    Bəy özünü itirmiş halda: «Bu qiyamdır, mən isə qanundan danışıram»–deyə mızıldandı. «Bu qiyam deyil, ali qanun olan inqilabdır»–deyə izah etdim» (X.Mirzəyev, Azərbaycan kəndi sosialist inqilabının hazırlanması və qələbəsi uğrunda mübarizə dövründə, səh.52. Arxiv materialı).
    Bu dialoqdan çox aydın şəkildə hasil olunan bir nəticə var, o da bundan ibarətdir ki, 1920-ci ildə Azərbaycanda kəndli probleminin bir tək həlli yolu mövcud idi;–inqilab! Bu dialoq inkarolunmaz şəkildə belə bir həqiqəti bir daha, həm də çox anlamlı müstəvidə, həm də bütün çılpaqlığı ilə nümayiş etdirir ki, 1918-20-ci illərdə Azərbaycan kəndlisinin öz hüquqlarını və mənafeyini parlament, qanunvericilik və məhkəmə yolu ilə qorumaq imkanları sadəcə olaraq sıfıra bərabər idi. Məhkəmə ağaların əlində, parlament ağaların əlində, hakimiyyət ağaların əlində; belə olan təqdirdə kəndlinin alətini silaha çevirməkdən başqa ikinci bir seçim imkanı qalmırdı. Heç təsadüfi deyil ki, 1919-cu il aprelin 21-də Qızılhacılı kəndliləri Müsavat parlamanına sözün həqiqi mənasında ultimatum göndərərcəsinə yazırdılar ki, azca yubanma bəylər və xanlara qarşı kənd əhalisinin kütləvi açıq üsyanına aparır. Aclığa məruz qalmış və səbri tükənmiş yoxsul kəndlilərin digər çıxış yolu yoxdur» (ADA, fond 894, siyahı 2, iş 71, səh.131-132).
    Bu dilemma qarşısında isə təkcə Qızılhacılı kəndliləri qalmamışdı, bütövlükdə Azərbaycan kəndinin nəbzi bu əhval-ruhiyyəylə döyünürdü. Beləliklə də kəndlilər Aprel sosialist inqilabının əsas hərəkətverici qüvvələrindən biri kimi çıxış etdilər.
    Bu baxımdan Aprel inqilabının əsas hərəkətverici qüvvəsi qismində Azərbaycanın fəhlə-kəndli kütlələri çıxış edirdi, amma Aprel inqilabına rəğbət göstərənlərin siyasi spektri kifayət qədər rəngarəng və mürəkkəb idi. Sol müsavatçılardan islamçı ittihadçılara, türk millətçilərindən bitərəflərə qədər, demək olar ki, bütün siyasi cərəyanlar və qruplaşmalar Azərbaycanın və müsəlman Şərqinin qurtuluşunu yaxınlaşmaqda olan qırmızı inqilabda görürdülər. Bu isə bizə deməyə əsas verir ki Aprel sosialist inqilabı Azərbaycan kommunistlərinin avanqard və rəhbərliyində, Azərbaycan fəhlə və kəndlisinin, Azərbaycan xalqının ümumi qələbəsiydi.
    Aprel inqilabı və Nərimanovun mühacirətdən qayıdışı
    Məlumdurki hələ 1918-ci ilin yayında Nərimanov xəstəliyi və müalicə alması səbəbiylə Azərbaycanı tərk edərək Sovet Rusiyasına getmiş və sonralar Azərbaycanda cərəyan edən siyasi proseslər səbəbiylə Aprel inqilabına qədər ölkəyə qaydışı mümkün olmamışdır. Beləki Müsavat müstəmləkə polis üsul-idarəsi Nərimanovun göründüyü an həbs olunması barədə göstəriş vermişdi. Daxili işlər nazirinin əmrinə əsasən Nərimanov Azərbaycana ayaq basar-basmaz dərhal həbs olunmalıydı və onu böyük ehtimalla edam cəzası gözləyirdi.
    Nəhayət 1920-ci il aprelin 27-də Aprel inqilabı dinc şəraitdə qalib gəldikdən sonra inqilabın rəhbəri və ilhamçısı N.Nərimanov mühacirətdən vətənə qayıtdı.
    Bu gün elmi-tarixi ədbiyyatlarda mübahisəyə səbəb olacaq məsələlərdən biri Nərimanovun Bakıya Aprel inqilabından 20 gün sonra qayıtmasıyla bağlıdır. Bəzi tədqiqatçılar təəccüblə soruşurlar: nə üçün belə gec? Bəlkə onun Azərbaycana qayıtmasını istəməyənlər var idi?
    Düzdür, Nərimanovun adını eşidəndə Mirzoyanın, Mikoyanın, Sərkisin canına üşütmə düşürdü. Onlar çox yaxşı bilirdilər ki, N.Nərimanov böyük siyasi sima, bütün müsəlman Şərqi üçün görkəmli müəllim hesab ediləcək səviyyədə, müstəqil fikrə sahib nəzəriyyəçidir və onu Şərqin Lenini adlandıranlar bu baxımdan heç də yanılmırdılar. Belə bir inqilabi dühanın rəhbərliyi altında işləmək isə keçmiş daşnak çirkabıyla murdarlanmış şəxslər üçün arzuedilməz idi.
    Amma konkret olaraq Nərimanovun inqilabdan 20 gün sonra Azərbaycana gəlməsi faktı qətiyyən bu amillərlə bağlı deyildi. Mühacirətdən qayıdışın müəyyən gecikməylə müşayət olunması Nərimanovun yazılarında belə izah olunur. O yazır ki, «Yola düşməzdən qabaq yol. Lenin məni qəbul etdi… xeyir-dua verdi.
    Bakıya gedən zaman hələ yolda ikən öyrəndim ki, …Müsavat hökuməti hər şeydən ümidini üzüb akt tərtib etmişdir, burada deyilirdi ki, hakimiyyət müsəlman kommunistlərə verilir…» (N.Nərimanov, seçilmiş əsərləri, Bakı-2004, səh.419).
    Buradan göründüyü kimi Müsavat rejiminin hakimiyyəti İnqilabi Komitəyə təhvil verilməsi xəbərini eşidərkən Nərimanov artıq yoldaydı və qatarla Bakıya gəlirdi. Bu isə aprelin 27-28-nə təsadüf edir. Nərimanovun yola düşməmişdən qabaq Leninlə görüşü isə heç şübhəsiz ki, aprelin 25-26-na təsadüf edir. Çünki bu tarixdə Bakıdan Moskvaya gizli radioqram ünvanlanmış və Bakıda silahlı üsyan başladığı xəbəri verilmişdi. Təbiiki Nərimanov silahlı üsyan başlamadan Bakıya gələ bilməzdi, çünki onun həbsi barədə əmr var idi. Deməli Nərimanov yalnız bu xəbərdən sonra yola çıxır və yolda ikən inqilabın qalib gəlməsi xəbərini eşidir. Onun Bakıya belə gec gəlib çatmasının səbəbi isə sırf texniki məsələydi. Beləki M.Ə.Rəsulzadə öz xatirələrində yazırdı ki, Stalinlə onun qatarla Moskvaya çatması ən azı 15 gün çəkmişdir. Təbiiki Nərimanovun da Moskvadan Bakıya qatarla gəlişi məhz təxminən elə bu qədər, 20 günə başa gəlmişdi. Həmdə nəzərə almaq lazımdır ki, Nərimanov Dağıstanda bir neçə görüşlər də keçirmişdi. Deməl mübahisəyə əsas yoxdur. Nərimanovun Moskvadan Bakıya səfər müddəti o dövr üçün normal hesab edilə biləcək vaxtda, təxminən 3 həftəyə başa gəlmişdir və bu o zamanın texniki göstəriciləriylə üst-üstə düşür.
    Nərimanov 1920-ci il mayın 16-da Bakıya sosialist inqilabının rəhbəri kimi ayaq basdı, hərbi paradı qəbul edib vəzifəsinin icrasına başladı.
    Amma çox təəssüflər olsun ki, bu gün bəzi üzdəniraqlar N.Nərimanovun inqilabın rəhbəri titulunu inkar etməyə çalışırlar, təkcə bu günmü, yox, hələ 100 il əvvəl sonrada ona dönük çıxmış bəzi silahdaşları böhtan atarcasına N.Nərimanovun Aprel inqilabında rəhbər rolunu danmağa başladılar və bu böhtan kompaniyası Nərimanovun sağlığında onu «siyasi səhnədən» uzaqlaşdırmaq üçün, ölümündən sonra yaddaşlardan silmək üçün, bu gün isə Nərimanovun kommunist kimliyini, onun Müsavat polis rejimini devirən inqilabın rəhbəri olması faktını ört-basdır etmək üçün istifadə edirlər.
    Həsən Həsənov özünün N.Nərimanov haqqında yazdığı kitabında Əliheydər Qarayevdən iqtibaslar gətirərək sübut etməyə çalışır ki, guya Nrimanovun Azərbaycanın Sovetləşməsi üçün heç də böyük xidmətləri olmayıb. O yazır: «N.Nərimanov azərbaycanlıların bolşevikləşməsi yolunda xidməti ən az olanların siyahısındadır. Ə.Qarayevin etirafı bu baxımdan çox səciyyəvidir. O deyirdi: «1919-cu ilə qədər bolşeviklər türk xalqının düşməni saylırdı. 1919-cu ilin fevralında Bakı Fəhlə Konfransında Levon Mirzoyanın çıxışından sonra türklər (azərbaycanlılar) bolşeviklər tərəfə keçdilər». Sonra Ə.Qarayev fikrini davam etdirərək yazırdı ki, dərhal bu hadisələrdən sonra «bizim təşkilatın ən yaxşı işçilərindən olan» Anastas Mikoyan Bakıya gələrək, hətta «Hümmət»ə rəhbərlik etdi. N.Nərimanovun həmkarları olan siyasətçilərin heç biri onun Azərbaycanda Sovet hakimiyyətinin qurulmasında xidmətlərini qeyd etmirlər. Buna baxmayaraq, onlar İ.Stalin, L.Mirzoyan, A.Mikoyan, S.Kirov, hətta L.Beriyanın və bir çox başqa erməni və rus bolşeviklərinin adlarını fərəhlə çəkirdilər. Bütün bunlar tarixi sənədlərə və gerçəkliyə uyğundur. N.Nərimanov Azərbaycan Xalq Cümhuriyyətinin yıxılmasında və dağılmasında fəaliyyət göstərməmişdir. Azərbaycanın bolşevikləşməsini qəti surətdə N.Nərimanovun fəaliyyətinin nəticəsi kimi qiymətləndirmək olmaz» (H.Həsənov, «Nəriman Nərimanov», Bakı-2004, səh.97-98).
    Həsən Həsənov fikrini əsaslandırmaq üçün çox, amma çox yanlış bir adamdan iqtibas gətirir;–Əliheydər Qarayevdən. Sual olunur, kim idi Əliheydər Qarayev?
    Nərimanov onu belə xarakterizə edirdi: «…Qarayev menşevik kimi 1918-ci ildə bizə qarşı çıxış edirdi…», daha sonra isə yazırdı: «…Serqo (Orconikidze-red.) və Stalin… həmişə Qarayevi irəli çəkirlər, onu isə bütün Azərbaycan hər cəhətdən satqın adam kimi tarıyır» (N.Nərimanov, seçilmiş əsərləri, səh.421-465.
    İndi cənab Həsənova məlum oldumu ki, Ə.Qarayevlər və onun kimilər 1918-20-ci illərdə Azərbaycanda gedən inqilabi mübarizədə N.Nərimanovun rolunu heçə endirdikləri, adını belə çəkmədikləri halda nə üçün Mirzoyanların, Mikoyanların və digərlərinin adını «fərəhlə» çəkirdilər?
    Çünki Ə.Qarayev, R.Axundov, M.D.Hüseynov 1918-19-cu ilə qədər antikommunist olublar və özlərinin əksinqilabi keçmişlərindən qorxduqları üçün Mirzoyanlara, Mikoyanlara yaltaqlanır və bununlada vəzifələrini qoruyub saxlayırdılar. N.Nərimanov yazırdı: «…onlar hər yerdə mənə qarşı çıxış etdikləri üçün Mirzoyan tərəfindən partiyada saxlanılmışdılar» (yenə orada, səh.463).
    Hətta vəziyyət o yerə gəlir ki, Mirzoyan tərəfindən AKP MK-ya katib keçirilən Xanbudaqov öz tabeçiliyindəki işçilərə və qəzalardakı partiya orqanlarına (bu vəzifələrdə yaxın qohumlarını qoymuşdu-red.) tapşırıqlar verir ki, heç yerdə N.Nərimanovun adını çəkməsinlər və onu heç yerə seçməsinlər, bundan sonra partiya işçiləri də daxil olmaqla heç kəs N.Nərimanovun adını belə çəkməyə cürət etmirdilər. Çünki belə olan təqdirdə onları partiya üzvlüyündən və işlədikləri yerdən çıxarırdılar. Sərkis bu məqsədlə 500 fars fəhləsini AKP-nin sıralarından xaric etmiş, Mirzoyan isə fars fəhlələrinin partiyaya qəbulunu dayandırmağı tələb etmişdi. Nərimanov yazırdı: «Müsəlman fəhlələrin sayı (partiya üzvü olan) süni surətdə azaldılır» (yenə orada, səh.443).
    Təbiiki bununla da N.Nərimanov partiya içi dayaqdan məhrum edilirdi.
    Belə olan təqdirdə isə istər Ə.Qarayev, istərsədə onun kimiləri heç yerdə heç bir çıxışlarında N.Nərimanovun adını çəkmir, əvəzində isə Aprel inqilabında Mirzoyanların, Mikoyanların «rəhbər» rolu süni surətdə ön plana çəkilirdi.
    Ə.Qarayevin yalan və böhtan kompaniyası elə bir cəfəngiyat dərəcəsinə gəib çatırdı ki, onun dediklərini təsəvvür etmək belə çətindir. Qarayev iddia edirdi ki, guya Mirzoyanın fəhlə konfransında çıxışından sonra müsəlman fəhlələri kommunist partiyasına üzv olmağa başladılar və Mikoyan müsəlman kommunist təşkilatı «Hümmət»ə rəhbərlik etməyə başladı.
    Qarayevin bu fikirləri absurd cəfəngiyatdır. Çünki müsəlman fəhlələri istər Mikoyana, istərsədə Mirzoyana 1918-ci ilin mart qırğınlarında müsəlman əhaliyə qarşı vəhşiliklər törətdiklərinə görə nifrət edirdilər.
    Məhz bu səbəbdən də müsəlman əhalinin kommunist partiyasına cəlb olunması Mikoyanların, Mirzoyanların, Sərkislərin deyil, tamamilə yerli müsəlman kommunistlərinin fəaliyyətinin, əzmkar mübarizəsinin nəticəsi olmuşdur.
    Bu barədə qocaman kommunist Şəmsəddin Musaxanov belə nəql edirdi: «…1918-ci ilin mart ayından (mart qırğını nəzərdə tutulur-red.) sonra vəziyyət xeyli çətinləşdi. Nə şəhərdə, nə mədənlərdə, nə də fabrik-zavodlarda və ətraf kəndlərdə heç kəs bizə qulaq asmaq istəmirdi. Bəzən adamın salamını da almırdılar. Bizi yığıncaqlara buraxmırdılar. İçəri girəndə hamı durub çıxırdı bayıra, məclis dağılırdı. Elə ki, deyirdik «ay yoldaş…» sözümüzü ağzımızda qoyurdular: «sizdən bizə yoldaş olmaz… Gedin! Sizin yoldaşlarınız bizə yad adamlardır, onların yanına gedin». Naəlac qalmışdıq.
    1919-cu ilin əvvəlləri idi. İngilislər ağalıq edirdilər. İki nəfər getdik mədəndə fəhlələrlə görüşməyə. Nədənsə acıqlanmadılar. Başladıq ingilisləri pisləməyə, azadlıq uğrunda bütün millətlərin fəhlələrilə əlbir mübarizə aparmaqdan danışmağa. On-onbeş fəhlənin hamısı qalxdı ayağa, bir səsnən: «Gedin bu nağılı uşaqlara danışın… bizi bir də tora sala bilməzsiz… Siz dinsizlər Quranı danırsız, allaha ininmırsız».
    Eşitdik ki, Təzəpir məsçidində yığıncaqdır. Getdik. Adam əlindən tərpənmək olmurdu. Bizi içəriyə girməyə qoymurdular, zorla məsçidə soxulduq. Bir nəfər qışqırdı: «Ay camaat, bunlar dinsizdir… Moltanıdırlar, vurun!»
    Dava düşdü… cəld aradan çıxdıq…
    Naəlac qalmışdıq. Əlimizdən heç nə gəlmirdi. Mart qırğını əhalini bərk hürküdüb qorxutmuşdu.
    Bir gün getdik Sabunçuya. Gördük yığıncaqdır. Musavatçıların adamı fəhlələrə islamdan, Qurandan, millətdən danışırdı. Yoldaşım İsmayılov qabağa keçib, ağzını açanda yenə şuluqluq düşdü, macal vermədilər sözünü desin… mənim boyum balaca olduğundan, kətilin üstünə qalxdım, qışqırdım: «Ay müsəlman qardaşlar, ay camaat, niyə çığırıb şuluq salırsız… Macal verin. O deyir ki, Nikolay yıxılıb, gorbagor olub… Hər şey qalıb camaata. Qapaqapdır. İri bir qabda plov var, üstündə də toyuq, qaysı, kişmiş. Gəlin bir yerdə yeyək. Yeyirsiz yeyin… Yemirsiz cəhənnəmə yeyin… Daha yazığı gözümçıxdıya salmaq niyə? Olub-keçəndən yox… sabahdan danışaq».
    Camaat birdən sakitləşdi. İsmayılov çıxış etdi. Birinci dəfə orada bizi qoydular axıracan danışaq… Bu qayda ilə gecə-gündüz mədənlərdə, zavodlarda müsəlmanlar arasında iş aparıb onları öz tərəfimizə cəlb edirdik» (Manaf Süleymanov, «Eşitdiklərim, oxuduqlarım, gördüklərim», səh.285-286).
    Qocaman kommunist Ş.Musaxanovun söylədiklərindən də aydın olur ki, Aprel inqilabı Mirzoyanların, Mikoyanların yox, yerli müsəlman kommunistlərin illərlə davam edən gərgin inqilabi fəaliyyətinin nəticəsində qalib gəlmişdir. Mən qocaman kommunistin xatirələrindən bilərəkdən belə uzun-uzadı iqtibas gətirdim. Çünki onun fikirlərində 1918-19-cu illərdəki vəziyyət, əhalinin əhval-ruhiyyəsi olduqca əhatəli təsvir olunub. İndi siz özünüz təsvir olunan o dövrkü şəraitlə Qarayevin dediklərini müqayisə edin. Doğrudanmı mart qırğınlarından hürkmüş müsəlman əhali məhz bu hadisələrin təşkilatçısı kimi ad çıxarmış Mirzoyanlara, Mikoyanlara görə kommunistlərin cərgəsinə qoşulurdular?
    Qətiyyən inandırıcı deyil. Bunu ancaq müsəlman kommunistlər edə bilərdilər və etdilərdə. Onlara isə ümumi rəhbərliyi mühacirətdə yaşayan N.Nərimanov etməkdəydi. Beləki 1919-cu ilin yanvarında N.Nərimanov Həştərxanda Zaqafqaziya müsəlmanlarının işləri üzrə komissar seçilmişdi və nəinki «Hümmət»lə, eləcədə digər müsəlman kommunist təşkilatlarıyla sürəkli əlaqədəydi.
    N.Nərimanov azərbaycanlı kommunistlərlə əlaqə saxlayır, onların işini yönləndirirdi. Yerlərdən Nərimanova məlumatlar, üsyanlar, tətillər barədə hesabat xarakterli informasiyalar göndərilirdi. Məsələn, Həmid Sultanovun 1919-cu ildə N.Nərimanova göndərdiyi məktublardan birində Qazax qəzasındakı qırmızı kəndli hərəkatı haqqında məlumat verilir, əhalinin əhval-ruhiyyəsi və silahlanma dərəcəsi inqilab rəhbərinə məruzə olunurdu. Bu xarakterli məktublar yerlərdən mütəmadi olaraq rəhbərə çatdırılırdı.
    N.Nərimanov Həştərxanda, Moskvada sadəcə olaraq əl-qolunu sallayıb oturmamışdı. O, daim Leninlə və digər rəhbər işçilərlə Azərbaycan və müsəlman Şərqinin vəziyyətin müzakirə edir, Kreml siyasi dairələrində Müstəqil Sovet Azərbaycanı ideyasına dəstək axtarırdı.
    1919-cu ilin yayında N.Nərimanov Müsavat baş naziri Usubbəyova nota üslubunda teleqramm göndərdi. Nərimanov Müsavat baş nazirinə yeritdikləri siyasətə görə müsəlman əhali qarşısında cavab verməli olacaqları müdhiş saatın yaxınlaşdığını bildirir və ona hakimiyyəti dinc şəraitdə müsəlman kommunistlərinə verməyi ən məqbul variant olduğunu çatdırırdı.
    N.Nərimanovun istər bu, istərsədə digər məktub və məqalələri, xüsusilədə «Qafqaza hansı şüarla gedirik» kitabçası, hansıki burada Azərbaycanda sosializm quruculuğunun modelini şərh edirdi,–Azərbaycanın şəhər və kəndlərində əldən-ələ gəzirdi və təbliğat-təşviqat üçün çox uğurlu vasitələrdən hesab olunurdu.
    Məhz Orconikidze N.Nərimanovun mühacirətdə olmasına baxmayaraq 1918-20-ci illərdə Azərbaycanda inqilabi hərəkatın rəhbəri olması faktını belə etiraf edirdi: «Nərimanov… müsavatçıların hökmranlığı dövründə partiyamızın ən yaxşı mübariz bayraqdarı idi».
    Bəli cənablar, atalar yaxşı deyib: «Günəşi palçıqla suvamaq olmaz». Siz mirzoyanlara, mikoyanlara, simasız əlaltılara «mötəbər» mənbə kimi əsaslanıb Günəşi palçıqla suvamağa çalışdınız, amma bununla N.Nərimanov şəxsiyyətinə zərrə qədər xələl gətirə bilmədiniz. Əksinə, özünüz bu mövqeyinizlə «yan»ların, yamanların cərgəsinə yuvarlandınız. Artıq sizlərin mikoyanlardan, mirzoyanlardan, qarayevlərdən nə fərqiniz var ki, dünən onların N.Nərimanova atdığı palçığı bu gün də siz atırsınız.
    Dünən Sərkis N.Nərimanovun Şərqlə bağlı fikirlərində «millətçilik», «islamçılıq», «əksinqilabilik» çalarları axtarırdısa, bu gün eyni mövqeni sizlər davam etdirirsiniz, dünən mikoyanlar, mirzoyanlar N.Nərimanovda bolşevizmə etibarsızlıq çalarları aşkarlamağa çalışırdılarsa, bu gün eyni ittihamlarla siz bar-bar bağırırsınız. İndi özünüz deyin, üzdəniraq tədqiqatçılar, siz kimsiniz? Sapı özümüzdən olan sərkislərmi, mikoyanlarmı, mirzoyanlarmı?
    Bəlkə siz düşünürsünüz ki, bununla N.Nərimanovu «təmizə» çıxarırsınız? Amma unudursunuz ki, N.Nərimanov heç bir çirkli iş görməmişdi. Məgər əcnəbi ordulara arxalanaraq on minlərlə azərbaycanlını məhv etmiş, Azərbaycan torpaqlarında 1600 il sonra daşnak-erməni dölətinin yaradılmasını tanımış, İrəvanı ona paytaxt kimi bağışlamış, öz xalqını süni aclıqla məhv etmiş oyuncaq Müsavat müstəmləkə polis üsul-idarəsindən xalqı xilas etmək çirkli iş idi ki, siz N.Nərimanovu bu «çirkabdan» təmizləyirsiniz?
    Müsavat müstəmləkə polis rejiminin xalqımıza xəyanətiylə bağlı sadəcə bir faktı xatırlatmaq kfayətdir ki, milli pərdəyə bürünmüş bu fitnəkarlığın nə olduğunu anlayaq. Beləki 1919-cu il noyabrın 20-də müsavat hökuməti Ararat Respublikasıyla gizli separat saziş imzalayır. Bu sazişə görə Müsavat rejimi Zəngəzurun Azərbaycan torpağı olması faktını şübhə altına alır və ordunu Zəngəzurdan çıxarır. Bundan istifadə edən daşnak cəlladları Zəngəzura soxularaq müsəlman əhalini kütləvi şəkildə məhv etməyə başlayırlır. Qətliyamlardan bir məqamı xatırladaq. 1919-cu il dekabrın 3-ü daşnaklar Zəngəzurda 1300 nəfər kişi, uşaq və qadını məsçidə dolduraraq dinamitlə partladıb məhv etdilər. Bu hələ ancaq bir məsçiddə qətlə yetirilənlərin sayıydı.
    Belə dəhşətli qətliyamlara şərait yaradan isə daşnak dövlətini tanıyan, İrəvanı daşnaklara paytaxt edən və Zəngəzurun deyure və defakto Ermənistana verilməsinin əsasını qoyan Müsavat rejimiydi. N.Nərimanovun rəhbərliyi ilə Aprel inqilabı belə bir xəyanətkar rejimə son qoydu. Bu təkcə Azərbaycanın yox, Atatürkün təbirincə desək, Türkiyənin və islam dünyasının qurtuluşuydu. Çünki Müsavat rejimi Antantanın əlaltısı olduğundan və gənc Türkiyə Cümhuriyyəti isə Antantayla müharibə vəziyyətində olduğundan Atatürk Türkiyəsi imperializmin blokadasındaydı. Müsavat rejiminin devrilməsi və Azərbaycanda Aprel sosialist inqilabının qələbəsi Türkiyəni Antantanın blokadasından xilas etdi. Antanta mühasirəsi Sovet Azərbaycanından yarıldı.
    Azərbaycan və islam dünyası qarşısında belə bir xilaskarlıq missiyasına imza atmış kommunist rəhbərin fəaliyyətində hansı çirkabı görürsünüz ki, onu da «təmizləməyə» çalışırsınız?
    N.Nərimanovun Aprel sosialist inqilabının rəhbəri olmasından, kommunist kimliyindən, Şərqdə ilk Sosialist Respublikanın banisi olmasından utanmaq yox, ancaq və ancaq qürur duymaq lazımdır.
    Amma bəzi üzdəniraq müasir tədqiqatçılar N.Nərimanovun kommunist kimliyini malalamaqda israrlıdırlar. Onlar əllərində mala kommunist N.Nərimanovu «suvayırlar». Material kimi isə mikoyanların, mirzoyanların qoyub getdikləri «xammaldan» istifadə edirlər. Görəsən bu daşnak suvağı tutacaqmı? H.Həsənov əmindir ki, tutacaq və bu məqsədlə də mikoyanların, mirzoyanların «xammalına» bir az «milli» sement əlavə edir. M.D.Hüseynovdan misal gətirir, hansıki Hüseynov vaxtilə yazırdı ki, N.Nərimanov 1917-ci ilə kimi bolşevik olmayıb. Bu həmən M.D.Hüseynovdur ki, 1919-cu ilə kimi Müsavatçı olmuş və qatı millətçi kimi N.Nərimanovu kommunist olduğuna və bununlada Azərbaycanın milli marağını satmaqda ittiham edirdi. N.Nərimanov bu barədə yazırdı: «…Hüseynov Müsavat partiyasının keçmiş katibi kimi… məni ona görə söyürdü ki, mən bir kommunist kimi 1918-ci ildə azərbaycanlı kütlələrə Rusiya fəhlələri ilə birləşməyi təklif edərkən millətin mənafeyini satmışam.
    İndi isə, 1920-ci ildə o, mənə qarşı çıxış edərək hər yerdə məni millətçi kimi qələmə vermək istəyir» (yenə orada, səh.421).
    Görün kim–keçmiş müsavatçı «kommunist» cildinə girəndən sonra kimə palçıq atır; Şərqin ən azman kommunist nəzəriyyəçilərindən N.Nərimanovun kommunist kimliyini şübhə altına alır, onun 1917-ci ilə kimi bolşevik olmadığını deməklə Nərimanovun «dərin» kommunist olmasını inkar edir. Bu ittihama görə guya Nərimanov qısa bir müddət bolşevizmə meyl etmiş, sonra isə fikrindən dönmüşdür.
    Amma əslində bilənlər yaxşı bilir, bilməyənlər isə qoy bilsinlər ki, N.Nərimanovun kommunist təşkilatlarına üzvlüyü çox erkən çağlara, 1905-ci il təsadüf edir. Beləki hələ oktyabr inqilabından 12 il əvvəl Nərimanov müsəlman kommunist təşkilatı olan «Hümmət»ə üzv olmuş və 1906-cı ildə ilk dəfə olaraq bolşevik proqramını rus dilindən Azərbaycan türkcəsinə tərcümə etmişdir.
    Sual olunur, 1905-ci ildə Nərimanov Azərbaycanda müsəlman fəhlələr arasında bolşevizmi təbliğ edərkən Mikoyan, Mirzoyan, Hüseynov harada idilər? Həmən vaxt bu sözügedən şəxslər hələ uşaqlıq çağlarını yaşayırdılar. Bu zaman Mikoyanın 10, Hüseynovun 11, Mirzoyanın isə cəmisi 8 yaşı vardı. Sonralar bu körpə uşaqlar böyüdülər, daşnak və müsavatçı oldular, daha sonra isə cildlərini dəyişib bolşeviklərin cərgəsinə soxuldular. Beləki Mikoyan 1915-ci, Mirzoyan 1917-ci, Hüseynov isə 1918-ci ilin noyabrında bolşeviklər partiyasına üzv oldular və Şərqin Lenini hesab olunan Nərimanova «bolşevizm» dərsi öyrətməyə başladılar.
    Mənə belə gəlir ki, bu müqayisəli rəqəmlər kimin-kim olduğunu daha yaxşı sübut edir.
    Mikoyan, Mirzoyan, Hüseynov Mərkəzə yazdıqları məktublarda Nərimanovu bilərəkdən məqsədli surətdə «millətçilikdə» ittiham edir və yazırdılar ki, Nərimanov Azərbaycanın bolşevikləşməsi yolunda əngələ çevrilib. İndi bizim bəzi üzdəniraq tədqiqatçılar maskalanmış daşnaklar tərəfindən məkrli məqsədlə ortalığa atılmış və hətta Nərimanovun güllənin qabağına göndərilməsinə hesablanmış (təsadüfi deyil ki, Mirzoyanın əlaltısı olan Ağazadə qardaşları Nərimanovun güllələnməsini tələb edirdilər) böhtançı, qərəzli fikirləri «mötəbər» mənbə kimi qəbul edib Nərimanovun kommunist kimliyini malalamağa çalışırlar. Başqa sözlə, Mirzoyanın, Mikoyanın 90 il əvvəl etmək istədiklərini indi yerli tədqiqatçılarımız etmək istəyirlər.
    Bəli, Nərimanov Sərkisin, Mikoyanın anladığı tərzdə «bolşevizmi» rədd edirdi. Elə bir təhrif olunmuş bolşevizm ki, plansız, proqramsız şəkildə, hətta fəhlə ailələrinin qarət olunmasını, sorğusuz-sualsız güllələmələri, müsadirə olunan brilyantların, qızılların dövlət fonduna yox, bu işin başında duran məmurların cibinə axmasını, müsəlman fəhlələrin partiyadan kütləvi surətdə çıxarılmasını və yerinə daşnak əhval-ruhiyyəli ermənilərin, velikorus şovinizmi ilə murdarlanmış rusların doldurulmasını nəzərdə tuturdu. Nərimanov məhz bu sayaq, «sərkissayaq bolşevizmin» ən qatı düşməniydi.
    Nərimanovun bolşevizmi isə sərkislərin hiss və xırda siyasi maraqlarından irəli gələn müddəalara yox, marksist fəlsəfənin ruhuna, elmi kommunizm nəzəriyyəsinin müddəlarına əsaslanırdı. Bu səbəbdən də onunla çox vaxt soyuq münasibətlərdə olmuş Çiçerin belə Nərimanovun böyüklüyünü və Şərq islam dünyasının ideoloji rəhbəri olmasını etiraf etmək məcburiyyətində qalmışdır. Çiçerin 1919-cu il avqustun 3-də Leninə yazırdı: «Nərimanov yoldaşla tanış olan kimi yəqin etdim ki, o Rusiya və Yaxın Şərq müsəlmanları arasında partiya təbliğatı və təşviqatının məharətli bir rəhbəridir».
    Təkcə Çiçerinmi, yox, Orconikidze də Nərimanovu «partiyamızın Şərqdə ən böyük siması» adlandırırdı. Lenin isə hər zaman Şərq məsləsini yoldaş Nərimanovdan öyrənməyi tövsiyə edirdi.
    Bizim üçünsə o, Azərbaycanda 1920-ci il Aprel sosialist inqilabının vicdanı, siması və rəhbəri Nərimanovdur.
    26 Aprel silahlı üsyanı, Azərbaycanda sosialist inqilabının qələbəsi.
    1918-20-ci illər ərzində Azərbaycan qəzalarını silahlı üsyansız təsəvvür etmək mümkün deyildi. Fəhlə hərəkatı, kəndli hərəkatı nə qədər güclənirdisə, mövcud müstəmləkə polis rejimi tərəfindən tətbiq olunan siyasi terrorlar və represiyalarında miqyası bir o qədər böyüyürdü. Fəhlə tətillərinə, kəndli üsyanlarına, mövcud terror maşını tərəfindən amansız divan tutulurdu. Terror yolu ilə kəndli hərəkatı rəhbərləri, tətil təşkilatçıları fiziki cəhətdən məhv edilir, kütləvi həbslər həyata keçirilirdi. Belə bir şəraitdə xalq hərəkatı özünün növbəti fazasına–ümumi silahlı üsyan mərhələsinə qədəm qoydu. Məqsəd kəndlərdə və şəhərlərdə bütün inqilabi qüvvələri səfərbər etmək və gizli qəfil silahlı üsyanla istibdad hakimiyyətini devirmək idi. Bu səbəbdəndə hər yerdə gizli döyüş dəstələri yaradılır, silahlı üsyana hazırlıq görülürdü. Mobil döyüş dəstələri təsis olunurdu. Məsələn, Bakının vağzalyanı rayonunda 200 nəfərlik, Fabrik-zavod rayonunda 300 nəfərlik, Bibiheybətdə hər biri 150 nəfərdən ibarət 3 döyüş dəstəsi yaradılmışdı ki, təkcə bu 5 dəstədəki döyüşçülərin sayı 1000 nəfərə çatırdı. Belə döyüş dəstələri isə Bakının hər rayonunda, hər mədənində, hər məhəlləsində, Azərbaycanın bütün qəzalarında yaradılmışdı.
    Bu Mobil döyüş dəstələri isə «katalizator» funksiyası yerinə yetirərək daha böyük silahlı kütlələri hərəkətə gətirmək imkanına malik idilər. Məsələn, təkcə Qazax qəzasında 10-14 min nəfərlik silahlı kəndli ümumi silahlı üsyana hazır vəziyyətdəydi və bu üsyan əhval-ruhiyyəsi bütün bölgələrdə, şəhərlərdə hökm sürürdü.
