|
06/06/2009 (11:59) 9 May–qalib Qızıl əsgər, yoxsa məğlub legion
 | 2009-cu il, mayın 9-da YNAKP qələbə gününü qeyd etdi |
|
Bu il faşizm üzərində qələbədən 64 il keçir!
Faşizm üzərində qələbə bir dövlətin digəri üzərində ancaq hərbi qələbəsi deyil, bu həmçinin bütövlükdə tərəqqipərvər bəşəriyyətin şər üzərində qələbəsiydi. Bu qələbənin əldə olunması üçün Azərbaycan Sosialist Respublikası özünün 300 mindən artıq oğul və qızını qurban vermişdir. Beləki səfərbəyliyə alınaraq ön cəbhəyə göndərilən 600 min azərbaycanlının yarısından çoxu geri qayıtmadı. Müharibənin hər günü Azərbaycan xalqına yüzlərlə oğul və qızının itgisi hesabına başa gəldi.
Böyük Vətən müharibəsindən danışarkən istər-istəməz bəzi mübahisəli, bəzən isə ziddiyətli məqamlar üzə çıxır. Bu mübahisəli məqamlardan bir də «milli legion» məsələsidir, hansıki bəzi üzdəniraqlar həlak olmuş 100 minlərlə vətən övladını «Rusiya üçün vuruşanlar» adı altında tarixdən silməyə çalışdıqları halda, legionu bütləşdirib milli qəhrəman səviyyəsinə qaldırırlar. Ola bilsin ki, belələri bu gün cəmiyyətimizdə dominant deyillər, amma bu heç də onların zəifliyi anlamına gəlmir. Onlar yazırlar, təbliğ edirlər və hətta orta məktəb dərsliklərində belə «milli legionu» «vətənpərvərlik» nümunəsi kimi gənc nəsilin beyninə yeridirlər. Bəs əslində «milli legion» nədir və onlar kimlərə xidmət etmişdirlər?
Faşist Almaniyası SSRİ üzərinə hücum edərkən asanlıqla qələbə çalacağına ümid bəsləyirdi. Amma müharibənin payız aylarınadək davam etməsi asan qələbəyə olan ümidləri puça çıxardı. Faşist generaliteti SSRİ-nin məğlubiyyətini sürətləndirmək üçün bütün qüvvələrdən–əsir düşmüş saysız-hesabsız Qızıl ordu əsgərlərindən, hansıki müharibənin ilk ili onların sayı 3,5 milyon nəfərdən çox idi, həmçinin mühacirətdə olan antibolşevik əhval-ruhiyyəli qüvvələrdən də istifadə etməyi məqsəd kimi qarşıya qoymuşdur və heç şübhəsiz ki, bunlar içərisində azərbaycanlılar da vardı. Məhz 1941-ci ilin payızında Məmməd Əmin Rəsulzadə Almaniyanın Şərq nazirliyi tərəfindən faşistlərlə əməkdaşlıq məqsədiylə Berlinə dəvət edildi və burada 12 maddəlik memorandum hazırlandı. Memoranduma görə Sovet-alman cəbhəsində faşistlərə əsir düşmüş azərbaycanlılar xüsusi «milli legion»larda cəmləşdirilməli, onlara azərbaycanlılardan komandirlər təyin edilməli və faşist Almaniyası tərəfindən Sovetlərə qarşı vuruşmalıydılar. 1941-ci ilin 22 dekabrında Hitler imzalamış olduğu əmrlə bu tip «xəyanət legionlarının» yaradılmasına öz xeyir-duasını verdi və bununlada faşistlərlə əməkdaşlıq kursu start götürdü. Qısa zaman ərzində azərbaycanlı hərbi əsirlərdən ibarət “Qorxmaz”, “Vətən”, “Dönməz” və s. adda bir neçə hərbi hissə təsis edildi ki, bu hərbi hissələr toplam olaraq 7-10 min arası canlı qüvvəyə malik idilər.
