|
06/06/2009 (11:57) QLOBAL KAPİTALİZM–dünya miqyasında işsizlər ordusu və səfalət deməkdir
2005-ci il–Amerikanın kompüter texnologiyaları nəhəngi olan İBM şirkəti gələcək bir neçə il ərzində özünün 300 min işçisinin 4%-ni, yəni təxminən 13 min əməkdaşını işdən çıxaracağını açıqlamışdır.
2005–Dünyaca məşhur BBC telekorparasiyasında yeni kütləvi ixtisarlar gözlənilir. Şirkətin rəhbərliyi 27 min işçisindən 4 min nəfərini işdən çıxaracağını açıqlamışdır.
2005–Dünyada ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanında işsizliyin səviyyəsi 13%-ə qədər artmış, adambaşına düşən Milli gəlirsə azalaraq 8 min dollara qədər geriləmişdir.
2005–Türkiyədə iqtisadi vəziyyətin yaxşılaşmasına baxmayaraq təkcə bu ilin ilk 6 ayı ərzində 34 min ticarət obyekti fəaliyyətini dayandırmalı olmuşdur.
2005–Türkiyə miqyasında gənclərin 17,6%-i işsizdir. Şəhərlərdə bu göstərici 21,7%-ə çatır. Ümumilikdə isə işsizlərin sayı şəhərlərdə 11,5%-ə qədər yüksəlib.
2005–ABŞ-ın ən böyük hava yolu şirkətlərindən olan «DeLTA» rəsmi surətdə bankrot olduğunu açıqlamışdır. Şirkətin minlərlə işçisi öz iş yerlərini itirmək təhlükəsiylə qarşılaşıb.
2005–Almaniyanın sənaye nəhəngi «SİMENS» şirkəti ölkədəki bir zavodundan 2400 nəfəri işdən çıxaracağını və bununlada 1,5 milyard avroya qənaət ediləcəyini açıqlamışdır. Şirkət rəsmilərinin fikrincə kütləvi işdən çıxarmalar əməkhaqqı frndunun kiçildilməsiylə nəticələnəcək ki, bu da şirkətin rəqabət qabiliyyətinin artmasına səbəb olacaqdır.
2005–Yaponiyanın SONY şirkəti 2008-ci ilin martına kimi xaricdəki 65 müəsissəsinin sayını 54-ə qədər azaldaraq işçilərinin 20%-ni yəni 10 min işçisini işdən çıxaracaq. Nəticədə əməkhaqqı fondunun və sosial xərclərin azalması hesabına 1,8 milyard dollara qənaət ediləcək.
2005–Amerika və Alman şirkətlərinin birləşməsi hesabına yaranmış dünyanın ən böyük avtomobil inhisarlarından olan «Daimler Kraysler» avtomobil nəhəngi yaxın vaxtlarda təkcə Almaniyadakı fabriklərdən 8 min işçini kütləvi surətdə işdən çıxaracaq. Məqsəd sosial xərcləri azaltmaq hesabına şirkətin rəqabət qabiliyyətini yüksəltməkdir.
2005–Amerikanın kompüter nəhənglərindən olan «Füller Paker» şirkəti ölkədəki fabriklərdən 6 min nəfəri işdən çıxaracağını rəsmi surətdə açıqlamışdır.
2005–Dünyanın ən böyük hava yolu şirkətlərindən olan «British Eyrlayns» (Böyük Britaniya) işçilərinin 15%-ni işdən çıxaracağını elan etmişdir. Şirkət kütləvi işdənçıxarmalar hesabına hər il 300 milyon funt-sterlinq vəsaitə qənaət edəcəkdir.
2005–Avrozonoya daxil olan ölkələrdə işsizliyin ümumi səviyyəsi bu ilin iyul ayıyla müqayisədə avqust ayında artaraq 8,5%-dən 8,6%-ə çatmışdır.
2005, oktyabr–Sosial problemlərin məngənəsində sıxılan kapitalist Fransasını etiraz dalğaları bürüyüb. Ayrı-ayrı şəhərlərdə 1 milyona yaxın insan mitinqlərə qatılıb. Mitinqlərdə əsasən Fransanın «orta sinifi» hesab olunan müəllimlər, həkimlər, gənc mütəxəssislər və həmçinin işsizlər iştirak edirlər. Onlar ölkədə artan işsizlik problemini və maaşların azlığını protest ediblər. Beləki hazırda Fransada 3 milyona yaxın rəsmi qeydiyyatdan keçmirş işsiz var və qiymətlərin kəskin surətdə bahalaşması əhalinin real pul gəlirlərini xeyli azaldıb. Aparılan sorğular fransızların 73%-nin mitinqləri dəstəklədiyini göstərir. Mitinqlər davam edir.