    Ordu və əhali arasında aparılan inqilabi təbliğat sosial dayaqlardan məhrum olmuş Müsavat rejiminin fəaliyyət meydanını hər keçən gün dahada daraldırdı. Bir tərəfdən əhali ellikcə Müsavata əsgər, vergi verməkdən imtina edir, digər tərəfdən isə ordudakı əsgərlər kütləvi şəkildə hərbi hissələrini tərk edərək qırmızı partizan hərəkatına qoşulurdular.
    1919-cu il martın 8-də hərbi nazir Müsavat hökumətinin baş nazirinə etiraf edərcəsinə yazırdı: «Bu təbliğat (kommunist propaqandası-red.) olduqca hissedici və ciddi nəticələr verir: məsələn, Gəncə qubernatorunun sözlərinə görə, az qala bütün Qazax qəzası, habelə Nuxa qəzasında yeni əsgər verməkdən imtina edirlər».
    Əsgərlər, kiçik zabit heyəti silahları ilə birlikdə Müsavat ordusundan qaçaraq dağlara çəkilirdilər. Beləliklə Müsavat hökuməti çıxılmaz vəziyyətə düşmüşdü. Bir tərəfdən ordunu komplektləşdirmək üçün yeni əsgərlər toplamaq mümkün olmurdu, digər tərəfdən isə silah altına alınmış əsgərləri hərbi hissələrdə saxlamaq özü əməlli-başlı müşkülə çevrilmişdi. Məsələn, 2-ci Zaqatala piyada polkundan 1919-cu ilin avqustunda cəmi 13 gün ərzində 85 nəfər əsgər qaçmışdı və bu qəbildən olan faktlar demək olar ki, bütün polkarda qeydə alınırdı.
    Demək olarki bütün rıçaqlar, resurslar tədricən Müsavat hökumətinin nəzarətindən çıxırdı. 1920-ci ilin əvvəllərində isə daha bir xəbər Müsavat rejimini lərzəyə saldı. Bu Bakı radiostansiyasının gecələr gizli surətdə kommunistlərə xidmət etməsiylə bağlı əldə edilən məlumat idi. Beləki Türkmənistanda yerləşən ağqvardiyaçı radiostansiyalar Bakı radiosunun gecələr Sovet Həştərxanı və Moskvayla radioqram mübadiləsi etdiyini qeydə alaraq Müsavat hökumətinə xəbər verdi. Bəli, həqiqətəndə 1919-cu ilin axırlarından başlayaraq kommunistlər Bakı radiostansiyasına öz kadrlarını yerləşdirmiş və onların vasitəsiylə gecələr, zərurət yarandıqda isə hətta həyatına risk edərək gündüzlər belə radiodalğalarıyla müəyyən məxfi şifrləri (radioqramları) Moskva və Sovet Həştərxanına göndərir və cavabınıda anoloji qaydada alırdılar. Bu o zaman informasiya blokadasını yarmağın yeganə operativ yoluydu. Beləki Azərbaycanla Rusiya arasındakı bütün yollar ingilis və denikinçilər tərəfindən tutulduğundan hər iki ölkənin kommunistləri ünsiyyət qurmaq üçün daim yeni yollar axtarırdılar. Quru sərhəddi denikinçilər tərəfindən tutulmuşdu, dəniz yolunda isə ingilis və ağqvardiyaçı hərbi gəmiləri daim patrul reydləri edir, Həştərxandan Bakıya, Bakıdan Həştərxana keçməyə çalışan inqilabçıları tutub amansızlıqla məhv edirdilər. Bu yol həm təhlükəli, həm də çox ləng idi. Göndərilən informasiyalar lazımı yerlərə çatdırılana qədər çox vaxt artıq öz əhəmiyyətini itirirdi. Ona görə də ehtiyac kommunistləri Bakı radiosunu içəridən fəth etməyə vadar etdi. Bu işdə radiostansiyaya sızdırılmış inqilabçılar və kommunistlərə rəğbət bəsləyən radiomütəxəssislər çox böyük rol oynayırdılar. Burada bir məqamada toxunmaq çox vacibdir ki, sözügedən dövrdə kommunistlərin ictimaiyyət arasında nüfuzu o qədər yüksək idi ki, hətta Xəzərin digər sahillərində yerləşən denikinçi radiostansiyaların radistləri belə inqilabçılara rəğbət bəsləyir, tutduqları gizli radioqramları ört-basdır edir, hətta Bakı radiosuyla əlaqəyə çıxaraq buradakı inqilabçıları bəzi təhlükələrdən əvvəlcədən xəbərdar edirdilər. Eyni kommunist sevgisi Müsavat hökumətinin cəbhəsindədə hökm sürürdü. Bakı radistləri Müsavatdan maaş alıb inqilab üçün tər tökürdülər. Hətta Müsavat hökumətinin poçt-teleqraf naziri belə rejimin son günlərini yaşadığını bildiyindən «radiostansiyada bolşevik işi»ylə bağlı təhqiqatı nazirliyin sol eser olan əməkdaşına tapşırır, hansıki nazir çox yaxşı bilirdi ki, sol eserlər kommunistlərlə çox yaxındırlar. Elə də olur. Təhqiqatçı sol eser işə xitam verir və təhqiqat dayandırılır.
    Əsgərlər Bakı radiosunu nəzarətə götürərək qapıları möhürləyirlər. Radiostanstyanın işinə 4 nəfər nəzarətçi təyin olunur. Onlardan ikisi dövlət nümayəndəsi, ikisi isə millətcə türk olan Əziz Xəlil və Vəli adlı şəxslər idi. Kommunistlər dərhal bu iki türkü ələ almağı bacarırlar. Onlar Bakıdakı mərkəzə aparılıb təlimatlandırılırlar. Türklərə izah olunur ki, Sovetlər Atatürkün yeganə müttəfiqidir və Sovetlərin yardımı olmasa imperializm üzərində qələbə qazanmaq mümkün olmayacaq və Azərbaycanda Sovet hakimiyyətinin qurulmasını Atatürk də dəstəkləyir.
    Bu izahatdan sonra hər iki türk radist inqilabçıların tərəfinə keçir və silahlı üsyan gecəsi onlardan biri, Xəlil hökumət nəzarətçilərini mehmanxanaya apararaq içirib sərxoş edir. Digər türk radist Vəli isə növbəyə çıxaraq Bakı radiosunun Moskvayla əlaqəyə girməsini təmin edir. Bu əməliyyat 1920-ci il aprelin 26-dan 27-nə keçən gecə baş verdi, daha bir önəmli rıçaq Müsavat rejiminin əlindən çıxdı.
    Bu əməliyyatla eyni anda Azərbaycan İnqilab Komitəsində də həyəcanlı hadisələr cərəyan edirdi. Beləki 1920-ci il aprelin 26-sı səhər yaradılan Müvəqqəti İnqilab Komitəsi həmən günün axşamını ümumi silahlı üsyana başlamaq qərarı qəbul etmiş və silahlı üsyanın gedişatını özündə əks etdirən plan və xəritələri son düzəlişləriylə birgə təsdiqləmişdi. Silahlı üsyan planına görə Biləcəri körpüləri minalanmalı, Əlimovun və türk kommunisti Süleyman Nurinin başçılıq etdiyi dəstə isə Bakı vağzalını ələ keçirərək, dəmiryoluna nəzarətə yiyələnməliydi. Zərbə qüvvəsi qismində Çingiz İldırıiın komandanı olduğu Xəzər hərbi donanması çıxış edəcəkdi, ona bütün donanmanı üsyana qaldırmaq həvalə olunmuşdu. Bu vəzifə İldırım üçün elə də çətin olamdı. Ona görə yox ki, bu asan iş idi, ona görə ki, Çingiz İldırım gecəsini gündüzünə qataraq düz bir il bu gün üçün yorulmadan inqilabi iş aparmışdı. O, Müsavat rejimi zamanı tutduğu liman rəisinin köməkçisi və hərbi donanmanın rəis müavini vəzifələrindən istifadə edərək Xəzər donanmasının hərbi gəmilərinin ekipaj üzvlərini tamamilə kommunistlərdən təşkil etmiş, donanmanın ən böyük döyüş gəmiləri olan «Qars» və «Ərdəhan» gəmilərini döyüşə hazır vəziyyətə gətirmişdi. Beləki ingilislər bu gəmiləri Müsavat hökumətinə təhvil verərkən gəmilərə aid topların açarlarını denikinçilərə ərmağan edirlər, hansıki bu açarlarsız gəmidəki toplar atəş açmaz və böyük döyüş gəmiləri dəmir yığınından başqa heç nəyi ifadə etməzdi. Çingiz İldırım yaxınlaşan inqilab zamanı bu gəmilərin kommunistlər üçün necə böyük əhəmiyyət kəsb edəcəyini dərk etdiyindən nə yolla olursa-olsun, top açarlarının axtarışına başlayır və əməliyyat məlumatından aşkar olur ki, açarlar Bakı limanına lövbər salmış denikinçi gəmidədir. Çingiz İldırımın şəxsən iştirakı və rəhbərliyi ilə gəmiyə reyd keçirilir və denikinçilər açarları dənizə atmağa macal tapmamış başlarının üstünü alırlar. Beləliklə «Qars» və «Ərdəhan» gəmiləri tam döyüş hazırlığı vəziyyətinə gətirilir. Silahlı üsyan gecəsi Müsavat hökuməti Çingiz İldırımın inqilabçı olduğunu deşifrə edir və bir nəfər zabitlə iki əsgərdən ibarət türk hərbi qrupunu onu həbs etmək üçün liman körpüsünə göndərir. Zabit Çingiz İldırımı görcək «Sizi həbs edirəm, siz bolşeviksiz, sizi öldürmək belə azdır» deyə qışqırır. Hərbçilər silahlarını çəkməyə macal tapmamış İldırım fövqəladə bir çevikliklə tapançasını çıxararaq onu həbs etmək üçün gələnləri tərkisilah edir və qabağına qataraq qərargaha gətirib qırmızı qvardiyaçılara təslim edir.
    Aprel silahlı üsyanı zamanı Çingiz İldırımın vəzifəsi bir tək donanmanı üsyana hazırlamaqla yekunlaşmırdı, bundan əlavə Bayılda yerləşən bir sıra hərbi obyektlərin ələ keçirilməsidə təxirəsalınmaz tədbirlər sırasındaydı. Beləki müsavatçılar Bayılda 2-ci Kronştat yaradacaqlarını iddia edirdilər. Bu məqsədlədə ingilislərdən xeyli sayda güclü toplar almış, onları müxtəlif ərazilərdə quraşdıraraq tam döyüş hazırlığına gətirmişdilər. Buraya səhra və iri sahil topları daxil idi. Səhra topları daha çox qopardığı gurultuyla məşhur idilərsə, sahil topları əksinə, uzaq məsafədə istənilən hədəfi məhv etmək qabiliyyətinə malik idilər və olduqca böyük təhlükə ərz edirdilər. İki ədəd çox iri sahil topları, hansıki Müsavat müstəmləkə polis üsul-idarəsinin əsas dayağı hesab olunurdular, Bayıl yamacının təpəsinə quraşdırılmış və dənizə tuşlanmışdılar. Bu topları ələ keçirmədən Xəzər donanmasının üsyan qaldırması qeyri-mümkün idi. O səbəbdən ki, iri sahil topları «Qars», «Ərdəhan» kimi döyüş gəmilərini batırmaq iqtidarındaydı. Ona görədə iri topların ələ keçirilməsi Azərbaycanlı inqilabçılar qarşısında təxirəsalınmaz tədbir olaraq dururdu.
    Aprelin 26-dan 27-nə keçən gecə əməliyyata start verildi. Çingiz İldırım özüylə iki nəfər qızıl qvardiyaçı götürərək Bayıl yamacına gəldi. Sonralar 1922-ci ildə İldırım bu barədə xatirələrini danışarkən deyirdi: «…İlin bu vaxtında nadir olan isti bir gecə idi. Ay bütün ətrafı və məğrur meşəni andıran Bibiheybət mədənlərini özünün aydın işığına qərq etmişdi. Müsavatın başlıca dayağı olan iki nəhəng top ay işığında aydın görünürdü. Topların yanında mərmilər yığılmışdı».
    İnqilabçılar toplara yaxınlaşarkən növbətçi əsgər onların qarşısını kəsir və top komandirini çağırır. Çingiz İldırım zabitlərdən topların açarlarını tələb edir. Silahlı qvardiyaçıları görən top komandiri etiraz etməyin heç nəyi dəyişməyəcəyini anlayaraq sahil toplarının açarlarını Çingiz İldırıma təslim edir. İldırım bu qaydayla bütün sahil və səhra toplarının açarlarını ələ keçirir və beləliklə heç bir güllə də atmadan İldırım və bir neçə qızıl qvardiyaçı Müsavat «kronştatını» diz üstə qoyurlar. Bu ana qədər iri və vahiməli görüntüsüylə insan qəlbini lərzəyə salan ingilis toplarının açarları müsadirə olunduqdan sonra dişləri çıxarılmış ayı kimi təhlükəsiz və yazıq varlıqlara çeırildilər.
    Bundan başqa Müsavatın Nargin adasında da qoşun hissələri və topları mövcud idi. Çingiz İldırım şəxsi qəhrəmanlıq göstərərək Müsavatın Nargin adasındakı qoşun hissələriylə Bakı şəhəri arasında rabitə əlaqəsini təmin edən və dənizdən keçən telefon xəttini kəsdi. Beləliklə oyundan kənar vəziyyətdə qalan Nargin qoşun hissələrinin də fəaliyyəti iflic halına düşdü.
    Çingiz İldırımın şəxsən iştirakı və rəhbərliyi ilə reydlər fasiləsiz olaraq səhərə qədər davam etdi. Müsavatın güc mərkəzləri bir-birinin ardınca, xırda-para müqavimətləri çıxmaq şərtiylə demək olar ki, dinc şəkildə inqilabçılar qarşısında təslim olurdular.
    İldırım və tərəfdarları aprelin 27-si səhər Bayılda yerləşən və Müsavat hökumətinə aid silah-sursat anbarlarını da ələ keçirdilər. Bundan sonra Çingiz İldırım bir dəstə dənizçiylə birlikdə qəflətən Bakı Hərbi Yunker məktəbirə daxil olaraq bütün kursantları, daha sonra isə fəhlələrlə birlikdə birinci şəhər polis şöbəsini ələ keçirərək Müsavat polisini tərkisilah etdi. İldırımın rəhbərlik etdiyi inqilabçı dəstələr limanı tam surətdə ələ keçirərək oradan da siyasi dustaqların saxlandığı Bayıl həbsxanasına doğru hərəkətə başladılar. Müsavat istibdadının simvolu halına gəlmiş Bayıl həbsxanası inqilabçılar tərəfindən ələ keçirildi, bütün siyasi dustaqlar, o cümlədən məşhur kommunist inqilabçılardan Dadaş Bünyadzadə, Qasım İsmayılov, Rəhim Hüseynov və başqaları azadlığa buraxıldılar. Bayıl həbsxanasının inqilabçılar tərəfindən tutulması Böyük Fransa Burjua inqilabı zamanı Bastiliya qalasının alınmasına bərabər bir hadisəydi.
    Aprelin 26-dan 27-nə keçən gecə inqilabçıların illərdən bəri min bir əziyyətlə gizli surətdə bayılda və Qaraşəhərdə təşkil etdikləri anbarlardan fəhlələrə silah paylandı. Mədənlərdə, zavodlarda, liman və tərsanələrdəki fəhlələr silahlandırıldılar. Silahlı fəhlələr bir tərəfdən Müsavat rejiminə məxsus obyektlərin ələ keçirilməsində iştirak edir, digər tərəfdən müsavatçılar mədənləri yandırmasınlar deyə neftli ərazilərdə, mədənlərdə patrul fəaliyyəti həyata keçirirdilər. Bu məqsədlə silahlı fəhlələrdən çoxlu sayda gözətçi dəstələr yaradılmışdı.
    Aprelin 26-dan 27-nə keçən gecə Çingiz İldırımın göstərişiylə hərbi gəmilərə top mərmiləri gətirilir və hərbi donanma tam döyüş vəziyyəti alır.
    Artıq aprelin 27-si səhər radio, poçt, teleqraf, dəniz yolu, Bakı vağzalı, hərbi donanma tam tərkibdə, ordunun bir hissəsi inqilabçıların əlindəydi. Xəzər hərbi donanmasının gəmiləri İldırımın əmriylə 1920-ci il aprelin 27-si səhər saat 10.00-da döyüş düzülüşü vəziyyəti alaraq limandan şəhəri dövrəyə aldılar. Hərbi gəmilərin güclü topları Müsavat hökumətinin və parlament binasının üzərinə tuşlandı. Gəmilərdə Aprel sosialist inqilabının və Sovet Azərbaycanının rəmzi olan qırmızı ay-ulduzlu bayraqlar dalğalanırdı.
    Qızıl komandan Çingiz İldırımın Müsavat parlamanına ünvanladığı ultimatum son dərəcə qətiyyətli və sərt idi. Ultimatumda hakimiyyətin dinc şəkildə inqilabi qüvvələrə təhvil verilməyəcəyi təqdirdə, 2 saat sonra hərbi donanma toplarının işə düşəcəyi və parlament, hökumət binalarının qızıl qvardiyaçı fəhlə dəstələri tərəfindən hücumla alınacağı bəyan edilirdi.
    Milyonçulardan, varlı sərmayədarlardan, iri mülkədarlardan təşkil olunmuş Müsavat parlamanı ard-arda gələn ultimatumlar səbəbiylə şok vəziyyətinə düşdü. Parlamanın sədr əvəzi doktor Ağayev ultimatumu oxuyub qurtarmamış yerdən bir səs eşidildi: «Vəssalam, bazar bağlandı». Bu Səməd Ağamalıoğlu idi. O əllərini bir-birinə vuraraq Müsavatın siyasət bazarının bağlandığını özünəməxsus şəkildə belə dilə gətirdi.
    Müsavat hökumətinin hərbi naziri Səməd bəy Mehmandarov 1920-ci il 27 aprel tarixli son çıxışında ordunun komunistlərə qarşı vuruşmaqdan boyun qaçırdığını açıq-aydın bir şəkildə etiraf etdi və bu xarici imperialist dövlətlərə (ABŞ, İngiltərə, Osmanlı və s.) arxalanaraq mövcud olduğu 23 ay ərzində öz xalqına qarşı elan olunmamış müharibə aparmış Müsavat müstəmləkə polis üsul-idarəsinin sonu demək idi.
    Müsavat hökumətini nəinki xalq və ordu, heç öz nazirləri belə müdafiə etmədilər. Milyonlarla insan üçün siyasi meyiddən başqa bir şey ifadə etməyən Müsavat rejiminin artıq öz nazirlərinin gözündə belə dəyəri yox idi. Heç təsadüfi deyil ki, Müsavat hökumətində xarici işlər naziri, maliyə naziri, daxili işlər naziri, ticarət-sənaye və ərzaq naziri kimi önəmli postlar tutmuş, Müsavat partiyasının rəhbərlərindən biri olmuş, 1920-ci il aprelin 1-də isə yeni hökuməti təşkil etməklə görəvləndirilmiş Məhəmməd Həsən Hacınski Aprel inqilabından 4 gün əvvəl, 1920-ci il aprelin 22-də parlamanın sədr əvəzi Cəfərova yeni hökumət kabinetini yaratmağın imkansız olduğunu bildirməklə yanaşı, Müsavat partiyasından imtina etdiyini və Azərbaycan Kommunist Partiyasına daxil olduğunu bəyan etmişdir.
    Müsavat hökumətinin başqa bir nüfuzlu naziri Səməd bəy Mehiandarov da parlamentdəki axırıncı çıxışında kommunistlərə qarşı vuruşmaqdan imtina etmiş və inqilab cəbhəsinin tərəfinə keçmişdir. O, Müsavatçıların israrına baxmayaraq Azərbaycanı tərk etməmiş, təqaüdə çıxana qədər qızıl ordu sıralarında xidmət etmişdir. Bir müddət hərbi nazirin müavini olmuş Əlağa Şıxlinski də kommunistlərlə əməkdaşlıq yolu seçmiş, qızıl ordu kadrlarının hazırlanmasında yaxından iştirak etmişdir.
    Filosof-şair, Müsavatın ideoloqu və «vicdanı» Məhəmməd Hadi də Müsavat rejimindən üz döndərib Aprel inqilabını alqışlayanlardan idi. O, 1920-ci il mayın əvvəlində Aprel inqilabını nəzərdə tutaraq deyirdi: «Belə inqilabi-kəbirdən sonra mən də hamı kimi xoşbəxt, azad dünyaya qədəm qoymuşam».
    Müsavat rejimi dövründə poçt teleqraf və əmək naziri işləmiş Aslanbəy Səfikürdski də hökumətdən üz döndərərək inqilabçı-kommunistlərin tərəfinə keçmiş və bir müddət Azərbaycan Sovet hökumətində ədliyyə komissarının (nazirinin) müavini vəzifəsində çalışmışdır.
    Müsavat hökumətində baş nazirin birinci müavini, dəmiryol naziri işləmiş Xudatbəy Məlikaslanov da kommunistlərin tərəfinə keçmiş, Sovet hakimiyyəti dövründə məsul vəzifələrdə çalışmışdı. Müsavat hökumətində maarif və dini etiqad naziri olmuş Nurməmməd Şahsuvarov da inqilabi cəbhənin tərəfinə keçmiş, Aprel inqilabından sonra Azərbaycan Sovet Sosialist Respublikasının xalq maarif komissarının müavini işləmişdir.
    Müsavat hökumətində əmək və torpaq naziri işləmiş Əhməd bəy Pepinov da kommunistlərlə əməkdaşlıq yoluna üstünlük verənlərdən oldu və Aprel inqilabından sonra Azərbaycanda mədəni-maarif və nəşriyyat işlərinə rəhbərlik etdi.
    Müsavat rejimi dövründə sənaye və ticarət naziri, xarici işlər naziri, parlamanın sədr əvəzi işləmiş Məmməd Yusif Cəfərov öz imzasıyla hakimiyyəti kommunistlərə təhvil vermiş və Sovet hakimiyyəti dövründə pambıqçılıq trestində, şərabçılıq trestində hüquq məsləhətçisi işləmişdi.
    Mövzudan qismən uzaqlaşaraq bu faktları sadalamaqda məqsədim belə bir tezisi əsaslandırmaqdır ki, Müsavat rejiminin nəinki xalq, ordu arasında, heç öz hökumət üzvləri arasında belə dayağı yox idi. Əgər bir rejimin bir neçə əsas fiqurunu çıxmaq şərtiylə qalan böyük əksəriyyəti Aprel inqilabından sonra, bəziləri hətta inqilabdan əvvəl inqilabi cəbhənin tərəfinə keçib Sovet hakimiyyəti ilə əməkdaşlıq edibsə, ordusu kommunistlərə qarşı vuruşmaqdan boyun qaçırıbsa, bəzi qoşun növləri tamamilə inqilabın tərəfinə keçibsə, əhali kommunistlərin hakimiyyətini gül-çiçəklə, duz-çörəklə qarşılyıbsa, onda belə bir rejimə «siyasi meyiddən» başqa hansı ad vermək olar?
    Elə bunun nəticəsiydi ki, Azərbaycanda Sovet hakimiyyətinin qurulmasına, hakimiyyətin inqilabi qüvvələrə təhvil verilməsinə səs verənlərin tam böyük əksəriyyəti Müsavat rejiminin öz kadrları, nazirləriydi.
    Fikir verin, inqilab günü əsgərsiz və sosial dəstəksiz qalan rejim hakimiyyətin kommunistlərə verilməsi məsələsini müzakirə etmək üçün kart-blanş təsis edir, yəni fövqəladə səlahiyyətlərə malik komissiya yaradılır. Bu qeyri-məhdud səlahiyyətlərə malik komissiyanın sədri M.Ə.Rəsulzadəydi. Rəsulzadə də daxil olmaqla bütün kart-blanşın üzvləri hakimiyyətinin müsəlman kommunistlərə verilməsini dəstəkləmişdirlər.
    Parlaman 1920-ci il aprelin 27-də gecə saat 23.00 iradələrində kart-blanşın qərarını müzakirəyə çıxarmış, səs çoxluğuyla qəbul etmiş və bununlada Azərbaycanda Aprel sosialist inqilabı qalib gəlmişdir.
    Aprel sosialist inqilabını xalq iradəsinin ifadəsi olduğunu sübut etmək üçün heç də uzun-uzadı izahatlara ehtiyac yoxdur, sadəcə bir faktı vurğulamaq kifayətdir ki, Acərbaycanda Sosialist inqilabının qələbəsinə Müsavat rejimi həm kart-blanş, həm də parlament miqyasında özü də səs verdi. Bu baxımdan N.Nərimanovun deməsi ki, «Müsavatın devrilməsində bütün xalq iştirak edirdi», tamamilə özünü doğruldur. Bu istibdad rejiminin sosial dayaqdan məhrum olduğunun ən bariz sübutu idi.
    O ki qaldı Aprel sosialist inqilabının aprelin 27-də, yoxsa 28-də qalib gəlməsi məsələsinə, təəssüflə qeyd etmək lazımdır ki, bu məsələ Sovet tarixşünaslığında olduqca qərəzli mövqedən işıqlandırılırdı. Qərəzlilik isə ondan ibarət idi ki, Aprel sosialist inqilabı ifadəsi demək olar ki, işlənmirdi, bunun əvəzində daha çox Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından, bu tarixin isə XI ordunun Bakıya daxil olduğu gündən–28 apreldən hesablanmasından danışılırdı və Sovet hakimiyyətinin bölgələrdə qələbəsi tarixləri də nədənsə süni surətdə XI ordunun hərəkət qrafikinə uyğunlaşdırılırdı. Məsələn, tarixdən məlumdur ki, Gəncənin müsavatçı general-qubarnatoru Xudat bəy Rəfibəyov hakimiyyəti yerli kommunistlərə dinc, heç bir müqavimət göstərmədən 1920-ci il aprelin 30-da təhvil vermişdi. Amma nədənsə Sovet tarixşünaslığında Gəncədə sovet hakimiyyətinin qələbəsi mayın 2-dən hesablanırdı. Digər bölgələrdə də belə.
    Qısası, Azərbaycanda Aprel sosialist inqilabının qələbəsi sözügedən ayın 28-dən yox, 27-dən götürülməlidir. Çünki məhz bu tarixdə Müsavat hökuməti və parlamanı özünün buraxıldığını və hakimiyyətin müsəlman kommunistlərdən ibarət İnqilabi Komitəyə verildiyi barədə qərar qəbul etmişdir, hansıki bu zaman XI Qızıl ordu hələ Bakıya daxil olmamışdı. Aprel inqilabını Azərbaycan kommunistləri ölkə əhalisinin iradəsinə əsaslanaraq etmişdirlər.
   Daha bir böhtana cavab
    Hazırda bəzi tarixçilər Müsavat rejiminin rüsvayçı süqutunu ört-basdır etmək üçün iddiia edirlər ki, hökumət qoşunları Qarabağda daşnaklara qarşı vuruşduğundan və bütün qoşun hissələri Ermənistanla münaqişə səbəbiylə qərb sərhəddinə yeridildiyindən Bakı hərbi cəhətdən boş və müdafiəsiz qalmışdı ki, nəticədə kommunist inqilabçılar heç bir ciddi müqavimətə rast gəlmədən Müsavat rejimini devirmişdilər. Başqa sözlə, Qarabağ cəbhəsindən Müsavat ordusunu çıxarıb Bakıya gətirmək mümkün olsaydı, guya Müsavat hökumətini devirmək inqilabçılara müyəssər olmazdı.
    Doğrudanmı bu belədir? Görəsən həqiqətənmi Müsavat öz hakimiyyətini Qarabağa qurban vermişdir?
    Əlbətdəki bu belə deyil. Tarixi faktlar bu tip iddiaları bütün ciddiyyətiylə rədd edir. Məsələ burasındadır ki, Qarabağda Müsavat ordusuna məxsus Ağdam, Cavanşir, Tatar, Şəki süvari alayları, 2 topçu divizionu və Bakı piyada alayı yerləşmişdi ki, bu hərbi hissələrdə ümumilikdə vur-tut cəmi 6 minə qədər əsgər qulluq edirdi. Müqayisə üçün deyək ki, Müsavat hökuməti 30 min piyada, 10 min süvari olmaqla ümumilikdə 40 minlik nizami ordu yaratdığını iddia edirdi. Deməli ordunun heç də hamısı Qarabağa göndərilməmişdi, əksinə, Qarabağda xidmət edən ordu hissələri Müsavat hökumətinin iddia etdiyi 40 minlik nizami ordunun çox cüzi bir hissəsiydi.
    Onda ortaya haqlı olaraq belə bir sual çıxır; - Qarabağ hüdudlarından kənarda dislokasiya ounmuş 34 minlik ordu haraya qeyb oldu? Axı Müsavat rejimi bu qədər böyük hərbi qüvvəni Bakıda cəmləşdirərək inqilabçılara qarşı ciddi müqavimət göstərə bilərdi. Amma bu baş vermədi. Nə üçün?
    Sən demə Müsavat hökumətinin 40 minlik nizami ordu iddiası mif və yalandan başqa bir şey deyilmiş. Aprel inqilabı ərəfəsində Müsavatın Bakıda çox cüzi, iki minə yaxın əsgəri var idi ki, onlarda inqilabçıların tərəfinə keçmişdilər. Elə təxminən bu qədər əsgər, yəni iki minə qədər əsgər də Gəncədək hərbi hissələrdə qulluq edirdi. Əgər digər qəzalara səpələnmiş və sayları heç də bunlardan çox olmayan digər hərbi hissələri də əlavə etsək onda Müsavat hökumətinin iddia olunan ordunun heç yarısını da sahib olmadığını görərik, hansıki bu hərbi hissələr də qəzalarda kəndli üsyanlarını yatırmaq üçün saxlanırdılar və Bakıya gətirilməsi nəticə etibarı ilə heç nəyi dəyişməyəcəkdi.
    Düzdür, Müsavat rejimi kağız üzərində 40 minlik ordu yaratmışdı, amma reallıqda kazarmalar boş idi. Çünki əsgərlər kütləvi surətdə Müsavat ordusundan qaçaraq üsyançılara qoşulurdular, onların yerinə isə yeni əsgərlər toplamaq mümkün olmurdu. Əhali bəy-xan rejiminə qarşı narazılığını ifadə etmək üçün elliklə hökumətə əsgər verməkdən imtina edirdilər. Hərbi nazir Mehmandarov etiraf edirdi ki, qəzalar tamamilə hökumətə əsgər verməkdən imtina etdiyi üçün yeni əsgərlərin toplanması müşkül məsələyə çevrilir. Ordudan yayınma halları isə kütləvi xarakter daşıyırdı. Gəlin bəzi faktlara nəzər salaq. 1918-ci ilin bir neçə ayı ərzində Gəncədəki hərbi hissələrdən yüzlərlə əsgər qaçdı. Onlardan 150 nəfəri Goran mahalına gələrək silahlarıyla birlikdə Qatır Məmmədin qırmızı partizan hərəkatına qoşuldular. 1919-cu ilin bir tək iyul ayında isə 3-cü Gəncə piyada polkundan 129 nəfər əsgər qaçmışdı, 1919-cu il avqust ayının cəmi 12 günü ərzində Zaqatala piyada polkundan 85 nəfər əsgər qaçmışdı. 1919-cu ilin bir tək noyabr ayında isə Göyçay piyada polkundan 77 nəfər əsgər qaçmışdı. 5-ci Bakı piyada polku isə bütünlüklə kommunistlərin nəzarətindəydi.
    1918-20-ci illər ərzində Müsavat ordusunun kazarmaları bax bu şəkildə daim boşalırdı, əvəzinə isə yeni əsgərlər toplamaq mümkün olmurdu. Gəncə qubernatoru Müsavatın daxili işlər nazirinə ünvanladığı məxfi məlumatda yazırdı: «…Qazax qəzası… Köçəsgər, Göyçalı, Tatlı, Aslanbəyli, Çaxmaqlı, Kəmərli…, Birinci Şıxlı kəndlərində orduya getməkdən boyun qaçırırlar və hökumət orqanlarını yaxına buraxmırlar» (MDA, fond 894, c.2, iş 39, vər.96).
    Hərbi nazir Səməd bəy Mehmandarov baş nazirə məlumatında böyük həyəcanla «bütün Qazax qəzası, habelə Nuxa qəzası»nın da əsgər verməkdən az qala tamamilə imtina etdiklərini yazırdı (1919-cu il 5 mart tarixli məxfi məlumatından).
    İndi sual olunur, Müsavat rejimi necə bu xalqın təmsilçisiydi ki, xalq onun ordusuna əsgər verməkdən imtina edirdi, Müsavat hökuməti necə xalqın dəstəyinə sahib olduğunu söyləyirdi ki, hərbi səfərbərlik keçirmək cəsarətini belə nümayiş etdirə bilmədi? Çünki bəy-xan xuntası yaxşı bilirdi ki, ona qarşı silah qaldırmış Azərbaycan fəhlə və kəndlisi Müsavat ordusuna heç bir nəfər də əsgər verməyəcək. Müqayisə üçün deyək ki, 1919-cu ildə Denikinin Azərbaycana soxulmaq təhlükəsi yarananda xalq kütlələri özləri könüllü surətdə «xalq ordu»ları yaratmağa başlamışdılar. Kommunistlər Denikinə qarşı mübarizədə öncüllük edərək əhali arasında könüllü orduların yaradılmasını təşkil edirdilər. Əhali isə bu işə həvəslə qoşulurdu. Məsçid həyətlərində, meydanlarda «xalq ordu»nun təlimləri keçirilirdi. Əhali bunu hökumətin razılığı olmadan özləri edirdi. Çünki əhalidə Denikinə qarşı nifrət var idi. Amma XI Qızıl ordu Azərbaycanı Antantanın hərbi müdaxiləsindən qorumaq üçün gələndə bu mənzərələrin heç biri yaşanmadı. Hətta Müsavat hökuməti özü belə dövlət xəttiylə hərbi səfərbərlik elan etmədi. Çünki əhalidə XI qızıl orduya hüsn-rəğbət mövcud idi.
    Bəy-xan diktaturası 23 ay ərzində xalqın yox, Osmanlının, ingilisin, fransızın, İranın qoşunlarına güvənərək əhaliyə öz ağalığını qəbul etdirmişdi. Eləcə də Aprel inqilabı ərəfəsində öz ordusuna, öz xalqına yox, Batumda lövbər salmış Antanta (ABŞ, ingilis, fransız) qoşunlarına arxalanırdı. İstibdad hökumətinə elə gəlirdi ki, 1918-ci ildə Osmanlı süngüsü hesabına hakimiyyətini əhaliyə qəbul etdirdiyi kimi, bu dəfə də Antanta qoşunları hesabına öz hakimiyyətini inqilabdan (xalqın qəzəb triumfundan) sığortalaya biləcək. Müsavatçılar axırıncı günə kimi ingilis, fransız qoşunlarının Azərbaycana gəlib xalq hərəkatına, qırmızı inqilaba qanlı divan tutacaqlarına inanırdılar. Ama bu dəfə şans üzlərinə gülmədi. Onun-bunun süngüsü hesabına qurulan hakimiyyətin də ömrü görünür elə 23 aydan artıq ola bilməzdi.