Qanlarından qorxub canlarıyla həyatlarını satın almış bu «xəyanət legionunu» görün dərsliklərdə şagirdlərə necə təqdim edirlər: «...Qafqazın sovet imperiyasından alınması uğurunda igidliklə vuruşurdular».
Alınmasında?! Yox, yox cənablar, bəlkə bu cümləni belə yazaydınız: «Qafqazın faşist imperyasına verilməsində», həm də igidliklə yox, «xaincəsinə vuruşurdular». Bu daha düzgün ifadə olardı.
Bu gün bir çox tarixçilər legionun faşistlərlə əməkdaşlığına bəraət qazandırmaq üçün iki amili ön plana çəkirlər:
1. Legionun Sovet İttifaqına qarşı vuruşmasını.
2. Bunun müqabilində guya faşist Almaniyasının Azərbaycanın müstəqilliyini tanıyacağını. Başqa sözlə, guya legion Azərbaycanın milli azadlığı uğurunda mübarizə aparırdı.
Halbuki bu hər iki amil absurd və əsasızdır. Əvvəla gəlin birinci amilə nəzər salaq. İddia olunur ki, legion sovet imperyasına qarşı mübarizə apardığından onları azadlıq mücahidi hesab etmək olar.
Lakin bu reallıqdan çox-çox uzaq bir qiymətdir, çünki belə olduğu təqdirdə faşist koalisyasını işğalçı yox, milli azadlıq cəbhəsi, Hitleri dünya xalqlarına azadlıq bəxş etmək istəyən «mələk», alman faşist ordusunu isə azadlıq ordusu adlandırmaq lazım gələrdi ki, bu da bütün bəşəri dəyərlərə zidd, faşist əhval ruhiyyəli bir qərar olardı. Ən əsası isə 1942-ci il yanvarın 1-də 26 dövlət, başda SSRİ, ABŞ, İngiltərə və s. olmaq şərtiylə antifaşist kaolisiyası yaratdılar. Məqsəd bütün hərbi və iqtisadi ehtiyatları birləşdirməklə bəşəriyyəti faşizm taunundan xilas etmək idi və bununlada dünya faktiki olaraq faşist və antifaşist qütüblərə, şər və xeyir cəbhələrinə parçalandı. Bütün Avropa, Amerika faşizmin gerçək mahiyyətini başa düşüb Sovet İttifaqıyla bir cəbhədə birləşdiyi halda, Rəsulzadə başda olmaqla mühacir liderləri var qüvvələriylə Hitlerə xidmət edir, onun şər cəbhəsində tərəqqipərvər bəşəriyyətə qarşı cinayətlərdə iştirak edəcək «xəyanət legionları» hazırlayır və bununlada iblisin etimadını qazanmağa çalışırdılar. Deməli legion və onun ideoloji ilhamvericiləri 1942-ci il yanvarın 1-dən etibarən təkcə Sovet İttifaqına qarşı yox, həm də antifaşist koalisiyasına qarşı mübarizə etmişdirlər ki, buda bəşəriyyətə qarşı cinayətlərdə Hitlerə yardım etmək demək idi.
İkinci, belə iddia edirlər ki, legion Hitler tərəfindən ona görə vuruşmuşdur ki, Sovet İttifaqı çöksün, Azərbaycan istiqlal qazansın. Belə çıxır ki, faşist cinayətlərinə ortaq olmaq, istiqlal savaşıymış.
Buda absurd iddiadır. Əvvəla ona görə ki, Hitler başda olmaqla faşistlər heç vaxt Rəsulzadəyə istiqlal sözü verməmişdilər, yəni Azərbaycana müstəqillik verəcəkləri ilə bağlı heç bir öhdəçilik götürməmişdilər və 12 maddəlik memorandumda bu barədə bir kəlmə də konkret fikir söylənməmişdi, ikincisi isə, hələ dünya tarixində elə bir məzlum xalq olmamışdır ki, Hitler onlara istiqlal bağışlamış olsun. Rəsulzadə bu səhvini dərk edəndə artıq 1943-cü ilin yayıydı. O, tövbə edərcəsinə demişdir: «...almanlardan kömək umurdum, istiqlalımız üçün onlara bel bağlayırdım. Amma əfsus! Artıq onların iç üzü mənə aydın oldu. Müstəqil dövlətləri işğal edib, özünün köləsinə çevirən bir ölkənin köləlik altında qəhr olan bir məmləkəti azad edəcəyinə bel bağlamaq sadəlöhvlükmüş».