2005, sentyabr-oktyabr–Amerikanın Yeni Orlian şəhərində 3 min nəfər işsizliklə üzləşib. Katrina qasırğasından sonra infrastrukturu dağılmış Yeni Orlian şəhəri işçilərinə maaş verə bilmədiyindən 3 min iş yerinin bağlanması nəzərdə tutulur. Bu yolla hökumət 20 milyon dollarlıq aylıq əmək fondunun 8 milyonuna qənaət ediləcəyini planlaşdırır. İşsiz və yoxsul insanlar isə federal hökuməti irqçilikdə, iqtisadi ayrımçılıqda suçlayaraq rəsmilərə atəş püskürürlər.
2005–Amerikanın federal hökuməti hələ 40 il əvvəl yoxsulluğa qarşı müharibə elan etdiyini açıqlamışdı. Amma ötən bu zaman ərzində qlobal diktator məsum xalqların üzərində ən modern silahlarını sınaqdan çıxararaq qələbə qazansada, öz daxilində yoxsulluq və səfalətə qalib gələ bilməmiş, acı məğlubiyyətə uğramışdır. İnbi hər ötən il Amerikada yoxsulluq həddindən aşağı səviyyədə yaşayan ifrat yoxsulların sayı sürətlə artır. Beləki rəsmi statistika 2004-cü ilin əvvəlində Amerikadakı ifrat yoxsulların sayını 36 milyon açıqlayırdısa, 2004-cü ilin sonunda bu hədd daha 1,6 milyon nəfər artaraq 37,6 milyon həddinə çatmışdır.
Lakin amerikalı müstəqil ekspertlərin fikrincə hökumət bilərəkdən yoxsulların sayını az göstərir, əslində aclıq həddində yaşayan Amerika yoxsullarının gerçək sayı 48 milyon nəfər təşkil etməkdədir. Belə insanlar gündə 6 dollar 50 sentə istirahət günü belə olmadan hər gün 12-16 saat işləyirlər ki, bu məbləğlə Amerikada ancaq acından ölməməklə yaşamaq olar.
2005, may–Amerika Birləşmiş Ştatlarının Sakramento və Los Ancels şəhərlərində minlərlə insan, əsasən sosial sahə işçiləri (müəllimlər, həkimlər və s.) kütləvi etiraz mitinqləri keçirdilər. Onlar Koliforniya qubernetoru Arnold Şvarsneqqerin sosial xərcləri azaltmaq həsabına büdcədən 6 milyard dollara qənaət etmək proqramının əleyhinə çıxıblar. Çünki bu proqram həyata keçirildiyi təqdirdə kütləvi işdən çıxarma halları başlayacaq.
2005, iyul–Şotlandiyanın Edinburq şəhərində «Böyük səkizlərin» (G-8) zirvə toplantısı ərəfəsində qlabal kapitalizmi protest məqsədiylə izdihamlı mitinqlər keçirildi. Polislə toqquşmada 20 nəfər antiqlobalist yaralandı. Hökumət mitinqçilər əleyhinə 10 min nəfər polis qüvvəsi səfərbər etmişdi.
Mitinqçilər yoxsulluq, silah alveri, müharibələrlə iri korparasiyalar arasında əlaqə olduğunu bildirir, qlobal kapitalizm əleyhinə şüarlar səsləndirirdilər.
2005, iyul–Bu ilin ilk 5 ayı ərzində Türkiyədə yanacağın qiyməti 40% bahalaşıb. İndi bir nəfər Türkiyə vətəndaşının öz avtomobiliylə işə gedib gəlməsi ona azı 190-200 dollara başa gəlir. Avrozonada isə son bir ildə enerji daşıyıcılarının qiyməti orta hesabla 9,4% bahalaşıb.