    Bir sözlə, Aprel sosialist inqilabı ərəfəsində Müsavat irticasının ordusuz qalmasının səbəbini nə Qarabağ münaqişəsində, nə də guya bütün ordunun qərb cəbhəsində daşnaklarla mübarizəyə yollanmasında yox, boş qalmış kazarmalarda, əsgərlərin kütləvi surətdə hərbi hissələri tərk etmələrində, əhalinin hökumətə əsgər verməkdən elliklə imtina etməsində axtarmaq lazımdır.
    Kimlərki inanırsa guya Qarabağdan 6 min əsgəri çıxarıb Bakıya gətirmək mümkün olsaydı nə isə dəyişəcəkdi, onda belələrinə sadəcə bir faktı xatırlatmaq lazımdır ki, təkcə Qazax qəzasında silah altına alınmış kommunist üsyançıların sayı qərb cəbhəsindən gətirilə biləcək Müsavat ordusunun sayından 2 dəfə çox idi.
    Qüvvələr nisbətinin bu dərəcə qabarıq şəkildə inqilabçıların xeyrinə olması Müsavat rejiminin müqavimət şansını heçə endirirdi. Ona görə də hələ 1920-ci ilin fevrvlından Bakıda silahlı üsyanın baş verəcəyi hökumətə bəlli olsada müsavatçılar Bakıya 2 mindən artıq əsgər yığa bilmədilər. Müsavatçıların antirevolision tədbirlər görmək üçün kifayət qədər vaxtları olsada ordu və əhali arasında dayaqlarının olmaması ucbatından demək olar ki, hadisələri seyr etməklə kifayətləndilər. Tətbiq olunan qadağalar inqilabı boğmaq üçün kifayət etmədi. Beləki hələ 1920-ci ilin fevralında Müsavat irticası Bakı şəhərinə girişi qadağan etmişdi. Şəhərə heç bir gəmi, vaqon buraxılmırdı. Xarici nümayəndə heyətlərini və diplomatik missiyaları çıxmaq şərtiylə gələn gəmi və qatarlar geri göndərilirdi.
    Varlılar, milyonçular isə hələ 1920-ci ilin mart ayından başlayaraq paytaxtı tərk edib xaricə qaıçrdılar. Yazıçı Manaf Süleymanov Aprel inqilabı ərəfəsindəki Bakını belə təsvir edirdi: «Bakı proletariatı var qüvvəsi ilə silahlı üsyana hazırlaşırdı. Mədən və zavodlarda fabrik və emalatxanalarda, dəmir yolunda və donanmada, xüsusən hərbi gəmilərdə və əsgərlər arasında əlahiddə dəstələr yaradılmışdı; təbliğatçılar əhali atasında qızğın fəaliyyət göstərirdilər… Bunun müqabilində isə zənginlər xalqdan talan etdikləri sərvəti inqilabdan sığortalamaq üçün Bakını tərk edib xaricə qaçırdılar… Milyonçular–Bakının neft sahibkarları, böyük tacirlər, sərmayə sahibləri Novruz bayramı şənlikləri tamam olan kimi dəstələrlə vəzində yüngül, qiymətdə ağır var-yoxlarını götürüb Batuma, ya da Ənzəliyə qaçırdılar. Biletin qiyməti çox baha idi.
    Dəmiryol vağzalında adam əlindən tərpənmək olmurdu. Körpülərdə basabas idi. Zənginlər artıq anbarlarada doluşur. Göyərtələrdə ayaq qoymağa yer tapılmırdı.
    Ayaq altında qalanlar da az deyildi».
    Bu o deməkdir ki, inqilabdan 2 ay qabaq artıq əhali Bakıda kommunistlərin silahlı üsyan qaldıracağını bilirdilər, hökumət isə fevral ayının əvvəlindən silahlı üsyan barədə xəbərdar idi. Qəzetlər də bu barədə yazırdı. Deməli Müsavat rejiminin Bakını hərbi cəhətdən möhkəmləndirmək üçün kifayət qədər vaxtı var idi, amma etmədilər. Daha doğrusu edə bilmədilər. Nə Əli Bayramovun başı kəsilməklə edam edilməsi, nə ingilis topları, nə də Antantaya qoşunlarını Azərbaycana yeritmək barədə edilən israrlı yalvarışlar; heç nə istibdad hökumətinin ömrünü uzatmağa kifayət etmədi. Müsavat müstəmləkə polis üsul-idarəsi yeritmiş olduğu 23 aylıq yarıtmaz, korafəhm siyasətiylə özü özünü qanunauyğun surətdə məhvə məhkum etmişdi.
    1920-ci il yanvarın 18-də «Yeni dünya» qəzeti özünün «Tufan qarşısında» məqaləsində haqlı olaraq yazırdı: «Aclıq və çılpaqlığa qarşı mübarizə aparmağa qabil olmayan, …fəhlə və kəndlilər barəsində fəlakətli siyasət yeridən, bütün öz idarə sistemini… polis qamçıları üzərində quran bir hökumətin yaşamaq hüququ yoxdur» («Novı mir» qəzeti, 1920-ci il, №8).
    Müsavat irticasının yeritdiyi korafəhm siyasət təkcə ölkədaxili siyasətdə özünü büruzə vermirdi, eyni korafəhmlilik, eyni siyasi əfəllik xarici siyasət kursunda da özünü kifayət qədər qabarıq göstərirdi. Bu ingilislərin, amerikalıların fitvasıyla Sovet Rusiyasına qarşı yeridilən düşmən siyasətdə də özünü göstərirdi. Müsavat xarici siyasətdə öz xalqının mənafeyinin yox, Antantalı ağaların imperialist diktələrinin kənizinə çevrilmişdi. İndi iddia edirlər ki, guya Sovet Rusiyası Azərbaycanın müstəqilliyini tanımırdı, ona görə də Müsavat rejimi Sovet Rusiyasıyla diploamtik münasibət qurmurdu. Bu tamamilə cəfəngiyatdır. Beləki 1920-ci ilin yanvarından aprelinə qədər Sovet Rusiyası düz dörd dəfə Müsavat hökumətinə Denikinə qarşı əməkdaşlıq təklif etmişdi. Bu defakto Azərbaycan dövlətini və Müsavatın qanuni hökumət olmasını tanımaq təşəbbüsləriydi. Sover Rusiyası Müsavatı hökumət kimi tanıdığı üçün ona əməkdaşlıq təklif edirdi, əks təqdirdə bu necə ola bilərdi?
    Bəs bu xoşməramlı jestlərə, əməkdaşlıqla bağlı təkliflərə Müsavat rejiminin cavabı nə oldu?
    Böyük bir siyasi cahilliklə «yox» deyildi. Halbuki 1918-ci il dekabrın 7-də parlamanın açılışında nitqi zamanı M.Ə.Rəsulzadə Sovet Rusiyasıyla diplomatik münasibətlərin qurulması tərəfdarı kimi çıxış etmişdi; amma bu elə çıxış olaraq da qaldı. Sovet Rusiyasının əməkdaşlıqla bağlı verdiyi hər bir bəyanat Müsavat rəsmiləri tərəfindən rədd edildi. Xan Xoyski hər cavab notasında eyni şablon ifadələri işlədirdi: «…Biz bitərəfik və Sovet Rusiyasının daxili işlərinə qarışmırıq» və bununlada Sovet Rusiyasının Denikinə qarşı mübarizədə əməkdaşlıq təkliflərini rədd edirdi. Əvəzində isə «bitərəflilik» adı altında ingilislərin diktəsiylə denikinçilərlə danışıqlara gedir, denikinçilərə əlaltdan silah, neft, ərzaq göndərir, ağqvardiyaçılara məxsus gəmilərin Azərbaycan sularında sərbəst hərəkətinə, denikinçi hərbçilərin Azərbaycan ərazisində sərbəst fəaliyyətinə və hətta qoşun toplamasına, ağqvardiyaçı qatarların Azərbaycan dəmiryollarında rüsum ödəmədən hərəkətinə imkan yaradırdı.
    Məhz Müsavat naziri Usubbəyovun denikinçi knyaz Baratovla Tiflisdə görüşüb danışıqlar aparması da Müsavat rejiminin denikinçilərlə ittifaqına bir sübut idi. Bu həmən Baratov idi ki, Qızıl ordu Denikinin başını əzəndən sonra Bakıya gəlmiş və Müsavat hökumətinə neft mədənlərini yandırmağı təklif etmişdi. Baratov müsavatçıları inandırmağa çalışırdı ki, zavodlar, fabriklər, neft mədənləri kommunistlərə qalmasın deyə onları yandırıb məhv etmək lazımdır. Hətta Müsavat rəsmiləri bu tip çıxışlardan o qədər təsirlənirdilər ki, Leninə ünvanladıqları məktubda Azərbaycanın sovetləşəcəyi təqdirdə neft quyularını yandıracaqlarıyla bağlı hədələr səsləndirirdilər.
    Bir sözlə, Müsavat rejimi «bitərəflilik» adı altında Sovet Rusiyasından nə qədər uzaqlaşırdısa, elə bu qədər də denikinçilərlə şıdırğı əməkdaşlığa yaxınlaşırdı. Həm də öz xalqının mənafeyinə zidd olduğu bir halda, təki Antanta ağaları onlardan məmun qalsın deyə.
    Bu isə təbii idi. Tiflisdəki Antanta qərargahının dəftərxanasına, regional kotoruna çevrilmiş vassal bir hökumətdən bundan artığını gözləmək sadəlövhlük olardı. Müsavat «qırmızı çağırışa» müsbət cavab verəcək müstəqil siyasi iradədən məhrum olduğu üçün özünü təklənmiş duruma saldı. İngilislərin diktəsiylə Sovet Rusiyasına arxa çevirdi, Antantadan isə gözlədiyi real dəstəyi ala bilmədi. Nəticədə özü üçün rüsvayçı sonluğu hazırlamış oldu.
    İnqilab baş verəndə rejimi müdafiə edəcək nə xalq, nə ordu, nə də kürsülərdən bol-bol «milli şirələrlə» lətafətləndirilmiş siyasi tostlar söyləyən nazirləri, qubernatorları yox idi.
    Bu öz xalqına yox, xarici ağalara arxalanacaq siyasət yeridən bütün rejimlər üçün ibrətverici dərs idi.
    Hələ 1918-ci il sentyabrın 15-də Osmanlı qoşunlarının yedəyində Bakıya daxil olarkən Fətəli Xan Xoyski sanki iki il sonra başlarına gələcəkləri görürmüş kimi deyirdi: «Heç bir zirehli maşın, hidroplan, aeroplan, …məftilli çəpər, mina və sairə texniki qurğu, heç bir ingilis, heç bir qüvvə və onların havadarları tarixin təbii axarına mane ola bilmədilər. Bakının… kiçik bir qüvvənin həmləsi qarşısında süqutu, başqasının fəlakəti üzərində öz xoşbəxtliyini qurmaq istəyənlərə ibrət dərsi olmalıdır» («Azərbaycan» qəzeti,19 sentyabr 1918-ci il, №2).
    Bəli, bir il yeddi ay sonra Fətəli Xan Xoyski və bir ovuc müsavatçı çamadanlarını qoltuqlarına vurub Bakıdan qaçanda bu deyilən sözlər necədə onlara yaraşırdı. Fətəli Xan Xoyski bu sözləri sanki elə özləri üçün deyibmiş. Nə ingilislər, nə onların havadarları, nə texniki-hərbi qurğular, nə darağacları, nə kəsilən başlar, nə güllələnən insanlar; heç nə, amma heç nə tarixin təbii axarına mane ola bilmədi. Aprel sosialist inqilabı onları tarixin səhifəsindən süpürüb atdı. Bu öz səadətini xalqının fəlakəti üzərində quranlara, öz xalqına yox, xarici ağalara arxalanıb fəlakətli siyasət yeridənlərə, daha sonra isə xalqın qəzəbindən başını götürüb Tiflisə, Antanta qərargahına qaçanlara ibrət dərsi olmalıdır.
    Aprel sosialist inqilabının bəzi məziyyətləri
    Məlumdurki hələ 1918-ci ilin yayına kimi Azərbaycanın demək olar ki, əksər bölgələrində sovet hakimiyyəti bərqərar olmuşdu. Bakı qəzasının 39, Quba qəzasının 71, Cavad qəzasının 27, Şamaxı qəzasının 12 kəndində Kəndli Deputatları Soveti təşkil edilmişdir. Lənkəran qəzası üzrə fövqəladə komissar təyin olunmuş İsrafilbəyovun və mətin inqilabçılar Məmmədxan Məmmədxanovun, Şirəli Axundovun, Abdulla Mirzəyevin, Qurban Hüseynovun, Bəhrəm Ağayevin qızğın fəaliyyəti nəticəsində 1918-ci il mayın sonuna kimi sözügedən qəzanın 87 kəndində Sovet hakimiyyəti bərqərar edildi. Digər qəzalarda, o cümlədən Qazax, Gəncəbasar zonasında kəndli hərəkatı kütləvi xarakter almağa başladı. Sovet hakimiyyətinin bütün Azərbaycana yayılması artıq bir an məsələsiydi. Bu zaman ölkənin əkilən torpaqlarının 98%-ni zəbt etmiş varlı mülkədarlar, bəylər və xanlar, milyonçular öz sərvətlərini və cəmiyyətdəki hökmran mövqelərini qırmızı xalq hərəkatından sığortalamaq üçün Müsavatın timsalında Osmanlı qoşunlarını gizlicə Azərbaycana çağırdılar. Osmanla-Almaniya ittifaqının cəza dəstələrinə arxalanaraq müsavatçılar Sovet hakimiyyətinə və inqilabçılara qanlı divan tutdular. Bir tərəfdən denikinçilər, bir tərəfdən ingilislər, digər tərəfdən isə alman-osmanlı hərbi bloku Azərbaycanın qəzalarındakı Sovet hakimiyyəti orqanlarını devirib rəhbər işçilərə qarşı ağ terror tətbiq etdilər. Minlərlə inqilabçı güllələndi, darağacından asıldı, işgəncələrlə məhv edildi.
    Özlərinin oyuncaq hakimiyyətlərini özcə imperiyalarının süngüləri hesabına, darağacları və qan hesabına bərqərar etmiş müsavatçı bəylər Aprel sosialist inqilabı nəticəsində biyabırcasına süqut etmiş səltənətlərindən sonra kommunistlərin də onlara eyni qaydada divan tutacaqlarından təşvişə düşərək əllərinə keçən vasitələrlə ölkədən qaçmağa başladılar.
    Hərbi nazir Səməd bəy Mehmandarovun oğlu yaşanan bu təşvişi belə təsvir edirdi: «On iki yaşım var idi. Atam aprelin 27-də parlaman iclasındın qayıdıb özümüzlə aparmaq üçün anamın hazırladığı çamadanları gördükdə dedi ki, «bunları boşalt, heç yerə gedəsi deyilik». Anam: «Nə danışırsan? Necə gedəsi deyilik? Bilmirsən ki, səni güllələyəcəklər?»
    Atam cavab verdi ki, «Parlamanın son iclası qurtaranda «Hümmət» fraksiyası lideri Əliheydər Qarayev mənə yaxınlaşıb əmin etdi ki, «Səməd bəy, getmə, qal. Heç yerə getmə. Söz verirəm ki, başından bir dənə də tük əskik olmayacaq. Qal bizimlə işlə.»…».
    Bir tək hərbi nazir Mehmandarovmu, yox, demək olar ki, 1918-20-ci ilərdə Müsavat hökuməti zamanı nazir, baş nazir, Mili Şuranın sədri (M.Ə.Rəsulzadə) olmuş yüksək vəzifəli hakimiyyət nümayəndələrinin heç biri represiyaya məruz qalmamışdır.
    Müsavat hökumət üzvləri Aprel inqilabı zamanı nəinki represiyaya məruz qalmamşdır, hələ üstəlik onları əksəriyyəti yeni qurulan Sovet hökumətində yüksək vəzifələrdə çalışmışdırlar. Məsələn, Müsavat partiyasının rəhbərlərindən olmuş, Müsavat hökuməti zamanı xarici işlər naziri, maliyə naziri, daxili işlər naziri, ticarət-sənye və ərzaq naziri kimi postlar tutmuş Məhəmməd Hacınski Aprel sosialist inqilabından sonra Azərbaycan Ali Xalq Təsərrüfatı Şurasında məsul vəzifədə çalışmış, 1923-cü ildə isə Zaqafqaziya Sovet Sosialist Respublikaları Federasiyasının Dövlət Plan Komitəsinin sədr müavini işləmişdir.
    Müsavat hökumətində dəmiryol və poçt-teleqraf naziri olmuş Xudatbəy Məlikaslanov Aprel sosialist inqilabından sonra Azərbaycan Dövlət Tikinti Komitəsinin sədri işləmişdir.
    Müsavat hökumətində dövlət nəzarətçisi, poçt-teleqraf naziri kimi vəzifələrdə işləmiş Cəmobəy Hacınski isə Aprel inqilabından sonra Xalq Ədliyə Komissarlığında inzibati-maliyə şöbəsinin rəisi təyin olunmuşdur.
    Müsavat hökumətində müəyyən müddətlərdə poçt-teleqraf naziri, əmək naziri, ədliyə və əmək naziri işləmiş Aslan bəy Səfikürdski Aprel inqilabından sonra qurulan Sovet hökumətində ədliyə nazirinin müavini kimi yüksək vəzifə tutmuşdu.
    Müsavat hakimiyyəti zamanı maarif və dini etiqad naziri olmuş Numəmməd bəy Şahsuvarov Aprel sosialist inqilabından sonra Azərbaycan SSR Xalq Maarif Komissarının müavini işləmişdi.
    Müsavat hökumətində əmək və torpaq naziri işləmiş Əhmədbəy Pepinov Aprel sosialist inqilabından sonra Sovet Azərbaycanının mədəni-maarif və nəşriyyat işlərinə rəhbərlik etmişdi.
    Bunlardan başqa Müsavat hökuməti zamanı maarif və dini etiqad naziri olmuş, maarif nazirinin müavini işləmiş Həmidbəy Şahtaxtınski, maliyə naziri və maliyə nazirinin müavini işləmiş Əliağa Həsənov, parlamentdə Müsavat fraksiyasının üzvü olmuş, dövlət nəzarətçisi işləmiş Nəriman bəy Nərimanbəyli, Müsavat hakimiyyəti zamanı parlamanın sədrəvəzi işləmiş, xarici işlər naziri, sənaye və ticarət naziri, 1919-cu lin oktyabrından isə Müsavat partiyasının üzvü olmuş Məmməd Yusif Cəfərov və digərləri də Aprel sosialist inqilabından sonra Azərbaycanı tərk etməmiş, Sovet Respublikasının ictimai həyatında fəal rol oynamışdırlar.
    Hərbi nazir Səməd bəy Mehmandarov və bir müddət onun müavini işləmiş Əliağa Şıxlinski də Aprel sosialist inqilabından sonra Qızıl orduda xidmət etmiş, hərbi məktəblərdə dərs demiş, nazirlikdə hərbi məsləhətçi, litsey rəisi işləmiş, gənc hərbi kadrların hazırlanmaında yaxından iştirak etmişdirlər.
    Düzdür, haqlarında danışdığımız bu şəxslərin bəziləri, məsələn, Cəmo bəy Hacınski, Məhəmməd Həsən Hacınski, Əhməd Pepinov çox sonralar Stalin represiyasına məruz qaldılar, amma nəzərə alsaq ki, Stalin represiyasının Aprel inqilabına heç bir aidiyyatı yox idi və hətta Aprel sosialist inqilabının rəhbərləri, o cümlədən Azərbaycanda inqilabın siması olmuş Qızıl komandan Çingiz İldırım özü də Stalin represiyası zamanı güllələnib, bundan başqa 1920-gi ilin aprelində təşkil olunmuş Azərbaycan Sovet hökumətinin bütün üzvləri (Nərimanovu çıxmaq şərtiylə) Stalin represiyaları zamanı güllələniblər, onda oxucular mənimlə razılaşarlar ki, Stalin represiyası tamamilə ayrı mövzudur və onun Aprel sosialist inqilabına heç bir qarışacağı yoxdur.
    O ki qaldı Aprel inqilabına, nə bu inqilab zamanı, nə də bu inqilabdan sonrakı illərdə heç bir Müsavat hökumət üzvü represiyaya məruz qalmamışdır. Milyonçu Şəmsi Əsədullayevin oğlu, Müsavat hökumətində bir müddət ticarət və sənaye naziri işləmiş Mirzə Əsədullayev isə 1920-ci ilin mayında həbs olunduqdan az sonra sərbəst buraxılmış və elə həmən ildə də Azərbaycan Sovet hökumətindən rəsmi icazə alaraq Parisə köçmüşdür.
    Aprel sosialist inqilabının qələbəsindən sonra Müsavat hökumət üzvlərinin Azərbaycanda qalıb-qalmaması tamamilə onların öz azad seçimi olmuşdur və onların heç birinə bu və ya digər qərarı qəbul etməklə təzyiq göstərilməmişdi. Sovet hökuməti ölkədə qalan Müsavat hökumət üzvlərini işlə, ölkəni tərk edənləri isə ailələrini təhlükəsiz şəkildə xaricə aparmaq üçün xüsusi qatarla təmin etmişdi.
    Əgər Azərbaycan Sovet hökumətinin müsavatçılara qarşı xüsusi represiya və ya terror planı olsaydı onda parlamanın axırıncı iclasında onların hamısını həbs edib inqilabi tribunala çıxarardı. Amma hökumət üzvlərinin heç biri, başda Milli Şuranınn sədri olmuş M.Ə.Rəsulzadə olmaqla Aprel inqilabı zamanı həbs və ya represiyaya məruz qalmadılar. Baxmayaraqki bu gün onların «mühacirəti» haqqında çox sentimental əfsanələr uydurub danışırlar və çalışırlar ki, onların simasında yalançı «əzabkeş» obrazı formalaşdırsınlar.
    Müsavat hökumətinin rəhbərləri olmuş Fətəli Xan Xoyski və Nəsib bəy Yusifbəyovun əlləri Azərbaycan xalqının qanına batmışdı və onların cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət qədər əsas var idi. Beləki hər iki şəxs Azərbaycanda üsyançı kəndlilərə və onlara yardım etməkdə şübhəli bilinən ətraf kəndlərin sakinlərinə qanlı divan tutmaqda, çoxlu sayda kəndin əhalisiylə birlikdə məhv edilməsində «xidmətləri» olmuşdu. Onların rəhbərlik etdiyi cəza dəstələri kəndləri mühasirəyə alır, top və pulemyot atəşləriylə hər şeyi məhv edirdilər. Məhz 1919-cu ilin yayında Nərimanov Həştərxandan Müsavat baş naziri Nəsib bəy Yusifbəyova yazırdı ki, «Bütün siyasətiniz üçün Zaqafqaziya müsəlman fəhlə və kəndlilərinin məhkəməsi qarşısında cavab verməli olacağınız müdhiş saat yaxınlaşır».
    Lakin buna baxmayaraq Azərbaycan İnqilab komitəsi xoşniyyət nümayiş etdirərək nə Xan Xoyskini, nə də Nəsib bəy Yusifbəyovu inqilabi tribunala çıxarmadı. Xoyski öz ailəsi ilə birlikdə heç bir təzyiqlə üzləşmədən sırf öz şəxsi iradə və arzusuna uyğun olaraq Sovet hökumətinin təşkil etdiyi xüsusi qatarla Tiflisə getdi. O, 1920-ci il iyunun 19-da Tiflis şəhərində daşnak terrorçusu tərəfindən arxadan gülləylə vurularaq qətlə yetirildi. Qətlin motivi sırf millətçi amillərlə bağlı olmuşdur. Beləki Xoyski İrəvanı daşnak hökumətinə paytaxt kimi verilməsinin əsas tərəfdarlarından olsa da, daşnaklarda onun şəxsiyyətinə qarşı güclü nifrət var idi. Hətta ermənilər deyirdilər ki, Xoyski Azərbaycan hökumətinin başçısı olduğu müddətcə Ermənistanla Azərbaycan arasında sülh olmayacaq və bunu ermənilərdə Xoyski şəxsiyyətinə qarşı formalaşmış antipatiyayla əlaqələndirirdilər. Beləki daşnaklar onu 1918-ci ilin sentyabrında Bakıya daxil olarkən erməniləri kütləvi surətdə məhv etməkdə ittiham edirdilər və elə bu əsasla da Xoyskini Tiflisdə qətlə yetirdilər.
    Beləliklədə Müsavat hökumətinin iki baş nazirindən biri olmuş Fətəli Xan Xoyski sırf daşnak terrorunun qurbanı olmuşdur və onun ölümünü Aprel inqilabıyla əlaqələndirmək absurd cəfəngiyatdır.
    Müsavat hökumətinin iki baş nazirindən bir digəri olmuş Nəsib bəy Yusifbəyovun qətli isə sırf şəxsi tamahkarlıq motivləriylə bağlıydı. Beləki Aprel sosialist inqilabından sonra Nəsib bəy də könüllü surətdə menşevik Gürcüstanına köçmək qərarına gəlir. Vağzalda qırmızı qvardiyaçılar Nəsib bəyi çamadanında 90 milyon qızıl manatla (900 milyon manat) vaqona minərkən yaxalayırlar. Pul qvardiyaçılar tərəfindən Sovet hökumətinin xeyrinə müsadirə olunur və hətta bu hadisədən sonra belə Nəsib bəy həbs edilməyərək sərbəst buraxılır. Biləcəridən müsavatçıları Tiflisə aparmaq üçün ayrılan qatarla Ucar stansiyasına gələn Nəsb bəy Yusifbəyov vaqonu tərk edərək köhnə dostlərından Qaraxunlu quldur Əşrəfə pənah aparır (Fikir verin, Müsavat baş nazirinin dostu quldur Əşrəf idi). Bu zaman onun əlində uzaqdan diqqəti cəlb edən əla sakvoyaj var idi. Qaraxunlu Əşrəf sakvoyajın içində çoxlu qızıl pul olduğunu düşünür. Gecə ikən «dostu» Nəsib bəy Yusifbəyovu boğaraq boynuna daş bağlayıb Kür çayına atdırır. Sakvoyjın içində isə bir dəst paltar və paltarların çibindən isə iki qızıl onluqdan başqa heç nə çıxmır. Cinayətin üstü 1930-cu ildə açılır və Qaraxunlu quldur Əşrəf Sovet məhkəməsi tərəfindən mühakimə olunaraq güllələnir.
    Beləliklə məlum olur ki, Müsavat elitasında M.Ə.Rəsulzadədən sonra 2-ci böyük Sima olmuş Nəsib bəy Yusifbəyovun qətli sırf qarətçilik və tamahkarlıq motivləri əsasında baş vermiş və heç bir siyasi xarakter daşımamışdır.
    Burada haşiyədən kənara çıxaraq bir məqama da toxunum ki, əgər Müsavat hakimiyyəti zamanı hər hansı kommunist qətlə yetirilirdisə, onun qatili nəinki mühakimə olunmurdu, hələ üstəlik mükafatlandırılırdı. Amma Sovet məhkəməsi Müsavat baş nazirini qətlə yetirmiş şəxsi bütün ciddiyyətiylə mühakimə etdi və cəzalandırdı.
    O ki qaldı Müsavat lideri M.Ə.Rəsulzadənin Aprel sosialist inqilabından sonrakı taleyinə, digər müsavatçılar kimi o da nəinki təqib və represiyalara məruz qalmamış, hələ üstəlik Sovet hökumətindən yüksək hörmət və qayğı görmüşdür.
    M.Ə Rəsulzadə və dostu Abbasqulu Kazımzadə Biləcəridə gözləyən qatara gecikdiklərindən Tiflisə gedə bilmirlər. Bu zaman o keçmiş sinif yoldaşı, əslən Lahıclı Əbdül Əzizin köməkliyi ilə Lahıc qəsəbəsinə getmiş və bir müddət, daha dəqiq desək avqustun 17-nə kimi burada yaşamışdır.
    Sual olunur, nə üçün? Qaçıb gizlənmək üçün səbəb vardımı? Axı bir şey şübhəsizdir ki, nəinki Rəsulzadəni, bütövlükdə parlaman və hökumət üzvlərini hamılıqla həbs etmək, həm də parlamanın son iclaslarında həbs etmək Azərbaycan İnqilab Komitəsi üçün elə də çətin bir iş deyildi və yaxud da Tiflisə gedən qatarda həbslər həyata keçirmək İnqilab Komitəsi üçün bir su içimi kimi bir şey idi. Məlumdurki bütün dəmiryol və vağzal hələ aprelin 26-dan 27-nə keçən gecə tamamilə inqilabi qüvvələr tərəfindən ələ keçirilmişdi. Müsavat liderlərini həbs etmək üçün heç də geniş çaplı axtarış əməliyyatlarına ehtiyac yox idi. Bunun üçün Qırmızı qvardiyaçılara Biləcəri stansiyasında gözləmək kifayət idi. Mola Nəsrəddin demişkən, «Hara getsələr də dönüb-dolaşıb əzəl-axır bura gələcəkdilər».
    Əgər bu edilmədisə, ancaq və ancaq ona görə edilmədi ki, Müsavat liderlərinin həbsi barədə İnqilab Komitəsinin konkret tapşırığı yox idi. M.Ə.Rəsulzadə başda olmaqla bir çox Müsavat rəhbərləri küyə düşmüş, qaçıb gizlənməklə özlərini şübhəli vəziyyətə salmışdılar, hər kəsi özlərindən şübhələndirmişdilər. Nəticədə Rəsulzadənin Tiflisə gedən qatarda olmaması və Bakıdakı ünvanında tapılmaması onun axtarışını vacib etmişdi. Xüsusilə Antantanın respublikanın ayrı-ayrı bölgələrində təşkil etdiyi təxribatçı silahlı çıxışlardan sonra Rəsulzadənin axtarışı təxirəsalınmaz zərurətə çevrildi.
    Həmən axtarışlarda iştirak etmiş M.Sultanov bu barədə sonralar yazırdı: «Lahıc nahiyəsində işləyirdim, məni Şamaxıya çağırdılar. Bakıdan Azərbaycan Hərbi İnqilab Komitəsindən xüsusi nümayəndə gəlmişdi. İki aydan çox Lahıc qəsəbəsində yaşayan M.Ə.Rəsulzadə və A.Kazımzadəni tapmaq barədə sərəncam gətirmişdi».
    Fikir verin, iki aydan çox vaxt keçəndən sonra İnqilab Komitəsi Lahıcda axtarışlara başladı və gizlənən yox, «Lahıc qəsəbəsində yaşayan» Rəsulzadəni tapmaq üçün. Deməli axtarışda məqsəd heç də kimisə cəzalandırmaq yox, hər şeydən əvvəl sabiq dövlət başçısının taleyinə aydınlıq gətirmək idi. Çünki həmən vaxtlarda sabiq baş nazir Nəsib bəy Yusifbəyovun da taleyi məchul idi; ölübmü, qalıbmı, haradadır, heç kəs bilmirdi. Ancaq 10 ildən sonra məlum olacaqdı ki, onu quldur dostu qızıla görə boğub Kür çayına atıb. Bu hələ 1930-cu ildə məlum olacaqdı. İndi isə hələ 1920-ci ilin yayıdır, nə sabiq baş nazir Yusifbəyovun, nə də sabiq dövlət başçısı Rəsulzadənin taleyi, aqibəti məlum deyil. Nərimanov Rəsulzadənin taleyindən olduqca nigaran idi.
    Amma Rəsulzadə israrlı surətdə gizlənirdi və bununlada bütün şübhələri üstünə çəkirdi. Nəhayət 1920-ci il avqustun 17-də Lahıcın Qara Məryəm adlı yerində Rəsulzadə və dostu A.Kazımzadə Sovet milisi tərəfindən tutularaq Bakıya gətirildi və «Osobı otdel» üçün ayrılmış böyük bir binada, xüsusi şöbənin rəisi Ponkratovun yaşadığı mənzilin yanında, qapısı müştərək balkona açılan geniş və işıqlı otaqda müsafir edildi. Qurultayda iştirak etmək üçün Bakıya gəlmiş Stalinin təklifiylə Rəsulzadə işləmək və yaşamaq üçün elə Stalinlə bir qatarda Moskvaya yola düşür.
    Rəsulzadə xatirələrində etiraf edir ki, o, xüsusi şöbənin binasında saxlanarkən ona qarşı heç bir zorakılıq və qeyri-etik hərəkətə yol verilməmiş və olduqca səmimi münasibət bəslənmişdir.
    Onu da qeyd edək ki, Rəsulzadə və Stalin arasında tarixi xeyli əvvəllərə gedən səmimi dostluq münasibətləri olmuşdur. Bir çox müəlliflər iddia edirlər ki, Rəsulzadə Stalini bir neçə dəfə ölümdən xilas edib, amma Rəsulzadə öz xatirələrində bu barədə heç nə yazmır. Sadəcə inqilabi hərəkatda birgə iştiraklarından qaynaqlanan möhkəm dostluqlarının olduğunu vurğulayır. Məhz Rəsulzadəylə olan dostluğuna sonuna qədər sadiq olan Stalin Ponkratovun kabinetində onunla görüşür və deyir: «…istəsəniz mənimlə bərabər Moskvaya gedək… istəsəniz dünyanın seçdiyiniz hər hansı bir tərəfinə gedin, bir sözlə, azadsınız».
    Azad olan isə təkcə Rəsulzadə deyildi, onunla birlikdə saxlanan yaxın dostları Abbasqulu və Məhəmməd Əli də vardı. Onların hər üçü Moskvada işlə, yaxşı rahat mənzillə və təminatlı həyatla təmin olundular.
    Rəsulzadə xatirələrində yazır ki, onlar Stalinlə birlikdə Moskvaya gəldikdən sonra bir müddət Stalinin şəxsi katibi Berzanovskinin evində qonaq olurlar, sonra isə xüsusi ev və işlə təmin edilirlər.
    Moskvada Rəsulzadə və dostlarına Sovet hökumətinin diqqət və qayğısı o qədər yüksək olur ki, hətta Rəsulzadənin qohumu Məhəmməd Əli Bakıya gələrkən qatara gecikdiyindən Stalinin göstərişiylə xüsusi teleqramm vurulur, dövlət rəhbərlərinin, o cümlədən Nərimanovun olduğu qatar növbəti stansiyada saxlanılır, xəttə buraxılmış xüsusi qatarla Məhəmməd Əli Bakıya gələn qatara çatdırılır və dövlət rəhbərləriylə birlikdə Azərbaycana yola salınır.