Bəli, sadəlöhvlük. Çox təssüflər ki, indi bu sadəlöhvlüyə qəhrəmanlıq deyənlər var. Əcəb qəhrəmanlıqdır. Dünyanın 1941-ci ilin sonunda dərk etdiyi bir həqiqəti, Rəsulzadənin dərk etməsi üçün 1943-cü ilə qədər zaman lazım gəldi. Həm də Rəsulzadə bu həqiqəti şüurlu şəkildə dərk etmədi. Onu bu qərara gəlməyə vadar edən səbəb Almaniyanın 1942-ci ilin dekabrı–1943-cü ilin fevralında Stalinqrad döyüşlərində və 1943-cü ilin yayında Kursk ətrafındakı döyüşlərdə darmadağın olmasıydı. Yalnız bundan sonra Rəsulzadə «faşist gəmisinin» batdığını gördü və batan gəmidən canını qurtarmaq üçün əl-ayağa düşdü; Hitlerin onu Almaniyadan qovdurması, əslində Rəsulzadə üçün qurtuluş idi. Əks təqdirdə onu da bəşəriyyətə qarşı işlənən cinayətlərə görə mühakimə olunmaq gözləyirdi. Amma legionçuların heç də hamısı tövbə etmədilər. Onların bir qismi başqa Fətəlibəy Düdənginski olmaqla axıradək faşist cinayətlərinə ortaq oldular, hətta faşistlərin əsil iç üzü onlara bəlli olduqdan sonra belə. Bu o Fətəlibəy Düdənginski idi ki, onu milli qəhrəman kimi müasir gəncliyə sırımağa, qırmızı terrorun qurbanlarından biri kimi qələmə verməyə çalışırlar. Halbuki bu insanın 1941-54-cü illərdəki, ömrü xarici kəşfiyyat orqanlarına cəsusluqla keçmişdir. Əvvəlcə 1941-ci ildə müharibə başlayarkən elə ilk aydaca Pribaltika cəbhəsindəki döyüşlərdə şüurlu şəkildə faşistlərin tərəfinə keçmiş, 1941-ci ilin avqustunda azərbaycanlılardan ibarət legionlar təşkil etmək ideyasıyla Hitlerə müraciət etmiş və müharibənin sonuna kimi faşistlərin əlində alət kimi istifadə olunmuşdur. Xatırladaq ki, Düdənginski Moskva Hərbi Akademiyasını bitirmişdi və almanların tərəfinə keçərkən mayor hərbi rütbəsi daşıyırdı.
Hitler məğlub olduqdan sonra Düdənginski Amerika Mərkəzi Kəşfiyyat orqanlarına işləyir və 1945-ci ildə ABŞ-ın Münhen şəhərində təsis etdiyi «Azadlıq» radiostansiyasının Azərbaycan bölməsinə sədrlik edir. Başqa sözlə, Amerikanın SSRİ-yə qarşı apardığı informasiya müharibəsinin icraçısına çevrilir. Təbiiki «xidmətlərinin» cavabını 1954-cü ildə həyatıyla ödəyir. O, DTK əməkdaşı tərəfindən qətlə yetirilir.
Bir sözlə, ömrünün son 13 ilini faşist və Amerika xüsusi xidmət orqanlarının kirli işlərində, cinayətlərində əlcək kimi istifadə olunmuş bir şəxsi bu gün bizlərə «qəhrəmanlıq nümunəsi» kimi təqdim edirlər. Xəyanət legionuna, faşist cinayətlərinin iştirakçısı olmuş şəxslərə bu cür münasibət hər şeydən əvvəl II Dünya müharibəsində həlak olmuş 300 mindən çox azərbaycanlının xatirəsinə hörmətsizlik və ən əsası isə siyasi əxlaqsızlıqdır.