2005, dekabr–İngiltərənin Pensiya Komitəsinin sədri Adler Pölner özəl sektorda çalışanların pensiya yaşının artırılaraq 68 yaşa və işçilərin maaşından tutulan sığorta vergisininsə 8%-ə çatdırılmasını təklif edib. Görünür yaxın gələcəkdə kapitalizmin beşiyi Avronada işçilər ancaq məzarda pensiyaya çıxa biləcəklər.
2005, avqust–Araşdırmalara görə Türkiyədə rəsmi qeydiyyatdan keçmiş işsizlərin sayı əmək qabiliyyətli əhalinin 11,7%-i qədər, yəni 2 milyon 750 min nəfərdir ki, onlardan da 1 milyon 51 min nəfəri ailə başçısıdır və birbaşa ailəsini dolandırmaqla hökümlüdür. Qeyri rəsmi məlumatlara görə isə əslində işsizlərin sayı 8 milyon nəfərə çatır və iqtisadiyyatın sürətlə böyüməsinə baxmayaraq işsizlərin sayı çoxalmaqda davam edir. Bunun özü bir daha göstərir ki, kapitalizm sistemində məhsuldar qüvvələrin inkişafı tərəqqiyə yox, işsizliyin artmasına xidmət göstərir.
2005, oktyabr–Türkiyənin Statistika İdarəsinin sentyabr ayına olan hesablamalarına görə 1 nəfər işləməyən şəxsin aclıq həddi (Türkiyədə) 930 ABŞ dolları, 1 nəfər işləyən şəxsin aclıq həddi isə 1200 ABŞ dolları təşkil edir. 4 nəfərlik bir ailənin minimum istehlak zənbili isə 2500 dollar civarında bir məbləğ edir. Yəni hazırda Türkiyədə işləməyən bir nəfərin acından ölməməsi üçün 930, işləyən bir nəfərin acından ölməməsi üçün 1200 dollar, 4 nəfərlik bir ailəninsə ifrat yoxsulluq həddində yaşaya bilməsi üçün ayda 2500 ABŞ dolları vəsait tələb olunur.
Deməli kapitalist ölkələrində mövcud olan «yüksək» əmək haqqı əslində sosial rifahın yox, inflyasiyanın, qiymətlərin kəskin bahalaşmasının göstəricisidir və bazar iqtisadiyyatı elə bizə də ancaq bunu vəd edir.
2005, oktyabr–Böyük Britaniyada işsizlərin sayı son 4 ildə kəskin surətdə artaraq 875500 nəfər olub (ancaq müavinət alanların sayı).
2005, oktyabr–İtaliyanın «Lapella» şirkəti əsasən qadınlardan ibarət 3300 nəfər işçisini işdən çıxaracaq. Bu, şirkət əməkdaşlarının 30%-i deməkdir.
2005, oktyabr–Rəsmi məlumatlara görə hazırda Türkiyədə 23 milyon ifrat yoxsul və 900 min ac adam var.
2005, oktyabr–İspaniyanın «LVEYR» hava yolu şirkəti işçilərinin 10%-ni işdən çıxaracağını açıqladı.
2005, oktyabr–İtaliyalı fermerlər Roma şəhərində mitinq ediblər. Onlar quş qripi dedi-qodusuna qarşı çıxıb və bu üzdən hər gün 5 milyon avro ziyana düşdüklərini, 2 minə yaxın fermerin müflisləşmək ərəfəsində olduğunu və 180 min işçinin işdən çıxarıldığını bəyan etdilər.
Fikir verin, bir dedi-qodu 180 min nəfərin işdən çıxarılmasıyla nəticələnirsə, onda kapitalist bazar iqtisadiyyatının nə qədər «təminatlı» bir cəmiyyət olduğunu özünüz görün.
2005, noyabr–Təkcə bu ilin ilk 9 ayı ərzində Avropada geyim və məişət texnikaları 10-14% bahalaşıb. Yenə də bazar iqtisadiyyatının ən-ənəvi müalicə olunmayan xəstəliyi–«inflyasiya».
2005, noyabr–Fransalı dəmiryolçular dövlətə aid dəmiryolu xətlərinin özəlləşdirilməsinin əleyhinə çıxaraq tətilə başladılar. Onların fikrincə özəlləşmə kütləvi işdən çıxarmalarla nəticələnəcək.