    Bəli, Müsavat liderinə və onun qohumlarına Sovet hökumətinin Aprel inqilabından sonra münasibəti belə olmuşdur.rəsulzadənin Moskvada gördüyü kefi hələm-hələm kommunist rəhbərlər görmürdülər. Rəsulzadə xatirələrində yazırdı: «Stalin bizi yemək otağında qəbul etdi. Orconikidze orada hazır idi. Masada… ağ çörək, nəfis Gürcüstan şərabı, qara Azərbaycan kürüsü və s. vardı». Bu da onu göstərir ki, Müsavat liderinin Moskvada günləri heç də pis keçmirdi
    İndi özünüz deyin, bunun nəyi represiya hesab oluna bilər; ən yüksək səviyyədə hörmət, diqqət və qayğı.
    Stalin Rəsulzadəni Möskvada Rusiya Sovet Federativ Sosialist Respublikasının millətlər komissarlığında mətbuat katibi vəzifəsinə təyin edir. Bundan başqa Rəsulzadə Mərkəzi Şərq Nəşriyyatında da məsul vəzifədə çalışırdı.
    Əgər kimlərsə bu gün Rəsulzadənin bir neçə ay Lahıcda yaşamasını represiya hesab edirsə, gəlin onda belələrinin yadına Müsavat zindanlarında kommunistlərə verilən işgəncələri xatırladaq. Onda əsl represiyanın necə bir şey olduğunu hər kəs aydın görər.
    1918-ci il 5 noyabr; kommunist Müseyib Əliyev həbsxanadan Gəncə qubernatoruna ərizəylə müraciət edir: «dörd aydan artıqdır ki, mən qandallanıb karaul altındayam. Qandallı olduğum üçün paltarımı dəyişə bilmirəm, buna görə də məndə qrija, yaralar və sairə əmələ gəlir… xahiş edirəm ki, mənim qandallarımı açmaq haqqında sərəncam verəsiniz».
    Qandallanmış vəziyyətdə tədrici və əzablı ölümə məhkum edilmiş dustağın ürək çırpıntılarıyla yazmış olduğu bu cümlələrin əlavə şərhə ehtiyacı yoxdur.
    Ey siz, kommunistləri məzəmmət edən cənablar, bu sətirləri yaxşı-yaxşı oxuyun və bir daha oxuyun. M.Ə.Rəsulzadənin təsis etdiyi zindanlarda kommunistlərə olan münasibəti görün, görünki Moskvada Pereçistenski bulvardakı rahat mənzildə gürcü şərabından içib, ağ çörəklə qara kürüdən yeyib yaşamaqla, aylarla əli qandallı quru yerdə yatıb-qalxmaq arasındakı fərqi anlaya biləsiniz. Fərq isə təkcə bu deyildi. Həm də onda idi ki, Rəsulzadə Sovet hökumətinin puluyla təpədən-dırnağa bəy kimi geyindirilib gətiriləndə Stalin onun qarşısına nimdaş, köhnəlmiş kitellə çıxmışdı.
    Beləliklə, Müsavat lideri M.Ə.Rəsulzadə Aprel sosialist inqilabından sonra Moskvada yaxşı iş və təminatlı həyatla əhatə olundu. O, düz iki il Sovet Rusiyasının paytaxtında yaşadı və işlədi. Daha sonra isə məzuniyyət adıyla xaricə getdi və bir daha geri qayıtmadı. Bu da onun azad seçimiydi və Sovet hökuməti buna görə ona heç bir təzyiq göstərməmişdi.
    Müasir dövrdə çapdan çıxan və tarixi faktlardan çox müəllifin subyektiv hiss və həyəcanını özündə ehtiva edən bəzi ədəbiyyatlarda Nəsibbəy Usubbəyovun, Fətəli Xan Xoyskinin, Həsənbəy Ağayevin, Behbudağa Cavanşirin qətilləri çox savadsız bir şəkildə kommunistlərlə əlaqələndirilməyə çalışılır.
    Birinci iki şəxsin necə qətlə yetirildiyini biz artıq ətraflı bir şəkildə qeyd etmişik; bu səbəbdən də yenidən eyni tarixi faktları bir daha sadalamağa ehtiyac görmürəm. Amma digər iki şəxs haqqında danışmaq lazımdır.
    Beləliklə, Həsənbəy Ağayev «Müsavat» partiyasının üzvü olmuş və parlamanın yarandığı gündən ta 1920-ci ilin fevralına qədər bu qurumun sədr müavini, Əlmərdanbəy Topçubaşov Azərbaycanda olmadığı üçünsə sədrəvəzi, defakto sədri olmuşdur. Həsənbəy Ağayev Aprel sosialist inqilabından sonra Tiflisə getmiş və 1920-ci il iyulun 19-da Xan Xoyskinin qatili olmuş eyni daşnak terrorçu tərəfindən gülləylə vurularaq qətlə yetirilmişdi. İndi elmlərinin acizliyini görüb tarixə böhtan atanlardan soruşmaq lazımdır ki, bu qətlin kommunistlərlə nə əlaqəsi var?
    Xatırladaq ki, Həsənbəy Ağayevin Nərimanovla çox səmimi, yaxın münasibətləri olmuşdu və onun kürəkəni Əhməd Pepinov inqilabdan sonra Azərbaycanı tərk etməmiş, Sovet hökumətində yüksək vəzifələr tutmuş, hətta 1934-cü ildə Qazağıstan SSR-nin maarif nazirinin müavini işləmişdir. Deməli Həsənbəy Ağayevin Azərbaycanı tərk etməsi üçün heç bir ciddi səbəb yox idi. Sadəcə bir çoxları kimi o da represiya dedi-qodularından xoflanaraq Tiflisə köçmüşdür və burada mənfur daşnak-erməni terrorunun qurbanı olmuşdur.
    Behbudağa Cavanşirə gəldikdə isə, o inqilab zamanı Sovet hökumətinin tərəfinə keçmiş, neft sənayesində məsul vəzifələrdə çalışmışdır. 1920-ci ilin sonlarında N.Nərimanov Behbudağa Cavanşiri müasir neft-mədən avadvnlıqları almaq üçün Almaniyaya göndərmiş, Behbudağa isə yolüstü İstanbulda həmyerlisi Əhmədbəy Ağayevin evində qonaq olmuşdur. Bir axşam küçəyə çıxarkən daşnak terrorçusu Topalaqyan tərəfindən arxadan gülləylə vurularaq qətlə yetirilmişdir. Bu tarixi fakt Əhmədbəy Ağayevin oğlu Səməd Ağaoğlunun «Xatirələr» kitabında da öz əksini tapmışdır. Onu da qeyd edək ki, Behbudağa Cavanşirin kommunistlərə qarşı hər zaman böyük simpatiyası olmuşdur. Hətta Müsavat hökuməti zamanı Daxili İşlər naziri işləyərkən bir çox kommunisti darağacından xilas etmiş, Aprel sosialist inqilabından sonra isə Sovet hökumətinin tərəfinə keçmişdir.
    Bəzi ədəbiyyatlarda Aprel sosialist inqilabından sonra guya represiyalara məruz qalmışlar sırasında tez-tez Xudatbəy Rəfibəyovun, general Murad Girey Telxasın, neftxuda Abuzərovun adları hallandırılır.
    Əslində isə tarixi faktlar, arxiv sənədləri onların heç birinin represiya qurbanı olmadığını sübut edir. Araşdırmalarımıza gəlin əvvəlcə Xudatbəy Rəfibəyovdan başlayaq.
    Xudatbəy Rəfibəyov ixtisasca həkim idi və heç bir vaxt Müsavat partiyasının üzvü olmamışdır. Fətəlixan Xoyskinin 1918-ci il iyunun 17-də Gəncədə təşkil etdiyi 2-ci hökumət kabinetində Rəfibəyova səhiyyə naziri portfeli həvalə edilmişdir. Hökumət böhranından sonra səhiyyə naziri postunu tərk etmiş Rəfibəyov 1919-cu ilin mayında Gəncə quberniyasının general-qubernatoru təyin olunmuşdur və o bu vəzifəsini 1920-ci il aprelin 29-na qədər, yəni Azərbaycanda apred sosialist inqilabının qələbəsinə qədər davam etdirmişdir.
    Xudatbəy Rəfibəyov 1920-ci il aprelin 29-da heç bir müqavimət göstərmədən dinc şəraitdə Gəncə quberniyasında hakimiyyəti kommunistlərdən təşkil olunmuş yerli inqilabi komitəyə təhvil vermiş və bu örnək davranışı səbəbiylə də heç vaxt represiyaya məruz qalmamışdır.
    Bəli, 1918-ci ilin iyununda Gəncədə hakimiyyətə xarici hərbi qüvvələrin hesabına, yüzlərlə insanı darağacından asmaqla yiyələnmiş müsavatçılardan fərqli olaraq, kommunistlər 1920-ci il aprelin 29-da Gəncə quberniyasında hakimiyyəti heç bir güllə də atmadan, müqavimətsiz şəkildə, sülh şəraitində general-qubernator Xudatbəy Rəfibəyovdan təhvil aldılar. Təbiiki bundan sonra Xudatbəy Rəfibəyov radikal müsavatçıların gözündə «dönük» və «satqın» birisinə çevrildi. Məhz Xudatbəy Rəfibəyovun ölümündə də onlar maraqlıydılar. Elə də oldu. 1920-ci ilin mayında keçmiş Müsavat ordusunun rəhbərləri polkovnik Cahangir bəy Kazımbəyov, Cavad bəy Şıxlınski, polkovnik Məmməd Mirzə Qacar, Xan Xoyski qardaşları Tiflisdəki Antanta qərargahından aldıqları təlimata əsasən Gəncədə silahlı qəsd təşkil etdilər. Bu vaxt yaranan qarışıqlıqlar zamanı Xudatbəy Rəfibəyov müəmmalı şəraitdə öldürüldü. Əlbətdəki istər Rəfibəyovun ölümünə, istərsədə saysız-hesabsız dinc sakinin ölümünə görə məsuliyyəti dinc şəraitdə qalib gəlmiş Sovet hökuməti yox, bu qanuni hökuməti topla-tüfənglə şəhərdən qovmağa çalışan hərbi xunta daşıyırdı, hansıki bu hərbi xuntanın rəhbərləri əhalini qırğına verdikdən sonra qaçıb antantalı ağaların qucağında gizləndilər. Olan isə Xudatbəy Rəfibəyov, Firudin bəy Köçərli kimi vətənini, xalqını sevən ziyalı insanlara oldu. Onlar və minlərlə dinc sakin Antantanın səhnələşdirdiyi bir pərdəli «ağ terror» tamaşasının qurbanlarına çevrildilər.
    General Murad Girey Telxasa gəlincə, o 1920-ci ilin mayında bir qrup əlaltısıyla birlikdə tribunalda mühakimə olunmuş və inqilabçı Əli Bayramovun vəhşicəsinə qətlini təşkil etməkdə təqsiri sübuta yetirildikdən sonra güllələnmişdir. Beləki Müsavat rejimi dövründə Bakının general-qubernatoru olmuş Telxas Kommunist Əli Bayramovun həbsinə göstəriş vermiş, şəxsən onun axtarışına rəhbərlik etmiş, və qətlinin təşkilatçılarından biri olmuşdur. Əli Bayramov heç bir istintaqsız, məhkəməsiz bir şəraitdə, heç bir dövlətçilik anlyışıyla uyğun gəlməyən bir vasitəylə 1920-ci ilin aprelində 3 nəfər müsavatçı qaradovoy tərəfindən (Vəli, Həbib, Əbdülrəhman) başı kəsilərək edam edilmişdir.
    Aparılan məhkəmə istintaq işi və dinlənilən şahid ifadələri nəticəsində Telxasın suçu sübuta yetirilmiş və sabiq şəhər polismeystri Kabulovun verdiyi ifadədən də məlum olmuşdur ki, «Əli Bayramovu vəhşicəsinə öldürülməsinin səbəbi… siyasi məqsəd üçün müəyyən planla olmuşdur».
    Əlbətdəki bu planın arxasında Telxas şəxsən özü dururdu. Belə olan təqdirdə inqilabi tribunal cəlladlara layiq oduqları cəzanı verdi və 30 yaşında vəhşicəsinə öldürülmüş Əli Bayramovun qanı yerdə qalmadı. Təkcə Murad Telxasmı, yox, 23 ay ərzində Azərbaycan kəndlilərini ot tayasına doldurub diri-diri yandıranlar, qadınları zorlayıb kişiləri qılıncdan keçirənlər, kəndlilərə top və pulemyotlarla divan tutanlar etdikləri cinayətlərə görə qanun qarşısında cavab verməli oldular.
    İnqilabi tribunal qarşısında cavab verməli cəlladlardan biri də neft milyonçusu Abuzərov idi. Beləki çar polisiylə əlbir olan Abuzərov 1907-ci ildə 22 yaşlı kommunist Xanlar Səfərəliyevin qətlini təşkil etmiş və bu işi muzdla tutduğu killerə icra etdirmişdi. O zamandan ö tən 13 il ərzində nə çar polisi, nə də Müsavat məhkəməsi Abuzərovu mühakimə etməmiş, Xanlar Səfərəliyevin qanı on minlərlə ağ terror qurbanının qanı kimi yerdə qalmışdır.
    Nəhayət Sovet məhkəməsi Abuzərovun qanun qarşısındı mühakiməsini təşkil etmiş və layiq olduğu cəzaya, ölüm cəzasına məhkum etmişdir.
    Bu isə artıq represiya yox, gec də olsa ədalətin, qanunun bərqərar edilməsi, haqqın zəfəriydi.
    Əgər kimlərsə çar və Müsavat rejimləri dövründə törətmiş olduqları qətl və cinayətlərə görə mühakimə olunmayıbsa, qatillər əllərini-qollarını sallayaraq küçələrdə sərbəst dolaşıbsa, buna görə Sovetlər yox, ağ terror rejimləri məsuliyyət daşıyırdılar. Məhz Sovet məhkəməsi onların görməli olduğu, amma görmək istəmədikləri, etməli olduqları halda etmədikləri işi etdi;–cəlladları məhkəmə qarşısına çıxardı.
    Əgər kimlərsə ədalətin təcəllisini represiya kimi yozursa, onda belələrinə konkret bir sual vermək lazımdır:–Qaraxunlu Əşrəf necə, onu da represiya qurbanı hesab edirsinizmi? Axı onu da Sovet məhkəməsi ölümə məhkum edib.
    Yox, əlbətdə Qaraxunlu Əşrəfi onlar represiya qurbanı hesab etməyəcəklər, çünki o kommunist yox, Müsavatçı Nəsib bəyi öldürmüşdü. Belə çıxır ki, əgər qatil kommunisti öldürdüyünə görə mühakimə olunursa, o represiya qurbanıdır, «qəhrəmandır», yox əgər müsavatçını öldürübsə o quldurdur.
    Bizim hüquq anlayışımıza görə isə qatil kimi öldürməsindən və kimliyindən asılı olmayaraq qatildir və o qanun qarşısında cəzasını almalıdır;–Murad Telxas da, Abuzərov da, Qaraxunlu Əşrəf də məhz belələrindən idi.
    Onların mühakiməsində hansısa siyasi rəng axtaramq lazım deyil. Müsavat rejimi dövründə parlamanın sədri olmuş Əlmərdan bəy Topçubaşov isə Azərbaycanı çox erkən, 1918-ci ilin avqust ayında tərk edərək İstanbbulda diplomatik missiya yerinə yetirmiş, 1919-cu il Paris sülh konfransında iştirak etmək üçün Fransaya getmiş və bir daha Azərbaycana qayıtmamışdır. O, de-yure 1918-ci iln dekabrından 1920-ci ilin Aprel inqilabına qədər parlamanın sədri olsada, əslində heç vaxt vəzifəsinin başında olmamış və xaricdə yaşamışdır. Bu baxımdan ona qarşı da tətbiq olunmuş hansısa represiyadan danışmaq yersizdir.
    Müsavat partiyasının üzvü, hökumətdə əvvəlcə daxili işlər nazirinin müavini, 1920-ci il fevralın 18-dən isə daxili işlər naziri olmuş (23 yaşında) Mustafabəy Vəkilovun inqilabdan sonra Azərbaycanı tərk etməsi sırf onun şəxsi istək və arzusuydu. Ona qarşı heç bir represiya gözlənilmirdi. Sadəcə olaraq olduqca gənc Vəkilov Əlmərdan bəy Topçubaşovun təsiri altındaydı və onun Azərbaycanı tərk edib getməsində bu təsirin rolu böyük olmuşdu. Sonralar Vəkilov da bir çox müsavatçılar kimi xarici xüsusi xidmət orqanlarıyla əməkdaşlığa cəlb olunmuş və antisovet fəaliyyətində istifadə edilmişdir. Bu baxımdan M.Ə.Rəsulzadənin, Ə.Topçubaşovun xarici xüsusi xidmət orqanlarına işləməsi danılmaz faktdır. Beləki Sovetlərə qarşı düşmənçilik siyasəti yeridən Polşa diktatoru marşal Pilsutski Azərbaycanda Aprel sosialist inqilabından sonra xaricə mühacirət etmiş sabiq hökumət rəhbərlərini maliyələşdirirdi. Məhz qol çəkib diktator Pilsutskidən ilk qrantı alan da Ə.Topçubaşov olub. O, Polşa hökumətindən antisovet fəaliyyəti üçün hər ay 100 dollar pul alırdı, hansıki bu o dövr üçün elə də az vəsait deyildi. Bu qaydada digər mühacir hökumət nümayəndələri də qol çəkib xarici dövlətlərdən pul alırdılar, təbiiki Sovetlər əleyhinə xəfiyyəlik etməklərinin müqabilində. Hətta M.Ə.Rəsulzadə 1938-ci ildən 1940-cı ilə kimi Polşa hökumətində antisovet fəaliyyəti üzrə məsləhətçi işləmiş, daha sonra isə faşistlərlə əməkdaşlıq etmişdir. Onların xaricdə yaşaması, kitablar, jurnallar dərc etdirməsi, hamısı qərb xüsusi xidmət orqanlarının pulları hesabına başa gəlirdi. Məhz Mustafa bəy Vəkilovun rəhbərlərindən olduğu və Varşavada yerləşən «Prometey» təşkilatı da Polşa xüsusi xidmət orqanları tərəfindən yönləndirilən qurumlardan idi.
    Amma bütün bunlar M.Vəkilovun yaxın qohumu Səməd Vurğunun Azərbaycan Sovet ədəbiyyatının simasına çevrilməsinə mane olmadı. Eyni aqibəti Ceyhun Hacıbəylinin qardaşı Üzeyir Hacıbəyov da yaşadı. Beləki Müsavat rejimi dövründə müxtəlif qəzetlərdə işləmiş Ceyhun Hacıbəyli 1919-cu ildə Paris sülh konfransına gedən nüayəndə heyətinin tərkibinə qatılmış və bir daha Azərbaycana qayıtmamışdı. Amma buna baxmayaraq Üzeyir Hacıbəyov Azərbaycan Sovet musiqisinin magikanına, yaradıcısına çevrildi.
    Bu faktlar bir daha onu sübut edir ki, istər Mustafa bəy Vəkilov, istər Ceyhun Hcıbəyil, istərsə də digərləri olsun, Azərbaycanda qalıb işləyə bilərdilər və buna heç nə mane olmurdu. Əgər onlar Aprel inqilabından sonra Azərbaycanda yaşamaq istəməyiblərsə, bu artıq onların şəxsi işiydi və indi bu məsələni «əzablı» mühacirət hekayəcikləri kimi ictimaiyətə sırımaq lazım deyil.
    İndi bəzən belə ittihamlar səslənir ki, Aprel sosialist inqilabından sonra guya kommunistlər bütün siyasi partiyaları zorla qadağan etdilər. Amma bu tarixi faktdır ki, istər «Müsavat», istər «İttihad», istərsə də «Əhrar» partiyaları özlərinin buraxılması haqqındı qərar çıxarmışdılar.
    Xalq üsyanları, yoxsa Antantanın əksinqilabi qəsdləri?
    Bu gün bir sox ədəbiyyatlarda «xalq» üsyanlarından danışılır, bəziləri Aprel sosialist inqilabından sonra baş qaldırmış əksinqilabi qəsdləri məhz belə xarakterizə edirlər.
    Bəs əslində həqiqət nədən ibarətdir, görəsn doğrudanmı bu əksinqilabi qiyamlarla xalq Sovet hökumətinin qurulmasını protest edirdi, həm də kəskin formada?
    Heç şübhəsiz ki, 1920-ci ilin may və iyun aylarında Gəncədə, Qarabağda, Zaqatalada baş qaldırmış əksinqilabi qiyamlar özü-özlüyündə kommunist hakimiyyətinə qarşı yönəlmiş etirazın ifadəsiydi, amma xalqın yox, əhalinin cəmi bir neçə faizini təşkil edən xanların, bəylərin, varlı mülkədarların və onların vuran qolu olmuş generalların, polkovniklərin, paşaların etirazının iafdəsiydi. O qüvvələrin ki, istər çar istibdadı zamanı, istərsədə Müsavat müstəmləkə üsul-idarəsi zamanı Azərbaycan xalqıyla tövlədəki heyvan kimi rəftar etmişdilər.
    Fikir verin, görün üsyanlara kimlər rəhbərlik edirdi; Şirvan xanı, Xan Xoyski qardaşları, Nuru paşa, Camal paşa, Həmid bəy, Hafiz əfəndi, Yegizarov, general Cavad bəy Şıxlınski, polkovnik Cahangir bəy Kazımbəyov, polkovnik Məmməd Mirzə Qacar, polkovnik Əhmədiyev, polkovnik Zeynalov və s. Bir sözlə, bəylər, xanlar, paşalar, polkrvniklər. İçlərində bir nəfər də olsun sadə xalq nümayəndəsi yoxdur. Bu sözügedən silahlı əksinqilabi qəsdlərin xarakterini, mahiyyətini və kimlərin mənafeyinə xidmət etdiyinin ən bariz sübutudur. Minlərlə azərbaycanlını darağacından asdırmış, güllələmiş, Azərbaycanın neftini, pulunu, taxılını, ərzağını, hətta zavod və fabrikdəki avadanlıqlarını söküb xaricə daşıtdırmış Osmanlı paşaları, kəndliləri qamçı və şallaqla tərbiyə edən Şirvan xanı, çoxlu sayda kəndləri əhalisiylə birgə top və pulemyot atəşləriylə yer üzündən silmiş Xan Xoyski qardaşları heç vaxt sadə xalq kütlələrinin istək və arzularına tərcüman ola bilməzdilər.
    Məsələn, gəlin götürək Şirvan xanını, hansıki Müsavat rejimi dövründə Muğan kəndliləri onun əlindən qan ağlayırdılar. Hətta bu zülm və rüsvayçılıq elə dözülməz həddə çatmışdı ki, kəndlilər çarəsiz qalıb iri mülkədar Sarıxan Şirvanskidən parlamentə şikayət etmişdilər. 1919-cu ilin yanvar ayında yazılmış şikayət ərizəsində deyilirdi: «Biz, köməksiz kəndlilər göz yaşları ilə parlamentə müraciət edərək Sarıxanın torətdiyi rüsvayçılıqlara və biyabırçı vergilərə son qoymaq üçün ən təcili tədbirləri görməyi və onu ciddi məsuliyyətə almağı, camaatı istismar edən mərdimazar bir adam kimi Cavad qəzası ərazisindən sürgün etməyi, onun malikanə və torpaqlarını alaraq bizim zəhmətkeş kəndlilərə verməyi xahiş edirik» («ÜİK(b)P MK yanında MELİ Azərbaycan filialı əsərləri», cild X, səh.41).
    Bu şikayət ərizəsi əslində Azərbaycan kəndlisinin Şirvan xanına vermiş olduğu mənfi xarakteristika idi.
    Təbiiki Müsavat rejimi bəy və xanların cəbr aləti olduğundan Sarıxan Şirvanskinində cinayətləri, zülmləri nəinki önlənmədi, hələ üstəlik xanın özbaşınalığı üçün geniş meydan verildi, amma bir il sonra Aprel sosialist inqilabı bütün kəndlilər kimi Cavad qəzası kənlilərinində arzusunu gerçəkliyə çevirdi və kəndlilərin xahiş etdiyi kimi xanların iri torpaq səltənəti torpaqsız və yoxsul kəndlilərə paylandı, kəndlilərin xana olan borcu və mükəlləfiyyətləri ləğv edildi. Vəziyyəti belə görən Şirvan xanı Mola Əli Axundla birlikdə 3000 nəfərlik silahlı birləşməylə XI ordunun üzərinə hücum etdi və məğlub oldu.
    İndi bəzi üzdəniraq tarixçilər bu hadisəni «xalq üsyanı» kimi qələmə verməyə çalışırlar, amma unudurlar ki, bu xalq yox, tipik xan üsyanıydı və Şirvan xanını, «qamçı və torpaq» knyazlığının mövcudluğunu təmin etməyə yönəlmişdi.
    Eyni sözləri biz Qarabağda xarici qüvvələrin fitvasıyla alovlandırılan silahlı əksinqilabi qəsdlər barəsində də söyləyə bilərik. Beləki 1920-ci il iyunun 3-də Osmanlı generalı Nuru paşa Azərbaycan Sosialist Respublikasının sərhədlərini pozaraq Şuşaya soxuldu, yerli Sovet hökumətinin nümayəndələrini həbsə alaraq özünü Qarabağın hökmdarı elan etdi. Bu zaman polkovnik Zeynalovun rəhbərliyi ilə Müsavat ordusunun Qarabağda yerləşən hissəsidə işğalçı qüvvələrin tərəfinə keçdilər. Osmanlı paşalarının Qarabağda ağalığı cəmi 10 gün çəkdi. Onlar həbs olunmuş yerli Sovet hökumətinin sədri Vəlibəyovu, türk kommunisti Süleyman Nurini, «qırmızı Mola» ləqəbiylə məşhur olan C.Hüseynovu və başqalarını edama məhkum etdilər. Məşhur inqilabçılar yetirmiş Qoçəhmədli kəndi Nuru paşanın əmriylə qarət olunduqdan sonra yandırıldı, əhalinin bir qismi güllələndi, kəndlilərə məxsus əkin sahələri dağıdılıb odlara qalandı. Burada haşiyədən kənara çıxaraq xatırladaq ki, Qoçəhmədli kəndindən Bünyad Sərdarov, Xanlar Səfərəliyev və daha neçə-neçə belə inqilabçılar çıxmışdı.
    Lakin işğalçı hərbi xunta Qarabağ camaatından ciddi dəstək ala bilmədi və iyunun 10-da döyüşə atılan fəhlə-kəndli qvardiyaları və XI Qızıl ordunun zərbələri qarşısında sürətlə geri çəkilməyə başladılar. 1920-ci il iyunun 10-da Tərtər, iyunun 11-də Ağdam, iyunun 14-də Şuşa və Xankəndi əcnəbi və yerli əksinqilabçılardan azad edildi. Qəsdçilərin belə sürətlə geri çəkilməsinə ancaq bir ad vermək olardı,–qaçmıq. Onlar 3-4 gün ərzində müdafiə olmadılar, sadəcə qaçdılar. Hətta Şuşa kimi alınmaz qalada belə qəsdçilərin 2-3 gündən artıq duruş gətirə bilməməsi yerli əhalinin qiyamçılara dəstək verməməsinin göstəricisi kimi qəbul oluna bilər. Müqayisə üçün deyək ki, 1919-cu ilin yayında Lənkəranda bir neçə yüz qırmızı partizan 4 dövlətin 30 minlik nizami ordusuna qarşı düz 3 ay müqavimət göstərmiş və ancaq silah-sursatları tükənəndən sonra Lənkəran mayakını tərk edib dənizə çəkilmişdilər.
    Mən bununla hər iki qiyamı eyniləşdirmək istəmirəm, sadəcə bəzi üzdəniraqlara gerçək müqavimətin və üsyanın nə olduğunu başa salmaq istəyirəm. Bəli, bir neçə yüz kommunist partizan Lənkəran mayakını 4 dövlətin ordusundan düz 3 ay müdafiə etdilər və döyüşlərdə 4 min əksinqilabçını məhv etdilər. Bu kommunist partizanlarının öz inqilabi davalarına sədaqətinin və bağlılığını nümayişiydi. Amma xarici ağaların himayəsinə sığınmış müsavatçılar qat-qat böyük hərbi qüvvəylə Şuşa kimi alınmaz qalada sadəcə bir neçə gün daldalana bildilər və ölüm hökmü çıxardıqları yerli inqilab komitəsinin nümayəndələrini edam etməyə macal tapmadan kəndlilərdən qarət etdikləri sərvəti də götürüb tələsik Araz çayını keçərək İrana qaçdılar.
    Antanta cəlladları Sovet Azərbaycanında inqilaba qaşı cəbhə açmaq cəhdlərindən bir digərini Gəncədə sınaqdan çıxardılar. Ən incə təfərrüatına qədər Tiflisdə, Antanta dövlətlərinin səfirliklərində işlənib hzırlanmış silahlı qəsd planına görə Gəncədə yerləşən Müsavat ordu birlikləri qiyam qaldırmalı və şəhərdəki qanuni hökuməti devirməliydilər.
    Bu gün bəzi ədəbiyyatlarda Gəncə qiyamının səbəbi kimi guya əhalinin bolşevik siyasətindən narazılığı göstərilir. Hətta silahlı qəsdin rəhbəri olmuş polkovnik Cahangir bəy Kazımbəyov sonralar xatirələrində bu barədə belə yazırdı: «…Gəncə üsyanı ən əhəmiyyətli üsyanlardandır. Onun başlıca səbəbi daim öz namusu, azadlığı və istiqlalı uğrunda mübarizə aparan Azərbaycan xalqını səciyyələndirən xüsusiyyətləridir. Mübarizəsiz, yalançılıq yolu ilə 1920-ci il aprelin 27-də Azərbaycanı zəbt edən bolşeviklər, qətiyyən xalqın xüsusiyyətləri ilə hesablaşmadan, onun ənənələrini, dinini və s. vecinə almayaraq, ifrat terrorçuluğu və sərtliyi tətbiq edərək, dərhal Azərbaycanın sovetləşdirilməsi siyasətinə başladılar. Bir ay ərzində azərbaycanlılar başa düşdülər ki, …bolşeviklər Azərbaycan xalqının və onun müstəqilliyinin ən pis, ən qəddar düşmənləridir» («Dünya» jurnalı, №2, 1993).
    1920-ci il mayın 25-dən 26-na keçən gecə Müsavat ordu hissələrinin qaldırdığı əksinqilabın daha düzgün başa düşülməsi üçün gəlin polkovnik Cahangir bəy Kazımbəyovun fikirlərini sözbəsöz, cümləbəcümlə təhlil edək.
    Cənab Kazımbəyov iddia edirdi ki, «üsyanın başlıca səbəbi… namus, …azadlıq… və istiqlal uğrunda mübarizə» olmuşdur. Amma Kazımbəyov yəqinki bilməmiş deyildir ki, 1920-ci ilin mayında Sovet Azərbaycanı 1918-20-ci illər Müsavat Azərbaycanından daha azad, daha müstəqil siyasət yeridirdi. Beləki Azərbaycan Sosialist Respublikasının üzərində al-qırmızı, ortasında ay və ulduz təsviri olan milli və inqilabi dəyərləri özündə ehtiva edən bayrağımız dalğalanırdı, ordu birlikləri və milli ordu hissələri saxlanır, xarici ölkələrdə müstəqil diplomatik nümayəndəliklərimiz fəaliyyət göstərirdi. Azərbaycan Sovet Sosialist Respublikası Atatürkün rəhbərlik etdiyi Türkiyə Cümhuriyyətinin müstəqilliyini tanıyan və onunla diplomatik münasibətlər quran ilk dünya dövləti kimi tarixə düşmüşdür. Aprel sosialist inqilabından sonra əvvəlcə Atatürk öz səfirini Bakıya göndərdi (Memduh Şövkəti), daha sonra isə Azərbaycanın Ankarada səfirliyi açıldı və bu zaman səfirlik binası üzərində Azərbaycan Sovet Sosialist Respublikasının bayrağını şəxsən Atatürk özü qaldırmış və müstəqil Sovet Azərbaycanı Respublikasının bayrağını qaldırmaq şərəfinə nail olduğu üçün özünü xoşbəxt hiss etdiyini söyləmişdir.
    Bundan başqa burada çox önəmli bir məqama da toxunmaq lazımdır ki, hələ 1920-ci il aprelin 26-da türk generalı Kazım Qara Bəkir paşa Atatürkə məktubunda yazırdı ki, Azərbaycanın sovetləşməsi türk və islam dünyasının yeganə qurtuluşudur. Beləki Türkiyə Antantayla müharibə aparırdı. Müsavat hökuməti isə Antantanın qapazaltısı olduğundan qurtuluş savaşına istənilən yardımı göstərə bilməzdi. Amma Azərbaycanda Aprel sosialist inqilabının qələbəsi Türkiyəni Antantanın mühasirəsindən çıxardı. Artıq Bakıda Antantanın diktəsiylə oturub-duran oyuncaq Müsavat hökuməti əvəzinə Türkiyəyə açıq-aşkar hər cür yardım göstərən Sovet hökuməti var idi. Məhz sonralar türk tarixçiləri özləri də etirf edirdilər ki, N.Nərimanovun yardımları olmadan qurtuluş savaşını qazanmaq mümkün olmazdı. Deməli Aprel inqilabı nəinki Azərbaycanın istiqlalına son qoymadı, əksinə, Türkiyənin timsalında müsəlman Şərqinin istiqlalı üçün stimul oldu, təkanverici amil oldu.
    Biz əgər Aprel inqilabına bütün bu sadalanan faktların fonunda nəzər salsaq görərik ki, Cahangir bəy Kazımbəyovun Gəncə qiyamını əsaslandırmaq üçün ortalığa atdığı səbəblər, hansıki o iddia edirdiki Gəncə qiyamı guya bolşevik işğalına qarşı milli azadlıq mübarizəsiydi, qətiyyən 1920-ci ilin aprel-may reallıqlarını özündə əks etdirmirdi və səbəbdən çox bəhanəni xatırladırdı.
    Bir az öncə sadaladığımız faktlar təsdiq edir ki, 1920-ci ildə Sovet Azərbaycanı kifayət qədər müstəqil siyasət yeritmiş və milli-azadlıq hərəkatı aparan müsəlman Şərqi üçün proqressiv rol oynamışdır. Bu baxımdan C.Kazımbəyovun may Gəncə qiyamını milli azadlıq hərəkatı kimi xarakterizə etməsi ən azından həmən dövrün reallıqlarıyla uzlaşmır. Əksinə, C.Kazımbəyovların özünü ittiham etmək lazım idi ki, 1918-20-ci illərdə Müsavat müstəmləkə polis üsul-idarəsi dövründə Azərbaycan faktiki olaraq ingilislərin müstəmləkəsi olduğu halda, ölkə əhalisi ingilis və denikinçilərin zülmü altında inlədiyi bir zamanda «milli azadlıq, namus, istiqlal» dəyərlərini özləri üçün həyat kredosu seçmiş Kazımbəyovlar, Xoyskilər nə üçün bircə dəfə də olsun ingilis işğalçılarına, denikinçi cəlladlara qarşı qiyam qaldırmadılar. Nə üçün Azərbaycanın sərvətləri qarət olunub ingilis paraxodlarıyla Ənzəliyə daşınanda, işğalçılar tərəfindən kəndlər talan olunub yandırılanda Müsavat rejimi susurdu, nə üçün ingilislər, denikinçilər Azərbaycan qadınlarını zorlayanda, kişilərini qılıncdan keçirəndə, körpələrini süngüyə taxanda Kazımbəyovların «namus», «istiqlal» heç yadlarına da düşmürdü. Yoxsa onlar ingilislərin, denikinçilərin zorladığı qadınları öz namusları hesab etmirdilər, bəlkə darağcından asılanlar, güllələlənənlər onların millətinin oğulları deyildi?