Biz 121 nəfər Sovet İttifaqı qəhrəmanıyla ilə fəxr edirik!
 | Azərbaycan kommunistləri faşizmə bir daha "YOX" dedilər! |
|
İttihamlar və cavablar:
Sual 1. Hitlerin müsəlmanlara, türklərə münasibəti yaxşı olub. Bu baxımdan «milli legionların» yaradılması müsbət hadisə deyilmi?
Cavab. Hitler irqçi idi. Onun öz irqindən başqa digər xalqlara sevgisi və simpatiyası olmayıb. Konkret olaraq müsəlmanlara gəlincə isə Hitler özünün «Mənim mübarizəm» kitabında həqarət və nifrətlə yazırdı: «Müsəlman monqoloidlər dağıdıcı qüvvədir. Ona görə onlar ali irqin qulları olmalıdırlar».
Məhz «milli legionlar» da, faşist bayrağı fonunda məhv edilmiş 60 milyon insanın faciəsinə gülərcəsinə kameralara poz verən, cinayətlərin müqabilində Hitlerdən rütbə və medal alan Düdənginski kimi xainlər də, M.Ə.Rəsulzadə və bu qəbildən olan sadəlöhvlər də elə ancaq Hitlerin bu siyasətinə xidmət edirdilər.
Sual 2. Böyük Vətən müharibəsi mifdir. Əslində müharibə almanlarla ruslara aid idi. Bu müharibənin Azərbaycana heç bir aidiyyatı yoxdur, biz sadəcə boş-boşuna ruslara görə yüz minlərlə insanımızı itirdik?
Cavab. Sözü gedən müharibə iki xalqın bir-biri ilə müharibəsi deyildi, bu dünya müharibəsi idi, xalqların və çoxlu sayda dövlətlərin müharibəsi idi. Bu həmçinin tərəqqipərvər bəşəriyyətin (antifaşist koalisiyası) bir parçası kimi həm də bizim, azərbaycanlıların müharibəsi idi. Heç kəs düşünməsin ki, biz bu müharibədən kənarda qala bilərdik. Yox, əsla, bu heç vaxt belə olmayacaqdı. O səbəbdən ki, Bakının işğal planı hələ Böyük Vətən müharibəsi başlamazdan xeyli əvvəl hazırlanıb Hitlerin masası üzərinə qoyulmuşdu, müharibə başlamamışdan 3 ay əvvəl isə faşistlər Bakı neftini idarə edəcək şirkət təsis etmiş, hətta şirkətin sədri də təyin olunmuşdu. Müharibə başlanan gündən isə faşistlər inadla neft Bakısına can atırdılar. Rozenberqin «Qafqaz» qovluğunda deyilirdi: «Almaniya imperiyası bütün nefti–bütün Qafqaz neftini ələ keçirməlidir».
Bormanın qeydlərində isə Bakının müstəmləkəyə çevrilməsi barədə aşağıdakı cümlələri oxuyuruq: «…Fürer qeyd etdi ki, Bakı vilayəti kimi Volqa koloniyaları da imperiyanın vilayətləri olmalıdır. O (Bakı), alman hərbi məskəninə çevrilməlidir».
Faşist aviasiyası 1942-ci ildə 71 dəfə, 1943-cü ildə isə 3 dəfə Bakı səmasına soxulmağa cəhd göstərdi, amma bu cəhdlərin hamısı Sovet zenitçiləri tərəfindən boşa çıxarıldı. Faşistlər bu hücumlarda 96 hərbi təyyarə itirdilər.
Sadaladığımız bu faktlar bir daha sübut edir ki, Böyük Vətən müharibəsi həmçinin bizim, azərbaycanlıların müharibəsi idi və yüz minlərlə Azərbaycan övladı heç də boşuna ölməmişdirlər. Onlar Azərbaycan uğrunda və bəşəriyyətin xilası uğrunda canlarını qurban vermiş həmişəyaşar qəhrəmanlardırlar.
|