2005, dekabr–Məşhur «Ford» avtomobil şirkəti Şimali Amerikadakı 4 zavodunu bağlayacaq və 2008-ci ilə kimi əməkdaşlarının 12%-ni işdən çıxaracaq ki, bu da 30 min nəfərin işsiz qalması deməkdir. Kapitalizmin rəqabət qanunu işçiləri «yeyir».
2005, dekabr–İrlandiyada böyük istehsal sahələri ümummilli tətilə başladılar. «İRİSH FERESH» yükdaşıma şirkətinin işçiləri 2 gəmini girov götürərək tətilə qoşuldular. Onlar Şərq ölkələrindən ucuz işçi qüvvəsinin gətirilməsinə etiraz ediblər. Tətilçilərə görə bu tip mühacir axını İrland fəhlələrinin əmək haqqının aşağı düşməsiylə nəticələnəcək.
2005, dekabr–Fransada sənaye istehsalı noyabr ayında 0,2-0,3% artmalı olduğu halda 2,5% azalıb
2005, dekabr–Honkonqda keçirilən Dünya Ticarət Təşkilatının toplantısı qlobal kapitalizm əleyhinə etiraz mitinqləriylə müşayət olundu. Minlərlə insanın qatıldığı antiqlobalist mitinq 5 gün davam etdi.
2005, dekabr–Bu ilin noyabr ayında İngiltərədə işsizlərin sayı daha 10600 nəfər artaraq 902 min nəfərə çatmışdır. Beləliklə ilin sonuna işsizlər ordusunun İngiltərədəki sayı milyon nəfəri haqlayacaqdır.
2005, dekabr–Yunanıstanda dövlət sektorunda çalışan işçilər aşağı əmək haqqına, işdən çıxarmalara etiraz edərək Ümummilli tətilə başladılar.
2005, dekabr–ABŞ-da Nyu-York şəhərində 1980-ci ildən bəri ictimai nəqliyyat işçilərinin ən böyük tətili başlandı. Tətildə ictimai nəqliyyat sektorunda çalışan 30 mindən çox işçi iştirak edirdi. Onlar əmək haqlarının artırılmasını, tibbi sığortanın saxlanılması və artırılmasını, pensiya yaşının 55-ə düşürlməsini tələb edirdilər. Amma yaxşı deyiblər, sən saydığını say, gör fələk nə sayır. Beləki hüquqlarını tələb edən tətilçiləri Amerika məhkəməsi tətil etdikləri hər gün üçün düz 1 milyon dollar cərimə etdi və hələ üstəlik Həmkarlar İttifaqının fəallarını həbs edilməklə də hədələdi. Məsələ burasındadır ki, qüvvədə olan Nyu-York qanunlarına görə işçilərin tətil etməsi yasaqdır və suç hesab edilir. Bu da Amerika demokratiyası, həmkarlar var, amma tətil edə bilməz. Bəs onda belə Həmkarlar İttifaqını kimə və nəyə lazımdır? Yəqin ki dünya ictimaiyyəti qarşısında demokratik görüntü yaratmaq üçün.
Rəsmi məlumatlara görə hazırda Türkiyə dövlətinin ancaq kənd yerlərində milyonlarla insan ifrat yoxsulluq həddində yaşayır. 2003-cü ildə bu göstərici 10 milyon nəfər təşkil edirdisə, 2004-cü ilin rəsmi statistik məlumatlarında ifrat yoxsulların sayı bir il ərzində daha 90 min artaraq 10 milyon 846 min nəfərə yüksəldiyi göstərilir. İndi illik ÜDM istehsalı 611 milyard dollar, illik milli gəliri 300 milyard dollar təşkil edən və sürətlə inkişaf edən bu kapitalist ölkəsində yoxsulların, işsizlərin sayı azalmaq əvəzinə əksinə, daha da artır ki, nəticədə hər 4 türk vətəndaşından biri ifrat yoxsuldur. Bu bir daha onun sübutudur ki, kapitalizm quruluşunda pul, kapital insanlar üçün yox, insanlar kapital üçün mövcuddurlar.
2006, yanvar–Dünyanın 16 ən böyük iqtisadi gücündən biri olan Türkiyədə Qönçə adlı 21 yaşlı tələbə qız təhsil xərclərini ödəyə bilmədiyi üçün özünü 5-ci mərtəbədən ataraq intihar etdi.