    Bakı küçələrində azğınlaşmış ingilis əsgərləri sərxoşluq edib qadınlara sataşanda, ingilis generallarının əmriylə Müsavat bayrağı parlament üzərindən endiriləndə, Bakı küçələrində 10-15 adamın toplaşması üçün hökmən ingilislərdən yazılı icazə alınmasını tələb edən qadağalar zamanı tapdanan milli qürur yoxsa Kazımbəyovların qüruru deyildi?
    Yox cənablar, sizin Antantanın fitvasıyla milləti qırğına verdiyiniz əksinqilabi qəsd heç vaxt «istiqlal», «namus» davası ola bilməzdi. Sizlər ingilis işğalçılarına nökərçiliyi özləri üçün şərəf bilənlərdən idiniz. Siz Azərbaycan xalqının aclıqdan tələf olması hesabına Bakıda ingilis ordusunun atını, eşşəyini şokalad və kişmişlə bəsləyən sapı özümüzdən olan baltalar idiniz. Sizin baltalarınız isə hər zaman öz millətimizin başına endi.
    Müsavat rejimi dövründə Kazımbəyovlar əcnəbi ağalara;–osmanlılara, daha sonra isə ingilislərə can-başla xidmət edəndə kommunistlər Azərbaycanın istiqlalı uğrunda mübarizə aparan yeganə qüvvə kimi çıxış edirdilər. İngilis işğalına qarşı yönəlmiş bütün tətillərin, mitinqlərin üsyanların təşkilatçıları ancaq kommunistlər idi.
    C.Kazımbəyov Gəncə əksinqilabi qəsdinin səbəbləri sırasında bolşeviklərin Azərbaycan xalqının ənənələrinə, dini dəyərlərinə qarşı yönələn tədbirlərin də olmasını sadalayır.
    Düzdür, Aprel inqilabından sonra bu tip neqativ hallara, səhvlərə yol verilmişdi, amma bu səhvlər cəmi 25 gün ərzində əhalini silahlı üsyana qaldıracaq ölçüdə və miqyasda deyildi. Əksinə, Sovet respublikasının ilk addımlarından biri Müsavat dövründən miras qalmış içkixana və fahişəxanaların ləğvi məsələsi oldu ki, hətta bir vaxtlar Müsavatın vicdanı, ideoloqu hesab olunan, sonralar isə Müsavat rejimindən üz döndərmiş şair-filosof Məhəmməd Hadi kommunistlərin bu addımını ən böyük inqilab adlandırıb təqdir edir, alqışlayırdı. O, 1920-ci ilin mayında Xalq Ədliyyə Komissarı Əliheydər Qarayevlə ayaqüstü söhbəti zamanı deyir: «…Ağakərim oğlu Əliheydər, tarix bəşərdə baş vermiş bütün qovğa, məğlubiyyət və qələbələrdə heç bir zaman, heç kəs şərabı qadağan etməmişdi. Siz bolşeviklər qadağan etdiniz. Bəşəriyyəti bu bəladan da, bu faciədən də xilas edə bilsəniz, alqış sizə».
    Bəli, bu Aprel inqilabından dərhal sonra Sovet Azərbaycanının yeniləşən siması idi ki, milli adət-ənənələrimizlə də, dini dəyərlərimizlə də üst-üstə düşürdü. Amma bir də gəlin Müsavat dövrü Azərbaycanın simasına nəzər salaq: «…Hər addımda cavanların həyatını zəhərləyən bir görüş evi, onun yaxın səmtində bir şərabxana var… Axşam düşəndə şəhərin başqa yerlərində görünməyən məxluqat burada peyda olmağa başlar. Axşamdan bir qədər keçdikdən sonra hər tində bir neçə sərxoş… Bakının görkəmli cavanları bu qapıdan çıxb o birinə girirlər, az-çox huşyar gələnlər dəli-divanə olub gedirlər…
    Nikolay vaxtı şərabxana məbəddən;–məscid, kilsə və məktəblərdən 50 sajen (təxminən 130 metr-M.S.) uzaqda olmalı idi, indisə şərbxana məktəblə, məscidlə yan-yanadır.
    Şərab satmaq mədaxil mənbəyinə çevrilib.
    Şəhərin bu məhəlləsi «Şerlok Holms» hekayələrini və macəralarını xatırladır. Əski London və Nyu-York məhəllələri buranın yanında sönük bir şey… canilər məskəni, meyxanələr məhəlləsi…» (Manaf Süleymanov, «Eşitdiklərim, oxuduqlarım, gördüklərim», səh.296).
    Məhz Sovet respublikası öz fəaliyyətinə Azərbaycan xalqının mənəviyyatını korlayan və Müsavat dövründən miras qalmış fahişəxana və meyxanaların ləğviylə başladı. 1920-ci ilin may ayında Azərbaycanda nə bir məsçid, nə bir ibadət yeri, bağlanmamışdır və dağıdılmamışdır. Hansı məsçidlərdə Qızıl ordu əsgərləri yerləşdirilmişdisə, əhalinin şikayəti üzərinə Nərimanov onların hamısını məsçidlərdən çıxartdırdı. Bundan başqa Azərbaycan və müsəlman Şərq tarixində ilk dəfə olaraq N.Nərimanov novruz bayramını, aşura gününü və qurban bayramını qeyri-işgünü elan etdi. Deməli Nərimanov başda olmaqla Azərbaycan Sovet hökuməti milli-dini dəyərlərə maksimum həssaslıqla, hörmətlə yanaşır, ayrı-ayrı təxribatçı qrupların (belə qruplar hətta partiya içərilərinə də nüfuz etmişdi) əhalini kommunstlərə qarşı qaldırmaq məqsədiylə törətdikləri təxribatçı hərəkətlərinə qarşı ciddi mübarizə aparırdı.
    Məhz Kazımbəyovun iddia etməsi ki, Aprel inqilabından cəmi 25 gün sonra Gəncədə baş verən qiyamın səbəblərindən biri guya bolşeviklərin Azərbaycan xalqının milli-dini dəyərlərinə, heysiyyatına toxunmasıydı, tamamən absurd və cəfəngiyyatdır. Çünki Gəncə qiyamı ərəfəsində Azərbaycanda belə hallar yox dərəcəsindəydi. Məsçidlərin bağlanması, anbarlara çevrilməsi, uçurulması Gəncə qiyamından xeyli sonralar baş vermişdi, konkret olaraq 1920-ci ilin may ayında isə belə şeylərdən danışmaq üçün heç bir ciddi əsas yox idi. Əksinə, bir az öncə gətirdiyimiz faktlar bir daha sübut edir ki, Aprel sosialist inqilabından sonrakı erkən dövrlərdə Sove hökuməti milli-dini dəyərlərə çox həssaslıqla yanaşır, küçə və məhəllələri, məsçid ətraflarını fahişəxana və meyxanalardan təmizləyir, əxlaqsızlığa qarşı ciddi mübarizə aparırdı. Bağlanan məsçidlər yox, meyxanalar idi, hansıki Müsavat hakimiyyəti zamanı yağışdan sonra göbələk kimi artıb məsçid kandarlarına qədər gəlib çıxmışdılar.
    Deməli Kazımbəyovun sözügedən ittihamı 1920-ci ilin mayındakı vəziyyəti, şəraiti özündə əks etdirmir.
    Sonra C.Kazımbəyov Gəncə qiyamının səbəbləri sırasında bolşeviklərin ifrat terrorçuluq və sərtlik tətbiq edərək Azərbaycanı sovetləşdirmə siyasətinin əhalidə doğurduğu narazılıqları qeyd edir. Belə olan halda ortaya çox haqlı sual çıxır, hansı terrorçuluqdan danışılır ki, istər Bakıda, istər Lənkəranda, istər Gəncədə, istərsədə Qarabağda Sovet hakimiyyəti qan tökülmədən qurulmuşdu. Aprel inqilabı Azərbaycanda dinc şəraitdə qalib gəlmişdi. Amma müsavatçı bəylər öz hakimiyyətlərini Azərbaycan xalqına xarici ölkələrin orduları hesabına zorla, minlərlə insanı darağacından asdıraraq, güllələdərək, insanları diri-diri kütləvi şəkildə ot tayalarına doldurub yandıraraq, kəndləri əhalisiylə birlikdə yer üzərindən silərək qəbul etdirmişdilər, əslində isə etdirə bilməmişdilər. Çünki qəzalar Müsavat rejiminin süqutuna qədər bəy-xan rejimini tanımadılar və hökumətə əsgər, vergi verməkdən ellikcə imtina etmişdilər.
    Belə olan halda kimlərin öz hakimiyyətini ifrat terrorçuluqla, sərt tədbirlərlə əhaliyə qəbul etdirdiyi hər kəsə gün kimi aydın bir həqiqətdir.
    Bundan başqa, Aprel inqilabından dərhal sonra şərtləri pozan da, ilk terrora əl atan da Müsavat bəyləri olmuşdurlar. Beləki müsavatçılar Lənkəran qəzasında hakimiyyəti təhvil almağa gələn qırmızı partizan hərəkatının rəhbərlərindən Zuvandlı Balaməmmədi vəhşicəsinə qətlə yetirdilər. Halbuki parlament hakimiyyətin kommunistlərə verilməsi barədə qərar çıxarmışdı və bu qərarın icrası köhnə rejimin bütün yerli strukturları üçün məcburi xarakter daşıyırdı. Amma müsavatçılar Balaməmmədi qətlə yetirməklə şərtləri pozdular.
    Düzdür, bu hadisədən sonra Qızıl ordu bölgələrdə müəyyə güllələmələr, sərt tədbirlər həyata keçirmişdi, hansıki Nərimanov Stalinə məktubunda bu barədə böyük ürək ağrısı ilə yazırdı: «…Biləcəridə məni bəzi yoldaşlar qarşıladılar və görünür mənim gəlişimdən çox sevinirdilər. Onlar belə dedilər: «Bəlkə sizə qədər olan biyabırçılığa son qoyula. Azərbaycanı başdan-başa qarət edirlər, sağa-sola güllələyirlər»».
    Təbiiki bu sərt tədbirlər Nərimanov başda olmaqla Azərbaycan Sovet hökumətinin siyasəti deyildi, əksinə, Nərimanov qətiyyətlə bu kimi hallara qarşı mübarizə aparırdı.
    Müsadirə və güllələmə faktlarının arxasında daşnak xislətli Sərkisin, Mirzoyanın, Mikoyanın, cəmləşdiyi Bakı komitəsi dururdu, hansıki onlara siyasi dəstəyi birbaşa «mərkəz» verirdi. Bir sözlə, güllələmə və müsadirə halları Aprel inqilabından sonra Azərbaycanda yaranmış ikihakimiyyətliliyin nəticəsiydi və buna görə məsuliyyəti Bakı komitəsi daşıyırdı. Amma hətta bu müsadirə və güllələmə faktları belə Azərbaycan kəndlisini, Azərbaycan xalqını Sovet hökuməti əleyhinə üsyan qaldırmağa sövq edə bilməzdi. O səbəbdən ki, güllələlənənlər, əmlakı müsadirə olunanlar əsasən varlı mülkədarlar, bəylər xanlar idi, hansıki inqilabdan əvvəl Azərbaycan kəndliləri özləri bəy-xanları öldürüb onlara aid əmlakı ələ keçirirdilər. Yəni bu Azərbaycan üçün yeni, qeyri-adi bir şey deyildi. Əksinə, əhali artıq belə hallara vərdiş etmişdi. Məsələn, gəlin 1918-ci ilin əvvəlinə aid olan bəzi faktlara nəzər salaq: «1) Yanvarın 4-də kəndlilər Bəhrəm bəy Qarabəyovun Zəyəm kəndindəki malikanəsinə hücum etmişlər. Bəhrəm bəy və onun iki qardaşı öldürülmüşdür.
    2) Yanvarın 6-da Böyük ağa Qarabəyovun malikanəsinə hücum edilmişdir. Qarabəyovlardan 6 nəfər və qonşuluqdan onları müdafiə etməyə gəlmiş digər 4 bəy öldürülmüşdür
    …Yenə həmən gün Böyük bəy Zülqədərovun malikanəsində bəy ailəsindən 15 adam öldürülmüşdü.
    …Şamxor bəyləri öz malikanələrindən qaçmışlar» (X.Mirzəyev, «Azərbaycan kəndlisi sosialist inqilabının hazırlanması və qələbəsi uğrunda mübarizə dövründə», səh.40).
    Müsavat dövrü arxiv sənədlərində isə kəndlilərin bəy və mülkədarlara qarşı silahlı mübarizəsi haqqında xeyli sayda material var. Bu məlumatların birində Gəncə general-qubernatoru Müsavat hökumətinin daxili işlər nazirinə yazırdı: «Qazax qəzasından alınan məlumata görə talanlar və qətllər güclənir. Yuxarı Salahlı və Aşağı Əskipara kəndlərinin kəndxudaları öldürülmüşdür, evləri isə dağıdılıb qarət edilmişdir. Yerli əhali də həmən qrupa qoşulmuşdur. Bütün Qazax qəzası bu əhval-ruhiyyə ilə əhatə olunmuşdur» (MDA, fond 894, siyahı 2, iş 33, vər.96).
    Təkcə Qazax qəzasımı, yox, bütün Azərbaycan 1918-20-ci illərdə bu əhval-ruhiyyə ilə əhatə olunmuşdu. İri mülkədarlarla kəndlilər arasında torpaq üstə sözün həqiqi mənasında müharibə gedirdi.
    Mən bu faktları ona görə xatırlatdım ki, bilməyənlər də bilsin; mülkədar, xan malikanələrinə hücum, bəylərin, varlı şəxslərin əmlakının müsadirəsi heç də Aprel sosialist inqilabından sonra tətbiq olunan bir şey deyildi, bu tip hallar, həm də Aprel inqilabından əvvəl də, həm də üsyançı kəndlilərin öz təşəbbüsüylə, həm də demək olar ki, bütün qəzalarda həyata keçirilirdi.
    Əksinqilabi qiyamın rəhbəri C.Kazımbəyov isə iddia edirdi ki, Qızıl ordu mülkədarların, bəylərin əmlakını müsadirə edib onların bir qismini güllələdiyinə görə belə hallar guya xalqda narazılıq yaradırdı ki, bununda nəticəsində «xalq üsyanları» baş verirdi.
    Ancaq bizim bir az öncə gətirdiyimiz rəsmi arxiv sənədləri sübut edir ki, bəy və xanların, varlı mülkədarların güllələnib əmlaklarının müsadirə olunması inqilabdan əvvəlki Azərbaycan qəzaları üçün artıq təbii hal idi və o üsulları, vasitələri ki, bəylərə, mülkədarlara Azərbaycan kəndlisi özü tətbiq edirdi, deməli o şeylərə görə həmən kəndli heç vaxt Qızıl orduya qarşı qiyam qaldırmazdı.
    Ümumilikdə isə Aprel inqilabından cəmi bir neçə həftə sonra Azərbaycan xalqını, sadə Azərbaycan kəndlisini (əhalinin 78%-ni kəndlilər təşkil edirdi) Sovet hökumətindən narazı salacaq, həm də silahlı üsyana sövq edəcək səviyyədə narazı salacaq elə bir ciddi səbəb yox idi. Gəlin fikrimizi faktlarla əsaslandırmaq üçün Müsavat dövrü Azərbaycan kənlisinin vəziyyətinə nəzər salaq: 1) Mülkədar torpaqlarında yaşayan kəndlilər məhsulun 1/10 hissəsindən ½ hissəsinə qədər, yəni məhsulun az qala yarısına qədərini bəhrə, malcəhət vergisi adı altında mülkədara, bəyə verməliydi. Müsavat dövründə məhsuldarlıq kəskin olaraq aşağı düşdüyü halda vergilər çar dövrüylə müqayisədə 4 dəfə artırılmışdı.
    2) Qışlaqlarda heyvanları otarmaq üçün ot pulu. Yaylaqdan istifadəyə görə safalax pulu, alaçıq tikmək üçün tüstü pulu.
    3) Bağ və bostan üçün kəndlilər bəylərə bağpulu ödəməli, dinməver, eşitməver, baxmaver, bilməver kimi əcaib vergilər verməliydilər.
    Təbiiki bu heç də hələ hamısı deyildi. Bunlardan əlavə kəndli bayramlarda bəyə hədiyyə, bayramlıq göndərməli, bəy evlənəndə ona toy xərci, bəxşiş verməli, hətta kəndli özü evlənmək istədikdə belə bəyə müəyyən haqq, toypulu ödəməliydi. Bununla belə bəyin vergi yığanlarının, yəni darğaların xərcidə kəndlilərin boynuna qoyulurdu. Bu məqsədlə kəndli vergi yığanlara darğa pulu verirdi.
    Digər tərəfdən kəndli bəy üçün bir sıra haqqı ödənilməyən işlər görməyə (biyar), bəy üçün müftə işləməyə məhkum idi.
    Bütün bunlardan sonra orta hesabla məhsulun 70%-ə qədərini bu və ya digər ad altında bəylər, mülkədarlar kəndlinin əlindən alırdılar. Qalan 30% isə heç də kəndlinin cibinə getmirdi. Binəva kəndli bununla həm öz ailəsini saxlamalı, həm gələnilki əkin xərcini toplamalı, həm də Müsavat məmurlarını bəsləməliydi.
    Bəli, nə qədər acınacaqlı da olsa deməliyik ki, 1918-20-ci illərdə Müsavat hökumətinin qəzalarda, kəndlərdəki bütün dövlət strukturlarının, məmurların saxlanma xərci həmin qəzanın, həmin kəndin əhalisi üzərinə qoyulurdu. Pristavdan tutmuş qəza rəisinə, komendanta, general-qubernatora, onların əyan-əşrəfinə qədər bütün yerli hakimiyyət strukturlarını həmən bölgənin kəndliləri yedirib saxlamalıydılar. Bu da Azərbaycan kəndlisi üzərində əlavə, həmdə çox ağır yük idi. Müsavat məmurları onlara verilmiş bu imtiyazdan sui istifadə edərək kəndliləri, əhalini qarət edir, almalı olduqlarından qat-qat çox alırdılar.
    Bundan əlavə Müsavat hökuməti işğalçı orduların (Osmanlı, ingilis və s.) saxlanma xərcini də yoxsul xalqın üzərinə qoymuşdu. Bu məqsədlə Osmanlı zabitləri Azərbaycan kəndlisindən məhsulun 1/10-ni zəkat adı altında zorla müsadirə edirdi. Əslində isə müsadirələrdə heç bir hədd qoyulmurdu. İngilislər, denikinçilər də həmən qaydada Azərbaycan qəzalarının, kəndlərinin taxılını, ərzağını qarət edərək paraxodlarla Ənzəliyə, ingilis ordusunun qərargahına daşıyıb aparırdılar. Bütün bunlar azmış kimi Müsavat hökuməti kəqdliləri məcbur edirdi ki, üsyanlar zamanı bəylərin malikanəsinə, əmlakına vurulmuş zərərə görə də ağalara kompensasiya ödəsinlər. Məsələn, Xılxına kənd sakinləri iri mülkədar Zülqədərovlara 756000 manat, Qovlar-Saralı kənd sakeinləri Həmid bəy Zülqədərovun ailəsinə 70000 manat, Tovuz qəzasının Öksüzlü kənd sakinləri isə bəy Sultanova 823405 manat cərimə ödəməyə məcbur edilmişdilər. Yuxarı Ayıplı kənd sakinləri isə Böyük ağa Qarabəyova üsyan zamanı əkin və bağlarına dəyən zərər müqabilində 130000 manat pul ödəmişdirlər.
    Kəndlilərin bəy və xanların xeyrinə bu formada cərimə ödməyə məcbur edilməsi bütün qəzalarda həyata keçirilirdi. Hətta əgər kəndlilər əkini üsyan zamanı ələ keçirdikləri bəy torpaqlarında əkmiş olurdularsa, onda torpağa görə icarə haqqını 2 dəfə artıq olmasıyla ödəməyə məcbur edilirdilər. Bundan əlavə bəy və xanlar kəndliylə istədikləri kimi rəftar edir, onları döyür, söyür, istədikləri kimi cəzalandırırdılar. Bir sözlə, inqilaba qədər kəndlini heç kim insan yerinə qoymurdu.
    Bəs Aprel sosialist inqilabının qələbəsindən sonra nə baş verdi?
    1920-ci il mayın 5-də Torpaq haqqında dekret elan edildi. Dekretə görə Azərbaycan kəndlisi mülkədara və xəzinəyə hər il 600 milyon manat torpaq vergisi verməkdən azad edildi. Kəndlilərin bəy və xanlara olan 575 milyon manatlıq vergi borcu ləğv edildi. Torpaqlar müsadirə olunaraq əvəzsiz şəkildə yoxsul və torpaqsız kəndlilərə paylandı. Kəndlinin bəy qarşısındakı bütün vergi və mükəlləfiyyət öhdəlikləri ləğv edildi. Ən əsası isə 1920-ci il mayın 12-də cəmiyyətin təbəqələrə, silklərə bölgüsü (kəndli, zadəgan, bəy, xan və s.) ləğv edildi. Bununlada tarixdə ilk dəfə Azərbaycan kəndlisi hansısa bəyin, xanın əşyası, malı olmaqdan qurtulub Sovet Respublikasının azad vətəndaşı oldu.
    İndi nə dərəcədə inandırıcıdır ki, sovetlərdən bu cür imtiyazlar almış Azərbaycan kəndlisi müsavatçıların onların başına açdığı oyunları, müsibətləri unudub guya Sovet hökuməti əleyhinə qiyam qaldırırdılar. Müsavat rejimi dövründə darağacından asılan, ot tayasına doldurulub diri-diri yandırılan, döyülə-döyülə öldürülən, ömrü boyu bəyə, xana cərimə ödəməyə, müftə işləməyə məhkum edilmş kəndli heç vaxt ona torpaq vermiş, onun borclarını ləğv etmiş, onu saysız-hesabsız vergilərdən azad etmiş hökumətə qarşı silah qaldırmazdı və heç təsadüfi deyil ki, Aprel inqilabından cəmi bir neçə həftə sonra Gəncədə, Qarabağda, Zaqatalada, Lənkəranda baş qaldırmış qiyamların sosial bazası olduqca məhdud və sadə xalq kütlələrinin dəstəyindən məhrum idi. Bu sözügedən əksinqilabi qəsdlərin hamısında başlıca zərbə qüvvəsi qismində sadə xalq kütlələri yox, əsasən hərbi xunta və Müsavat ordusunun tərksilah olunmamış hərbi hissələri çıxış edirdilər. Onlara isə hər tərəfli dəstəyi bütün imtiyazlarını itirməkdə olan bəylər, xanlar, iri mülkədarlar verirdilər.
    Gəlin Gəncə qiyamına nəzər salaq. Beləki bu qiyamın rəhbərləri hamısı bəy, xan nəslinin nümayəndələri idi. Məsələn, şahzadə Mirzə Kazım Qacar sabiq Gəncə komendantıydı və general-mayor hərbi rütbəsi daşıyırdı. Əmirxan Xoyski Gəncə quberniyasının keçmiş general-qubernatoruydu və Müsavat baş naxiri Xan Xoyskinin qardaşıydı, tipik xan nəslinin nümayəndəsiydi. Cahangir bəy Kazımbəyov 3-cü Gəncə piyada polkunun komandiriydi və bu həmən həbi hissəydi ki, təkcə 1919-cu ilin iyul ayında buradan 129 əsgər qaçmışdı, bundan əvvəl və bundan sonra isə daha yüzlərlə əsgər qaçaraq qırmızı partizan hərəkatına, Qatır Məmmədin dəstələrinə qoşulmuşdular.
    Adı çəkilən bu qiyam rəhbərlərinin çəkmələri altında minlərlə kəndli, onlarla kənd məhv olub xarabazara çevrilmişdir. Azərbaycan kəndlisinin çörəyini yeyib ona qan udduran bu rütbəli-titullu bəylər, xanlar 1920-ci ilin mayında yenidən səhnəyə çıxıb minlərlə dinc sakini qırğına verdilər. Çiyinlərindəki rütbələri axıdılan kəndli qanları hesabına qazanmışdılar, elə qanla da təhvil verdilər. Qiyam zamanı yaranan xaos və qarışıqlıqda əksəriyyəti mülki əhali olmaqla 15 minə qədər insan tələf oldu. Amma bu qədər insan ölümünün təşkilatçıları başda Antanta agenti Cahangir bəy Kazımbəyov olmaq şərtiylə qaçıb aradan çıxdılar.
    1920-ci il iyunun 10-da Kirov Gəncə qiyamı barəsində Leninə yazırdı: «Əldə olunan məlumata əsasən zənn etmək olar ki, Azərbaycan müsavatçılarının Gəncədəki çıxışı diqqətlə Tiflisin özündə hazırlanıbmış».
    Bəli, Antanta imperialistlərinin və onların sadiq nökərlərinin Azərbaycanda əksinqilabi cəbhə açmaq cəhdləri minlərlə insanın məhviylə nəticələndi, hansıki bu hadisədən cəmi 28 gün öncə kommunistlər Gəncə quberniyasında hakimiyyəti heç bir nəfərin də burnu qanamadan təhvil almışdılar. Həm də qanunauyğun əsaslarla. Təsadüfi deyil ki, Müsavatın hərbi naziri Səməd bəy Mehmandarov Sovet hakimiyyətini qanuni, legitim hökumət hesab etdiyindən hərbi hissələrə ünvanladığı teleqramda «Azərbaycan parlamanının qərarı ilə Sovet hakimiyyəti tanınmışdır» yazırdı və müqavimət göstərməməyi əmr edirdi. Bəli, Azərbaycan parlamentinin, Azərbaycan xalqının tanıdığı legitim, qanuni hakimiyyəti Antanta agentləri tanımaq istəmədilər və əvvəlcədən məğlub olacaqlarını bildikləri halda tabeçiliklərində olan əsgərləri və mülki əhalini qırğına verdilər.
    1920-ci il iyunun 5-də Zaqatalada başlanan qiyamda da əsas zərbə qüvvəsi qismində bölgədəki Müsavat ordu hissələri çıxış etmişdir. Qiyama isə rəhbərliyi polkovnik Əhmədiyev və Hafiz Əfəndi edirdi, hansıki bu şəxslər Qars Demokratik Respublikasının dövlət xadimləri idilər və nə qədər təəccüblü də olsa qiyam zamanı Zaqatalada peyda olmuşdular. Bu da qiyamın kənar qüvvələr tərəfindən təşkil olunduğunun və idarə edildiyinin bariz sübutuydu. Buradada üsyan rəhbərləri insanları qırğına verib aradan çıxdılar. Onlar Gürcüstana qaçıb Antantalı ağalarının ağuşuna sığındılar.
    Lənkərana soxulan Səlimovun 1500 nəfərlik silahlı dəstəsi də eyni məğlubiyyət acısını daddı, hansıki bu silahlı qəsd İran şah rejimi və İranda yerləşən ingilis komandanlığı tərəfindən təşkil olunmuşdur. Qiyamçı Səlimovu istər canlı qüvvəylə, istərsədə pul və silahla ingilislər təmin edirdilər. İran şah rejimi Azərbaycanda inqilabı boğmaq üçün dəridən-qabıqdan çıxırdı və bu İranın birinci təxribatı deyildi. Bundan bir il əvvəl, 1919-cu ilin yayında Lənkəranda Muğan Sovet hakimiyyətinin qan içində boğulmasında da İran şah rejimi xüsusi fəallıq nümayiş etdirmişdi və hələ onda İranın Lənkərandakı konsulu Mirzə Sadiq bunu Sovet Muğanının iranlı zəhmətkkeşlərə göstərə biləcəyi inqilabi təsirin önlənməsi məqsədiylə edildiyini söyləmişdi. Təbiiki Aprel sosialist inqilabından sonra da İran və İngiltərə eyni məqsədlə silahlı qəsdlər təşkil etməyə başladılar, amma bütün qəsdlər kimi Səlimovun əksinqilabi qiyamı dı ölkə əhalisinin əhval-ruhiyyəsinin yox, ölkəxarici imperialist dairələrin iradəsinin və sifarişinin ifadəsi olduğundan, ölkə daxilində əhalinin dəstəyini qazana bilmədi və asanlıqla ləğv edildi. Nə ingilis qızılı, nə ingilis silahı, nə də şah rejiminin dəstəyi sosial dayaqdan məhrum bu və bu kimi qiyamların məğlub sonluğuna mane ola bilmədi.
    Bu gün gənc nəslə «xalq üsyanları» adı ilə sırınmağa çalışılan, əslində isə ölkə əhalisinin cəmi bir neçə faizini təşkil edən bəy və xanların maraqlarının ifadəsi olub xarici imperialist dairələr tərəfindən təşkil olunan əksinqilabi qəsdləri ümumiləşdirərək bir cümləylə belə xarakterizə edə bilərik ki, sözügedən hərbi qiyamlar qanunauyğun surətdə tarixin ölümə məhkum etdiyi köhnəlmiş, bəşəri dəyərlərə zidd mülkədar münasibətlərinin can verərkən son cəhdləri, son çırpınışlarıydı.
    Belə olan təqdirdə ortaya sual çıxır; Aprel inqilabından sonra baş qaldırmış lokal miqyaslı antisovet qiyamlarında doğrudanmı ümumiyyətlə kəndlilər iştirak etməmişdilər? Əlbətdə ediblər, amma onların sayı ümumi nisbətdə olduqca az olub. Təbiiki Aprel inqilabından sonra kəndliləri narazı salan bir sıra inqilabi tədbirlər tətbiq olunurdu. Məsələn, ərzaq sapalağının tətbiqi əhalidə kütləvi narazılıq doğururdu. Beləki ərzaq sapalağına görə kəndli becərdiyi mhsuldan şəxsi istifadəsi miqdarında özünə götürməli, qalanını isə dövlətə təhvil verməliydi. Əlbətdəki bu inqilabi metod Müsavatdan miras qalmış aclıq problemini həll etmək üçün tətbiq olunurdu və müvəqqəti xarakter daşıyırdı. Hətta Nərimanovun özü də bu metodun tətbiqindən narazıydı və tezliklə onun fəaliyyətini dayandırmağa müvəffəq oldu. Ərzaq sapalağının ləğvi ilə birlikdə kəndlilərdə baş qaldırmış ümumi narazılıq da silinib yox olmağa başladı. Təbiiki mülkədarlar, bəylər bu narazılıqlardan özlərinin çirkin məqsədləri üçün istifadə etməyə çalışırdılar, amma məqsədlərinə nail ola bilmədilər.
    Lakin bir qism avam, manqurd kəndlilər də var idi ki, onlar Sovetləri qəbul etmirdilər. Əsrlərdən bəri qul, kölə psixologiyasıyla tərbiyə olunmuş, bəylərin, mülkədarların şallağıyla «əhliləşdirilmiş» bu tip kəndlilər özlərini ağanın malı, əşyası hesab edir və düşünürdülər ki, ağa ölübsə onlar da ölməlidirlər. Xoşbəxtlikdən belə kəndlər və kəndlilər olduqca az idi, amma yox da deyildi. Görkəmli inqilabçı Dadaş Bünyadzadə bu barədə yazırdı: «Mən gözümlə gördüm ki, yoxsul kəndli, muzdur lapatka ilə öz başına vurub əzir ki, sahibim öləndən sonra mən yaşamaq istəmirəm» (D.Bünyadzadə, «Azərbaycanda kənd təsərrüfatının yüksəldilməsi», Bakı-1929, səh.4-5).
    Nə qədər acınacaqlı da olsa reallıq bu idi ki, istər Çar, istərsədə Müsavat rejiminin bütün qayəsi məhz bu tip, qul psixologiyalı kəndli tipi formalaşdırıb tərbiyə etmək olmuşdur. Bəyi, xanı özünün sahibi, özünü isə ağanın aləti, malı hesab edən manqurd kəndli tipii; bəli, müstəbid, irticaçı bəy xan rejimlərinin ideal insan obrazı beləydi. Aprel inqilabı bu obrazı irticaçı rejimlərlə birlikdə tarixin arxivinə göndərmiş oldu.
    Həzırda bəzi ədəbiyyatlarda Aprel sosialist inqilabına böhtan atarcasına iddia olunur ki, 1920-ci ilin aprelindən 1921-ci ilin avqustuna qədər kommunistlər Azərbaycanda guya 40 min insan məhv ediblər. Hətta bəzi üzdəniraq tarixçilər daha da irəli gedərək bu rəqəmin 48 min olduğunu əsaslandırmağa çalışırlar.
    Gəlin təhlil edib baxaq görək böhtan xarakterli bu ittihamlar nə dərəcədə həqiqət hesab oluna bilər.
    Bunun üçün biz hökmən 1918-20-ci illərdəki statistik göstəricilərlə 1920-ci ilin aprelindən 1921-ci ilin avqustuna qədər olan göstəriciləri müqayisə etməli olacağıq. Beləki Azərbaycan Dövlət Statistika Komitəsinin arxivlərdəki sənədlərə əsasən təqdim etdiyi məlumatlardan aydın olur ki, 1918-20-ci illərdə Azərbaycanda əhalinin sayı 400 min nəfərə qədər azalmışdır, hansıki bu dövr Müsavat müstəmləkə polis üsul-idarəsinin hakimiyyət illəriylə üst-üstə düşür və nəzərə alsaq ki, həmən dövrdə Müsavat, İngiltərə, Denikin, İran, Daşnak, Osmanlı və s. hərbi cəza dəstələri ölkəmizdə Qırmızı xalq hərəkatına qarşı irimiqyaslı ağ terror dalğası həyata keçiriblər, onda bu rəqəmin doğruluğuna heç bir şübhə yeri qalmır.
    Amma 1920-21-ci illər üçün bunu iddia etmək olduqca yanlışdır və heç bir ciddi fakta əsaslanmır. Əvvəla biz bilməliyik ki, 1920-26-cı illərdə Sovet Azərbaycanının əhalisi Müsavat dövründəki kimi azalmamış, əksinə, çox sürətli təbii artım hesabına çoxalmışdır və bu artım 5 il ərzində 361 min nəfər təşkil etmişdir ki, bu da hər il üçün 70-75 min nəfər əhali artımı demək idi.
    Başqa sözlə, əgər 1920-aprel–1921-avqust ayları ərzində iddia olunduğu miqyasda böyük insan tələfatı qeydə alınmış olsaydı, bu heç şübhəsiz ki, bir neçə il özünü ölkənin demoqrafik vəziyyətində büruzə verməliydi, necəki Müsavat dövründə (1918-20) bu özünü göstərdi. Amma belə bir hal demoqrafik statistikada müşahidə olunmur.
    Ola bilsin bəziləri iddia edəcəklər ki, bəlkə Sovet hökuməti statistikanı saxtalaşdırıb. Amma belələri unudurlar ki, Sovetlər nəyi saxtalaşdırsalarda, güllələdikləri adamların sayını heç vaxt saxtalaşdırmayıblar və güllələnən hər bir şəxsin sənədi bu gün də arxivdə qorunub saxlanır. Əgər Sovetlərin niyyəti başqa cür olsaydı onda bu sənədləri 70 il qoruyub saxlamazdılar.
    Bəs 1920-21-ci illərdə kommunistlərin guya 40-48 min nəfəri güllələdiklərini idia edənlər nəyə əsaslanırlar? Məlum olur ki, sən demə belələri Aprel inqilabından sonra Antanta imperialistlərinin Azərbaycanda təşkil etdikləri əksinqilabi qəsdlər zamanı ölənləri represiya qurbanları adı altında kommunistlərin ayağına yazırlar, həm də şişirdilmiş rəqəmlərlə. Belə bir saxtakarlığa siyasi əxlaqsızlıqdan başqa ad vermək olmaz.
    Fikir verin, Nuru paşa 1920-ci ilin iyunu Azərbaycan Sovet Sosialist Respublikasının sərhədlərini pozaraq Qarabağa soxulur və Azərbaycan hökumətini devirib özünü hökmdar elan edir. Kəndləri yandırır, əkin sahələrini dağıdır, kəndliləri güllələyir və qarət edir, sonrada İrana qaçır.
    Bundan sonra hansısa üzdəniraq tarixçi ortaya çıxır və utanıb-qızarmadan iddia edir ki, bu ölənlər represiya qurbanlarıdır və buna görə kommunistlər günahkardırlar. Savadsızlığın dərəcəsinə baxın ki, sözügedən hadisədə Sovet Azərbaycanı xarici hərbi müdaxiləyə məruz qalır, Qarabağda işğalçılar Azərbaycan hökumətini devirib özlərini buranın sahibi, ağası elan edirlər və bu zaman baş verən toqquşmalarda ölənləri kimlərsə kommunistlərin güllələdiyi represiya qurbanları adı altında ictimaiyyətə sırımağa çalışır.
    Eyni siyasi əxlaqsızlıq nümunəsini biz digər əkinqilabi silahlı qəsdlər zamanı ortaya çıxan insan tələfatına münasibətdə də görürük. Fikir verin, ingilislər və İran şah rejimi Səlimovu pul, silah və adamla təchiz və təmin edərək qanuni, legitim Azərbaycan hökumətinin üzərinə göndərirlər, hansıki bu hadisədən cəmi bir neçə həftə əvvəl Lənkəranda əhali Sovetləri duz-çörəklə qarşılamış, Lənkəran limanında toplanan böyük bir insan izdihamı «Yaşasın Şuralar hökuməti!», «Yaşasın bolşeviklər!» şüarını səsləndirərək Sovet hökumətinə öz sevgi və dəstəklərini ifadə etmişdirlər. Deməli Səlimov xalq tərəfindən dəstəklənən hökumətə qarşı çıxış etməklə faktiki olaraq Azərbaycan xalqına qarşı hərbi cinayət işlətmişdir. Yaranan hərbi toqquşmalarda Səlimovun silahlı bandası inqilabi qüvvələr tərəfindən darmadağın edildi. İndi sual olunur, bu toqquşmalarda ölənləri «represiya qurbanı» hesab etmək nə dərəcədə sağlam məntiqə əsaslanır? Öz xalqına, legitim, qanuni hökumətə qarşı hərbi cinayətlər işlətmək nə zamandan qəhrəmanlıq sayılıb?
    Eyni sözləri Gəncə, Zaqatla hadisələri barədə də söyləyə bilərik. Antanta cəlladlarının dinc şəraitdə, bir nəfərin belə burnu qanamadan qalib gəlmiş Sovet hökumətini qan dəryasında boğmaq cəhdləri minlərlə günahsız insanın atəş altında qalıb ölməsiylə nəticələndi. Bu çoxsaylı insan tələfatlarına görə isə dinc, legitim, sivill hökumət yox, xalq iradəsinin ifadəsi olan Sovet hökumətini top-tüfənglə devirməy çalışan, Antanta qərargahından idarə olunan hərbi xunta məsuliyyət daşıyırdı. Qiyamı başlayan da, qanuni hökuməti devirən də, tutduqları məhəllə və rayonların əhalisini Qızıl orduya qarşı canlı qalxan kimi istifadə edən də öz xalqına qarşı hərbi cinayət işlətmiş hərbi xunta olmuşdur. Onlar dinc sakinləri qırğına verməklə ölkədə xaos yaratmaq istəmiş, dalana dirəndikdə isə xaricdəki ağalarının himayəsinə qaçmaqla özlərini ifşa etmişdirlər.
    Düzdür, bunu etiraf etmək lazımdır ki, Antantanın təşkil etdiyi bu əksinqilabi qəsdlər zamanı İnqilab Komitəsi yanlışlıqla bəzi günahsız insanları güllələmişdir. Məsələn, gəlin görkəmli pedaqoq Firudin Köçərlinin güllələnmə məsələsini araşdıraq, onda gənc Sovet Respublikasının düşdüyü çətin vəziyyəti və bu güllələmələrin hansı şəraitdə baş verdiyini aydın təsəvvür edə bilərik.
    Beləki 62 yaşlı xalq müəllimi Firudin bəy Köçərli Gəncə qiyamı yatırılandan sonra həbs edilir. Onu qiyama dəstəkdə ittiham edirlər. Xəbər Sovet hökumətinin rəhbəri N.Nərimanov yoldaşa çatır. Nərimanov dərhal məktub yazaraq Köçərlinin azad edilməsi və Bakıya göndərilməsini əmr edir. Amma kommunist idarə orqanlarına soxulmuş daşnak erməni müstəntiqi Liberman Nərimanovun məktubunu gizlədir və Köçərlinin dərhal güllələnməsi barədə göstəriş verir. Köçərlinin güllələnməsi xəbəri Nərimanova çatır, bərk əsəbləşən hökumət rəhbəri dərhal araşdırmalar aparır və məlum olur ki, erməni müstəntiq Liberman Köçərinin azad buraxılması barədə Nərimanovun Gəncə İnqilabi Komitəsinə ünvanladığı məktubu qəsdən gizlətmişdir. Nərimanovun əmriylə Liberman vəzifəsindən kənarlaşdırılaraq həbs olunur.
    Sonralar bu və bu qəbildən olan hadisələri ümumiləşdirərək N.Nərimanov yazırdı: «Bir tərəfdən kommunizm bayrağı altında daşnaklar öz işlərini görür, digər tərəfdən keçmiş eserlər tədriclə və inadla Sovet hakimiyyətini içəridən dağıdırlar…».
    Bu gənc Sovet Respublikasının hakimiyyət strukturlarına sızmış əksinqilabi qruplaşmaların təxribatıyla üz-üzə qalmasının əyani sübutuydu. Təxribatlarda məqsəd Sovet hökumətini ləkələmək, Aprel inqilabına qarşı əhalidə mənfi rəy yaratmaq idi. İstər Firudin bəy Köçərlinin, istərsədə bu qəbildən olan digərlərinin güllələnməsi faktlarını məhz bu kontekstdə nəzərdən keçirmək və qiymətləndirmək lazımdır.
    Əgər bu gün kimlərsə N.Nərimanovun rəhbərlik etdiyi Azərbaycan Sovet hökumətinin rəsmi siyasətiylə, dövlət strukturlarına sirayət etmiş əksinqilabi qruplaşmaların məqsədyönlü təxribatlarını bir-birindən fərqləndirməyi bacarmırlarsa, buna ancaq təəsüf etmək olar.
    O ki qaldı Aprel inqilabından sonra baş qaldırmış əksinqilabi qəsdlər zamanı qeydə alınmış çoxlu sayda insan tələfatı faktlarına, hansıki bunun 40-48 min nəfər olduğuni iddia edənlər var, birmənalı olaraq qeyd etməliyik ki, bu tip kütləvi tələfatlara görə birbaşa məsuliyyət Antanta qərargahına və onların yerli əlaltılarının üzərinə düşürdü; bu faktın özü sözügedən insan tələfatlarını «ağ terror» hadisəsi kimi xarakterizə etməyə təm şəkildə əsas verir. İstər ingilislər, istər İran şah rejimi, istərsə də digər Antanta dövlətləri bütün insan qırğınlarını təşkil etmək üçün səxavətlə pul xərcləyirdilər. Heç təsadüfi deyil ki, Gəncə qiyamına rəhbərlik edənlər arasında şahzadə Kazım Qacar da var idi, hansıki həmən tarixdə Qacarlar İranda hakimiyyətdə olan sülaləydilər. Bir sözlə, sözügedən qiyamlardan hansını bir balaca qurdalasan, altından əcnəbi təxribatçılar çıxacaq;–Lənkəranda Camal paşa, Qarabağda Nuru paşa, Gəncədə şahzadə Kazım Qacar, Zaqatalada Hafiz Əfəndi və s. Məhz onların iradəsiylə təşkil olunmuş silahlı qəsdlərdə ortaya çıxan insan tələfatlarına görə elə ancaq onlar və onların yerli əlaltıları, cinayət ortaqları məsuliyyət daşıyırdılar.
    Sual oluna bilər, bizdən soruşa bilərlər ki, Qatır Məmməd Müsavat hökumətinə qarşı vuruşurdu, bolşeviklərdən, Sovet Rusiyasından yardım alırdı; belə olan halda kommunistlər nə üçün Qatır Məmmədi qəhrəman hesab edirlər, amma ingilisdən, İrandan və s. ölkələrdən yardım alıb Sovet hökumətinə qarşı vuruşmuş Cahangir bəy Kazımbəyovları, Şirvan xanları və digərlərini qəsdçi, quldur kimi dəyərləndirirlər? Bilirsiniz, inqilabçıyla qəsdçi-quldur arasında çox incə bir sərhəd var, hansıki çox böyük fərq deməkdir. Fərq isə ondan ibarətdir ki, inqilabçı xalqın əhval-ruhiyyəsini əks etdirir, qəsdçi-quldur isə öz şəxsi və tayfa maraqlarının ifadəçisidir. Bu baxımdan Qatır Məmməd ona görə qəhrəmandır ki, o xalqın əhval-ruhiyyəsini əks etdirirdi, bu səbəbdən də bir fərd olaraq o artıq xalqın hiss və həyəcanının, əhval-ruhiyyəsinin tərcümanı, ifadəçisiydi. Onun rəhbərlik etdiyi hərəkat da xalqın əhval-ruhiyyəsinin daşıyıcısı, ifadəçisiydi. Bunu Müsavat rəsmiləri özləri də etiraf edir, Qatır Məmmədin yenilməzliyini əhalinin ona verdiyi dəstəklə izah edirdilər.
    Amma Gəncə, Zaqatala, Qarabağ və s. əksinqlabi qəsdlərin rəhbərləri xalqın əhval-ruhiyyəsini qətiyyən əks etdirmirdilər. Onlar xalqın yox, Antantanın, yerli bəylərin və xanların əhval-ruhiyyəsinin ifadəçisi, daşıyıcısıydılar, hansıki bu təbəqə o vaxtkı ölkə əhalisinin cəmi bir neçə faizini təşkil edirdi. Bu sözügedən əksinqilabi qiyamlar heç biri aşağıların, əhalinin sosial sifarişindən irəli gəlməmişdi və bu səbəbdəndə əhali arasında dəstək qazana bilməyib bir neçə gün ərzində ləğv edildilər. Düzdür, əhalidə bəzi inqilabi tədbirlərə qarşı (məsələn, ərzaq sapalağına qarşı) ümumi narazılıq mövcud idi, amma bu silahlı üsyan dərəcəsinə çatmamışdı. Təsəvvür edin, əhali inqilabçıları gül-çiçəklə, duz-çörəklə qarşılayır və bu xalq sevgisi imkan verir ki, Aprel sosialist inqilabı dinc şəkildə qalib gəlsin, amma belə bir ümumxalq əhval-ruhiyyəsi hökm sürdüyü şəraitdə kimlərsə tabeçiliklərində olan hərbi hissələrin əsgərlərini sırf əmr gücüylə silahlı əksinqilabi qiyama təhrik edirlər. Deməli onlar faktiki olaraq əhalinin əhval-ruhiyyəsinin ziddinə hərəkət etmiş olurlar.
    Fikir verin, Denikinin Azərbaycana soxulmaq təhlükəsi yarananda (1919-cu il) əhali özü könüllü məsçid həyətlərinə yığılaraq «el ordu» yaradır, təlim keçirdilər. Amma nə Aprel inqilabı zamanı, nə XI ordunun gəlişi zamanı, nə də inqilabdan sonra belə əhval-ruhiyyə heç yerdə özünü göstərmədi. Çünki xalq Aprel inqilabında öz arzularını və xoşbəxt gəlcəyini görürdü. Yəni xalqın əhval-ruhiyyəsi inqilabçıların tərəfindəydi. Qəsdçilər isə əksinə, Antantanın təlimatıyla ümumxalq əhval-ruhiyyəsinə zidd hərəkət etmiş oldular və bununlada nəinki qanunauyğyn surətdə məğlubiyyətlə üzləşdilər, həmçinin qəhrəman olmaq şanslarını da itirdilər. Tarix onları minlərlə insanı qırğına verən qəsdçilər kimi damğaladı.
    O ki qaldı kommunistlərin Aprel inqilabından sonra güllələdikləri bir neçə yüz bəy və mülkədara, əvvəla qeyd edək ki, N.Nərimanov bəzi istisnaları çıxmaq şərtiylə bu siyasətin əleyhinə idi və bu tip hallara görə günahlandırılacaq (təbiiki heç də hamısında yox) biriləri varsa, bu da Sovet hökuməti yox, təxribatçı siyasətiylə Nərimanovla ciddi toqquşma içində olan Bakı Komitəsiydi. Ama bu heç də o demək deyil ki, bu bir neçə yüz bəy və xanın güllələnməsi tamamilə əsassız idi. Təbiiki onların içərisində elələri var idi ki, bu cəza onlara tamamilə haqlı olaraq verilirdi. Bəylər, xanlar, mülkədarlar heç də ağ süddən çıxmış təmiz qaşıq deyildilər. Onların əli minlərlə kəndlinin qanına batmışdı. Hətta Aprel inqilabından 7-8 il keçəndən sonra belə kəndlərdə möhkəmlənməyə çalışan qolçomaqlar kəndlilərə qarşı olmazın vəhşiliklər törətməkdə davam edirdilər. Məsələn, 1928-ci ildə Göyçay qəzasının Alpaut kəndində bir nəfər qolçomaq öz muzdurunun üzərinə neft tökdürüb diri-diri yandırtdırmışdı və elə həmən il Göyçay qəzasında daha bir neçə muzdur qolçomaqlar tərəfindən yandırılaraq məhv edilmişdilər. Ümumilikdə isə 1928-ci ildə Azərbaycanın bir neçə qəzasında 29 nəfər muzdur qolçomaqlar tərəfindən ağlasığmaz vəhşiliklə öldürülmüşdülər.
    Fikir verin, qolçomaqlar hətta inqilabdan bir neçə il sonra belə bu azğınlıqları törədəcək quduzluq nüsayiş etdirirdilərsə, indi görün 1918-20-ci illərdə Müsavat bəy-xan rejiminin dəstəyiylə hansı vəhşilikləri törətmişdilər. Əlbətki buna görə onlar qanun qarşısında cavab verməliydilər. Bu gün bizi ittiham edərcəsinə deyirlər ki, 1920-ci ildə XI Qızıl ordu qəzalara daxil olanda yerli inqilab komitəsinin nümayəndələri bəylərin, xanların, mülkədarların siyahısını tərtib edib ordu mənsublarına verirdilər və bu siyahılar əsasında da bəylərin əmlakı müsadirə olunur, güllələmələr həyata keçirilirdi. Amma bizi bunda ittiham edənlər bir faktı unudurlar ki, bundan 2 il əvvəl 1918-ci ilin iyununda Osmanlı cəza dəstələri də Azərbaycana daxil olanda məhz həmən bəylər, xanlar, mülkədarlar hərəsi əlində bir siyahı qaçırdıllar Paşanın hüzuruna, Osmanlı zabitləri də həmən siyahılara uyğun olaraq üsyançıları, inqilabçıları təsbit edir, kəndliləri kütləvi surətdə darağacından asır, güllələyirdilər.
    Atalar yaxşı deyib: nəyi əkərsən, onu da biçərsən. Bəylər, xanlar 1918-ci ildə nəyi əkmişdilərsə, 1920-ci ildə də elə öz əkdiklərini biçdilər. Vaxtilə tərtib etdikləri siyahılarla kəndliləri darağacından asdırır, güllələdirdilər, sonra özləri də buna bənzər siyahıların güdazına getdilər.
    Sual olunur, əgər «siyahı» tərtib etmək represiyadırsa, onda 1918-20-ci ildə bəy və xanların tərtib etdikləri siyahılar niyə represiya hesab olunmur, hansıki bu siyahılarla minlərlə kəndli, fəhlə məhv edildi, yox əgər represiya deyilsə onda nə üçün kommunistlərin tərtib etdikləri siyahı represiya hesab edilir? Başqa sözlə, «siyahı» tərtib etmək pis bir şey idisə, bəylər-xanlar 1918-ci ildə niyə bunu edirdilər, yox əgər yaxşı şeydirsə, kommunistlər niyə tərtib etməməliydilər?
    Təbiiki mən bununla heç də 1918-ci ildə bəy və xanların etdikləriylə 1920-ci ildə fəhlə-kəndli komitələrinin etdiklərini eyniləşdirmirəm və qətiyyən eyniləşdirmək fikrim də yoxdur. Ən əsası ona görə ki, kəndli hərəkatı, fəhlə hərəkatı, mütərəqqi hadisə idi. Osmanlılar, ingilislər, denikinçilər Müsavat İran və s. fəhlə kəndlinin timsalında haqqı, ədaləti, hürriyyəti darağacından asırdılar. Qızıl ordu isə müəyyən istisnaları çıxmaq şərtiylə bəy və xanların timsalında köləlik zəncirini cəmiyyətin boğazına dolayıb küllü halında insanlığı, bəşəri idealları boğan mürtəce qüvvələri cəzalandırırdılar. Bunlar isə tamamilə başqa-başqa şeylərdir.
    Aprel inqilabının çağdaş Azərbaycan dövlətçiliyində yeri və rolu.
    Bu başlıq altında biz az qala unudulmuş bir məsələdən–Aprel sosialist inqilabı və Azərbaycan istiqlalından danışacağıq, hansıki son zamanlar bir sıra üzdəniraq tarixçilər israrlı bir şəkildə bunun əksini isbat etməyə çalışırlar. Həqiqət isə ondan ibarətdir ki, Aprel sosialist inqilabı Şərqdə ingilis müstəmləkəçiliyinin çöküşünün əsasını qoymşdur.
    Beləki 1918-ci ildə müsəlman Şərqinin tək və yeganə müstəqil dövləti olan Osmanlı xanədanlığı siyasi və hərbi cəhətdən iflasa uğrayaraq qalib Antanta dövlətlərinin pəncəsinə keçdi. Təbiiki Osmanlının işğalı altında olan və Osmanlı xanədanlığı tərəfindən müstəqil dövlət kimi tanınmayan Azərbaycan Respublikası da bu işğaldan kənarda qalmadı. 1918-ci ilin 30 oktyabrında Osmanlı və Britaniya imperatorluqları arasında bağlanmış «Mudros» müqaviləsinə görə (11, 15-ci bəndlər) Azərbaycan bütün yeraltı və yerüstü sərvətləriylə birlikdə ingilis imperiyasının müstəmləkəsi elan olundu. «Mudros» müqaviləsinə əsasən 1918-ci ilin noyabrında Azərbaycanda Osmanlı işğalını ingilis işğalı əvəz etdi, ingilis ordusu təntənəli surətdə qalib sifətiylə Bakıya daxil oldu. İşğalçı qüvvələrin komandanı general Tomson özünü Azərbaycanın general-qubernatoru elan etdi. Bu andan etibarən Müsavat müstəmləkə polis üsul-idarəsi ingilis krallığının yerli notariat kontoru, dəftərxanası funksiyası icra etməyə başladı. Azərbaycanda ingilislərin ağalığı dövrünə start verildi.
    İşğal özüylə birlikdə milli azadlıq mübarizəsini də alovlandırdı. Bu zaman ingilis işğalına qarşı mübarizə aparan yeganə siyasi qüvvə Azərbaycan kommunistləri idi. Onlar tətil, silahlı üsyan da daxil olmaqla bütün mübarizə formalarından istifadə edirdilər. Mühacirətdə yaşayan N.Nərimanov isə kreml dairələrində Müstəqil Sovet Azərbaycanına siyasi dəstək arayışındaydı.
    Bəs müsavatçılar? Az qala adları istiqlal sözünün sinoniminə çevrilmiş siyasi cərəyan necə, ingilis işğalına münasibətdə onlar hansı mövqeni tutdular?
    Milli xəyanət və sazişçilik. Yəni ingilis işğalçılarıyla əməkdaşlıq yolunu tutdular. Minlərlə kommunist Azərbaycanın azadlığı yolunda darağacından asılıb, güllələnəndə, kisələrə salınıb diri-diri dənizə atılanda, paraxodların, barkasların arxasına bağlanıb sürütlənərək vəhşicəsinə məhv ediləndə müsavatçı bəylər general Tomsonun əlini sıxmaq üçün bir-biriylə yarışırdılar. Heç təsadüfü deyil ki, Lənkəran qəzasının əhalisi ingilis-denikinçi cəlladlarının qarət və zülmündən boğaza yığılıb Müsavat hökumət orqanlarına və parlamentə silsilə müraciətlər etsələrdə onların səsinə səs verilmirdi. Müsavat parlamanı ingilislərin qorxusundan Lənkəran məsələsiylə bağlı bir dənə də olsun qərar qəbul etmədi, nəinki qərar qəbul etmədi, Lənkəran məsələsi müzakirəyə çıxarılanda bu mövzuda heç çıxış edənlər belə tapılmadı. Parlamanın spikerəvəzi müsavatçı cənab isə Lənkəranda ingilislərin, denikinçilərin azərbaycanlı qadınları zorlaması, əhalini qarət edib güllələməsi faktları qarşısında susaraq bazardakı qiymətlərin bahalığından danışmağa üstünlük vermişdi.
    Azərbaycanın nefti, təbii ehtiyatları, taxılı işğalçılar tərəfindən qarət olunub xaricə daşınır, vətəndaşları ingilislər tərəfindən həbs olunub qery-qanuni sürgünə göndərilir, Müsavat oyuncaq rejimi isə işğal və qarətin statistikasını, həm də reallıqda olduğundan qat-qat kiçildilmiş statistikasını aparmaqla məşğul olurdu. Başqa sözlə, quldurların dəftərxanası missiyasını yerinə yetirirdi.
    Müsavatın rəsmi orqanı olan «Azərbaycan» qəzeti isə işğalçıların vəhşiliyi fonunda ingilis ordusunu mədh edir, onları Azərbaycan «istiqlalının» dayağı adlandırırdı.
    Qırmızı partizan hərəkatının rəhbərlərindən olmuş Salman Əlibəyov Müsavat müstəmləkə polis üsul-idarəsinin bu xəyanətkar mövqeyini tənqid edərək «bu nə hökumətdir–qanunsuz, kim bunu təsis etmişdir?» dedikdə isə Şuşanın müsavatçı qəza rəisi bölgədəki ingilis işğal qüvvələrinin komandanından onun həbsini acizanə surətdə xahiş etmişdir.
    İngilis və Denikin işğalına qarşı Muğanda baş qaldırmış kommunist azadlıq qiyamı üç ay sonra 4 dövlətin iştirakıyla qan içində boğulsada, ölkə kommunistlərinin apardığı antiimperialist mübarizə qələbəylə başa çatdı. Beləki Azərbaycanda qırmızı inqilab potensialı gücləndikcə, təbliğat və təşviqat işləri o qədər güclü təsir vasitəsinə çevrilirdi ki, istər-istəməz bolşevizm əhval-ruhiyyəsi ingilis ordusunada sirayət edirdi. Nəticədə işğalçı ordunun daxilində kommunistlərə güclü simpatiya yaranmağa başladı. İngilis əsgərləri kommunistlərə qarşı döyüşməkdən kütləvi surətdə imtina edir, ölkələrinə dönmək istədiklərini tələb edirdilər. Nə həbslər, nə güllələmələr ingilis əsgərləri arasında baş qaldıran inqilabi əhval-ruhiyyəni boğa bilmədi və əsgərlər daha çox bolşevizmə yoluxmasınlar deyə komandanlıq ordunu sözün əsl mənasında Azərbaycandan götürüb qaçmaq məcburiyyətində qaldı. Amma müsavatçı bəylərin yalvarışlarından sonra ingilis işğal qüvvələrinin müəyyən kontingenti Azərbaycanda saxlanmaqda davam edirdilər ki, onlar da Aprel inqilabından az əvvəl Xəzər hərbi donanmasını və ölkə sərvətini talan edib Ənzəliyə qaçdılar. Lakin ingilis qarətçiləri qaçmaqla canlarını qurtara bilmədilər. Beləki Aprel inqilabından dərhal sonra «Qars» və «Ərdəhan» döyüş gəmiləri də daxil olmaqla qırmızı donanma Ənzəliyə reyd keçirdi. İngilis işğalçıları qəfil hücumdan müqavimətə macal tapmayıb təslim oldular. Azərbaycandan qarət olunmuş 160 min pud pambıq, 8 min pud mis, 50-dən artıq top, Xəzər donanmasına aid qaçırılmış gəmilər və s. geri qaytarıldı. İngilislərin Azərbaycandakı 2 ilik işğal macəraları rüsvayçılıqla sona çatdı. Aprel inqilabı Osmanlı və Britaniya imperiyaları tərəfindən imzalanmış və Azərbaycanın qollarına müstəmləkəçilik zəncirlərini vurmuş bədnam «Mudros» müqaviləsini süpürüb tarixin zibilliyinə atdı. Ola bilsin ki, bəzi tədqiqatçılar bizim bu fikrimizlə razılaşmayaraq iddia edəcəklər ki, Azərbaycan Aprel inqilabından 4 ay əvvəl Versal Konfransı tərəfindən tanınmışdı, amma bunu iddia edənlər unudurlar ki, bu tanınma qərarının özü belə Azərbaycanda yaxınlaşmaqda olan qırmızı inqilaba cavab reaksiyasıydı. Yaxınlaşmaqda olan qırmızı inqilabın timsalında belə bir təzyiq olmasaydı Antanta dövlətləri heç vaxt Müsavat hökumətini defakto tanımayacaqdı, necəki 1920-ci ilə qədər tanımamışdılar. Görəsən Versallı cənablar Aprel inqilabı ərəfəsinə qədər nə üçün Azərbaycan hökumətini tanımaq zərurəti hiss etməmişdilər?
    Cavab bəsit və aydındır. Çünki Antanta dövlətləri son ana qədər Denikinə və onun timsalında vahid bölünməz, monarxist Rusiyanın doğulacağına ümidlə yanaşırdılar, amma bu ümid Qızıl ordu tərəfindən Dağıstanda dəfn olunduqdan sonra Cənubi Qafqaz Respublikalarını tanımaq zərurəti ortaya çıxdı. Bu Cənubi Qafqaz Respublikalarına olan simpatiyadan irəli gəlmirdi, əksinə, tanıma sözügedən regionu Antantanın nəzarətində saxlamağın yeganə yoluydu.
    Əgər Azərbaycanda güclü kommunist hərəkatı olmasaydı, onda ingilislər öz ordularını heç vaxt buradan çıxarmayacaq və Cənubi Qafqaz hökumətlərini tanımayacaqdılar.
    Azərbaycanda Qırmızı hərəkatın necə böyük gücə malik olmasını ingilis kəşfiyyatı da etiraf edirdi. Artaq 1919-cu ildən başlayaraq Azərbaycanda kommunist inqilabının alovlanması qaçınılmaz reallıq olmasıyla bağlı Londona həyəcanlı məlumatlar ötürülürdü və elə həmən il ingilislər yerli oyuncaq hökumətlərinin yalvarışlarına baxmayaraq ordunu bolşevizmə «yoluxmaqdan» sığortalamaq üçün Bakıdan və bütün Qafqazdan çıxarmalı oldular.
    Bu amili isə heç kəs xəfifə almamalıdır. Məhz «bolşevizm» amili Antanta dövləətlərinin Sovet Rusiyası üzərinə birbaşa hərbi müdaxiləsinə də mane olan əsas amil idi. Beləki Antanta dövlətləri hərbi və iqtisadi cəhətdən Sovet Rusiyasından qat-qat güclü olmalarına və ingilis baş nazir Çörçilin «bolşevizm köprəsini beşikdə boğmaq lazımdır» sözlərinə baxmayaraq inqilabın üzərinə gedə bilmədilər. Çünki ordularının inqilabın tərəfinə keçib öz hökumətlərinə silahı çevirəcəklərindən qorxdular.
    Eyni bolşevizm qorxusunu ingilislər 1919-cu ildə Azərbaycanda yaşadılar. Əks təqdirdə əsrlərdi xəyalında olduqları, «Əgər neft kraliçadırsa, Bakı onun taxt-tacıdır» deyən ingilisə nə düşmüşdü ki, ordusunu Azərbaycandan çıxardı və yağlı tikədən könüllü imtina etdi.
    Bunun bircə səbəbi var idi–alovlanmaqda olan qırmızı inqilab.
   
    Aprel sosialist inqilabından sonra Azərbaycan ingilis protektoratlığından qurtulan ilk Şərq ölkəsi oldu. Müstəqil Azərbaycan Sovet Sosialist Respublikası elan edildi və dərhal Sovet Rusiyası tərəfindən tanındı. 1920-ci il mayın 5-də Lenin Sovet Rusiyası adından Azərbaycan Sovet Sosialist Respublikası hökumətinə ünvanladığı təbrik teleqramında yazırdı: «Xalq Komissarları Soveti müstəqil Azərbaycan Respublikası zəhmətkeş kütlələrinin azadlığa çıxmasını alqışlayır…
    Yaşasın müstəqil Azərbaycan Sovet Respublikası».
    Mən əminəm ki, müsavtçılar 1918-20-ci illərdə mövcud olduğu iddia edilən hakimiyyətlərinin bu formatda, yəni mistəqil Azərbaycan Respublikası formatında tanıyan bir dənə də olsun sənəd təqdim edə bilməzlər. Nə Osmanlı imperiyası, nə ingilis imperiyası, nə də ki Versal Konfransı ölkələri heç vaxt Azərbaycanı müstəqil Respublika formatında tanımamışdılar.
    Əgər kimlərinsə bu dediklərimizə zərrə qədər şübhəsi varsa, onda tarixi faktlar əsasında 1918-20-ci illər hadisələrinin təhlilinə keçək.
    Bu gün tarixi faktlar saxtalaşdırılaraq iddia olunur ki, guya 1918-ci ildə Osmanlı imperiyasının 5-ci piyada diviziyası Azərbaycana Bakının azad olunaraq Azərbaycan Demokratik Respublikasının paytaxtı elan edilməsi məqsədiylə, həm də Milli Şuranın iradəsiylə dəvət olunmuşdur və bu iddianı sübut etmək üçün 1918-ci il iyunun 4-də imzalanmış və Azərbaycana Osmanlı imperiyası tərəfindən hərbi yardımın edilə biləcəyini özündə ehtiva edən Batum müqaviləsi əsas kimi göstərilir.
    Amma tarixi hadisələrin dərindən araşdırılması sübut edir ki, Təbrizin, Batumun, Tiflisin, Bakının, bir sözlə, bütövlükdə Qafqazın Osmanlı imperiyası tərəfindən işğal planı hələ 1918-ci ilin fevral-mart aylarından hazır idi, hansıki həmən tarixdə Azərbaycanın müstəqilliyi haqqında heç söhbət də getmirdi.
    Osmanlı imperiyası 1918-ci il martın 4-də Trabzonda Zaqafqaziya Seyminin nümayəndələriylə görüşdükdən sonra Qafqazın işğal planına start verdi. 1918-ci il aprelin 12-də Qars, aprelin 14-də Batum Osmanlı qoşunları tərəfindən işğal olundu. 1918-ci il mayın 15-də isə Osmanlılar Aleksanropolu, yəni Gümrünü ələ keçirdilər və burada daşnak ordulurının başçısı Nazarbekovla Osmanlı komandanlığı arasında çox maraqlı sövdələşmə olur. Beləki daşnak Nazarbekov öhdəlik götürür ki, Osmanlı qoşunlarının Culfa dəmiryol xəttiylə Təbrizə və Bakıya doğru hərəkətinə mane olmayacaqdır, əvəzində isə İrəvanın ermənilərə verilməsi məsələsində kömək vəd olunur. Bundan cəmi 2 həftə sonra İrəvan daşnak dövlətinə paytaxt olaraq verildi.
    Maraqlı məqamlardan biri isə sövdələşmənin tarixidir. 1918-ci il mayın 15-i, yəni Azərbaycanda nə Milli Şura, nə də Respublika var. Amma Osmanlı imperiyası Bakının və Təbrizin işğalına can atır. Deməli Bakının işğalı heç də Azərbaycan Respublikasının maraqlarından irəli gəlmirdi; bu tamamilə Osmanlının I dünya müharibəsində hədəfləbiyi imperiya maraqlarının təminatına hesablanmış məsələydi. Başqa sözlə, Mili Şura olsada, olmasada, Azərbaycan Xalq Cümhuriyyəti elan edilsədə, edilməsədə Osmanlı bütün Qafqazı, o cümlədən də Bakını işğal edəcəkdi. Belə olan təqdirdə isə mayın 27-də yaradılmış Azərbaycan Milli Şurası etsədə, etməsədə onsuzda Osmanlı qoşunları Azərbaycana daxil olacaqdılar və oldularda.
    Nə Osmanlı hökuməti, nə də onun Qafqaza göndərdiyi hərbi komandanlıq Azərbaycan Milli Şurasını tanımadılar. Osmanlı işğal qüvvələrinin komandanının siyasi müşaviri sifətiylə Azərbaycana gəlmiş və millətcə azərbaycanlı olan Əhməb bəy Ağayev (Ağaoğlu) «nə istiqlal, nə cümhuriyyət» deyə Azərbaycan Milli Şurasının hakimiyyətini tanımaqdan imtina etdi. Əhməd Ağaoğluna görə Azərbaycan Osmanlının tərkibinə qatılmalı və imperiyanın əyaləti olmalıydı. Nuru paşa da Azərbaycan Milli Şurasının hakimiyyətini tanımaqdan imtina etdi; bu mövqeni yerli bəylərdən də dəstəkləyənlər vardı.