2006, yanvar–Avropanın ən zəngin dövləti olan Almaniyada 2005-ci ilin dekabr ayı ərzində işsizlərin sayı daha 75 min nəfər artaraq 4 milyon 600 min nəfərə çatmışdır. İndi Almaniyada əmək qabiliyyətli əhalinin 11,1%-i işsizdir.
2006, yanvar–Dünya kapitalizminin flaqmanı Amerika maliyə böhranı ərəfəsindədir. Səbəb, Amerika dövlətinin borclarının böhran həddinə çatmasıdır. Beləki fevral ayının ortalarında Amerika dövlətinin borcları 8 trilyon dollarlıq böhran həddini ötəcəkdir. Hələ bir il öncə Federal Rezerv sisteminin keçmiş sədri Alan Qrispe istefa verərkən bildirmişdir ki, «ABŞ dövləti borcları üzərində nəzarəti itirib». Bu isə artıq Amerika və ondan asılı olan dünya iqtisadiyyatının böhran ərəfəsində olması deməkdir. Nəticədə dollar kəskin surətdə ucuzlaşır, avro isə bahalaşır ki, bu isə qiymətlərin artması, kütləvi işsizlik və yoxsulluq deməkdir.
2006, yanvar–Böyük Britaniyanın «MORİSSON» şirkəti 2 anbarını bağlayıb. Nəticədə 1600 işçi işsiz qalıb.
2006, yanvar–Almaniya və belçika limanlarında minlərlə liman işçisi tətilə başlayıb. Səbəb, Avropa Birliyinin qəbul etdiyi «Gəmiçilik üzrə direktiv»dir. Beləki direktiv maaşların azalmasını və sektorda kütləvi işdənçıxarmaları şərtləndirəcək.
Beləliklə göründüyü kimi Avropa kapitalistləri və onları siyasi havadarları özlərinin şəxsi biznes problemlərinin həllini sosial xərclərin azaldılmasında görürlər.
2006, yanvar–Bu ilin əvvəlinə olan rəsmi statistik göstəricilərə görə Amerikada müflisləşən vətəndaşların sayı 2005-ci il ərzində daha 30 % artaraq 2 milyon nəfərə çatmışdır. Beləki indi Amerikada hər 150 nəfərdən biri müflisləşmiş vətəndaşdır.
Bu isə o deməkdir ki, insanların sabahına təminat verə bilməyən kapitalizm cəmiyyəti heç vaxt milli səviyyədə sosial firəvanlıq yarada bilməz.
2006, yanvar–son iki ay ərzində Türkiyədə 33 nəfər kredit kartı borcları üzündən müflis olduğuna görə intihar edərək həyatlarına son qoymuşdurlar.
2006, yanvar–Almaniyada əsasən özəl sektorda çalışan 20 mindən çox həkim əmək haqqlarının azlığına və səhiyyə sahəsindəki bürokratiyaya etiraz edərək tətilə başlayıblar.
2006, yanvar–İsveçin «Elektroniks» şirkəti bu ölkədəki zavodlarını nisbətən daha ucuz işçi qüvvəsi olan Polşa və İtaliya dövlətlərinə köçürməyi planlaşdırır. Məqsəd əmək haqqı fondunu və digər sosial xərcləri kiçiltmək hesabına məhsulun maya dəyərini ucuzlaşdırmaq və beləliklədə rəqabət qabiliyyətini artırmaqdır. İsveçli işçilər şirkətin onları kütləvi surətdə işdən çıxarmasına etiraz əlaməti olaraq tətilə başlayıblar.
2006-cı ildə Almaniyada keçiriləcək futbol üzrə dünya çemrionatı zamanı daha 100 nəfər işsiz alman qadını işlə təmin ediləcək. Beləki onlar oyundan sonra futbolçulara seksual xidmətlər göstərəcəklər. Bunun üçün hətta xüsusi mehmanxana da tikiləcək. Necə deyərlər, bazar iqtisadiyyatı bazar əxlaqı deməkdir. Bu da kapitalizmin insan şərəf və ləyaqətinə verdiyi «dəyər».