    Bir il sonra Rəsulzadə artıq türklərin Bakıda olmadığını nəzərə alıb bu barədə yazırdı: «Bizim öz içərimizdə elə bəylər və ağalar var idi ki, onlar burada İstanbulun ağalıq etməsini istəyirdilər» və əslində onlar buna nail oldularda. Çünki gərgin diskusiyalardan sonra osmanlıların təkidli tələbiylə Azərbaycan Milli Şurası buraxıldı və bütün hakimiyyət Fətəli Xan Xoyski diktaturasına verildi. Bu qərar Osmanlının maraqlarını təmin edirdi, indi artıq Azərbaycan Osmanlı cəza dəstələrinin ixtiyarındaydı. Onlar istədiklərini asır, istədiklərini güllələyir, həbsxanaya salır, kişiləri küçənin ortasındaca soyundurub şallaqlayır, müxtəlif bəhanələrlə əhalini qarət edirdilər. Təkcə əhalinimi, yox, Bakıda yerləşən firma və şirkətlər də Osmanlı talanlarından öz nəsiblərini aldılar. Şirkət kassaları qarət olunur, firmaların mülkiyyəti müsadirə edilir, fabrik və sexlərin avdanlıqları belə sökülərək xaricə daşınırdı.
    Müsavat üsul-idarəsinin rəsmi statistikasına görə osmanlılar heç bir qəpik də ödəmədən zorla hər gün Bakıdan 10 sisterndən çox neft daşıyıb aparırdılar. Aparılan neftin yarısı Tiflisdəki müttəfiq almanlara çatır, qalanı isə Anadoluya daşınıb aparılırdı.
    Əslində biz bu məqamları vurğulamaqla Osmanlı işğal və talanlarının çox az bir hissəsini dilə gətirmiş oluruq. Gerçək qətliyamların sayı və talanların gerçək miqyası daha çox dəhşətli və qorunc idi.
    Bəli, Müsavatın «istiqlal», bizim isə «işğal» kimi dəyərləndirdiyimiz ilk 6 ay (1918-ci il iyun-noyabr) əcnəbilərin ölkəmizdəki talan və qətliyamlarıyla yadda qaldı.
    İndi sual olunur, bu qətliyamların, bu qarətlərin, bu ötür-ötür, apar-aparların fonunda hansı müstəqil Respublikadan və suveren hakimiyyətdən söhbət gedə bilər?
    Heç bir istiqlaldan söhbət gedə bilməzdi. Əks təqdirdə Osmanlı 1918-ci ilin 30 oktyabrında Azərbaycanın əvəzindən onun yeraltı, yerüstü sərvətlərini, neft mədənlərini, dəmiryollarını, dəniz sularını, bir sözlə, küllü halında Azərbaycanı öz dədə-baba malı kimi ingilis imperiyasına bağışlamazdı.
    «Mudros» müqaviləsinə görə Azərbaycanda Osmanlı işğalını 1918-ci ilin noyabrından etibarən ingilis işğalı əvəz etdi. Bundan başqa Lənkəran qəzası və Rusiyayla sərhəd ərazilərin böyük bir hissəsi faktiki olaraq Denikinin işğalı altındaydı.
    1918-ci il noyabrın 17-də ingilis işğal qüvvələri Azərbaycana daxil oldu. Tomsonun əmriylə Azərbaycanın bayrağı endiildi və bütün qurumların fəaliyyəti dayandırıldı. Xəzər donanması ingilis qoşununun balansına keçirildi. Tomson özünü Bakının general-qubernatoru elan etdi və bütün vəzifələr ingilis generallarının, zabitlərinin əlində cəmləşdi. Tomsonun əmriylə təzəcə fəaliyyətə başlamış hərbi nazirlik və hərbi qərargah, o cümlədən yaradılması nəzərdə tutulan hərbi məktəblərin Bakıda fəaliyyəti qadağan olundu. Bir sözlə, Müsavat ordusunun Bakıda fəaliyyət göstərməsi qadağan edildi. Tomsonun əmrindən 5 gün sonra, 1918-ci il noyabrın 22-də Müsavat müstəmləkə üsul-idarəsi özünə məxsus ordu və hərbi nazirliyi, qərargahı Gəncəyə köçürmək məcburiyyətində qaldı.
    Bax budur müsavatsayaq istiqlalın acı, təhqiredici, amma gerçək mənzərəsi. İndi müsavatçı tarixçilər bütün bu biyabırçılıqları bizə «istiqlal» adı altında sırımağa çalışırlar. Əcəb «istiqlil»dır, elə deyilmi, ölkənin hərbi nazirinə və ordusuna Bakıda fəaliyyət göstərmək qadağan edilir və bu qadağanı oyuncaq hökumət qarşısında ingilis generalı qoyur.
    Bundan sonra Aprel inqilabı ərəfəsiində Bakıda nə üçün Müsavat ordusuna aid cəmisi 2 min nəfər əsgərin olması tapmacasının cavabı aydın olur; hansıki bu 2 min nəfər əsgər də ancaq inzibati və hökumət binalarının mühafizəsi üçün Bakıda saxlanmışdı. Sən demə ingilis komandanlığının qorxusundan Müsavat rejimi Bakıda irimiqyaslı hərbi birləşmə saxlamağa cəsarət etmirmiş. Baxmayaraqki ingilislər ordularının böyük bir hissəsini hələ 1919-cu ilin avqustunda Azərbaycandan çıxarmışdılar, baxmayaraqki Antanta komandanlığı Tiflisə köçürülmüşdü, yenə də Tomson asqıranda Müsavat nazirlərinin dizləri əsirdi və bu ingilis xofu Aprel inqilabına qədər onların canından çıxmadı.
    Kitabın əvvəlki hissələrində ingilis işğalı haqqında ətraflı bəhs etdiyimizdən burada bu mövzu üzərində geniş dayanmaq fikrində deyiləm. Sadəcə onu qeyd etmək də yerinə düşər ki, bu gün biz kommunistləri rusların timsalında «böyük qardaş» axtarmaqda ittiham edənlərin sələfləri 1919-20-ci illərdə Versal Konfransı zamanı özlərinə «böyük boss» axtarıb tapmaqdan ötrü döymədikləri qapı, yalvarmadıqları nümayəndə heyəti qalmamışdır. Beləki ingilis qoşunu qırmızı inqilabdan başını götürüb Azərbaycandan qaçdıqdan sonra ölkədə yeganə dayağından da məhrum olan Müsavat müstəmləkə polis üsul-idarəsi başqa müttəfiq ölkələrin ordularını Azərbaycana gətirməyə cəhd göstərmişdi. ABŞ və Fransanın öz ordularını Azərbaycana göndərmək təşəbbüsləri ingilislər tərəfindən önləndi, çünki ingilislər bu qüvvələrin Bakıda möhkəmlənməsini istəmirdilər. Belə olan halda Müsavatın yeganə ümidi İtaliya qoşunlarının Azərbaycana gətirilməsinə qalırdı. İtaliya hökuməti əvvəlcə buna razılıq verdi, amma hökumət dəyişikliyindən sonra yeni formalaşan kabinet İtaliya ordusunu Azərbaycana göndərməkdən imtina etdi. Beləliklə Müsavatın «böyük boss» axtarışları boşa çıxdı.
    1918-20-ci illər Azərbaycan tarixinin hazırda saxtalaşdırılaraq ictimaiyyətə təhrif olunmuş formada çatdırılan bir digər məsələsi Versal Konfransının Azərbaycan və Gürcüstanla bağlı verdiyi qərardır. Bütün kitablarda müəlliflər «psevdovətənpərvərliyə» qapılaraq belə bir fikri təkrarlamaqdadırlar ki, sən demə guya 1920-ci il yanvarın 11-də Müttəfiq ölkələr Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanıyıblar.
    Tam məsuliyyətiylə deyə bilərik ki, Versal Konfransının sözügedən qərarında Azərbaycanın dövlət müstəqilliyinin tanınmasıyla bağlı heç bir kəlmə də mövcud deyil. Fikrimizi əsaslandırmaq üçün gəlin sözügedən qərara nəzər salaq. Orada deyilir: «Müttəfiqlər və birlik ölkələri Azərbaycan və Gürcüstan hökumətlərini de-fakto səviyyəsində tanıyırlar».
    Qərardan da göründüyü kimi burada nə «dövlət», nə «Respublika», nə «müstəqillik», nə də «istiqlal» ifadələri işlənməyib, tanınma ancaq hökumətlərə, özü də natamam səviyyədə şamil edilir. Bu isə dövlət müstəqilliyinin tam səviyyədə tanınması kimi şərh oluna və başa düşülə bilməz. Beləki adi gündəlik danışıqda ola bilsin ki, dövlət və hökumət sözləri eyniləşdirilə bilər, amma diplomatik qaydalarda bu sözlərin hərəsinin öz siyasi çəkisi, dəqiq sərhədləri və fərqli mənaları vardır. Məsələn, bu gün Fələstində prezident də var, hökumət də var, amma dövlət yoxdur. Yəni beynəlxalq hüquqda Fələstin dövləti tanınmır, amma onun hökuməti tanınır. Çünki Fələstin müstəqil dövlət yox, sadəcə muxtariyyatdır.
    Məhz Versal Konfransının 1920-ci il yanvarın 11-də Azərbaycan dövlətini, Azərbaycan Respublikasını yox, ancaq Azərbaycan hökumətini, özü də natamam səviyyədə tanıması bir daha sübut edir ki, Müttəfiq ölkələr Azərbaycanın dövlət müstəqilliyini, istiqlalını və onun dövlət sərhədlərini heç vaxt tanımamışdırlar. Məlumat üçün deyim ki, Azərbaycanın dövlət sərhədləri ilk dəfə beynəlxalq hüquq müstəvisində 1921-ci ildə, yəni Sovet hökuməti vaxtı tanınıb və həmin əraziylə də Azərbaycan Respublikası 1992-ci il martın 2-də BMT-yə üzv qəbul olunub.
    Versal Konfransının bəyanatında isə Azərbaycanın dövlət sərhədləri, dövlət müstəqilliyi və ümumiyyətlə Azərbaycan dövləti haqqında heç bir qeyd yoxdur. Digər tərəfdən isə hökumət həm də de-fakto səviyyəsində tanınır. Beləki beynəlxalq hüquqda dövlət və hökumətlərin iki formada tanınması təcrubəsi var: de-fakto və de-yure.
    De-fakto tanıma natamam, yəni tam olmayan və həm də müvəqqəti tanımadır. De-yure isə əksinə, tam şəkildə tanınma deməkdir. Məhz Versal Konfransının sənədlərində Azərbaycan hökuməti de-fakto, yəni tam olmayan səviyyədə, yarımçıq tanınmışdır. Yəni Müttəfiq dövlətlər istədikləri vaxt bu tanıma qərarını ləğv edə bilərdilər. De-yuredə isə bu mümkün deyil.
    Əgər biz həmən dövrdə beynəlxalq arenada cərəyan edən proseslərə nəzər salsaq görərik ki, Qərb dövlətləri Cnubi Qafqaz hökumətlərinin de-fakto tanınmasında belə tərəddüd edirdilər. Məsələn 1919-cu ildə Müttəfiq ölkələr bu qərarı qəbul etmədilər, çünki ağqvardiyaçılar bolşevikləri müvəqqəti üstələyə bilmişdilər Müttəfiq ölkələrdə vahid, bölünməz, monarxist Rusiyanın bərpasına ümid artdığından onlar Cənubi Qafqaz hökumətlərini Rusiya imperiyasının ərazisi hesab etdiklərindən tanımadılar. Amma 1919-cu ilin axırları–1920-ci ilin əvvəli hərbi vəziyyət bolşeviklərin xeyrinə, həm də çox ciddi şəkildə dəyişdiyindən Müttəfiq ölkələr Cənubi Qafqaz hökumətlərinin tanınma məsələsini gündəmə gətirdilər. Amma dövlətləri yox, ancaq hökumətləri, özüdə de-yure yox, de-fakto tanıdılar. Bu isə o demək idi ki, Müttəfiq ölkələr sabah üçün əl yeri saxlayırdılar. İşdir, əgər bolşevizm süquta uğrasaydı və vahid bölünməz Rusiyanın bərpası gündəmə gəlsəydi, o saat Müttəfiq ölkələr de-fakto tanımaylə bağlı qərarlarını ləbv edib Cənubi Qafqaz ölkələrini yenidən Rusiya imperiyasının tərkibinə qaytaracaqdılar.
    Deməli Versal Konfransının qəbul etdiyi sənəd Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanımadığı kimi, həm də gələcəkdə şərait yarandığı təqdirdə onun yenidən vahid, bölünməz, monarxist Rusiyanın tərkibinə qaytarılması kimi məkrli niyyətə hesablanmışdı.
    Bu gün bəzi tarixçilər iddia edirlər ki, guya 1920-ci il 11 yanvar Versal Konfransının de-fakto tanımayla biğlı sənədi olmasaydı, guya bolşeviklər Azərbaycanı Sovet Sosialist Respublikası kimi saxlamayıb, əyalət kimi Rusiyanın tərkibinə daxil edəcəkdilər. Başqa sözlə, Azərbaycanın Sovet Sosialist Respublikası kimi saxlanması guya sözügedən sənədə görə olmuşdu.
    Təbiiki bu cəfəngiyyatdan başqa bir şey deyil, çünki müstəqil Azərbaycan Sovet Sosialist Respublikası ideyası Versal Konfransının de-fakto tanımayla bağlı qərarından nə az, nə çox, düz 1 il 3 ay əvvəl, yəni 1918-ci ilin noyabrında Nərimanov trəfindən Leninlə görüşdə irəli sürülmüş və Lenin tərəfindən rəğbətlə qarşılanmışdır. Müqayisə üçün deyək ki, bu həmən dövr idi ki, Azərbaycan ingilis qoşunları tərəfindən işğal olunmuşdu və ölkə ingilis general-qubernatoru tərəfindən idarə edilirdi.
    Bəli müsavatçı bəylər ingilis işğal qüvvələrinin komandanı Tomsonun əlini sıxmaq üçün bir-biriylə yarışdıqları bir vaxtda Azərbaycan istiqlalının atası Nəriman Nərimanov Müstəqil Azərbaycan Sovet Sosialist Respublikası ideyasının həyata vəsiqə alması üçün gərgin siyasi iş aparırdı.
    İngilis mandatından Azərbaycan Sovet Sosialist Respublikasına doğru.
    Bəli, 1918-20-ci illər Müsavat müstəmləkə üsul-idarəsini ən yaxşı halda ingilis mandatı altında olan oyuncaq qurum kimi xarakterizə etmək olar, hansıki parlaman sədri Əlimərdanbəy Topçubaşovun müttəfiq dövlətlərin Versal Konfransındakı nümayəndələrinə ünvanlamış olduğu sənəddən də elə ancaq bu təəssurat yaranır. 1919-cu ilin yayında Topçubaşov yazırdı: «Baxmayaraqki Naxçıvan, Şərur-Dərələyəz və yeni Bəyazit nahiyyəsinin bir hissəsi Azərbaycanın sözzsüz ayrılmaz hissəsidir, müttəfiq komandanlığın razılığı ilə Ermənistan Respublikasının hakimiyyət orqanlarına verilmişdi».
    Burada söhbət 1919-cu ilin aprelində ingilis generalı Korinin Araz-Türk Respublikasını ləğv edib, ərazisini Ararat Respublikasına verməsindən və ermənilərin ingilis qoşununun tərkibində həmən əraziləri işğalından gedir.
    Sual olununr, müsavatçıların mövcud olduğunu iddia etdikləri suveren Respublika hakimiyyəti bu zaman haradaydı? Topçubaşovun bu bəyanatı nə dərəcədə müstəqil dövlət rəhbərinin üslubuna xasdır və ümumiyyətlə bir ingilis generalının iradəsi qarşısında aciz qalıb, onu Versal Konfransına şikayət edəcək qədər alçalan, çarəsiz və yazıq bir qurumun suveren dövlət hakimiyyəti kimi xarakterizə edilməsi nə dərəcədə ciddi məntiqə əsaslanır?
    Fikir verin, Müsavat rəhbəri Fətəli Xan Xoyski sözügedən məsələylə əlaqədar olaraq Tiflisdə ingilis generalı Tomsonun qəbulunda olur və general Koridən ona şikayət edir, Tomson cavabında «Naxçıvan rayonunun idarə edilməsi ermənilərə müvəqqəti verilmişdir, necəki, Qarabağ Azərbaycana müvəqqəti verildiyi kimi» deyib Xoyskini ələ salır. İngilis generalı «Naxçıvan rayonunun idarə edilməsi ermənilərə müvəqqəti verilmişdir» deməklə Xoyskiyə bir daha diktə edir ki, region faktiki olaraq ingilis komandanlığının idarəsi altındadır və hansı ərazinin kimin idarəetməsinə veriləcəyini də elə ancaq ingilislər müəyyən edirlər və diplomatik dillə «biz heç bir yerli hökumət-filan tanımırıq» mesajını verir, hansıki ingilis generalının bundan 2-3 ay əvvəl Araz-Türk Respublikasını sanki bir firma, şirkət kimi ləğv edib ona aid «inventarla» birlikdə ermənilərə bağışlaması bu mesajın praktiki surətdə ifadəsiydi. İngilis generalının Müsavat, daşnak, menşevik-gürcü «hökumətlərinə» olan münasibəti də Araz-Türk Respublikasına olan münasibətdən heç nə ilə fərqlənmirdi. Başqa sözlə, ingilis generalı necə Araz-Türk Respublikasını ləğv etmişdisə, eləcədə Müsavat hökumətini ləğv edib onu ərazisiylə birlikdə digər bir fövqəladə qurumun ixtiyarına, idarəetməsinə verə bilərdi. Məhz Tomsonun sözlərinə davam edərək birbaşa Xoyskinin üzünə qarşı deməsi ki «Qarabağ Azərbaycana müvəqqəti verildiyi kimi», bu artıq o demək idi ki, Naxçıvan kimi sabah Qarabağı da ermənilərin idarəetməsinə verəcəyik. Təkcə Qarabağımı, yox, Azərbaycanın istənilən bölgəsini. Axı heç də uzaq keçmiş deyildi, bu söhbətdən cəmi 4-5 ay əvvəl Tomsonun özünü Bakının general-qubernatoru elan etməsi, Müsavat hərbi nazirini Müsavat ordusuyla birlikdə Bakıdan sürgünə göndərməsi və s., bunlar hamısı Azərbaycan da daxil olmaqla Qafqazın ingilislərin mandatı, protektoratı altında olmasının, müstəmləkəçiliyinin əyani sübutuydu.
    Heç təəccüblü deyil ki, nə Xan Xoyski, nə Cəfərov, nə Topçubaşov öz bəyanatlarında, öz çıxışlarında sözügedən məsələylə bağlı münasibət bildirəndə heç bircə dəfə də olsun ingilis komandanlığını ittiham etmədilər ki, siz hansı səlahiyyətlə Azərbaycan Respublikasının torpaqlarını ermənilərə bağışlayırsınız və ya hansı səlahiyyətlə ingilis generalı Araz-Türk Respublikasını ləğv edir və yaxud da nə üçün ingilis komandanlığı bizim müstəqil dövlətin suveren hüquqlarını pozur, nə üçün Azərbaycanın suveren hakimiyyəti, hökuməti biz ola-ola, bizdən xəbərsiz, bizim razılığımız olmadan torpaqlarımız ermənilərə verilir. Bu üslubda Müsavatın bir dənə də olsun nə bəyanatı, nə də etiraz notası olmayıb. Müsavatçılar ingilisləri müstəqil dövlətin suveren hüquqlarını pozduğuna görə yox, sadəcə olaraq əksəriyyət əhalisi müsəlmanlardan ibarət olan ərazilərin ermənilərə verilməsinin düzgün olmamasına görə, həm də ittiham yox, ehtiyatlı bir dillə, yalvararcasına qınayırdılar.
    Müsavat nümayəndələrinin ingilis generallarıyla, Müttəfiq ölkələrin nümayəndələriylə söhbətləri zamanı istifadə etdikləri üslub qətiyyən müstəqil dövlətin, suveren hökumətin üslubu deyildi, bu olsa-olsa, bir partiyanın, firqənin münasibətidir. Bu isə o deməkdir ki, kabinetdə şirə dönən Müsavat nazirləri ingilis generallarının hüzurunda «müstəqil dövlət», «suveren hakimiyyət» kimi ifadələri belə dilə gətirəcək cəsarətə sahib deyildilər.
    İstər dünən, istərsədə bu gün müsavatçılar biz kommunistləri onda ittiham edirdilər və hələ də ittiham etməkdədirlər ki, guya biz Azərbaycanı Sovet Rusiyasının quluna çevirmişdik və 70 illik Azərbaycan Sovet Sosialist Respublikasını yox sayaraq bu dövrü birmənalı rus müstəmləkəçiliyi kimi xarakterizə edirlər. Yaxşı olar ki, belələri özlərinin 23 aylıq rüsvayçı keçmişlərinədə, bizim 70 illik şərəfli Sosialist Respublika tarixinə müqayisəli şəkildə nəzər salsınlar. Onda kimlərin kimin köləsi, müstəmləkəsi olduğunu daha yaxşı görərlər.
    Fikir verin, Azərbaycan Sovet hökumətinin rəhbəri N.Nərimanov 1921-cü ildə Sovet Rusiyasının rəhbəri V.İ.Leninə yazırdı: «Mən qəti surətdə bildirirəm: əgər Siz də bizim dəlillərə diqqət yetirməsəniz, məcbur olacağıq ki, bizim geri çağırılmağımız barədə Mərkəz qarşısında məsələ qoyaq. Onda qoy tarixən dolaşıq milli məsələləri belə asanlıqla həll edənlər bura gəlsinlər».
    Bu şikayət deyil, bu artıq tələbdir. Bu müstəqil bir dövlətin hökumət başçısının digər bir hökumət başçısı qarşısında qoyduğu şərtdir. Nərimanov Lenindən qətiyyətlə tələb edirdi ki, əgər Sovet Rusiyası Azərbaycan Sosialist Respublikasının ərazi bütövlüyünü şübhə altına alsa, onda biz 1921-ci ildə Azərbaycan Sovet hökuməti və Sovet Rusiyası hökuməti arasında imzalanmış müqavilədən birtərəfli qaydada çıxacağıq və Mərkəzdə olan nümayəndəmizi geri çağıracağıq. Qoy onda Mərkəz bizim ayağımıza gəlsin.
    Bəli, bu Nərimanovun timsalında müstəqil Azərbaycan Sovet hökumətinin ortaya qoyduğu suveren dövlətçilik iradəsiydi.
    İndi müsavatçılardan soruşmaq lazımdır, onlar necə, 23 ay ərzində Müsavat hökumətinin Azərbaycanın ərazi bütövlüyünü, suveren hüquqlarını tanımayan ingilis, amerikan, fransız hökumət başçılarına qarşı ünvanlanmış bu qəbildən bircə dənə də olsa tələb xarakterli bəyanatını, məktubunu misal gətirə bilərlərmi? Ümumiyyətlə Müsavat hökumətinin tarixində belə bir nümunə, belə bir təcrübə olmuşdurmu?
    Qətiyyən. Arxivi ələk-vələk etsəniz də bu üslubda, bu qətiyyətdə bircə dənə də olsun Müsavat hökuməti sənədinə rast gələ bilməzsiniz. Heç təsadüfi deyil ki, əvvəl də vurğuladığımız kimi Lənkəran qəzası ingilis və denikinçilərin işğalı altında olanda, Lənkəran kəndləri talan olunub gülləbaran ediləndə saysız-hesabsız şikayətlər, müraciətlər olsa da belə, nə Müsavat hökuməti, nə də parlaman bir dənə də olsun bəyanat qəbul etmədi. Sual olunur, əgər müstəqil, suveren hökumət idinizsə, onda nə üçün ABŞ və ya ingilis hökumətinə bircə dəfə də olsun etiraz notası ünvanlayıb öz suveren iradənizi ortaya qoymurdunuz?
    Qoya da bilməzdiniz, həm də sadəcə ona görə ki, Müsavat müstəmləkə üsul-idarəsi heç vaxt suveren hökumət olmayıb. Nə Vilson, nə Lloyd Corc, nə də digərləri Müsavat hökumətini özünün bərabər hüquqlu apanenti qismində qəbul etməmişdilər. Bu səbəbdən də nə Xoyski, nə Rəsulzadə, nə də digər Müsavat liderləri sözügedən məsələlərlə bağlı ABŞ, İngiltərə və digər hökumətlərə hansısa tələb xarakterli məktub ünvanlaya və nəyi isə tələb edə bilməzdilər. Onlar bunun üçün çox kiçik adamlar idilər. Müsavat liderlərinin sadəcə Qafqazdakı ingilis generallarına şikayət etmək hüquqları var idi. Bir daha vurğulayıram, nəyisə tələb etmək yox, sadəcə şikayət etmək hüquqları vardı.
    Ümumiyyətlə isə 1918-20-ci illər hadisələrinin təhlili bir daha göstərir ki, «istiqlal» müsavatçıların sadəcə kommunistlərə qarşı işlətdikləri taktiki silah olub; elə bir silah ki, ondan nə ingilislərə, nə amerikanlara, nə də digər əcnəbi ağalara qarşı qətiyyən istifadə olunmayıb. Məsələn, Qızıl ordu Dağıstanda Denikini əzə-əzə cənuba doğru irəliləyəndə Müsavat rəsmiləri Sovet hökumətindən sərhəddə nə üçün qoşun yığmasıyla bağlı açıqlama tələb edir, «suveren», «müstəqil» ölkə ibarələrindən gen-bol istifadə etdikləri halda, ingilislərin, denikinçilərin Bakıda, Lənkəranda, Naxçıvanda etdikləri özbaşınalıq, vəhşiliklər fonunda biz bir dənə də olsun tələbkarlıq üslubunda verilmiş heç bir bəyanata rast gəlmirik. Fikir verin, 1919-cu ilin noyabrında Versal Konfransı zamanı ABŞ dövləti Ermənistandakı ali komissarı Haskelin mandatının genişləndirilərək Azərbaycana və Gürcüstana da şamil edilməsi təklifi ilə çıxış edir. Plana görə Azərbaycan da daxil olmaqla bütün Qafqaz ABŞ dövlətinin mandatı altına keçməli və Amerikanın təyin etdiyi ali komissar tərəfindən idarə olunmalıydı. Başqa sözlə, Azərbaycan Qafqaz general-qubernatorluğunun tərkib hissəsi kimi amerikalı ali komissarın idarəetməsinə verilirdi. Təbiiki ali komissarın icazə verdiyi ölçüdə yerli qurumlar–müsavatçılar, gürcü menşevikləri, daşnaklar kargüzarlıq və dəftərxana işləriylə məşğul ola bilərdilər.
    Bu təhqiredici təklif müsavatçılar üçün göydəndüşmə bir şey idi və onlar ABŞ dövlətinin mandatı altına girməyi alqışlayırdılar; həm də nədənsə onların yadına «istiqlal» düşmürdü. Amma Müsavatın sevinci uzun çəkmədi; ingilislərin və fransızların ciddi etirazı ilə qarşılanan Qafqaz üçün ABŞ mandatı planı iflasa uğradı. Çünki nə ingilislər, nə də franszlar Amerikanın Qafqazı ələ keçirməsinə razı deyildilər. Bundan başqa ABŞ da bu planda axıra kimi israr etmədi. Çünki ABŞ dövlətinin Qafqaza göndərdiyi nümayəndə heyəti bölgədəki vəziyyəti prezident Vilsona çatdıranda, ABŞ prezidenti başa düşdü ki, Qafqazın sovetləşməsi qaçınılmazdır və zaman Qərbin əleyhinə işləyir.
    Beləliklə Müsavat əvvəlcə Osmanlının, daha sonra isə ingilislərin mandatı altına girdi, ABŞ-ın mandatına girməyə isə ingilis maraqları mane oldu. Müsavatçılar heç vaxt istiqlalçı olmadılar, onlar 1918-ci il mayın 28-də Azərbaycan Respublikasını sadəcə fakt qarşısında qaldıqlarından məcburi surətdə elan etməli oldular, daha sonra isə xarici imperiyaların mandatı altında muxtar qurum kimi fəaliyyət göstərdilər.
    Topçubaşov başda olmaqla Müsavat nümayəndə heyəti Versal Konfransında ancaq və ancaq hansısa böyük dövlətin mandatını, qəyyumluğunu əldə etmək üçün çalışırdılar. Belə olan təqdirdə isə bir neçə aylıq mövcudluğu ərzində əvvəlcə Osmanlı, daha sonra isə ABŞ, İngiltərə, Fransa, İtaliya dövlətlərinin mandatına girmək üçün axtarışlarda olan və bunu özünə «xarici siyasət» doktrinası kimi qəbul edən bir qurumun müstəqil, suveren dövlət kimi xarakterizə olunmasından gülünc bir şey ola bilməz.
    Əgər biz müsavatçıların mövcud olduğunu iddia etdikləri 23 aylıq «dövlətinə» nəzər salsaq və həm də nəzərə alanda ki, bu 23 ayın 19 ayı xarici imperiyaların mandatı altında sürünməklə, 3 ayı yarımçıq hökumət şəklində iməkləməklə, 1 ayı isə itirilmiş başını axtarmaqla hökumətsizlik şəraitində keçib, onda bu qurumun nə mənə bir şey olduğunu dəqiqləşdirmək razılaşarsınız ki, olduqca müşkül məsələdir.
    Bir sözlə 1918-20-ci illər dövrünü Müsavatın timsalında müstəqil Azərbaycan Respublikası dövləti kimi xarakterizə etmək üçün heç bir ciddi əsas yoxdur və hətta Versal Konfransı belə 1920-ci ilin yanvarında Azərbaycanın dövlət müstəqilliyini tanımamış və onu Millətlər Cəmiyyətinə daxil etməmişdir.
    Təbiiki bunlar məsələnin ancaq hüquqi-siyasi tərəfidir. Amma məsələnin bir də maddi-texniki, iqtisadi tərəfi də mövcuddur. Beləki hər hansı bir siyasi qurumun normal dövlət kimi fəaliyyət göstərməsi üçün əlverişli beynəlxalq siyasi şəraitlə yanaşı iqtisadi potensial da lazımdır, hansıki Müsavat rejimi heç vaxt belə maddi-texniki bazaya malik olmamışdır.
    Fikir verin, 1918-ci ilin oktyabrında müsavatçılar üç hərbi məktəb yaratmaq haqqında qərar qəbul edirlər, amma bu iş üçün cəmi 50 min rubl vəsait ayırırlar. Müqayisə üçün deyək ki, bu məbləğ o dövrdə hansısa milyonçunun öz məşuqəsinə bağışladığı boyunbağıyla müqayisə edilə biləcək qədər kiçik vəsait idi. Məsələn, həmən dövrdə qəzetlər yazırdılar ki, «Liza xanım Hacınskaya itirdiyi medalyonunu kamodun altından tapıb. Qiyməti 50000 manatdır».
    Bu isə o deməkdir ki, Müsavat müstəmləkə üsul-idarəsi üç hərbi məktəbin yaradılmasına cəmi bir medalyonun qiyməti məbləğində vəsait ayırırdı ki, bu pula adamı heç neft milyonçularının qumar masasına da buraxmazdılar.
    Bu səbəbdən idi ki, 1919-cu ilin sonunda hərbi nazir Mehmandarov yazırdı ki, «Belə vəziyyətdə hərbi xidmətdən nifrətdən başqa heç nə gözləmək olmaz».
    Hələ bu harasıdır, Müsavat müstəmləkə üsul-idarəsi xarici nümayəndələri qəbul etmək üçün münasib bina tapmaqda belə çətinlik çəkirdi. Məsələn, amerikalı milyarder Rokfellerə məxsus «Standart oyl» kompaniyası Bakıdan neft almaq istəyir və danışıqlar üçün nümayəndə heyəti göndərir. Müsavat Baş naziri qonaqları qəbul etmək üçün münasib yer tapa bilmədiyindən Tağıyevdən xahiş edir ki, icazə verin xarici nümayəndə heyətini sizin malikanənizdə qəbul edək. Təbiiki mərasimin bütün xərcini də Tağıyev özü ödəməli olur. Məlumat üçün onu da deyək ki, ingilislər icazə vermədiyindən sözügedən neft müqaviləsi həyata keçmir.
    İndi özünüz nəticə çıxarın, bu necə dövlətdir ki, nə xarici nümayəndələri qəbul etmək üçün binası var, nə də öz neftini sata biləcək ixtiyarı.
    Başqa bir misal. 1918-ci ilin dekabrında çox xahiş-minnətdən sonra müsavatçılar parlaman təsis etmək üçün general Tomsondan icazə ala bildilər və bu zaman münasib bina tapa bilmədikləri üçün sözügedən qurumu Tağıyevin açdığı qızlar məktəbinə köçürürlər. Bu andan etibarən zərif müsəlman qızcığazların yerində lopabığ, yekəqarın milyonçular oturub qız məktəbini çevirib etdilər «söhbətxana», təbiiki Tomsonun tətbiq etdiyi reqlamentə uyğun. Eləki vaxt bitdi, tez-tələsik binanın üzərindən bayraqlarını endirib vurardılar qoltuqlarına, üz tutardılar meyxanaya, qumarxanaya, daha nə bilim nəxanaya. Əcəb məzhəkə tamaşasıdır, elə deyilmi?
    Bir də görürdün hansısa kənddə, hansısa nahiyədə Müsavat pristavı peyda olardı, bir yer tapıb bayrağı sancardı üstünə və deyərdi: mən hökumətəm, indi yedizdirib-doyuzdurub saxlayın məni. Biçarə camaat di bunun atını, eşşəyini, özünü, qonaq-qaralarını bəsləyənəcən, özləri olurdular lüt-üryan, ac-yalavac.
    Müsavat məmurlarının özbaşınalığı, quldurluğu artıq adi hala çevrilmişdi. Məsələn, Müsavat dövrü sənədlərinin birində deyilirdi: «Gündüzlər də bayıra çıxmaq olmur. Hərc-mərclik hökm sürür. Evləri qarət edirlər; qışqır-bağır, yalvarmaq kömək etmir. Polis məmurları özü qarət edənlərdir».
    Müsavat daxili işlər nazirinin imzaladığı başqa bir sənəddə isə deyilirdi: «Bir tərəfdən özbaşınalıq, zorakılıq, qanunsuzluq; ən ifrat və qabarıq formalarda rüşvətxorluq… yerli hökumət idarələrində adi haldır) (MDA, fond 894, siy.2, iş 39, vər.79).
    Özlərinin və hökumətəoxşar qurumlarının necə rüsvayçı, necə rəzil bir şey olduqlarını müsavatçılar öz imzalarıyla belə təsdiq edirdilər. Təbiiki məmurlarını saxlamaq iqtidarında olmayan, bu səbəbdən də «başlı başını saxlasın» prinsipiylə onları zəli kimi xalqın üzərinə buraxan, xarici işğalçılara nökərçiliyi özlərinə şərəf bilən belə bir üzdəniraq qurumdan nə millət eşqi, nə vətən sevgisi, nə də xalqa xidmət gözləmək, olmayan duaya amin demək kimi bir şey idi.
    Baş nazir Xan Xoyski 1918-ci il dekabrın 7-də parlamentdəki çıxışında sanki xalqın əzablarına gülərcəsinə deyirdi: «…Altı ay həyatı müddətində hökumətimiz çox iş görmüşdür… Hazırda hər yerdə idarələrimiz, məmurlarımız var. Millətin, camaatın malını müdafiə edəcək təşkilatımız və məmurlarımız var».