2006, yanvar–«Skandinav Eirlines» hava yolu şirkəti amerikalıların hərəkətindən ruhlanaraq tətil etmiş işçilərini məhkəməyə verib. Xatırladaq ki, hələ 2005-ci ilin dekabrında Nyu-York bələdiyyəsi analoji addım ataraq tətil etmiş ictimai nəqliyyat işçilərini məhkəməyə vermiş və onların hər birini hər tətil gününə 1 milyon dollar cərimə kəsmişdir. Skandinav sahibkarlar da bunu örnək götürərək tətil etmiş işçilərini məhkəməyə vermiş və onları tətil etdikləri hər günə görə adambaşına 1000 avro cərimə etdirmək niyyətindədirlər. Bu da tərifli Skandinav demokratiyası.
2006, yanvar–«Kroft Foots» şirkəti 20 müəssisəsini bağlayaraq 7 min əməkdaşını işdən çıxarmışdır. Nəticədə şirkətin maliyə vəziyyəti xeyli yaxşılaşmışdır. Bu isə o deməkdir ki, kapitalist sahibkarlar öz biznes problemlərini minlərlə işçini sosial problemlərə məhkum etməklə həll edirlər.
2006, yanvar–Təkcə bu ilin yanvar ayı ərzində Avrozona ölkələrində inflyasiya 2,4% olub ki, bu da avropalıları pul gəlirlərinin artımlarını xeyli üstələyir. Başqa sözlə, qiymətlər kəskin bahalaşır ki, nəticədə əhalinin real alıcılıq qabiliyyəti, real gəlirləri xeyli aşağı düşmüş olur.
2006, fevral–Almaniyada artıq neçə həftədir ki, hökumət işçilərinin tətili davam edir. Ölkənin 14 əyalətindən 7-də bu tətilə on minlərlə adam qoşulub. Səbəb hökumətin iş həftəsini 40 saata çatdırmaq istəməsidir. Bu qaydaya görə Almaniyada normal iş günü 9 saat olacaq ki, bu da işçi sinfinin hələ ötən əsrin əvvəlində qanı, canı bahasına əldə etdiyi 8 saatlıq iş günü hüququnun onun əlindən alınması deməkdir. Bu faktın özü bir daha sübut edir ki, kapitalizm bəşəriyyətə, insanlığa muzdlu köləlikdən başqa heç nə vəd etmir. Yeganə düzgün çıxış yolu elmi kommunizm prinsiplərinə əsaslanan sosial ədalətli cəmiyyət quruculuğudur.
2006, fevral–Dünyanın ən zəngin dövlətlərindən olan İsveçrədə hər il 1300-1400 nəfər intihar edərək öz həyatına son qoyur. Bunların böyük əksəriyyəti 15-44 yaş arası şəxslərdir.
2006, fevral–Avrozonada 2005-ci ilin IV rübündə iqtisadi artım cəmi 0,3% təşkil edib. Çünki Avropanın ən böyük iqtisadiyyatları hesab olunan Almaniya və Fransa hələ böhran vəziyyətindən çıxa bilmirlər. Beləki 2005-ci ildə Fransada ÜDM istehsalı cəmi 0,2% artıb.
2006, fevral–Avropanın ən böyük rabitə şirkətlərindən olan «Frans Telekom» şirkəti növbəti bir neçə ildə 17 min nəfər işçisini kütləvi surətdə işdən çıxaracağını açıqlamışdır ki, bunların da 16 min nəfəri şirkətin Fransa fliallarına aiddir.
Bu isə belə bir acı reallığın etirafıdır ki, kapitalizm quruluşu çərçivəsində böyük şirkətlər nəinki yeni iş yerləri yaratmırlar, əksinə, sürəkli olaraq iş yerlərini ixtisar etməklə işsizlər ordusunun yaradılmasına xidmət edirlər. Başqa sözlə, cəmiyyət sərvətinin böyük bir hissəsini öz əllərində cəmləşdirdikləri halda, bu vəsait cəmiyyət üzvlərinin xeyrinə yox, əleyhinə yönəlmiş olur.
2006, fevral–Strazburqda 40 mindən çox avropalı işçinin izdihamlı etiraz mitinqi keçirilmişdir. Səbəb Avropa Birliyi parlamentində müzakirəyə çıxarılacaq qanun layihəsidir. Bu layihə şərqi Avropadan və Asiyadan qərbi Avropaya ucuz işçi qüvvəsinin axınına səbəb ola bilər ki, bu da qərbi avropalı işçilərin əmək haqqının avtomatik surətdə azalması deməkdir.
|