    Əlbətdə, əgər biz Xoyskinin siyasi tost nümunəsini bir az öncə gətirdiyimiz faktlarla, hansıki həmən rəsmi sənədlərdən birini məhz Müsavat daxili işlər naziri özü şəxsən imzalamışdır, tutuşdurub müqayisə etsək, Baş Nazirin dediklərinin quru rəsmiyyətçilikdən başqa bir şey olmadığı üzə çıxar. Məsələn, Xoyski iddia edirdi ki, «millətin, camaatın malını və canını müdafiə edəcək təşkilatlarımız və məmurlarımız var». Halbuki bu təşkilatlar və məmurlar hökumətdən maaş almadıqları üçün özlərinin bütün bəslənmə və saxlanma xərclərini zorla yerli camaatdan toplanan vəsaitlər hesabına təmin edirdilər. Hətta Müsavatın vergi toplayan məmurları, darğaları belə hökumətdən maaş almır, əvəzində özlərinin təminatını əhalidən, xüsusən özləri üçün nəzərdə tutulmuş «darğapulu» vergisi əsasında qarşılayırdılar.
    Bu isə o deməkdir ki, Xan Xoyskinin fəxr etdiyi Müsavat məmur təşkilatı əhalinin malını qoruyan yox, onun sonuncu loxmasını, sonuncu tikəsini də əlindən alan soyğun şəbəkəsindən başqa bir şey olmamışdır.
    Xoyski rəhbəri olduğu 2-ci hökumətin (1918-ci il 27 iyun–1918-ci il 7 dekabr) işini öyərək deməsi ki, «Altı ay… müddətində hökumətimiz çox iş görmüşdür», bu fikirlərə gülməmək olmur; Xoyskinin bu «işgüzar» kbinetini mən böyük məmuniyyətlə «adı var, özü yox» kabineti adlandırardım. O səbəbdən ki, sözügedən kabinetdəki 12 nazir postundan 9-u altı ay ərzində bir nazirin özündən və bir də kabinetdən ibarət olmuşdu, 3 nazir postununun isə nazirlərinin adı məlum olsa da nazirliklərin hətta adı belə mövcud olmamışdı. Beləki X.Xasməmmədov, M.Rəfiyev, Ə.M.Topçubaşov portfelsiz nazirlər hesab edilirdilər. Yəni adları nazir olsa da nəyin nazirləri olduqları məlum deyildi. Nə nazirlik var idi, nə də oturmağa kabinet. Məsələn, işdi, birdən kimsə bu portfelsiz nazirlərdən soruşsaydılar ki, «cənab nazir, siz hansı sahəyə rəhbərlik edirsiniz?», onlar heç «rəhbərlik» etdikləri sahənin adını belə söyləyə bilməzdilər.
    Müsavat üsul-idarəsi 23 aylıq mövcudluğunun 6-7 ayını sadəcə olaraq bu adsız nazirliklərinə ad qoymağa həsr etdi. Məhz bu səbəbdən də Müsavat üsul-idarəsi 1918-20-ci illərdə Azərbaycan dövləti və dövlətçiliyi üçün heç bir maddi-texniki baza yaratmadı. Nə bir bina tikilmədi, nə də bir fabrik qurulmadı. Olanlar isə dağıdılıb yox edildi.
    Eyni yarıtmaz fəaliyyət beynəlxalq siyasi müstəvidə də yaşandı. Azərbaycanın dövlət müstəqilliyi heç bir beynəlxalq qurum tərəfindən tanınmadı, ərazisi və sərhədləri beynəlxalq hüquq müstəvisində qəbul olunmadı.
    Nəticədə Aprel sosialist inqilabı ərəfəsində bütün sosial dayaqlardan məhrum olmuş, hətta öz nazirlərinin gözündə belə öz etibarını itirmiş rüsvayçılıq nümunəsi Müsavat vardı. Heç təsadüfi deyil ki, bir vaxtlar Müsavat rejiminin rəsmi orqanı olmuş «Azərbaycan» qəzetinin sabiq baş redaktorlarından Səfi bəy Rüstəmbəyov 1930-cu illərdə Türkiyədə yaşayarkən yazdığı yazılarda etiraf edirdi ki, bir çox Müsavat nazirləri qırmızı inqilabın baş verməsi üçün bilərəkdən münbit şərait yaradırdılar.
    İndi siz bütün bu deyilənlərin fonunda Aprel inqilabı ərəfəsində Müsavat üsul-idarəsinin düşdüyü vəziyyətə baxın:
    1) Əhali Müsavatı qəbul etmir. Bakıda ümumi sayı 100 mini keçən fəhlə tətilləri (bu o zamankı fəhlələrinin ümumi sayına bərabərdi). Qəzalarda irimiqyaslı kəndli üsyanları xalq arasında Müsavatın sosial dayaqlarının olmamasının bariz sübutuydu;
    2) Ordu müqavimət göstərmir, hərbi nazir inqilabçıların tərəfinə keçir;
    3) Millətçi və islamçı partiyalar qırmızı inqilabı dəstəkləyir;
    4) Atatürk başda olmaqla gənc Türkiyə Respublikası Aprel inqilabını alqışlayır, dəstək verir;
    5) Müsavat nazirlərinin böyük bir qismi inqilabın tərəfinə keçir və Sovet hökumətiylə əməkdaşlıq edir;
    6) M.Ə.Rəsulzadə də daxil olmaqla yaradılmış fövqəladə komissiya (kart-blanş) və parlament hakimiyyətin kommunistlərə verilməsini dəstəkləyir.
    Sonrala Nərimanov haqlı olaraq yazırdı: «Mən gördüm ki, Müsavat hökumətinin qovulmasında bütün əhali iştirak edirdi» (N.Nərimanov, Seçilmiş əsərləri, səh.430).
    İndi bir sıra ədəbiyyatlarda yazırlar ki, guya Rəsulzadə hakimiyyətin kommunistlərə verilməsinin əleyhinə olub. Amma faktlar təstiqləyir ki, hətta Müsavat lideri Rəsulzadə də hakimiyyətin kommunistlərə verilməsini dəstəkləyən bəyanatla çıxış edib. Həmən tarixi bəyanatda 1920-ci il aprelin 27-də M.Ə.Rəsulzadə hakimiyyətin azərbaycanlı kommunistlərə verilməsiylə bağlı şərtləri sadalayır və mən də bu şərtlər daxilində «bütün ixtiyarın onlara (kommunistlərə-red.) verilməsinin tərəfdarıyam» deyərək çıxışına yekun vurur.
    Bir sözlə, Aprel sosialist inqilabı zamanı Müsavat başını elə itirmişdi ki, heç özləri də öz hakimimyyətlərinin müdafiəsi barədə düşünmürdülər. «Ölərik, amma istiqlaliyyəti əldən vermərik deyən müsavatçıların, parlament üzvlərinin hökumət deyilən şey yadlarından çıxdı. Onlar indi at, avtomobil, faytonla qaçmaq, oğurladıqları xalq sərvətini qızıla çevirib doldurduqları çamadanlarının hayında idilər» (M.Katibli, «Çingiz İldırım», səh.68).
   
    Aprel sosialist inqilabının qələbəsi Antanta imperializminin Şərqdəki dayaqlarına ağır zərbə vurdu. Aprel inqilabından az öncə ingilislərin Xəzər dənizində saxladıqları sonuncu hərbi qüvvələri də Müsavat donanmasını qarət edib Ənzəliyə çəkildi. Azərbaycan Antanta işğalından və protektoratından xilas olan ilk Şərq ölkəsi idi.
    Qarşıda müstəqil Azərbaycan dövlətinin qurulması kimi çətin, amma şərəfli bir vəzifə dururdu. Bir vaxtlar ingilis işğalçılarının tələbiylə dəyişdirilərək üç rəngli bayraqla əvəz edilmiş al-qırmızı ay-ulduzlu Azərbaycan bayrağı müsəlman kommunistlər tərəfindən müstəqillik və azadlıq rəmzi olaraq yenidən səmaya ucaldıldı.
    Qırmızı rəngli, üzərində beşguşəli ulduz və aypara təsviri olan inqilab bayrağı müsəlman Şərqinin ilk azad dövlətinin rəmzinə çevrildi.
    Düzdür, etiraf etmək lazımdır ki, Azərbaycan Kommunist Partiyasına sızmış və həlledici postlarda möhkəmlənmiş bəzi yad ünsürlər müstəqil Azərbaycan Sovet Respublikasının istiqlalına kölgə salmaq istəyir, hər vəchlə müstəqilliyi şübhə altına alır və Azərbaycanın sıravi bir əyalət kimi Sovet Rusiyasının tərkibinə qatılması üçün çirkin siyasi oyunlar oynayırdılar. Məsələn, Aprel inqilabından cəmi bir neçə həftə keçmiş daşnak Mikoyan mətbuatda çıxış edərək iddia edirdi ki, müstəqil Sovei Azərbaycanı müvəqqəti taktiki gedişdir və qısa müddətli plan üçün nəzərdə tutulub. Amma bu iddiada olan Mikoyanında, Mirzoyanında Azərbaycanda fəaliyyəti çox qısa oldu və Azərbaycan Sovet Respublikanın rəhbəri N.Nərimanov bu hər iki boşboğazı «Mərkəzə» ezam etdi. Sonralar Nərimanov bu hər iki şəxsin məhkəməyə çıxarılmamasına çox təəssüf edirdi.
    Bir sözlə, inqilabdan dərhal sonra N.Nərimanov, Ç.İldırım, D.Bünyadzadə və digər vətənpərvər kommunistlərin fədakar fəaliyyətləri nəticəsində Azərbaycan dövlətinin əsası qoyuldu. Bu sahədə əldə olunan ən böyük uğur, dövləti məhz dövlət edən uğur qazanıldı. Müstəqil Azərbaycan Respublikasının sərhədləri tarixdə ilk dəfə olaraq beynəlxalq hüquqi müstəvidə tanındı və qəbul edildi. Nərimanovun rəhbərliyi ilə Azərbaycan Sovet hökuməti ilk dəfə olaraq çağdaş Azərbaycan dövlətinin sərhədlərinin müəyyənləşdirilməsinə və beynəlxalq hüquq müstəvisində tanınmasına nail oldu ki, bununlada Azərbaycan dövlətinin təməli qoyulmuş oldu. Müqayisə üçün deyək ki, 1918-20-ci illərdə beynəlxalq aləm Azərbaycan adlı dövləti tanımadığı üçün onun sərhədlərinidə qəbul etmirdi. Nəticədə ingilis generalı Tomson özünü Bakının general-qubernatoru elan edir, «paytaxt»da Müsavat ordusunun və hərbi nazirliyin fəaliyyətinə icazə vermirdi, Bakıda Müsavat oyuncaq hökuməti iclas keçirməyə otaq tapmayanda şəhərin ən möhtəşəm binaları, mehmanxanaları işğalçı ingilis əsgərləri üçün kazarmaya çevrilirdi.
    Bir başqa ingilis generalı Kori Araz-Türk Respublikasını adi bir firma kimi ləğv edir, ərazisini ermənilərə bağışlayır, bəyanat verərək Naxçıvan və Zəngəzuru ermənilərin idarəetməsinə verdiyini bəyan edirdi. Antantanın Qafqaz üzrə komandanı birbaşa Müsavat Baş Naziri Xoyskinin üzünə qarşı bildirirdi ki, Qarabağ Azərbaycana müvəqqəti verilib və bununla Qarabağın da Azərbaycana aid olmadığını rəsmi surətdə vurğulayırdı. Versal Konfransı Naxçıvana öz «sülh» nümayəndəsini təyin etmiş və bununlada Naxçıvanın idarəsini öz əlinə almışdı, Müsavatçılar da bu rüsvayçılıqla razılaşmaşdılar. Bir digər xarici dövlətlər isə hətta Zaqatala və Balakənin belə Gürcüstan ərazisi olduğunu iddia edirdilər.
    Bir sözlə, Müsavat üsul-idarəsi tam bir rüsvayçılıq nümunəsiydi. Bu psevdo-millətçi romantiklər xəyalən bütün Azərbaycana, hətta Dərbəndə, Borçalıya və s. hökm edirdilər, amam reallıqda Bakıda belə iclas keçirmək üçün ingilis generalından icazə istəyirdilər. 1918-20-ci illərdə abstrak bir Azərbaycan mövcud idi; sərhədləri məlum olmayan, ərazisi beynəlxalq hüquqi müstəvidə tanınmayan, Antanta mandatı altında fəaliyyət göstərən xəyali bir Azərbaycan var idi. N.Nərimanov başda olmaqla Azərbaycan kommunistləri xəyaldan gerçəkliyə, onu abstrak bir anlayışdan ərazisi, dövlət sərhədləri beynəlxalq hüquqi müstəvidə tanınan və qəbul edilən suveren dövlətə çevirdilər.
    Q.Musabəyov öz xatirələrində yazır ki, biz 1919-cu ildə Leninlə görüşəndə o, bizdən Azərbaycandakı vəziyyət haqqında soruşdu. Cavabında mən bildirdim ki, Azərbaycanda 2 cərəyan var. 1-cilər iddia edir ki, Azərbaycan sovetləşəndə adi bir əyalət şəklində Sovet Rusiyasına birləşdirilməlidir, 2-cilər isə əksinə, Azərbaycanın müstəqil Sovet Sosialist Respublikası olmasında israrlıdırlar.
    Q.Musabəyov deyir ki, bu cavabımdan sonra Lenin qətiyyətlə bildirdi ki, birinci yol səhvdir və imperializmdir, 2-ci yol, yəni müstəqil Azərbaycan Sovet Sosialist Respublikası isə ən düzgün variantdır.
    Təbiiki Lenin bu fikrə birdən-birə gəlməməişdir, burada Leninlə Nərimanovun 1918-ci ildəki Moskva görüşü həlledici olmuşdur. Məhz bu görüşdə Nərimanovun Lenini paytaxtı Bakı şəhəri olmaqla müstəqil Azərbaycan Sovet Sosialist Respublikası ideyasına inandırmış və bunun müsəlman Şərqinin azadlığa çıxarılması yolunda məzlum xalqlara nümunə olacağını söyləmişdir.
    D.Bünyadzadə sonralar yazırdı ki, Nərimanov 1918-ci ildə Həştərxanda olarkən Müstəqil Sovet Azərbaycanıyla bağlı məruzə hazırlamışdı, hansıki bir sıra yoldaşlar onun bu fikrinə qarşı qatı müxalifət mövqeyi sərgiləyirdilər. Amma Nərimanov fikrindən dönmədi; Leninlə görüşmək üçün öz təşəbbüsüylə Moskvaya getdi və nəticəsi göz qabağındadır: inqilabdan dərhal sonra Lenin Azərbaycan Sovet Sosialist Respublikasının dövlət müstəqilliyini tanıdı. Leninin Azərbaycan Sovet Respublikasının istiqlalını tanıyan bəyanatında deyilirdi: «Xalq Komissarları Soveti müstəqil Azərbaycan Respublikası zəhmətkeş kütlələrinin azadlığa çıxmasını alqışlayır…
    Yaşasın müstəqil Azərbaycan Sovet Respublikası!»
    Əlbətdə Azərbaycanın dövlət müstəqilliyinin Sovet Rusiyası tərəfindən tanınması (onu da qeyd edək ki, çar imperiyası parçalanandan sonra Rusiya məhz ilk dəfə 1920-ci ildə Azərbaycanın müstəqilliyini rəsmi surətdə tanıdı) olduqca böyük diplomatik nailiyyət idi. Bundan sonra Azərbaycan dövlətinin sərhədlərinin dəqiqləşdirilməsi və beynəlxalq hüquqi müstəvidə tanınması məsələsi ortaya çıxdı. Təbiiki bu elə də asan məsələ deyildi. Mikoyan, Mirzoyan Stalinin, Orconikidzenin də dəstəyini əldə edərək ciddi surətdə çalışırdılar ki, Naxçıvan və Dağlıq Qarabağ Ermənistana birləşdirilsin və bu işdə onlara nə qədər acınacaqlı da olsa, etiraf etmək lazımdır ki, Əliheydər Qarayev və Ruhulla Axundov da dəstək verirdilər.
    Və bu zaman N.Nərimanov müstəqil dövlət başçısına yaraşan qəti mövqe ortaya qoydu: ya Sovet Rusiyası Azərbaycanın ərazi bütövlüyünü tanıyır, ya da biz birtərəfli qaydada İttifaq müqaviləsindən (1921-ci il Moskva sazişi) çıxırıq. Ümumiyyətlə bu Nərimanova xas bir üslub idi. Bu gün bəziləri çalışır ki, Nərimanovu cəmiyyətə olduğundan çox fərqli–qətiyyətsiz, yazıq, heç kəslə bacarmayan siyasətçi kimi təqdim etsinlər, amma əslində Nərimanovun necə böyük qətiyyət sahibi olduğunu çoxları, hətta Stalin də etiraf edirdi. Bu barədə M.Ə.Rəsulzadə Stalinlə bağlı olan xatirələrində yazırdı ki, mən 1920-ci ildə «osobu oddel»in binasında Stalinlə görüşəndə ona bildirdim ki, biz də sizinlə razılaşa bilərdik, təbiiki Nərimanovun razılaşdığı kimi yox. Bu zaman Stalin gülümsəyərək dedi: «Nərimanmı bizimlə, yoxsa bizmi Nərimanovla anlaşdıq».
    M.Ə.Rəsulzadənin Stalinin dilindən etdiyi bu etiraf olduqca vacib tarixi faktdır. Stalin bu etirafıyla bir daha təsdiqləyirdi ki, şərtləri diktə edən tərəf, yəni söz sahibi olan tərəf Nərimanov olub, Mərkəz sadəcə olaraq onun şərtləriylə hesablaşıb. Bu isə o deməkdir ki, Nərimanov Mərkəzlə apardığı danışıqlarda asılı, aciz tərəfin ikinci-üçüncü dərəcəli nümayəndəsi kimi yox, bir ulusun azad rəhbəri qismində iştirak etmişdir. O, Mərkəzin diktə etdiyi şərtlərlə yox, əksinə, Mərkəz onun şərtləriylə hesablaşmaq məcburiyyətində qalmışdı. Azərbaycanın istiqlalının Rusiya tərəfindən tanınmasında da bu belə olmuşdu, sərhədlərin beynəlxalq hüquqi müstəvidə tanınmasında da belə olmuşdur.
    Beləki Nərimanov əvvəlcə Bakının Azərbaycan dövlətinin tərkibində saxlanmasına və onun paytaxtı kimi tanınmasına nail oldu. Məsələ burasındadır ki, bir sıra qüvvələr Mərkəzi inandırmağa çalışırdılar ki, Bakı və Xəzərsahili ərazi ya müstəqil idarəetmə vahidinə çevrilməlidir, ya da Rusiyaya birləşdirilməlidir. Hətta Şaumyanın bu barədə Leninə məktubu da olmuşdur. Yalnız Nərimanovun yeritmiş olduğu çevik diplomatik gedişlər Bakını müstəqil Azərbaycan Sovet Sosialist Respublikasının paytaxtı kimi tanınmasıyla nəticələnmişdir. Daha sonra eyni diplomatik uğurlar Dağlıq Qarabağın Azərbaycan Respublikasının tərkibində saxlanılmasında da əldə olundu. Beləki 1921-ci il iyunun 26-da Azərbaycan Sovet hökuməti Ermənistanın Dağlıq Qarabağdakı nümayəndəliyini ləğv edərək Mravyanı ölkədən çıxartdı. Azərbaycan Sovet hökuməti tərəfindən eyni qətiyyətli siyasət RK(b)P MK Qafqaz bürosunun iclasında da davam etdirildi. Beləki RK(b)P MK Qafqaz bürosu 1921-ci il iyulun 4-də Dağlıq Qarabağın Ermənistana verilməsi haqqında qərar çıxarmasına baxmayaraq cəmi bir gecənin içərisində Nərimanov elə bu yarıtmaz qərarı qəbul edənlərin özlərinə həmən qərarı ləğv etdirdi. Beləki Qafqaz Bürosu bir gündən sonra 1921-ci il iyulun 5-də Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi ololmasını təsdiqləyən qərar qəbul etməli oldu.
    Daha sonra Nərimanov ermənilərin Naxçıvana, gürcülərin isə Zaqatala və Balakənə olan idialarını çox bəsit, amma samballı diplomatik gedişlə geri oturtdu. Beləki əhalisinin əksəriyyətinin müsəlmanlardan ibarət olduğunu nəzərə alaraq Nərimanov sözügedən ərazilərin gələcəyini xalq referendumunun ixtiyarına buraxmağı təklif etdi və hə iki bölgədə əhalinin böyük əksəriyyəti Azərbaycanın tərkibində qalmağa səs verdi və beləliklə də həmən ərazilər (Naxçıvan və Zaqatala) Sovet Azərbaycanının tərkib hissəsi kimi rəsmiləşdirildi.
    Amma təəssüflər olsun ki, Zəngəzur Müsavat üsul-idarəsi zamanı ermənilər tərəfindən işğal olunduğundan bu ərazinin Azərbaycan dövlətinə qaytarılması mümkün olmadı.
    Beləki hələ 1919-cu il mayın 19-da Antanta işğal qüvvələrinin Bakıdakı komandanı Şatevord Müsavat hökumətinə Zəngəzurda fəaliyyət göstərməyi qadağan etmişdi. O, müsavatçılara deyirdi: «Zəngəzurda Azərbaycan idarəçiliyi təşkil olunmayacaq… Zəngəzurun işlərinə hər hansı müdaxilə yol verilməzdir» və bu qadağadan 6-7 ay sonra Müsavat hökuməti daşnaklarla separat saziş imzalayaraq (20 noyabr 1919) ordunu Zəngəzurdan çıxardı. Daşnaklar tərəfindən işğal olunan Zəngəzurdan azərbaycanlılar zorla deportasiya olundular. Sonralar Usubbəyov erməni baş naziri Xatisyandan qovulmuş müsəlmanların Zəngəzura geri qayıdışına köməklik göstərməsini xahiş etsə də daşnak baş naziri bunu qətiyyətlə rədd etmiş, hələ üstəlik danışıqların bərpa olunmasına şərt kimi Azərbaycanın Zəngəzura olan iddialarından əl çəkməsini göstərmişdi.
    Müsavatın yeritmiş olduğu yarıtmaz siyasət nəticəsində Zəngəzur faktiki olaraq daşnak hökumətinin nəzarətinə keçmiş, yerli müsəlman əhali qovulmuş, bölgədə ermənilərin say üstünlüyü artıqlamasıyla təmin edilmişdi. Belə bir vəziyyətdə isə Nərimanovun Zəngəzurun gələcək taleyini həll etmək üçün əhali arasında referendum keçirmə istəyi mümkünsüz olurdu. Beləki erməni əhalinin sayı aşkar üstünlük təşkil etdiyindən Zəngəzurun gələcək taleyiylə bağlı keçiriləcək hər hansı bir referendum yenə də Ermənistanın xeyrinə olacaqdı. Başqa sözlə, Müsavat 1919-cu il 20 noyabrda daşnaklarla imzaladığı separat sazişlə düzəlişi heç cür mümkün olmayan səhvə yol vermişdi ki, mövcud vəziyyətdə Zəngəzurun itirilməsini etiraf etməkdən başqa çarə qalmırdı.
    Təkcə Zəngəzurmu, yox, Dərbəndində itirilməsi müsavatçıların yarıtmaz siyasətinin nəticəsi oldu, hansıki bunu Müsavat baş naziri Usubbəyov da etiraf edirdi. Beləki 1918-ci ildə Dağıstanla Azərbaycanın birləşməsi məsələsi gündəmə gəlir, hətta Osmanlı imperiyası da bu təkliflə çıxış edir. Dağıstanlıların məsələyə münasibəti müsbət idi, amma məsələyə eyni operativ reaksiya Müsavat hökuməti tərəfindən müşahidə olunmadı. Usubbəyovun təbirincə desək, «Bir neçə Dağıstan xalqlarının müraciətinə baxmayaraq, Azərbaycan bu yolda oyun oynadı və heç bir əməli iş görmədi».
    Müsavatdan bizlərə miras qalmış bu acınacaqlı vəziyyətə baxmayaraq N.Nərimanovun rəhbərliyi ilə Azərbaycan Sovet hökuməti parça-parça olub səpələnmiş, adından başqa ümumi heç bir şeyi olmayan, dövlətdən çox xaosu xatırladan hissələri bir mərkəz ətrafında birləşdirərək parçalanmış hissələrdən Azərbaycan dövlətini qurmağı bacardılar, Azərbaycan Sovet Sosialist Respublikasının timsalında çağdaş Azərbaycan dövləti yarandı.
    Müqayisə üçün deyək ki, Topçubaşov İstanbulda ABŞ-ın nümayəndəsi Braunla görüşərkən özünü «Azərbaycandanam» deyə təqdim edir və Amerika nümayəndəsi Braun cavab olaraq «Deməli ermənisiz» deyə soruşur. Bəli, 1918-20-ci illərdə əcnəbilərin Azərbaycana münasibəti aşağı-yuxarı demək olar ki, bundan fərqli olmayıb. Antanta dövlətləri hətta Gəncəni belə Azərbaycan ərazisi kimi qəbul etmirdilər, sadəcə deyilirdi ki, Azərbaycan bu əraziyə iddia edir. 1919-cu ilin fevralında hazırlanmış ingilis hesabatında da məhz elə ancaq belə deyilirdi.
    Aprel sosialist inqilabı bu qeyri-müəyyən vəziyyətə birdəfəlik son qoydu, Azərbaycan Sovet hökuməti əvvəlcə 1921-ci ilin 16 martında imzalanmış Moskva, daha sonra isə həmən ilin oktyabrın 13-də imzalanmış Qars müqaviləsiylə çağdaş Azərbaycan dövlətinin srhədlərini beynəlxalq hüquqi müstəvidə tanıtmağa nail oldu. Məhz 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatı Azərbaycanı özünə bərabər hüquqlu üzv qəbul edərkən ölkəmizi Sovet Azərbaycanının sərhədləriylə tanıyıb qəbul etmişdir. Bu faktın özü bir daha təsdiqləyir və sübut edir ki, çağdaş Azərbaycan dövlətçiliyinin təməlində 23 aylıq Müsavat utopiyası yox, 70 illik Azərbaycan Sovet Sosialist Respublikası tarixi reallığı dayanır.
    Azərbaycan dövlətinin sərhədləri dəqiqləşdirilib beynəlxalq hüquqi müstəvidə tanındıqdan sonra Azərbaycan Sovet hökumətinin rəhbəri N.Nərimanov bütün diqqətini müstəqil dövlətin daha bir atributuna, ordu quruculuğuna yönəltdi. İstər N.Nərimanov, istərsə də Qızıl komandan Ç.İldırım hələ inqilabdan xeyli əvvəl də bu qənaətdəydilər ki, müsəlmanlardan ibarət milli Qızıl ordu hissələri yaradılmalıdır. Nərimanov deyirdi ki, müstəqil Azərbaycan dövlətinin Qızıl ordusu əsasən müsəlmanlardan ibarət olmalıdır. Nəhayət 1921-ci il aprelin 11-də Azərbaycan İnqilab Komitəsinin qərarı əsasında 30 min nəfərdən ibarət Azərbaycan Qızıl ordusu yaradıldı. Azərbaycan diviziyası Azərbaycan Sovet Sosialist Respublikasının rəsmi silahlı qüvvəsi statusuna malik idi və onun əsas vəzifəsi dövlət sərhədlərinin qorunmasıydı. Bu məqsədlə də Azərbaycan Qızıl ordusunun 20 minlik kontingenti hər an baş verə biləcək sərhəd münaqişələri səbəbiylə Ermənistanla sərhəddə yerləşdirilmişdi. Nərimanov milli Qızıl ordu hissələrinin təşkili işinə çar ordusunda və Müsavat qoşun hissələrində xidmət etmiş zabitlərin demək olar ki, hamısını cəlb etmişdi və heç təsadüfi deyil ki, 1918-20-ci illərdə Müsavat ordusunda qulluq etmiş Abdulla Şəfiyev öz xatirələrində yazırdı ki, Nərimanov milli alay təşkil edərkən oraya siyasi mənsubiyyətindən asılı olmayaraq bütün azərbaycanlı zabitləri toplamış və təkcə generalların deyil, hətta Müsavat ordusunda xidmət keçmiş kiçik zabitlərin də qayğısına qalmışdır. Müsavatçıların dilindən etiraf olunan bu faktın özü bu günlər də bəzi üzdəniraq tədqiqatçıların Aprel inqilabından sonra Müsavat ordu zabitlərinin guya kütləvi şəkildə terrora və represiyaya məruz qalmasını iddia edən böhtanlarına ən tutarlı cavabdır. Bu həmçinin Cahangir bəy Kazımbəyov, Şıxlinski kimi Müsavat generallarının 1920-ci ildə Antantanın fitvasıyla qaldırdıqları hərbi qiyamlara da, hansıki bu qiyamların əsas səbəbi kimi guya milli ordu hissələrinin ləğvi göstərilirdi, ən tutarlı cavabdır. Başqa sözlə, belələri öz sərkərdəlik istedadlarını Azərbaycan alayının təşkilinə yox, Antanta imperialistlərinin fitnəkar planlarında əlcək kimi istifadə olunmağa sərf etdilər. Təkcə onlarmı, yox, Topçubaşovlar, Rəsulzadələr, daha kimlər və kimlər. Halbuki onların tamamilə imkanları var idi ki, Azərbaycanda qalıb Nərimanovun ətrafında birləşməklə Azərbaycan dövlətçiliyinin qurulmasında yaxından iştirak etsinlər. Hətta Rəsulzadə Stalinlə olan yaxın münasibətlərindən çağdaş Azərbaycan dövlətçiliyinin qurulmasında itifadə edə bilərdi. Təsadüfi deyil ki, Rəsulzadə özünün Stalinlə bağlı xatirələrində yazır ki, mən Moskvada işləyərkən qulağıma gəlib çatdı ki, hətta Mirsultan Qaliyev bir dəfə söhbətimiz zamanı mənə dedi ki, Kremldə sənin Nərimanovun yerinə Azərbaycana rəhbərliyə göndəriləcəyinlə bağlı söz-söhbətlər gəzir. Sonra Rəsulzadə bu məsələylə bağlı belə bir epizodu xatırlayır ki, Stalinlə otaqda söhbət edərkən qəfil Kalinin içəri girdi və Stalin zarafatla yoldaş Kalinin, siz necə iki Azərbaycanı birləşdirmək istəyirsiniz deyir və Kalinin də cavabında yox, yox, istəmirəm deyib otağı tərk edir. Rəsulzadə yazır ki, elə biz də durub otaqdan çıxarkən Mirsultan Qaliyevlə qarşılaşdım. O məndənə sənə nəsə təklif etdilərmi deyə soruşdu və sonrakı görüşümüzdə bildirdi ki, Kremldə Nərimanovu səninlə əvəzləmək barədə söz-söhbətlər gəzir.
    İndi bu söhbətlər nə dərəcədə əsaslıdır, doğrudanmı belə bir plan olub, yoxsa bunlar hamısı Rəsulzadənin subyektiv mülahizələri və qulağına çatan qeyri-ciddi dedi-qodulardı, deyə bilmərik. Hər halda Rəsulzadənin guya Nərimanova alternativ kimi nəzərdə tutulması (Mərkəzdə) ağlabatan fikir deyil. Ən əsası ona görə ki, Nərimanov «Şərqin Lenini» hesab ediləcək qədər, xüsusilə müsəlman Şərqi üçün öz dövründə alternativsiz böyük bir şəxsiyyət, ideoloji sima olub, hansıki bu rakursda Rəsulzadə Nərimanovla müqayisədə olduqca sönük təsir bağışlayır.
    Amma həqiqi olan odur ki, Rəsulzadənin istəyi olsaydı Azərbaycanda qalıb Nərimanovla bir komandada çağdaş Azərbaycan dövlətinin yaranması prosesində iştirak edə bilərdi, amma onlar siyasi fərariliyi üstün tutdular. Azərbaycan üçün, Azərbaycan dövləti üçün olduqca məsuliyyətli anlarda Azərbaycan üçün çalışmaqdansa, faşist diktator Pilsutskilərdən qrant alıb şpion kimi yaşamağı üstün tutdular. Bu nə qədər rüsvayçı bir fakt olsa da həqiqətdir.
    Heç kəs onlara Azərbaycanda qalıb işləməyi, yaşamağı qadağan etməmişdi, əksinə, bunun üçün onların hər cür imkanı var idi. Amma onlar vətəndə qalıb Azərbaycan üçün işləmək əvəzinə, xaricə getmiək, faşist rejimləriylə 100-200 dollar müqabilində əməkdaşlıq etmək yolunu seçdilər.
    İndi bəzi müsavatçıların bu yöndə seçim etməsinə bəraət qazandırmaq üçün iddia edirlər ki, əgər onlar Sovet Azərbaycanında qalıb işləsəydilər 1937-ci ildə güllələnəcəkdilər. Bəli, ola bilsinki elə olacaqdı, amma mənimlə yəqin razılaşarsınız ki, faşist rejimlərinin ətəyində şpion kimi yaşamaqdansa, vətəndə qalıb mücahid kimi ölmək daha şərəfli bir iş olardı.
    Bir sözlə, 1920-ci il Aprel sosialist inqilabının qələbəsi çağdaş Azərbaycan dövlətinin qurulmasını sözdə yox, əməldə bir işə çevirdi, hansıki bu gün Azərbaycan istiqlalının və dövlətinin «yaradıcıları» kimi qələmə verilməyə çalışılan psevdo-millətçilərdən heç biri bu taleh yüklü məsələlərdə zərrə qədər də olsun xidmət sahibi olmadılar. Hətta bəzi mühacir ədəbiyyatlarında açıq etiraf olunurdu ki, müsavatçılar və onların liderləri Azərbaycanı tərk edib xaricə qaçdıqları halda, N.Nərimanov yorulmaq bilmədən Azərbaycan dövlətinin qurulması və istiqlalı üçün çalışırdı. Bu faktı Qərb ölkələrində mühacir həyatı yaşayan bir çox müsavatçılar özləri etiraf edirdilər.
    Fikir verin, 1920-21-ci illər Nərimanov başda olmaqla Azərbaycan Sovet hökuməti ölkə sərhədlərini beynəlxalq hüquqi müstəvidə tanınması üçün, Naxçıvanı, Qarabağı, Zaqatala-Balakəni, Bakını Azərbaycanın tərkibində saxlamaq üçün dəridən-qabıqdan çıxdıqları bir dövrdə Müsavat lideri Rəsulzadə Moskvada yaşayır və özünün xırda cılız tələbatları üçün çalışırdı. Məsələn, o özünün Stalinlə ixtilal xatirələrində bircə dəfə də olsun Stalinlə Azərbaycanın mövcud vəziyyətini müzakirə etdiyini xatırlamır, amma əvəzində özünün ayaqqabısı olmadığından, ayaqlarının üşüməsindən, özünə necə ayaqqabı almasından gen-bol danışır. Azərbaycanda taxıl çatışmır, əhali aclıq keçirir, iclaslarda, konfranslarda Naxçıvanın, Qarabağın tal